Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1709/2023 23.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçünçü şəxs X2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 25000 manat məbləğində kompensasiya verilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99-da yerləşən 63.15 kv.m sahədən ibarət mənzil iddiaçının xüsusi mülkiyyətindədir. X5 həmin mənzildə qeydiyyatda olsa da, ailə həyatı quraraq ordan köçmüşdür, lakin Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 63 A-da yerləşən mənzili olmasına baxmayaraq, ailəsi ilə birgə həmin mənzildə yaşamağa davam edir. Cavabdeh iddiaçıya məxsus mənzildən çıxmaq istəmir və iddiaçının dinc və maneəsiz yaşamasına imkan vermir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər siyahısından X2 çıxarılmasını və Cavabdeh 7000 manat məbləğində kompensasiya verilməklə, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 5000 manat kompensasiya verilməklə, onun Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 63.15 kv.m sahəsi olan 76 saylı mənzil onun və anasının paylı mülkiyyətindədir. Həmin mənzilin ½ hissəsinin ona məxsus olduğunu sonradan bilmiş və hazırda qardaşı Cavabdeh kompensasiya ödənilməklə həmin mənzildən istifadə hüququnun itirilməsini istəyir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi-vəkili Qanuni nümayəndə məhkəməyə iddia ərizələrinə etiraz ünvanlayaraq iddia tələbini qəbul etmədiklərini, iddia tələbinin düzgün olmadığını bildirərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Müstəqil tələb irəli sürən üçüncü şəxs N.Əmrahova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: - evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; - evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; - kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə); - istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi; - yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; - kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; - kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 146203 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99, mənzil 76) X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1266 saylı reyestr kitabında 190120 səhifədə 30/190120 nömrə ilə, xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. - 217838 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99, mənzil 76) xx.xx.2004-cü il tarixdən İddiaçı və X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1266 saylı reyestr kitabında 190120 səhifədə 30/3751 nömrə ilə, xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99, mənzil 76 ünvanında İddiaçı, Cavabdeh və X5 qeydiyyatdadır. - “Nur MTK”-nın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına onların inşa etdiyi binada mənzil yoxdur və ona məxsus olan Tex.Etaj (266T) sahəsi xx.xx.2023-cü il tarixdə X1. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 0097 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzilin likvid qiyməti 123300 manat, həmin mənzilin kirayə haqqı qiyməti isə 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, 12000 (on iki min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması əsaslı və ədalətlidir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən təklif edilən kompensasiya məbləğlərinin ədalətli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən isə Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməli, İddiaçı və X5 tərəfindən Cavabdeh kompensasiya verilməsi və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Müstəqil tələb irəli sürən üçünçü şəxs X2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməklə mənzildən çıxarılsın. İddiaçı tərəfindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən Cavabdeh kompensasiya verilməsi və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 99 ünvanında yerləşən 76 saylı mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Ödənilmiş dövət rüsumları iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1709/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1709/2023
23.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver