Məhkəmə qərarları › İş №2(001)-1715/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1715/2021

31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1715/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı Kavi oğlunun iştirakı ilə İddiaçı Kavi oğlunun “Cavabdeh” İstehsalat Birliyinə (İB) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kavi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Arif Hüseynov (D/yolu) küçəsi, ev 7 ünvanına dair tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, 001848 saylı aktın qanunsuz hesab edilməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış sayğac üçün 403 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, bu yaxınlarda qaz kartına pul yüklədiyi zaman ona məlum olmuşdur ki, **********90000 abonent kodu üzrə ona məxsus mənzilə əlavə borc tətbiq olunmuşdur. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, cavabdeh birliyin əməkdaşları xx xxxx 2018-ci il tarixdə tərtib etdikləri 001848 nömrəli aktda ona məxsus evə quraşdırılmış qaz sayğacına baxış zamanı sayğacın plombunun olmadığını müəyyən edərək sayğacı texniki yoxlamaya göndərmiş, yoxlama nəticəsində itirilmiş qazın məbləği 403 manat müəyyən edilmişdir. Halbuki, sayğac evinin hasarından kənarda, küçəyə baxan istiqamətdə quraşdırılmış, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. O, borcun əsassız hesab edilərək silinməsinə dair cavabdeh müəssisəyə müraciət etsə də, aldığı cavab məktubunda borcun silinməsinin məqsədəmüvafiq olmadığı göstərilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavadeh müəssisə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə müvafiq məlumatı məhkəməyə təqdim etməmişdir. Mülki iş materiallarında olan: - xx xxxx 2018-ci il tarixli, 001848 nömrəli aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış zamanı sayğacda plomb aşkar edilməmişdir. - 3x xxxx 2018-ci il tarixli komisiya rəyində göstərilmişdir ki, İddiaçı məxsus evdən götürülmüş qaz sayğacının plombunun qırılması nəticəsində itirilmiş təbii qazın miqdarı 2016 m3 müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin qaz sayğacına onun iştirakı olmadan baxış keçirilərək sayğacın plombunun qırılmasına əsaslanaraq bu barədə xx xxxx 2018-ci il tarixli 001848 saylı akt tərtib edilmiş və iddiaçıya 403 manat borcun olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılması iddiaçının üzərində olsada fərdi yaşayış evinin kənarında yerləşən sayğaca müdaxilənin məhz iddiaçının təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən itirilmiş təbii qaza görə iddiaçıya borc hesablana bilməz. Buna görədə məhkəmə hesab edir ki, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kavi oğlunun iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Arif Hüseynov (D/yolu) küçəsi, ev 7 ünvanında yerləşən İddiaçı Kavi oğluna məxsus fərdi yaşayış evinə (abonent kodu **********90000) dair tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, 001848 saylı aktı qanunsuz hesab edilməklə qazdan istifadəyə görə hesablanmış 403 manat məbləğində borc əsassız hesab edilərək silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar