Məhkəmə qərarları › İş №2(001)-1741/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-1741/2021

31.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1741/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmək haqqının, son haqq-hesabının və vurulmuş mənəvi zərərinin əvəzinin ödənilməsi, habelə əmək kitabçasının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə əmək haqqı və son haqq-hesab ödənişləri üzrə ümumilikdə 1.344,30 manat məbləğində pulun tutulması, əmək haqq və son haqq hesab vaxtında ödənilmədiyi üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla qətnamə qanuni qüvvəyə minib tam icra olunan günədək ödənilməmiş 1.344,30 manat pulun hər gecikdirilmiş gün üçün 1 % hesablanmaqla hər gün üçün 13,45 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, əmək kitabçasının ona qaytarılması, həmçinin əmək müqaviləsinə xitam verildiyi xx.xx.2020-ci il tarixdən əmək kitabçasının ona qaytarılması gününədək hər ay üçün 550 manat orta aylıq əmək haqqının gündəlik 18,33 manat pulun cavabdehdən onun xeyrinə tutulması, mənəvi zərərin əvəzi kimi 15.000 manat pul vəsaitinin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən onun işlədiyi xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixləri üçün əmək haqqının, son haqq hesabın hesablanmaqla ona ödənilməsi və ona məxsus əmək kitabçasının ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə vurulmuş zərərin əvəzi olaraq 300 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda, Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclaslarına gəlməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişlər. Məhkəmə, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alıb, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı hər ay 330 manat əmək haqqı ödənilməklə toxucu vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı hər ay 268 manat əmək haqqı ödənilməklə xadimə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı müqavilə bağlanmış və iddiaçının əmək haqqında dəyişiklik edilərək, onun aylıq əmək haqqı 550 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı hər ay 300 manat əmək haqqı ödənilməklə xadimə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinə şikayət ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən işdən azad olunduqdan sonra onunla son haqq-hesabın aparılmadığını, hətta onunla bağlanmış müqaviləyə xitam verildikdən sonra cavabdeh tərəfindən ona məxsus əmək kitabçasının ona qaytarılmadığını bildirmişdir. Şikayətə uyğun olaraq bu qurum tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair tərtib edilmiş məktubda iddiaçı ilə son haqq hesabın aparılmadığının müəyyən edildiyi, cavabdehin iddiaçıya münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduğunın aşkar edildiyi və bununla bağlı cavabdeh barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. İddiaçı hazırda Cavabdeh MMC tərəfindən onun işlədiyi xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixləri üçün əmək haqqının və son haqq hesabın, habelə əmək kitabçasının ona verilmədiyini iddia edir və əmək haqqı və son haqq hesabı hesablanmaqla ona ödənilməsi və ona məxsus əmək kitabçasının qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə vurulmuş zərərin əvəzi olaraq 300 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir; 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 6.1 və 6.2-ci bəndlərinə görə işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən işə qəbul edilmiş və xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixlərində müxtəlif vəziələrdə işləmişdir. Cavabdeh tərəfindən vəzifəsinə uyğun olaraq ona əmək haqqının müəyyən edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ona hər hansı məbləğdə əmək haqqının verildiyi müəyyən edilmir. Eyni zamanda, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun əmək kitabçasının ona qaytarıldığı və cavabdeh tərəfindən son haqq-hesabın aparılmaqla ona ödənildiyi aşkar edilməmişdir. Bu hal iddiaçının müraciəti əsasında məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində də öz təsdiqini tapmışdır. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçının işlədiyi müddətə (xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixləri) uyğun olaraq əmək haqqı və son haqq hesab hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə iddiaçıya məxsus əmək kitabçası cavabdehdən alınaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan əlavə Qərarın 8-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. 2-ci bəndində isə göstərilmişdir ki, mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı onunla cavabdeh arasında əmək münasibətlərinin yaranmasına və həmin cəmiyyətdə 3 ay müddətində əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, hər hansı məbləğdə əmək haqqı almamışdır. Digər tərəfdən əmək münasibətlərinə xitam verildikdən sonra ona məxsus əmək kitabçası da qaytarılmamışdır ki, bu da onun yeni əmək münasibətlərinə daxil olmağı qeyri-mümkün edir. Cavabdehin belə bir davranışı iddiaçının mənəvi istirab və sarsıntı keçirtməsi qənaətinə gəlmək üçün əsasdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsalıdır və təmin edilməlidir. Cavabdeh MMC-dən İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi qismində 300 manat məbləğində pul tutulmalıdır. Məhkəmə, eyni zamanda hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi də tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı işlədiyi xx.xx.2020-ci il – xx.xx.2020-ci il tarixləri üçün əmək haqqının və son haqq hesabın hesablanmaqla İddiaçı ödənilməsi və İddiaçı məxsus əmək kitabçasının ona qaytarılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, habelə İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bankt xidməti haqqının əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC-də işlədiyi xx.xx.2020-ci il – xx.xx.2020-ci il tarixləri üçün əmək haqqının və son haqq hesabın hesablanmaqla İddiaçı ödənilməsi və İddiaçı məxsus əmək kitabçasının ona qaytarılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bankt xidməti haqqının əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar