Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1675/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçının cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qanunsuz olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 Hərbi şəhərcik, ev 4, mənzil 1 (bina 14, mənzil 5) ünvanına (Abonent kodu: **********00050) hesablanmış 486 manat məbləğində cərimə borcununun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 Hərbi şəhərcik, ev 4, mənzil 1 (bina 14, mənzil 5) (Abonent kodu: **********00050) ünvanında yaşayır. “Cavabdeh” İB tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni smartkart tipli qaz sayğacı quraşdırılmışdır. “Cavabdeh” İB-ni işçiləri özləri plombu qırıb qaz sayğacını dəyişdiriblər, sonradan akt tərtib olunub ki, sayğacın çıxış plastmas borusu deşilib hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Qaz sayğacı bayırda quraşdırılıb. O qaz sayğacını yad müdaxilələrdən necə qoruya bilər. O, başa düşür ki, sayğacın plombunu özləri qırıb sayğacı dəyişiblər, lakin ona sonradan müdaxiləyə görə akt tərtib edib 486 manat borc yazıblar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixində ‘Cavabdeh” İB-nın nümayəndələri tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 Hərbi şəhərçik, ev 4, mənzil 1 (bina 14,mənzil 5) istehlakçı (abonent) İddiaçı məxsus ünvana quraşdırılmış “İtron” tipli “G 4” markalı 1302AZ**********27 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu aşkar olunması onun özünün, yəni - İddiaçı iştirakı ilə aşkar edilmiş, fakt onun nəzərinə çatdırılmış və bu hal ******* saylı xx xxxx 2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Müvafiq aktın tərtibi zamanı İddiaçı tərəfindən hər hansı bir irad olmamış, heç bir pretenziya irəli sürülməmiş, aktda qeyd olunan xüsusatı da öz imzası ilə təsdiq etmişdir. Abonent İddiaçı qanunsuz müdaxiləsi nəticəsində yararsız hala düşmüş qaz sayğacı daha sonradan yeni “İtron” tipli “G 4” markalı qaz sayğacı ilə əvəz edilərək labaratoriya müayinəsinə təqdim edilmişdir. “Cavabdeh” İB-nın xx xxxxxx 2019-cu il tarixli QSN-29/1710-02222 saylı aktına əsasən 1302AZ**********27 zavod nömrəli qaz sayğacının çıxış plastmas borusunun deşilmiş vəziyyətdə olması öz təsdiqini tapmışdır. Labaratoriya müayinə aktına əsasən xx xxxxxx 2019-cu il tarixində ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edilmiş, istehlakçının mənzilində istifadə etdiyi “PQ-4” və “kombi” işlədici cihazlarına uyğun olaraq itirilmiş təbii qazın dəvəri 4860 m3 müəyyən edilməklə həmin tarixdə də hesabat tərtib edilmişdir. Tərtib edilmiş hesabata əsasən, abonent kodu **********00050 olan nömrəli istehlakçı İddiaçı yaşadığı ünvan üzrə qaz sayğacının hesabına “itirilmiş təbii qazın dəyəri” qismində 486 manat məbləğində pul hesablanmışdır. Hazırki iş üzrə İddiaçı 2019-cu ilin noyabr ayından etibarən də bu barədə məlumatlı olmuşdur. Yaşadığı ünvan üzrə istifadəsinə verilmiş qaz sayğacına müdaxilə etməklə “Cavabdeh” İB-yə vurmuş olduğu maddi ziyanı tam olaraq 1 il müddətinə qəbul etmiş İddiaçı hazırda müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olması absurddur, öhdəliyin icrasından azad olunmaq məqsədi güdür, əsassız olaraq da məhkəmədən “Cavabdeh” İB-yə vurmuş olduğu maddi ziyanın silinməsini xahiş edir. Qanunvericiliyin tələblərinə istinad edərək bildirmək istəyir ki, abonent (istehlakçı) İddiaçı iştirakı ilə “Cavabdeh” İB-nın nümayəndələri tərəfindən xx xxxx 2019-cu il tarixdə ******* saylı tərtib edilmiş akt işin faktiki hallarını təsdiq edən, iş üzrə mötəbər və yazılı sübutdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə xx xxxx 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, **********00050 kodlu abonentin qaz sayğacı dövlət yoxlanılmasına göndərilmiş və sayğac “of” rejiminə salnmışdır; “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, MSK-29/1710-02222 nömrəli rəyinə əsasən 1302AZ**********27 nömrəli sayğacın çıxış plasmas borusu deşilib, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir; “Cavabdeh” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı aid ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 4860m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00050 nömrəli abonent İddiaçı abonentin saldosundan görünür ki, onun borcu 486 manat təşkil edir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evində quraşdırılmış sayğacda qüsurların olduğunu müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 486 manat borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 486 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00050) qazdan istifadəyə görə hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1675/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1675/2021
23.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver