Məhkəmə qərarları › İş №2(001)-1651/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1651/2022

22.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1651/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Socar-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Socar-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istismarında olan Şirvan-Böyükşor neft kəmərinin, 118.9-cu km-də, kəmərdən təqribən 27 metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi, hasar və dəhliz üçün nəzərdə tutulmuş yeri tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 118.9-cu km-də, kəmərdən 27 metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi, hasar və dəhliz üçün nəzərdə tutulmuş yeni tikili faktları aşkar edilmişdir. Bu səbəbdən də iddiaçı mövcud tikilinin sökülməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Y.Əhmədov iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, əraziyə baxış keçirilən zaman koordinat üzrə Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 118.9-cu km-də, kəmərdən 27 metr aralı məsafədə, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin qarşısında evə bitişik 4.5 metr enində, 2.2 metr uzunluğunda və 3 metr hündürlüyündə dəhliz üçün nəzərdə tutulmuş yeni hörgü işlərinin aparılması və dam örtüyünün vurularaq tamamlanması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu ev sahibinə izah edilmiş və sökülməsi tələb edilsə də, o, xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin görülməməsinə dair yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2418 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında “Socar”ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 118.9-cu km-də, kəmərlə Cavabdeh tərəfindən inşa edilmiş rikili arasında olan məsafə 27 m təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3 bəndinə əsasən Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinin 118.9-cu km-də, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikili həmin neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfın müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeyd alınmış, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri" İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərin və s. aparılması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində olan sahədə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikintinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı Qərarını nəzərə alaraq, qeyd edir ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətdə dözümlülüyü iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməz. Birincisi, onun inşa etdiyi özbaşına tikili Mülki Məcəllənin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməz. İkincisi, bu cür iddiaların qaldırılması üçün müddət məhdudiyyəti yoxdur. Odur ki, cavabdeh onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkmir və onun hər hansı hüquqları pozulmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor neft kəmərinin 118.9-cu km-də, kəmərdən 27 metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və dəhliz üçün nəzərdə tutulmuş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor neft kəmərinin 118.9-cu km-də, kəmərdən 27 metr aralı məsafədə, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və dəhliz üçün nəzərdə tutulmuş tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar