Məhkəmə qərarları › İş №2(001)-1739/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1739/2022

05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1739/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 216 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, Döngə 8-də yerləşən fərdi yaşayış evində quraşdırılmış smart kart qaz sayğacı çıxarılmış və yeni mexaniki qaz sayğacı quraşdırılmışdır və bu barədə 02 iyul 2021-ci il tarixdə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akt tərtib edilmişdir. Sayğac dəyişdirilərkən heç bir problem olmamışdır, belə ki, hər hansı bir nasazlıq aşkar edilməmişdir. Cavabdeh tərəfindən 16 iyul 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və çıxarılmış sayğacın ekranının açılmadığı və informasiyanın oxunmadığı qeyd edilmişdir. Həmçinin cavabdeh 14 iyul 2021-ci il tarixdə qaz sayğacının yoxlanılması barədə akt tərtib etmiş, aktda "sayğacın elementi bitib, ekran açılmadı, sayğacın yivli birləşmələri korroziyaya uğrayıb" qeyd edilmişdir. 30 iyul 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmiş və dəymiş ziyanın həcmi 2160 kub metr, 216 manat borc hesablanmışdır. Belə ki, sayğac küçədə yerləşir, tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və qaz sayğacına heç bir kənar müdaxilə olmamış, yəni qaz sayğacına tərəfindən müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. Hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac küçədə, hasarın divarında yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmış, tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmiş və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Onun sayğacdan qeyri-qanuni istifadə etməyi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin nümayəndəsi iddiaya etiraz göndərərək bildirmişdir ki, “Qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında” 08 iyun 2021-ci il tarixdə tərtib edilmiş ******* saylı aktla 1002AQ**********1 nömrəli sayğac çıxarılmış, çıxarılan zaman sayğacın ekranının işləməməsi Birliyin əməkdaşları və istehlakçının imzası ilə təsdiq edilmişdir. Daha sonra sayğac laboratoriyaya göndərilmiş, 07 iyul 2021-ci il tarixli 2-/1710- 02700-1 saylı aktla “Sayğacın elementi bitib, ekran açılmadı, informasiya oxunmadı, yivli birləşmələr karroziyaya uğrayıb” şəklində rəy verilmişdir. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən 18 oktyabr 2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnm pozulması haqqında” 16 iyul 2021-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 216 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı" Müqaviləsinin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 216 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək 05 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onun icraatında olan digər işin iclası ilə eyni vaxta düşməsini üzürlü səbəb kimi qəbul edilməsini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 08 iyun 2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, G4 1002AQ**********1 nömrəli sayğacın ekranı işləmədiyindən həmin sayğac G4-**********6 nömrəli sayğacla əvəz edilmişdir; 14 iyul 2021-ci il tarixli, MSK-29/170-02700-1 nömrəli aktdan görünür ki, G4 1002AQ**********1 nömrəli sayğac dövlət yoxlanması nəticəsində yararsız hesab olunmuşdur. Səbəb sayğaca ümumi baxış keçirilmiş, sayğacın elementi bitmişdir. Müvəqqəti element və LCD ekran quraşdırıldı. Ekran açılmadı, infirmasiya oxunmadı. Yivli birləşmələr korroziyaya uğramışdır; Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 16 iyul 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə quraşdırılmış sayğaca baxş keçirilmiş, “sayğacın elementi bitib, müvəqqəti element quraşdırılıb, ekran açılmadı, informasiya oxunmadı” qeydi göstərilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 iyul 2021ci il tarixli tələblərindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2160 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00000 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2021-ci ili üçün akt üzrə olan borcu 216 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 216 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qızına qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00000) təbii qazdan istifadəyə görə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar