Məhkəmə qərarları › İş №2(001)-166/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-166/2025

06.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-166/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********07341) xx.xx.2023-cü il tarixli akta xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən əsassız hesablanmış 777 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, faktiki olaraq ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı (Abunə kodu: **********07341) çıxarılmışdır və bu barədə ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmişdir və aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilib, göstərici çarxının üzərində cızıq izi mövcud olması və sayğacın istismara yararsız olması qeyd edilmişdir. ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilib, göstərici çarxının üzərində cızıq izi mövcud olması və dəymiş ziyanın hesablanması göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir və qaz itkisi 6480 kub metr hesablanmışdır. Qaz itkisinə görə 777 manat borc hesablanmışdır. Tərəflərindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Belə ki, sayğac küçədə yerləşir, qarşı hissəsində daima uşaqlar futbol oynayırlar, sayğacın oyulduğu qutunun qoruyucu qapağı olmamışdır. Lakin onun qaz sayğacının dövlət yoxlamasma verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmişdir, onun iştirakı təmin edilməmişdir və qaz sayğacına tərəfindən heç bir kənar müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. O hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir, sayğaca tərəfindən müdaxilə olmadığı halda ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac mənzildən bayırda yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyriqanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Sayğacda və boru xəttində texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Bununlada onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəflərindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənəşdirmək mümkündür. Onun sayğacdan qeyri-qanuni istifadə etməsi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı (bundan sonra İddiaçı) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən akta əsasən yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirlər ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********07341 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1802AZ**********92 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” Akta əsasən “sayğacın hesablama mexanizminin plasmas qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək yapşqan maddə ilə yapşdırılıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m³ təşkil etmişdir. Hesablanmış 777,60 manat məbləğində dəymiş ziyan 2023-cü ilin oktyabr ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Bir daha bildirirlər ki, **********07341 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazlarını bildirirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: **********07341 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2023-cü il üçün ümumilikdə 777,60 manat akt borcu təşkil edir. Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə MSK-14-2- 2/3-5-4985/Q006 nömrəli aktın surətindən görünür ki, 1802AZ**********92 nömrəli sayğaca baxış keçirilmişdir. Mexaniki hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilib. Göstərici çarxının üzərində cızıq izi mövcuddur. Sayğac istismara yararsızdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, MSK- 14-2-2/3-5-4985/Q006 rəyə əsasən sayğaca baxış keçirilmiş, baxış zamanı mexaniki hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilib. Göstərici çarxının üzərində cızıq izi mövcuddur. Tələb: Dəymiş ziyan hesablansın. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, G-4 1802AZ**********92 nömrəli sayğacın mexanizmində iynə izləri aşkarlanması səbəbi ilə həmin sayğac G-4 **********613 nömrəli sayğacla əvəz edilmişdir. Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 6480 m³ görə məbləğin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3/389 nömrəli ekspert rəyinə əsasən Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta uyğun olaraq hesablanmış 6480 kub metr qazdan qanunsuz istifadə və bu istifadəyə görə İddiaçı hesablanmış 777,60 manat (6480*0.12=777,60 manat) borc məbləğinin düzgünlüyü müəyyən olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixli ******* saylı akt etibarlı olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) rəhbər tutaraq hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********07341) hesablanmış 777 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********07341) 777 (yeddi yüz yetmiş yeddi) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 165 (yüz altmış beş) manat məbləğində vəsait Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar