Məhkəmə qərarları › İş №2(001)-1748/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1748/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1748/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə 22 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 56 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən iddiaçıya təbii qazdan istifadə üçün **********00560 nömrəli abonent kodu verilmişdir. 2018-ci il üzrə təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən iddiaçıya 1137,6 manat borc hesablanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzillə bağlı cavabdeh tərəfindən hesablanmış borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə quraşdırılmış sayğac “Smart” tipli olmuş, yəni karta ödəniş daxil etmədən qazdan istifadə mümkün olmamışdır. İddiaçı da uzun müddət qazdan bu qaydada istifadə etmişdir. Sonradan iddiaçının yaşadığı binanın fasad və pəncərələri dəyişdirildiyindən, iddiaçı bir müddət öz mənzilində yaşamamış, həmin ərəfədə cavabdehin nümayəndələri tərəfindən “xx.xx.2006” tarixli akt tərtib edilmiş, göyə ona aid sayğacın elektron lövhəsinin işləməməsi əsası ilə sayğac yenisi ilə əvəzlənmiş və 1137,6 manat borc hesablabmışdır. Halbuki, iddiaçı sayğacın çıxarılması, üzərində ekspertizanın aparılması proseslərində iştirak etməmiş, bundan başqa, sayğac mənzildə deyil, binanın blokunda olmuşdur. Belə olan halda sayğacda həqiqətən də nasazlıqların əmələ gəlməsi və bunların səbəbi barədə iddiaçı məlumatsız olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, borcun səbəbini öyrənmək üçün cavabdehə müraciət etdikdə ona akt təqdim olunmuşdur. Həmin aktın tərtib olunması zamanı onun iştirakı təmin edilməmişdir, bundan başqa, aktın tərtibinə nəzər yetirildikdə müəyyən edilir ki, akt həqiqəti əks etdirmir. Belə ki, aktın tərtib edilmə vaxtı xx.xx.2006-cı il kimi göstərilmişdir. Cavabdeh tərəfindən ona ünvanlandırılmış məktubda aktın tarixi xx.xx.2017-ci il kimi göstərilmişdir. Cavabdehə “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış şəxsi elektron kabineti vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmiş, iddiaya yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan: - ÖM seriyalı, 032093 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 27 saylı evin 56 saylı mənzili 27 yanvar 2000-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış 28 sentyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Araşdırma zamanı əvvəlcədən ödənişli, G-4 markalı, 1202AQ**********2 nömrəli qaz sayğacı ilə dəyəri ödənilmədən mənzilinizdə 1137,6 AZN məbləğində təbii qazdan istifadə edildiyi aşkarlandığı və xx.xx.2017-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunaraq yeni əvvəlcədən ödənişli qaz sayğacı ilə əvəzləndiyi məlum olmuşdur...” - Abonent barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2018-ci il üzrə 1137,6 manat borc hesablanmış, iddiaçının ödənişləri nəticəsində həmin borc 2021-ci ilin oktyabr ayınadək 1132,6 manat təşkil etmişdir. - Cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda onun tərtib olunma tarixi kimi “xx.xx.2016” göstərilmişdir ki, belə tarix təqvimdə mövcud deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (əvvəlki redaksiyada) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 1137,6 manat borc hesablandığı iş materialları ilə öz təsdiqini tapır. Lakin, həmin borcun yaranma əsasları ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, digər tərəfdən, iş materiallarında olan sübutlarla da bu borcun hansı əsasla yaranmasını müəyyənləşdirmək mümkün olmur. Belə ki, abonent məlumatlarında 1137,6 manat borc 2018-ci il üzrə hesablanmış, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli məktubda borcun 2017-ci ilin yanvar ayında sayğac yenisi ilə əvəz edilərkən aşkarlandığı, ******* nömrəli akta əsasın hesablandığı göstərilmiş, sözügedən aktın isə tərtib olunma tarixi kimi “28..28.2016” qeyd edilmişdir ki, belə tarix təqvimdə mövcud deyil. Beləliklə, borcun hansı əsasla yaranmasını sübut etmək yükü cavabdehin üzərinə düşdüyü halda, cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz onun üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslalan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı (abonent kodu: **********00560) üzrə hesablanmış 1137,6 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar