Məhkəmə qərarları › İş №2(001)-1747/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1747/2024

07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1747/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı AKT-a əsasən İddiaçı(abonent kodu: **********00053) əsassız hesablanmış 2592 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən həyət evinin mülkiyyətçisidir. Sözügedən mənzilə cavabdeh tərəfindən qanunsuz olaraq maye qazın istifadə edilməsi ilə bağlı olaraq şişirdilmiş məbləğdə borc yazılmışdır. Borc məbləğinin yazılmasının səbəbi istehlakçı tərəfindən sayğaclara edilən müdaxilə və bunun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı AKT olmuşdur. Bununla əlaqədar, sorğumuz əsasında cavabdehdən alınmış AKT-dan görünür ki, həmin aktla İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın LCD ekranında informasiya oxunmadı, kart riderin çap vərəqində qısa qapanma izləri aşkar olundu. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac istismara yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qaz sayğacının yoxlanılması barədə AKT № MSK-14-2-2/3-5-3172-1 saylı aktda göstərilmişdir ki, G-6 markalı 1005AQ **********1 nömrəli sayğacın LCD ekranında informasiya oxunmadı, kart riderin çap vərəqində qısa qapanma izləri aşkar olundu. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac istismara yararsızdır. Mövcud sayğac yeni sayğacla əvəz edilsin. İş materiallarında olan abonent kodu **********00053 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2023-cü il tarixdə Zenner G6T Smart tipli qaz sayğacı quraşdırılmış və onun 2023-cü ilin may ayına “qalıq və aktlar” üzrə 2592 manat borcu yaranmış və həmin borcun yaranma anı 2023-cü ilin mart ayına təsadüf edir. Göründüyü kimi, hal-hazırda Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt mövcuddur və həmin akta əsasən iddiaçıya 2592 manat məbləğində borc hesablanmışdır. Cavabdeh nümayəndələri tərəfindən 2023-cü ilin ayında evin kənarında quraşdırılmış sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Halbuki, o istifadə etdiyi qazın dəyərini vaxtı vaxtında ödəmişdir və həmin ünvanda adətən yaşamadığından hər hansı müdaxiləsi imkansızdır. Qaz sayğacı evdən kənarda yerləşir. Hazırki dövrdə cavabdeh tərəfindən quraşdırılmış sayğaca Smart Kart vasitəsilə hər hansı ödəniş etdikdə borcdan tutulur. Akt əsassız tərtib edildiyindən aktı imzalamaqdan imtina etmişdir. İddiaçı hazırda həmin evdə yaşayır, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyətindən kənarda həyətin küçə tərəfində quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə abonent cavabdehlik daşımır. Cavabdeh tərəf aktlarda qaz sayğacına şəxsən qaz abonenti tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar mövcud deyildir. Bütün bunlar cavabdeh tərəfindən hüquqdan sui-istifadədir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməsə də, iddiaçının nümayəndəsi, vəkil X1 elektron qaydada ərizə təqdim edərək, tərəflərindən təqdim edilmiş sübutlar əsasında iştirakları olmadan mülki işə baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməsə də, nümayəndəsi iddiaya yazılı qaydada etiraz göndərmiş və etirazını belə əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək sərfiyyat üzrə yaranmış 2592,00 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edirəm ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Belə ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 2592,00 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin mart ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 2592,00 manat həcmində ziyan vurmuşdur. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci müvafiq olaraq və MPM-nin 154-cü maddəsini rəhbər tutaraq, İddiaçı Cavabdeh İB-yə qarşı iddiasına etiraz edirəm və xahiş edirəm iddianın təmin edilməməsi barədə qətnamə qəbul edəsiniz. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. ünvan 2 ünvanında yerləşən evə Azəriqaz tərəfindən **********10000 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixdə abonentin sayğacına baxış keçirilmiş, bu barədə “qazın sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Çıxarılan sayğacın tipi İtron, markası G 6, nömrəsi 1005AQ**********1 olmuşdur. Sayğacın çıxarılma səbəbi olaraq onun elektron tablosunun qarışması göstərilmişdir. Həmin vaxt abonentin ünvanında Zenner tipli G-6 markalı sayğac quraşdırılmışdır. Bu akt abonent tərəfindən imzalanmışdır. Çıxarılan sayğacın mexaniki göstəricisi 55036 kub.m olmuşdur.

6. Bundan sonra sayğac xx.xx.2023-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və xx.xx.2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə MSK-14-2-2/3-5-3172/-1 saylı, xx.xx.2023-cü il tarixli AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, baxış keçirilən 1005AQ**********1 seriya nömrəli, İtron tipli, G6 markalı(smart), mexaniki göstəricisi 55036 kub.m olan sayğaca baxış keçirilmiş, Sayğacın LCD ekranında rəqəmlərin qarışdığı, informasiyanın oxunmadığı, kart riderin çap vərəqində qısa qapanma izlərinin aşkar olunduğu, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmadığı qeyd edilmiş və nəticədə sayğacın istismara yararsız olması müəyyən edilmiş, qaz itkisinə səbəb olan müdaxilənin araşdırılmalı olması nəticəsinə gəlinmişdir.

7. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın rəis müavini tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da yanlış olaraq abonentə yeni quraşdırılmış **********8 seriya nömrəli sayğacın yoxlanıldığı qeyd edilmişdir ki, hansı ki, çıxarılan və yoxlamadan keçən sayğacın zavod seriya nömrəsi 1005AQ **********1 olmuşdur. Bununla belə baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, sayğacın LCD ekranında informasiya oxunmadı, kart riderin çap vərəqində qısa qapanma izləri aşkar olundu.

8. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən xx.xx.2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 10 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 21600 kub.m olduğu ehtimal edilmişdir.

9. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 2592 manat borc kimi abonentin hesabına yazılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022-ci il tarixdə olan dəyişikliklə):

11. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

12. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

13. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

14. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

16. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

18. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

19. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

23. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

24. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən(xx.xx.2023-cü il tarixədək olan redaksiyada) Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

26. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ona hesablanmış borcun əsassız olduğunu və hər hansı hüquqa zidd əməl törtətmədiyinə görə cavabdehin hərəkətinin qanunsuz olduğunu və borcun silinməsini tələb edir.

31. Cavabdeh tərəf isə iddiaçının hüquqa zidd əməl törətmiş olmasını tərtib edilən AKTlarla sübut etməyə çalışır.

32. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən vurulmuş zərərin həcmi qismində 2592 manat məbləğində abonentə borc hesablaması əsassız olmuşdur.

33. Belə ki, sayğaca müdaxilə faktı öz təsdiqini tapmır. Çünki əvvəla laboratoriya yoxlaması zamanı sayğacda aşkar olunan nasazlığın hər hansı kənar müdaxilədən qaynaqlandığı müəyyən edilməmişdir. Hansı ki, sayğac çıxarılan zaman sayğacın plombu yerində olmuş və onun üzərində hər hansı müdaxilə izləri aşkar edilməmişdir. Bununla belə sayğacda müəyyən edilən qüsurun müxtəlif səbəblərdən, xüsusilə də onun istismar müddətinin bitməsinə görə yaranması mümkündür. Eyni zamanda nəzərə alınmalıdır ki, sayğacın qüsurları barədə istehlakçının məsuliyyəti yalnız onun sayğaca hər hansı qanunsuz müdaxiləsinin sübut edildiyi halda yarana bilər. Halbuki Cavabdeh İB qaz itkisi baş verdiyi qənaətinə ona görə gəlmişdir ki, kart riderin çap vərəqində qısa qapanma izləri aşkar edildi. Həmin qusurun məhz abonentin müdaxiləsi ilə mümkünlüyü isə nə laboratoriya yoxlanışı zamanı, nə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib edilən zaman əsaslandırılmamışdır. Bununla belə istehsalçının mövqeyi o zaman əsaslı və məntiqli ola bilərdi ki, hər hansı müdaxilənin nəticəsində, yəni hər hansı hüquqazidd əməlin nəticəsində abonent nəsə əldə etmiş olsun. Halbuki, tədqiq edilmiş abonentin saldo məlumatlarından müəyyən edilir ki, abonent sonuncu təfə 2016-cı ilin dekabr ayında qazdan istifadə etmiş və ödəniş etmişdir. Odur ki, abonentin təxminən 7 il istifadə etmədiyi qaz sayğacının elektron sistemində nasazlığın olması məntiqli olduğu kimi, onun istifadə etmədiyi sayğaca müdaxilə etmiş olması məntiqsiz görünür. Üstəlik sonuncu dəfə, yəni 2016-cı ilin dekabr ayında sayğacın mexaniki göstəricisinin 54719 kub.m olduğu nəzərə alındıqda, sayğacın 2023-cü ildəki mexaniki göstəricisi (55036 kub.m) məntiqi ardıcıllığa uyğun gəlir. Odur ki, işin hallarına əsasən abonentin hər hansı hüquqdan sui istifadə etdiyi qənaəti də yaranmamışdır.

34. Beləliklə, abonentin sayğaca müdaxilə etməsi faktı təsdiq olunmadığından və tədqiq edilən abonentin saldosu istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə qənaəti yaratmadığından məhkəmə hesab edir ki, iddia əsaslıdır və hesablanmış 2592 manat borc abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

38. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

39. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

41. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

42. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

44. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2592 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00053) silinməli və istehlakçının ödəməkdən azad olduğu 45.92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********00053) silinsin. Cavabdehndən 45.92 (qırx beş manat, doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar