Məhkəmə qərarları › İş №2(106)-1785/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1785/2025

19.08.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə İş № 2(106)-1785/2025 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Novruzova Aytən Nazim qızının sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh3 Qüdrət oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh cavabdeh1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Qüdrət oğluna və cavabdeh1 qarşı Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən 0,654175 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 150,2 kv.m olan fərdi yaşayış evində ona məxsus 10/12 payın naturada ayrılaraq təhvil verilməsi, naturada ayrılma mümkün olmadıqda 50.000 manat kompensasiya ödənilməklə həmin paya mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 Qüdrət oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Işin halları: Işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 806013098233-***** reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən 0.654175 ha torpaq sahəsinin və üzərində inşa edilmiş ümumi sahəsi 150.2 kvadrat metr olan fərdi yaşayış evinin 10/12 hissəsi mülkiyyət hüqüqu üzrə İddiaçı, 1/12 hissəsi mülkiyyət hüququ üzrə cavabdeh1 və 1/12 hissəsi isə mülkiyyət hüququ üzrə cavabdeh3 Qüdrət oğluna məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ## ###### 2024-cü il tarixli, 806013098233-***** reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən paylı mülkiyyətdə olan 0,654175 ha torpaq sahəsinin planlı yerləşməsini (cənub tərəfdən yol və dalan ilə) qonşu olmasını, eyni zamanda qərb istiqamətində də yola çıxışının olmasını, ölçülərini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 150,2 kv.m olan fərdi yaşayış evində 10/12 hissə paya uyğun otaqlarının mövcud olmasını nəzərə alaraq həmin torpaq sahəsinin və fərdi yaşayış evindən iddiaçının 10/12 hissə paya uyğun gələn sahənin naturada təcrid şəklində ayrılmasının AzDTN 2.7-3 “X1 Layihələndirmə Normaları”nın tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı fərdi yaşayış evinin qərb tərəfində mövcud pəncərə boşluğundan iddiaçı İddiaçı hesabına yeni giriş qapısı açılmalı və pilləkən inşa edilməli, Texniki Pasportda qeyd olunan 3 və * saylı tikili ilə * saylı tikili arasındakı qapı boşluqları bağlanmalı, * saylı tikilidən * saylı tikiliyə yeni qapı boşluğu açılmalıdır. Eyni zamanda mətbəx və sanit qovşağı digər hissədə qalacağından 10/12 hissəyə uyğun həyətyanı sahədə mətbəx və sanitar qovşağı inşa edilməlidir. Apellyasiya icraatı zamanı işin faktiki hallarının tam və hərtərəfli müəyyən edilməsi, o cümlədən tərəflərin dövlət qeydiyyatında olan paylarına uyğun bölgünün mövcud tikili və torpaq sahəsinin real texniki xüsusiyyətləri nəzərə alınmaqla mümkün olub-olmamasının aydınlaşdırılması məqsədilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyində mübahisəli fərdi yaşayış evinin planlı yerləşməsi, yaşayış və yardımçı sahələrinin mövcud tərkibi, ayrılacaq hissələrə ayrıca giriş-çıxışın, yaşayış və yardımçı sahələrin verilməsi ilə bağlı normativ-texniki tələblər nəzərə alınmaqla fərdi yaşayış evinin İddiaçı 10/12, cavabdeh1 1/12 və cavabdeh3 Qüdrət oğlunun 1/12 paylarına uyğun olaraq naturada üç müstəqil hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin ekspert rəyində, həmçinin, həyətyanı torpaq sahəsinin hüdudları daxilində müxtəlif təyinatlı tikililərin, o cümlədən mübahisəli fərdi yaşayış evinin yerləşməsi nəzərə alınmaqla torpaq sahəsinin də mülkiyyətçilərin 10/12, 1/12 və 1/12 paylarına uyğun olaraq naturada üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı nəticəsinə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən, eyni zamanda, naturada ayrılmanın mümkün olmadığı nəzərə alınaraq iddiaçının payının real iqtisadi dəyərinin müəyyən edilməsi məqsədilə mübahisəli daşınmaz əmlakın bazar qiymətinin müəyyən olunması üçün qiymətləndirmə təyin edilmişdir. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli ekspert rəyindən görünür ki, mübahisəli 0,654175 ha torpaq sahəsinin bazar dəyəri 33.400 manat, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 20.600 manat, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ümumi bazar dəyəri isə 54.000 manat müəyyən edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı ilkin olaraq cavabdeh4, cavabdeh2, cavabdeh3 Qüdrət oğluna və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli daşınmaz əmlakın naturada bölünməsini, belə bölgü mümkün olmadığı halda isə kompensasiya ödənilməklə onun mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək kompensasiya tələbini 50.000 manat məbləğində ifadə etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək tələbini cavabdeh3 Qüdrət oğlu və cavabdeh1 qarşı mübahisəli 0,654175 ha torpaq sahəsi və onun üzərində yerləşən 150,2 kv.m fərdi yaşayış evində ona məxsus 10/12 payın naturada ayrılaraq ona təhvil verilməsi, naturada ayrılma mümkün olmadığı halda isə ona 50.000 manat kompensasiya ödənilməklə həmin paya mülkiyyət hüququna xitam verilməsi şəklində müəyyən etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ## ###### 2024-cü il tarixli, 806013098233-***** reyestr nömrəli çıxarışa əsasən və ## #### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyinə və rəyə əlavə edilmiş həyətyanı sahənin bölgü sxeminə əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən paylı mülkiyyətdə olan 0,654175 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 150,2 kv.m olan fərdi yaşayış evində iddiaçı İddiaçı 10/12 hissədə payı naturada bölünüb ona təhvil verilməsi, sxem üzrə bölünmüş torpaq sahələrinin ayrılması üçün 44 metr və 15,3 metr uzunluğunda divar iddiaçı İddiaçı hesabına tikilməsi, iddiaçının 10/12 hissədə payına uyğun mülkiyyətinə ayrılmış torpaq sahəsində mətbəx və sanitar qovşağının inşa edilməsi iddiaçı İddiaçı öhdəsinə buraxılması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizalarına görə ümumilikdə 100 (bir yüz) manat pul iddiaçı İddiaçı və cavabdehlər cavabdeh3 Qüdrət oğlundan və cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 213.5, 215.2, 220.2, 220.3, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014 cü il 4 aprel tarixli Qərarına, MPM-in 77.1, 88, 119.1-ci maddələrini istinad edərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il # ##### tarixli qərarında göstərilir ki, ... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olunmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətinin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracda satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qeyd olunan qanunvericilik normalarından görünür ki, hazırda paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olduğundan iddiaçının əmlakdan payına görə kompensasiya tələbinin araşdırılaraq qiymət verilməsinə zərurət yoxdur. Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh3 Qüdrət oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh3 Qüdrət oğlu uzun müddətdir mübahisəli fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, evin təmir və bərpasına özü və ailə üzvləri tərəfindən vəsait sərf edilmişdir. Həmin illər ərzində isə evin yaxşılaşdırılmasında iddiaçı İddiaçı heç bir köməkliyi və ya hər hansı bir formada iştirakı olmamışdır. Məhkəmə qətnaməsi ilə qeyd edilən fərdi yaşayış evində payın naturada bölünməsi fiziki olaraq məqsədəuyğun deyildir. Ona görə ki, bu hal həmin evə zərərin vurulması ilə nəticələnəcəkdir. Həmin bölgünün aparılması, yəni əlavə giriş qapısının açılması və digər işlərin görülməsi faktiki olaraq orada yaşayan ailənin normal yaşayışına açıq-aşkar maneəçilik yaradacaqdır. Halbuki, vaxtı ilə həmin evin təmirinə kifayət qədər xərclər çəkmişdir. Həmçinin ekspertiza tərəfindən nəzərə alınmamışdır ki, 150,2 kv/m olan fərdi yaşayış evinin 10/12 hissədə bölünməsi faktiki olaraq cavabdehin və onun ailə üzvlərinin həmin fərdi yaşayış evindən təcrid edilməsi deməkdir. Göründüyü kimi, iddiaçının aşkar məqsədi cavabdehin və orada yaşayan ailə üzvlərinin həmin evdən normal istifadəsinin qarşısını almaqdır. Hazırki vəziyyətdə evin naturada bölgüsü orada yaşayan insanların mənafeyinə tamamilə ziddir. Ona görə ki, həmin evdə iddiaçının yaşaması və istifadə etməsi üçün heç bir zərurət yoxdur, çünki iddiaçı faktiki olaraq illərdir ki, Bakı şəhərində yaşayır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin payın naturada bölgüsünə dair qətnaməsi vahid daşınmaz əmlak konsepsiyasına uyğun deyildir. Birinci instansiya məhkəməsi əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyinə istinad etsə də, lakin nəticə etibarı ilə düzgün qətnamə qət etməmişdir. Ona görə ki, rəydə həmin fərdi yaşayış evində texniki cəhətdən dəyişikliyin edilməsi qeyd edilsə də, lakin ekspertiza orada yaşayan bir neçə ailə üzvlərinin həmin dəyişikiyin nəticəsində yaşayış şəraitinin pozulmasına və buna açıq-aşkar maneənin yaranmasını nəzərə almamışdır. Belə olan halda cavabdehlərin də mənafeyi nəzərə alınmaqla təkrar ekspertiza təyin edilməli və tərəflərin hüquq bərabərliyini təmin edən mümkün nəticəyə gəlinməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatları: Cavabdeh cavabdeh3 Qüdrət oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı öz ərizəsini təhrif edir. Iddiaçı cavabdehlərdən 50000 manat kompensasiya tələb edir. Cavabdehlərin hər birinə 25000 manat kompensasiya məbləğinin düşür, digər tərəfdən hüquqlarını müdafiə etdiyi şəxs evin təmiri üçün 12000 manat pul xərcləmişdir. 15000 manat cavabdeh cavabdeh3 kompensasiya ödəməyə hazırdır. Iddiaçının tam payını almaq üçün cavabdeh3 15000 manat ödəyə bilərlər. Cavabdeh cavabdeh3 Qüdrət oğlu vəkilinin mövqeyi ilə razı olduğunu və əlavə izahatının olmadığını qeyd etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci təqdim etdiyi ərizənin əsas götürülməsini istəyir, ikinci ərizənin məzmunu və tələbinin ona tam aydın olmadığını hesab edir. O, naturada bölgü aparılmasını istəmiş, eyni zamanda “cavabdehə kompensasiya verməyə hazır olduğunu” bildirmiş, ərizəsində ona 50.000 manat kompensasiya verilməsini deyil, evin dəyərinin 50.000 manat olduğunu nəzərdə tutduğunu qeyd etmişdir. Cavabdeh cavabdeh1 isə iddiaçıya kompensasiya ödəmək istəmədiyini, buna imkanı olmadığını, mübahisəli evdə yaşamadığını bildirmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına uyğun qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət daşıyan faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsaslardandır. 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, proses iştirakçılarının izahatlarını, birinci və apellyasiya instansiyalarında əldə olunmuş ekspert rəylərini və tətbiq edilməli hüquq normalarını birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilməlidir. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, 152.1-ci maddə). Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə, 213.1-213.3-cü maddələr). Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. Ideal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. Ideal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı aşağıda sadalanan bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli, **/**** nömrəli birgə qərardadı). Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin hüquqi mahiyyəti iddiaçı İddiaçı məxsus 10/12 payın ümumi paylı mülkiyyətdən ayrılması və həmin ayrılmanın qanunvericilikdə nəzərdə tutulmuş hansı hüquqi mexanizm vasitəsilə həyata keçirilməli olmasının müəyyən edilməsindən ibarətdir. Başqa sözlə, hazırkı işdə həll edilməli əsas məsələ təkcə mübahisəli daşınmaz əmlak üzərində tərəflərin paylarının mövcudluğunun müəyyən edilməsi deyil, iddiaçının ümumi paylı mülkiyyət münasibətindən çıxmaq iradəsinin hansı hüquqi vasitə ilə reallaşdırılmasının mümkün və qanunauyğun olmasıdır. Iş materiallarından görünür ki, iddiaçının məqsədi ona məxsus 10/12 payı ümumi paylı mülkiyyət vəziyyətində saxlamaq deyil, həmin payı digər payçıların paylarından faktiki və hüquqi baxımdan ayırmaq və bununla da ümumi mülkiyyət münasibətindən çıxmaq olmuşdur. Iddiaçı bu hüquqi nəticəyə nail olmaq üçün birinci instansiya məhkəməsində tələblərini alternativ şəkildə formalaşdırmış, ilk növbədə ona məxsus 10/12 payın naturada ayrılaraq təhvil verilməsini, naturada ayrılmanın mümkün olmadığı halda isə həmin payın dəyərinin kompensasiya olunması müqabilində onun bu pay üzərində mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Bu baxımdan, iddiaçının irəli sürdüyü tələblər bir-birindən müstəqil və əlaqəsiz tələblər kimi deyil, eyni hüquqi nəticəyə, yəni onun ümumi paylı mülkiyyət münasibətindən çıxmasına yönəlmiş ardıcıl hüquqi müdafiə vasitələri kimi qiymətləndirilməlidir. Naturada ayrılma iddiaçının mülkiyyət hüququnun əşyanın konkret hissəsi üzərində ayrıca şəkildə davam etməsini, kompensasiya mexanizmi isə naturada ayrılmanın mümkün olmadığı halda həmin payın iqtisadi ekvivalentinin ödənilməsi müqabilində iddiaçının ümumi əşya üzərində mülkiyyət hüququna xitam verilməsini nəzərdə tutur. Bu səbəbdən birinci hüquqi mexanizmin tətbiqinin mümkün olub-olmaması müəyyən edilmədən ikinci mexanizmə keçilməsi də mümkün deyildir. Məhz buna görə də birinci instansiya məhkəməsinin ilkin olaraq mübahisəli daşınmaz əmlakın və iddiaçıya məxsus 10/12 payın naturada ayrılmasının mümkün olub-olmamasını araşdırması, iş üzrə tikinti-texniki ekspertiza təyin etməsi və bu məsələni xüsusi bilik tələb edən hal kimi ekspert tədqiqatının predmetinə çevirməsi özü-özlüyündə düzgün prosessual yanaşma olmuşdur. Lakin Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu araşdırmanın nəticəsində gəldiyi hüquqi qənaət iş üzrə sonradan, apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi naturada ayrılmanın mümkünlüyü barədə nəticəyə əsasən ## #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə istinad etməklə gəlmiş və həmin rəydə göstərilmiş “texniki mümkünlük” nəticəsini mübahisənin həlli üçün kifayət edən əsas kimi qəbul etmişdir. Halbuki həmin ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıya məxsus 10/12 payın naturada ayrılması mübahisəli daşınmaz əmlakın mövcud vəziyyətində sadəcə paylara uyğun sərhədlərin çəkilməsi və faktiki istifadə sahələrinin müəyyən olunması yolu ilə nəzərdə tutulmamışdır. Əksinə, rəyə əsasən bölgünün həyata keçirilməsi üçün fərdi yaşayış evinin mövcud konstruktiv və funksional vəziyyətinə bir sıra dəyişikliklərin edilməsi tələb olunmuşdur. Belə ki, evin qərb tərəfində mövcud pəncərə boşluğundan yeni giriş qapısının açılması və pilləkənin inşa edilməsi, ayrı-ayrı tikililər arasındakı mövcud qapı boşluqlarının bağlanması, yeni qapı boşluğunun yaradılması, habelə mətbəx və sanitar qovşağı digər hissədə qaldığından iddiaçıya ayrılacaq hissədə ayrıca mətbəx və sanitar qovşağının inşa edilməsi zəruri hesab edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsində də həmin tikinti və yenidənqurma işləri bölgünün ayrılmaz tərkib hissəsi kimi qəbul edilmiş, torpaq sahəsinin ayrılması üçün 44 metr və 15,3 metr uzunluğunda divarın tikilməsi, həmçinin iddiaçıya ayrılan hissədə mətbəx və sanitar qovşağının inşa olunması onun üzərinə qoyulmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin naturada ayrılma barədə gəldiyi nəticə mübahisəli daşınmaz əmlakın mövcud faktiki vəziyyətində iddiaçıya məxsus 10/12 payın müstəqil əmlak hissəsi kimi artıq formalaşmış şəkildə ayrılmasının mümkünlüyünə deyil, əlavə tikinti, yenidənqurma və funksional dəyişikliklər aparıldıqdan sonra belə bölgünün yaradılmasının mümkün ola biləcəyi ehtimalına əsaslanmışdır. Kollegiya hesab edir ki, bu iki vəziyyət eyniləşdirilə bilməz. Payın naturada ayrılması barədə mübahisədə ekspertin müəyyən tikinti işlərinin texniki baxımdan görülə biləcəyinə dair rəyi məhkəməni avtomatik olaraq naturada ayrılmanın hüquqi baxımdan da mümkün olması nəticəsinə gətirməməlidir. Ekspert rəyi xüsusi bilik tələb edən texniki məsələləri müəyyən etdiyi halda, həmin texniki nəticələrin Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş naturada ayrılma mexanizminin tətbiqi üçün kifayət edib-etmədiyinə hüquqi qiymət vermək məhkəmənin səlahiyyətinə aiddir. Başqa sözlə, birinci instansiya məhkəməsi ekspertin göstərdiyi texniki dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyü ilə payın qanunun mənasında naturada ayrılmasının mümkünlüyü arasında zəruri fərqləndirmə aparmalı, əlavə tikinti və yenidənqurma nəticəsində yaranacaq hissələrin müstəqil yaşayış vahidi kimi istifadəyə yararlı olub-olmadığını, həmin hissələrin ayrıca girişçıxış, yaşayış və yardımçı sahələrlə təmin olunmasının mümkünlüyünü, habelə nəzərdə tutulan bölgünün daşınmaz əmlakın funksional bütövlüyünə və vahid daşınmaz əşya konsepsiyasına uyğunluğunu ayrıca qiymətləndirməli idi. Birinci instansiya məhkəməsi isə faktiki olaraq ekspert rəyindəki “texniki cəhətdən mümkündür” nəticəsini naturada ayrılmanın hüquqi cəhətdən də mümkün olması ilə eyniləşdirmiş və bunun nəticəsində iddiaçının alternativ kompensasiya tələbinin araşdırılmasına zərurət olmadığı qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində də məhz naturada bölgünün mümkün olduğu əsas gətirilərək araşdırmanı tamamlamış, kompensasiya tələbinə qiymət verilməsinə ehtiyac olmadığı qeyd edilmişdir. Lakin apellyasiya icraatı zamanı aparılmış əlavə araşdırma və əldə olunmuş yeni tikinti-texniki ekspert rəyi bu ilkin qənaətin işin həqiqi texniki vəziyyətinə uyğun olmadığını ortaya qoymuşdur. Bu baxımdan apellyasiya instansiyasında keçirilmiş ekspertiza birinci instansiyada verilmiş rəyin sadəcə təkrar yoxlanılması deyil, məhz həmin rəy əsasında açıq qalmış əsas məsələnin — tərəflərin 10/12, 1/12 və 1/12 paylarına uyğun olaraq yaşayış evinin və torpaq sahəsinin real, müstəqil və normativ tələblərə cavab verən hissələr şəklində naturada ayrılmasının mümkün olub-olmamasının — daha dolğun araşdırılmasına xidmət etmişdir. Bununla bağlı Kollegiya ilk növbədə qeyd edir ki, paylı mülkiyyətdə olan yaşayış evindən payın naturada ayrılmasının mümkünlüyü yalnız daşınmaz əmlak üzərində fiziki sərhədlərin müəyyən edilməsinin və ya müəyyən tikinti-quraşdırma işləri aparılmaqla ayrı-ayrı sahələrin formalaşdırılmasının texniki baxımdan mümkün olub-olmaması ilə məhdudlaşdırıla bilməz. Naturada ayrılma nəticəsində paylı mülkiyyətçinin ümumi əşyadakı ideal payı faktiki olaraq müstəqil istifadə edilə bilən konkret əmlak hissəsinə çevrildiyindən, belə ayrılmanın mümkünlüyü qiymətləndirilərkən yaradılacaq hissənin yalnız kəmiyyət göstəricilərinə deyil, onun təyinatı üzrə ayrıca və müstəqil istifadəyə yararlılığına da hüquqi əhəmiyyət verilməlidir. Bu baxımdan yaşayış təyinatlı daşınmaz əmlakın naturada ayrılması zamanı ayrılan hissənin müstəqil yaşayış vahidi kimi formalaşmasının mümkünlüyü, yaşayış və yardımçı sahələrinin mövcudluğu və qarşılıqlı yerləşməsi, ayrıca giriş-çıxış imkanının olub-olmaması, mövcud konstruktiv elementlərin vəziyyəti, ayrılma nəticəsində yaranacaq hissələrin bir-birindən real surətdə təcrid edilə bilməsi, habelə həmin bölgünün əmlakın funksional təyinatına və vahid daşınmaz əşya konsepsiyasına uyğunluğu kompleks şəkildə qiymətləndirilməlidir. Ali Məhkəmənin **/**** nömrəli birgə qərardadında da birinci mərhələ üzrə məhkəmənin ilk növbədə payın naturada ayrılmasının mümkün olub-olmadığını və belə ayrılmanın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlibgəlmədiyini araşdırmalı olduğu xüsusi olaraq vurğulanmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin əsaslandığı ## #### 2025-ci il tarixli ekspert rəyində iddiaçıya məxsus 10/12 payın naturada ayrılması mümkün hesab olunsa da, həmin mümkünlüyün təmin edilməsi mövcud daşınmaz əmlakın olduğu vəziyyətdə sadəcə payların sərhədlərinin müəyyənləşdirilməsi ilə başa çatmırdı. Əksinə, həmin rəyə görə bölgünün həyata keçirilməsi üçün mövcud pəncərə boşluğundan yeni giriş qapısının açılması və pilləkənin inşa edilməsi, ayrı-ayrı tikililər arasındakı mövcud qapı boşluqlarının bağlanması, yeni qapı boşluğunun yaradılması, eləcə də mətbəx və sanitar qovşağı digər hissədə qaldığından iddiaçıya ayrılacaq sahədə yeni mətbəx və sanitar qovşağının inşa edilməsi tələb olunurdu. Başqa sözlə, əvvəlki rəy naturada ayrılmanın mümkünlüyünü əmlakın mövcud faktiki vəziyyətindən deyil, əlavə konstruktiv dəyişikliklərin və yeni yardımçı sahələrin yaradılmasından sonra formalaşacaq vəziyyətdən çıxış etməklə müəyyən etmişdir. Kollegiyanın qənaətinə görə, bu xüsusat xüsusilə əhəmiyyətlidir. Çünki payın naturada ayrılması institutu payçının ideal payının ümumi əşyadan real şəkildə ayrılması məqsədi daşıyır və həmin hüquqi mexanizmin tətbiqi zamanı məhkəmə yalnız nəzəri və ya şərti texniki imkanla kifayətlənməməli, ayrılmanın nəticəsində yaranacaq əmlak hissəsinin ayrıca və müstəqil istifadə imkanını da müəyyən etməlidir. Əlavə tikinti işlərinin aparılmasının özlüyündə mümkün olması isə hələ həmin işlər nəticəsində formalaşdırılacaq hissələrin normativ və funksional baxımdan müstəqil yaşayış sahələri kimi naturada ayrılmasının mümkün olduğu anlamına gəlmir. Məhz bu səbəbdən apellyasiya instansiyası məhkəməsində əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin dövlət qeydiyyatında olan 10/12, 1/12 və 1/12 paylara uyğun, əmlaka tənasübsüz zərər vurulmadan naturada ayrılmasının mümkün olub-olmaması, habelə alternativ bölgü üsulunun mövcudluğu məsələləri qoyulmuşdur. ## ### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyi hazırlanarkən fərdi yaşayış evinin faktiki planlı yerləşməsi, yaşayış və yardımçı sahələrinin tərkibi, hər bir müstəqil hissəyə yaşayış və yardımçı sahələrin verilməsi, ayrıca giriş-çıxış yollarının mövcudluğu və yaşayış binalarına dair normativtexniki tələblər nəzərə alınmışdır. Ekspert tədqiqatının nəticəsində fərdi yaşayış evinin İddiaçı 10/12, cavabdeh1 1/12 və cavabdeh3 Qüdrət oğlunun 1/12 paylarına uyğun olaraq naturada üç müstəqil hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin həyətyanı torpaq sahəsinin sərhədləri daxilində müxtəlif təyinatlı tikililərin, o cümlədən mübahisəli fərdi yaşayış evinin yerləşməsi nəzərə alınmaqla torpaq sahəsinin də mülkiyyətçilərin həmin paylarına uyğun naturada üç hissəyə bölünməsinin texniki baxımdan mümkün olmadığı nəticəsinə gəlinmişdir. Beləliklə, apellyasiya instansiyasında aparılmış əlavə ekspert tədqiqatı əvvəlki rəyin sadəcə nəticəsini təkrar yoxlamamış, naturada ayrılmanın mümkünlüyünü əmlakın real funksional xüsusiyyətləri, müstəqil yaşayış sahələrinin formalaşdırılması üçün tələb olunan şərtlər və tərəflərin pay nisbətləri baxımından daha geniş çərçivədə araşdırmışdır. Bunun nəticəsində birinci instansiya məhkəməsinin əsas götürdüyü naturada ayrılma variantının həyata keçirilə bilən real bölgü üsulu olmadığı müəyyən edilmişdir. Kollegiya ## ### 2026-cı il tarixli ekspert rəyinin iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə olduğunu, tədqiqatın predmeti və tətbiq edilən meyarların rəydə göstərildiyini, ekspert tərəfindən gəlinmiş nəticənin əsaslandırıldığını, habelə həmin rəyin mötəbərliyini aradan qaldıran və ya orada müəyyən edilmiş texniki halları təkzib edən hər hansı sübutun iş materiallarına təqdim edilmədiyini nəzərə alaraq həmin rəyi işin həlli üçün mötəbər sübut kimi qiymətləndirir. Bu səbəbdən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı İddiaçı məxsus 10/12 payın naturada ayrılmasının mümkün olması barədə gəldiyi nəticə apellyasiya icraatı zamanı tam və hərtərəfli araşdırma nəticəsində müəyyən edilmiş faktiki hallara uyğun gəlmir. Eyni zamanda bu uyğunsuzluq birinci instansiya məhkəməsinin qətnaməsində nəzərdə tutulmuş bölgünün yalnız texniki icra formasına və ya ayrıca bölgü sxeminə aid məsələ kimi qiymətləndirilə bilməz. Naturada ayrılmanın mümkün olub-olmaması hazırkı mübahisədə tətbiq ediləcək hüquqi müdafiə üsulunu müəyyən edən əsas hüquqi faktdır. Birinci instansiya məhkəməsi naturada ayrılmanı mümkün hesab etdiyi üçün iddiaçının alternativ kompensasiya tələbini araşdırmamışdır. Apellyasiya instansiyasında isə həmin ilkin şərtin naturada ayrılmanın mümkünlüyünün mövcud olmadığı müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin müəyyən etdiyi naturada bölgü üsulunun başqa bir bölgü variantı ilə əvəz olunmasından deyil, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş payın ayrılması mexanizminin növbəti hüquqi mərhələsinə keçilməsindən söhbət gedir. Ali Məhkəmənin **/**** nömrəli birgə qərardadında qeyd olunmuşdur ki, payın ayrılması zamanı əvvəlcə naturada ayrılmanın mümkünlüyü yoxlanılmalı, həmin mexanizmin tətbiqi mümkün olmadıqda isə ayrılan mülkiyyətçinin payının dəyərinin kompensasiya edilməsi məsələsi araşdırılmalıdır. Bu ardıcıllıq həm ayrılmaq istəyən mülkiyyətçinin öz payı üzərində sərəncam vermək imkanının, həm də qalan payçıların ümumi əşya üzərində mülkiyyət hüquqlarının balanslı müdafiəsinə xidmət edir. Odur ki, hazırkı iş üzrə naturada ayrılmanın mümkün olmadığı apellyasiya instansiyasında mötəbər sübutla müəyyən edildiyindən, birinci mərhələ üzrə araşdırma başa çatmış hesab edilməli və iddiaçının hələ birinci instansiya məhkəməsində alternativ qaydada irəli sürdüyü tələbin məzmununa uyğun olaraq onun 10/12 payının dəyərinin kompensasiya edilməsi məsələsinin araşdırılmasına keçilməlidir. Kollegiya iddiaçı İddiaçı apellyasiya baxışı zamanı “birinci ərizəsini müdafiə etdiyi”, “ikinci ərizənin məzmununun ona tam aydın olmadığı”, “cavabdehə kompensasiya verməyə hazır olduğu” və naturada bölgü aparılmasını istədiyi barədə verdiyi izahatı da ayrıca qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, həmin izahat əsasında birinci instansiyada baxılmış iddianın predmeti apellyasiya mərhələsində dəyişdirilə bilməz. Iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı ərizələrdən görünür ki, mübahisəli əmlakdan ona məxsus payın naturada ayrılması ilə yanaşı, bu mümkün olmadığı halda ona kompensasiya ödənilməklə öz payına mülkiyyət hüququna xitam verilməsi alternativ tələb kimi birinci instansiyada baxışın predmetinə daxil edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin özündə də kompensasiya tələbinin mövcudluğu qəbul edilmiş, yalnız naturada ayrılmanın mümkün hesab edilməsi səbəbindən həmin alternativ tələbin əlavə araşdırılmasına ehtiyac olmadığı göstərilmişdir. Odur ki, hazırda kompensasiya tələbinə baxılması apellyasiya instansiyasında ilk dəfə irəli sürülmüş yeni tələbə baxılması deyildir. Əksinə, qeyd olunan tələb birinci instansiya məhkəməsində artıq irəli sürülmüş, lakin naturada ayrılmanın mümkün olduğu barədə gəlinmiş nəticə səbəbindən faktiki olaraq həll edilməmiş alternativ tələbin apellyasiya instansiyasında iş üzrə müəyyən edilmiş yeni faktiki vəziyyətə uyğun olaraq həll edilməsindən gedir. Digər tərəfdən, iddiaçının apellyasiya baxışı zamanı “cavabdehə kompensasiya verməyə hazır olduğunu” bildirməsi birinci instansiyada irəli sürdüyü tələbin sadəcə hüquqi əsasının dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Birinci instansiyada iddiaçı payının özünə naturada verilməsini, mümkün olmadıqda isə digər mülkiyyətçilər tərəfindən ona kompensasiya ödənilməklə onun payına hüququn xitamını tələb etmişdir. Apellyasiya baxışı zamanı isə kompensasiyanın əks istiqamətdə ödənilməsinə dair mövqe ifadə etməklə iddiaçı faktiki olaraq həm kompensasiya öhdəliyinin subyektini, həm də nəticədə mübahisəli əmlakın kimdə qalmalı olması barədə hüquqi nəticəni dəyişməyə yönəlmiş yeni mövqe irəli sürmüşdür. MPM-in 372.3-cü maddəsi apellyasiya instansiyasında ilkin iddianın hüquqi əsasının dəyişdirilməsinə imkan versə də, MPM-in 372.4-cü maddəsi birinci instansiyada baxış predmeti olmayan yeni tələblərin apellyasiya məhkəməsində qəbul edilməsini və onlara baxılmasını birbaşa qadağan edir. Bu səbəbdən iddiaçının apellyasiya baxışı zamanı verdiyi həmin izahat birinci instansiyada formalaşmış iddia predmetini dəyişdirən hissədə qəbul edilə bilməz və hazırkı apellyasiya baxışının predmetini müəyyən etmir. Kollegiya xüsusi olaraq qeyd edir ki, Ali Məhkəmənin **/**** nömrəli birgə qərardadının 23 və 24cü bəndlərində iddiaçının konkret iddia ilə hansı hüquqi nəticəni əldə etmək istədiyinin və seçilmiş hüquqi müdafiə mexanizminin onun mənafeyinə uyğun olub-olmadığının işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində aydınlaşdırılması, nəticənin protokolda dəqiq əks etdirilməsi tələb olunur. Bu baxımdan iddiaçının sonradan ikinci ərizənin məzmununun ona tam aydın olmadığını bildirməsi həmin məsələnin apellyasiya icraatı zamanı yeni iddia formalaşdırmaqla deyil, məhz birinci instansiya məhkəməsində iddia tələbi dəqiqləşdirilərkən həll edilməli məsələ olduğunu göstərir. Apellyasiya instansiyasının funksiyası isə tərəfə birinci instansiyada irəli sürülməmiş yeni maddihüquqi tələb formalaşdırmaq imkanı yaratmaq deyil, birinci instansiyada baxılmış iddianın və qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlamaqdır. Naturada ayrılmanın mümkün olmadığı müəyyən edildiyindən iddiaçının 10/12 payına görə ona ödənilməli ədalətli kompensasiya məbləğinin müəyyən edilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunan qərardadın 49-cu bəndinə əsasən kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğu halda məhkəmə iddiaçının tələb etdiyi kompensasiya məbləğindən asılı olmayaraq əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməlidir. Hazırkı işdə tərəflər arasında kompensasiyanın məbləği barədə mübahisənin mövcud olduğu aşkardır. Iddiaçı birinci instansiyada 50.000 manat kompensasiya tələb etmiş, cavabdeh cavabdeh3 Qüdrət oğlunun nümayəndəsi isə onun tam payını kompensasiya müqabilində əldə etməyə hazır olduqlarını, lakin 15.000 manat ödəyə biləcəklərini bildirmişdir. cavabdeh3 Qüdrət oğlu nümayəndəsinin bu mövqeyi ilə razılaşmışdır. Beləliklə, cavabdeh3 Qüdrət oğlunun iddiaçıya məxsus tam payı kompensasiya müqabilində əldə etmək iradəsi müəyyən olunur, tərəflər arasındakı mübahisə isə kompensasiya institutunun tətbiqindən daha çox onun məbləği ilə bağlıdır. Bununla bağlı Kollegiya qeyd edir ki, tərəflərdən hər hansı birinin kompensasiya məbləğini subyektiv qaydada müəyyən etməsi məhkəmə üçün məcburi deyil. Kompensasiya mülkiyyət hüququna xitam verilən payın real iqtisadi ekvivalenti olmaqla nə ayrılan mülkiyyətçinin əsassız olaraq zənginləşməsinə, nə də qalan mülkiyyətçinin payın bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı məbləğ müqabilində onu əldə etməsinə səbəb olmalıdır. Bu baxımdan ədalətli kompensasiyanın müəyyən edilməsində başlıca obyektiv meyar əşyanın real bazar dəyəri və ayrılan mülkiyyətçinin həmin əşyadakı payının nisbətidir. Apellyasiya instansiyasında alınmış qiymətləndirmə rəyinə əsasən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bazar dəyəri 54.000 manatdır. Iddiaçı İddiaçı əmlakdakı payı 10/12 hissə olduğundan həmin payın dəyəri 54.000 manat × 10/12 = 45.000 manat təşkil edir. Kollegiya hesab edir ki, 45.000 manat iddiaçıya məxsus 10/12 payın bazar dəyərinə uyğun olan ədalətli kompensasiya məbləğidir. Iddiaçının 50.000 manat tələb etməsi həmin məbləğin avtomatik olaraq onun payının dəyəri kimi qəbul edilməsinə əsas vermir. Eyni qaydada cavabdeh tərəfin 15.000 manat təklif etməsi də ekspertiza ilə müəyyən olunmuş bazar dəyərinin əvəzinə götürülə bilməz. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli, **/**** nömrəli birgə qərardadının 49-cu bəndi). Kollegiya qeyd edir ki, ədalətli kompensasiya məhz obyektiv qiymətləndirmə nəticəsində müəyyən edilmiş ümumi bazar dəyərinin pay nisbətinə uyğun hissəsi olmalıdır. Bu səbəbdən iddia kompensasiya tələbinə münasibətdə 45.000 manat hissədə əsaslı, həmin məbləğdən artıq - 5.000 manat hissədə isə əsassız hesab edilməlidir. Cavabdeh tərəfin mübahisəli yaşayış evinin təmirinə 12.000 manat vəsait sərf edilməsinə dair istinadı da iddiaçının 10/12 payının bazar dəyərini azaltmaq üçün əsas təşkil etmir. Təmir xərclərinin çəkilməsi özlüyündə daşınmaz əmlakın dövlət reyestrində müəyyən edilmiş pay nisbətini dəyişmir. Həmin xərclərlə bağlı iddiaçıya qarşı ayrıca maddi-hüquqi tələb irəli sürülmədiyindən həmin məbləğin iddiaçıya ödənilməli kompensasiyadan çıxılması hazırkı iddianın predmetindən kənardır. Həmçinin iddiaçının Bakı şəhərində yaşaması və hazırda mübahisəli fərdi yaşayış evindən faktiki istifadə etməməsi onun dövlət qeydiyyatında olan 10/12 pay üzərində mülkiyyət hüququnun iqtisadi dəyərinə təsir edən hal deyil. Belə ki, mülkiyyətçinin əmlakda yaşayıb-yaşamaması, onun payının mövcudluğu və həmina payın bazar ekvivavelini aradan qaldırmır. Mülki işin apellyasiya baxışında digər cavabdeh cavabdeh1 iddiaçıya kompensasiya ödəmək istəmədiyini açıq şəkildə bildirmişdir. cavabdeh3 Qüdrət oğlu isə nümayəndəsi vasitəsilə iddiaçının tam payını kompensasiya müqabilində əldə etməyə hazır olduğunu bildirmiş və həmin mövqeni təsdiqləmişdir. Buna görə kompensasiya öhdəliyi cavabdeh3 Qüdrət oğlunun üzərinə qoyulmalı, iddiaçı İddiaçı 10/12 payına kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməli və həmin pay cavabdeh3 Qüdrət oğluna keçməlidir. cavabdeh3 Qüdrət oğlunun hazırda mübahisəli əmlakda 1/12 paya malik olduğu nəzərə alındıqda, iddiaçının 10/12 payının ona keçməsi nəticəsində cavabdeh3 Qüdrət oğlunun ümumi payı 11/12 hissə təşkil etməlidir. cavabdeh1 məxsus 1/12 paya isə hazırkı mübahisənin nəticəsində müdaxilə üçün hüquqi əsas yoxdur və həmin pay dəyişməz qalır. Belə nəticə Ali Məhkəmənin birgə qərardadının 20-ci bəndində ifadə olunan hüquqi yanaşmaya da uyğundur. Belə ki, kompensasiya ödənilməklə ayrılan mülkiyyətçinin payına xitam verilməsi digər payçıların ümumi paylı mülkiyyət hüququnun sona çatması demək deyildir. Nəticədə mübahisəli əmlak cavabdeh3 Qüdrət oğlunun 11/12 və cavabdeh1 1/12 paylarından ibarət ümumi paylı mülkiyyət vəziyyətində qalır. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı aparılmış əlavə araşdırma nəticəsində birinci instansiya məhkəməsinin qətnaməsinin əsasını təşkil edən başlıca faktiki hal - iddiaçının payının naturada ayrılmasının mümkün olması öz təsdiqini tapmamışdır. Əksinə, apellyasiya instansiyasında əldə olunmuş əlavə ekspert rəyi naturada bölgünün mümkün olmadığını müəyyən etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin müəyyən etmiş olduğu hüquqi müdafiə üsulu saxlanıla bilməz. Iş üzrə yalnız bölgü sxeminin və ya ayrı-ayrı texniki şərtlərin dəyişdirilməsindən deyil, iddianın həlli üçün tətbiq edilən hüquqi mexanizmin bütövlükdə naturada ayrılmadan kompensasiya ödənilməklə paya xitam verilməsinə dəyişməsindən söhbət getdiyindən qətnamə tamamilə ləğv edilməklə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, apellyasiya şikayəti tam təmin edilə bilməz. Belə ki, şikayət verən tərəf birinci instansiya qətnaməsinin ləğv edilməsi ilə yanaşı iddianın bütövlükdə rədd edilməsini tələb etmişdir. Kollegiya naturada bölgünün mümkün olmaması hissəsində şikayətin dəlillərini əsaslı saysa da, iddianın bütövlükdə rədd edilməsini əsaslı hesab etmir. Naturada ayrılmanın mümkünsüzlüyü iddiaçının hüquqi müdafiəsiz qalması anlamına gəlmir, çünki kompensasiya ödənilməklə paya xitam verilməsi artıq birinci instansiyada iddianın alternativ predmeti olmuşdur. Buna görə apellyasiya şikayəti qismən təmin edilməlidir. Iş üzrə ekspertiza xərclərinə münasibətdə kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsində keçirilmiş mühəndis-texniki ekspertizaya görə 100 manat ekspertiza xərci müəyyən edilmişdir. Apellyasiya instansiyasında keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasına görə 150 manat ekspertiza xərci hesablanmışdır. Bundan başqa, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə üzrə 400 manat xərc cavabdeh3 Qüdrət oğlu tərəfindən ödənilmişdir. Beləliklə, iş üzrə ekspertiza və qiymətləndirmə ilə əlaqədar ümumi xərc 650 manat təşkil etmişdir. Iddiaçının 50.000 manat kompensasiya tələbinin 45.000 manat hissədə təmin olunduğu, yəni kompensasiya tələbinin məbləğ etibarilə 90 faiz təmin edildiyi nəzərə alınaraq, MPM-in 119.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin xərclərin nəticəyə mütənasib bölüşdürülməsi məqsədəuyğundur. 650 manatın 90 faizi 585 manat, 10 faizi isə 65 manat təşkil edir. cavabdeh3 Qüdrət oğlu qiymətləndirmə üzrə 400 manat xərci artıq ödədiyindən onun üzərinə düşən ümumi 585 manat xərcdən qalan 185 manat, iddiaçı İddiaçı üzərinə isə 65 manat ekspertiza xərci tutulmalıdır. cavabdeh1 qarşı kompensasiya tələbi təmin edilmədiyindən və iddiaçının payının ona keçməsi müəyyən olunmadığından ekspertiza xərclərinin onun üzərinə qoyulması üçün əsas yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası q ə t e t d i: Cavabdeh cavabdeh3 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh cavabdeh3 Qüdrət oğlundan 45.000 (qırx beş min) manat kompensasiya tutularaq iddiaçı İddiaçı ödənilsin və həmin kompensasiyanın ödənilməsi müqabilində Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən 0,654175 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 150,2 kv.m olan fərdi yaşayış evində iddiaçı İddiaçı məxsus 10/12 pay üzərində mülkiyyət hüququna xitam verilsin. İddiaçı məxsus 10/12 pay cavabdeh3 Qüdrət oğluna keçməklə, cavabdeh3 Qüdrət oğlunun həmin daşınmaz əmlak üzərində payı 11/12 hissə müəyyən edilsin. Savabdeh tərəfindən kompensasiyanın ödənilməsi ilə iddiaçının paylı mülkiyyət hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Iddia qalan hissədə təmin edilməsin. Iş üzrə aparılmış məhkəmə ekspertizalarına görə ödənilməmiş cəmi 250 (iki yüz əlli) manat ekspertiza xərcinin 185 (bir yüz səksən beş) manatı cavabdeh3 Qüdrət oğlundan, 65 (altmış beş) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Mübahisəli daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə aparılmış qiymətləndirməyə görə cavabdeh3 Qüdrət oğlu tərəfindən ödənilmiş 400 (dörd yüz) manat xərc özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar