Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1767/2022 14.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 1507,8 manat məbləğində borcun ona məxsus abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı sənədsiz olsa da, ona məxsusdur. Orada oğlunun ailəsi yaşayır. Həmin ünvanla bağlı abonent kodu **********00000 olan qaz sayğacı ilə təmin edilmişdir. 26.04.2022-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 018835 nömrəli akt tərtib edilmiş, yeni qaz sayğacı quraşdırılmışdır. Lakin əvvəlki illərə hesablanmış əsassız və qanunsuz göstərilən 1507,8 manat qaz borcunun olması bildirilərək, ondan həmin borcun ödənilməsi tələb edilmişdir. Bildirir ki, işlətdikləri qazın pulunu tam olaraq ödəmişlər və hazırki tarixə heç bir borcları yoxdur. Hesablanmış məbləğ onların səhvi və ya kənar təsirlər üzündən baş verməmişdir. Həmin sayğaca onlar tərəfindən hər hansı müdaxilə edilməmişdir. Qazdan istifadə üçün quraşdırılmış sayğac istehlakçı olaraq, onların nəzarətindən kənarda olmuşdur. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan cavabdeh daşıyır. Tələb olunan borcun hansı əsasla tələb olunması məlum deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Bundan başqa iddiaçı bildirmişdir ki, 26.04.2012-ci ildə onun yaşadığı ünvana smart tipli qaz sayğacı quraşdırılmışdır. Lakin o, Cavabdeh İB-nə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona smart kart təqdim edilməməmişdir. Nəticədə 2012-ci ildən qazdan istifadə etməmişdir. Həmin ildə isə 50 manat ödəniş etmişdir. Ona bu barədə qəbz təqdim edilmişdir. O,sayğaca heç bir qanunsuz qoşulma etməmişdir. 2021-ci ildə smart tipli sayğac mexaniki sayğacla əvəz edilmişdir. Bundan sonra ona 1507,80 manat borcu olması barədə bildiriş göndərilmişdir. O, borclarını vaxtlı-vaxtında ödəmişdir. Tələb edilən borcun yaranma əsası ona məlum deyildir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia ərizəsinə etirazı məhkəməyə təqdim etdiyindən, etirazını müdafiə edir. İddiaçıya qanunsuz qoşulma etdiyinə görə 27.12.2011-ci il tarixli akt üzrə 324 manat, 25.01.2013-cü il tarixli akt üzrə 600,40 manat maddi ziyan hesablanmışdır. Abonentin saldosunda qeyd edilən 606,60 manat və 1,10 manat sərfiyyat borcudur. İddiaçı tərəfindən 2012-2021-ci illər ərzində cəmi 50 manat ödəniş edilmişdir. Odur ki, iddia tələbi əsassızdır.Bundan başqa cavabdehin nümayəndəsi smat kartın iddiaçıya təhvil verilməsi barədə məhkəməyə sənəd təqdim edəcəyini bildirsə də, sonrakı məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.Məhkəməyə ünvanladığı ərizəsində isə bildirmişdir ki, iddiaçlnln borcu olduğu və borcunu ödəmək istəmədiyi üçün yeni sayğac üzrə kart ona təqdim edilməmişdir.
7. Cavabdehin nümayəndəsi 18.02.2022-ci il tarixində məhkəməyə etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, "Qaz təchizatı" haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. X1 qaz xəttinə qeyri-qanuni qoşulma həyata keçirməklǝ təbii qazın talan edmiş, bununla bağlı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 27.12.2011-ci il tarixdə 015952 saylı akt əsasında 324.00 manat, 25.01.2013-cü il tarixdə 051853 saylı akt əsasında 600.40 manat maddi ziyan 14.07.2011-ci il tarixdə quraşdırılmış 1102AQ**********27 saylı, Smart G-4 İtron tipli sayğac 26.04.2012-ci il tarixə qədər istifadədə olmuş, sayğac istifadədə olduğu müddət ərzində cəmi 570 m³ qaz əvvəlcədən ödəniş edilməklə alınmışdır. Sayğac çıxarılan zaman mövcud qaydalara uyğun olaraq yoxlanmış və sayğacın klapanın bağlanmaması səbəbi ilə mənfiyə getməsi, mexaniki hisssədə sərfiyyat göstəricisinin 6636 m³ olması faktı aşkara çıxarılmışdır. Abonentin faktiki istifadə etdiyi qazın həcmi 6636 m³ olsa da abonentin ödənişi yalnız 570 m³ üçün 57 manat təşkil etmişdir. 6636 m³-570 m³ = 6066 m³ x 0.10 = 606.60 manat (bu məbləğ abonentin saldosuna daxil edilmişdir) 16.04.2012-ci il tarixdə abonent tərəfindən əlavə olaraq 50 manat ödəniş həyata keçirilmişdir. 26.04.2012-ci il tarixdə quraşdırılmış 1202AQ**********3 saylı, Smart G-4 İtron tipli sayğac 17.11.2021-ci il tarixdə Zenner mexaniki tipli **********87 saylı sayğacla əvəz edilmişdir. 1202AQ**********3 saylı sayğacın istifadədə olduğu dövrdə 2022-ci ilin yanvar ayına qədər yəni 11 il 6 ay ərzində isehlakçının ödənişi olmamışıdr. 1202AQ**********3 saylı sayğac çıxarılan zaman üzərində 1.10 manat mənfiyə getmə qeyd edilmişdir. Həmin dövrdə qeyri-qanuni qoşulma aşkar edildiyi üçün abonentə 25.01.2013-cü il tarixdə 051853 saylı akt əsasında 600.40 manat maddi ziyan hesablanmış və saldosuna daxil edilmişdir. Yekun olaraq borc məbləğinin yaranma əsasları belə olmuşdur: 25,70 manat-12/2011 tarixə sərfiyyat borcu, 324 manat qaz xəttinə qeyri-qanuni qoşulmaya görə yazılmış akt üzrə borc, 600,40 manat qaz xəttinə qeyri-qanuni qoşulmaya görə yazılmış akt üzrə borc, 606,40 manat 1102AQ**********27 saylı sayğac üzrə sərfiyyat borcu, 1.10 manat 1202AQ**********3 saylı sayğac üzrə sərfiyyat borcu olmaqla, 1507,80 manat borcu vardır. Göründüyü kimi iddiaçının bəhs etdiyi kimi, borcun yaranma əsasları içərisində sayğaca müdaxilə halı mövcud deyildir. Borcun yaranma əsasında küçə qaz xəttinə qeyri-qanuni qoşulma ilə bağlı tərtib edilmiş aktlar və sayğacların göstəriciləri əsasında hesablanmış məbləğ təşkil edir. Buna görə də, İddiaçı iddia tələi qanunsuz və əsassızdır.
8. Cavabdehin nümayəndəsi 29.03.2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq iddiaçının mövqeyinə münasibət bildirmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, "Qaz təchizatı" haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsason bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinǝ dəymiş ziyana görə məsuliyyət daşıyır. X1 qaz xəttina qeyri-qanuni qoşulma hayata keçirməklə təbii qazin talan edmiş, bununla bağlı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 27.12.2011-ci il tarixda 015952 saylı akt əsasında 324,00 manat, 25.01.2013-cü il tarixdə 051853 saylı akt əsasında 600,40 manat maddi ziyan hesablanmışdır. 16.04.2012-ci il tarixdə abonent tərəfindən əlavə olaraq 50 manat ödəniş həyata keçirilmişdir. 1202AQ**********3 saylı sayğacın istifadədə olduğu dövrdə 2022-ci ilin yanvar ayına qədər yəni 11 il 6 ay ərzində isehlakçının ödənişi olmamışıdr. 1202AQ**********3 saylı sayğac çıxarılan zaman üzərində 1.10 manat mənfiyə getmə qeyd edilmişdir. Məhkəmənin hazırlıq iclasında izahat verən iddiaçı ona smart kartın verilməməsindən şikayət edərək "Azəriqaz" İB-nin əməkdaşlarını təqsirləndirmişdir.Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçın borcu olduğu və borcunu ödəmək istəmədiyi üçün yeni sayğac üzrə kart ona təqdim edilməmişdir. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, 11 il 6 ay ərzində daimi olaraq evdə enerji mənbəyi kimi yalnız elektrik enerjisindən istifadə etmişdir. 17.11.2021-ci il tarixdən isə mexaniki sayğac quraşdırıldığı üçün qazdan istifadə etməyə başlamışdır. Abonentin saldosu təsdiq edir ki, həqiqətən də həmin tarixdən mexaniki sayğacın göstəriciləri qeyd edilməyə və ödəniş edilməyə başlanmışdır. Bu halda elektrik enerjisindən istifadəyə görə ödənişlər kəskin azalmalı idi. Lakin "xxxx" ASC-nin saldosundan ödənişlərdə heç bir fərq olmadığı aydın görünür. Bu isə istehlakçının təbii qazdan qeyri-qanuni qoşulma yolu il istifadə etməsini sübut edən hallardan biridir. Həmin dövrdə qeyri-qanuni qoşulma aşkar edildiyi üçün abonentə 25.01.2013-cü il tarixdə 051853 saylı akt əsasında 600.40 manat maddi ziyan hesablanmış və saldosuna daxil edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
10. Cavabdeh İB tərəfindən verilən 26.01.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 14.01.2022-ci il tarixində 25 manat ödəniş edilmiş və 1511,72 manat borcu vardır.
11. Gasrep adlı sənəddən görünür ki, İddiaçı məxsus abonent kodu **********00000 olan sayğaca 2012-ci il üzrə 299,7 manat, 2013-cü il üzrə 606,6 manat, 2018-ci il üzrə 600,4 manat borc hesablanmışdır.
12. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 17.11.2022-ci il tarixli aktdan görünür ki, 26.04.2012-ci il tarixdə quraşdırılmış 1202AQ**********3 saylı, Smart G-4 İtron tipli sayğac 17.11.2021-ci il tarixdə Zenner mexaniki tipli **********87 saylı sayğacla əvəz edilmişdir.
13. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 018835 saylı 26.04.2012-ci il tarixli aktdan görünür ki, G4 markalı, İtron tipli, 1102AQ**********7 nömrəli sayğac dəyişdirilmiş, yerinə G4 markalı, İtron tipli, 1202AQ**********3 nömrəli sayğac quraşdırılmışdır. Aktda qeyd edilir ki, çıxarılan sayğacda klapan işləmir.
14. Abonentin saldosundan görünür ki, İddiaçı məxsus abonent kodu **********00000 olan sayğaca 2011-ci il üçün akta görə 324 manat, 2013-cü il tarixində akta görə 600,40 manat borc, 2022-ci ilin fevral ayına 1571,48 manat məbləğində borc hesablanmışdır
15. Cavabdeh İB tərəfindən verilən elektron sistemdən olan çıxarışdan görünür ki, 1102AQ**********7 nömrəli sayğacın klapanı elektron lövhədə bağlı göstərdiyi halda açıqdır, qaz keçir. Keçən qazın sərfi mexaniki hesablayıcı mexanizmdə qeyd olunur. Sayğacın klapanı işləmir. Sayğac Alarm-5 rejimindədir. Nəticədə sayğac üzrə sərfiyyata görə 606,60 manat borc hesbalanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
16. İddiaçı cavabdeh tərəfindən ondan tələb edilən 2012-ci ilin aprel ayı üçün 299.7 manat, 2013-cü ilin iyun ayı üçün 606.6 manat, 2018-ci ilin yanvar ayı üçün 600.4 manat, tutulma aparıldıqdan sonra cəmi 1507.8 manat borcun əsassız olduğunu iddia edir və borcun silinməsini xahiş edir.
17. İddiasını onunla əsaslandırır ki, 2012-ci ilin aprel ayında köhnə sayğacında qüsur olduğuna görə yeni smart sayğacla əvəz edilmiş və ona yeni sayğacın smart kartı təqdim edilməmişdir. O cavabdehdən smart kartın ona təqdim edilməsini tələb etsə də, borcu olduğunu bildirərək təqdim edilməmişdir. Həmin vaxt o, hətta 50 manat ödəniş də etmişdir. Buna baxmayaraq ona həmin sayğacın smart kartı verilməmiş, 2021-ci ildə isə yeni sayğac quraşdırılmışdır, yeni sayğacdan ödənişlər həyata keçirilərkən borcunun olduğunu bilmişdir.Halbuki, o, 2012-ci ildən yeni sayğac quraşdırılanadək qazdan istifadə etməmiş, hər hansı qanunsuz qoşulma etməmişdir.
18. Cavabdehin iddiaya etiraz edir, lakin etirazın dəlilləri ilə təqdim etdiyi sənədlər arasında uyğunsuzluq vardır. Belə ki, etirazında qaz xəttinə qanunsuz qoşulmaya görə 27.12.2011-ci il tarixli, 015952 saylı akta əsasən 324 manat, 26.04.2012-ci il tarixdə sayğac çıxarılan zaman sayğacın mənfiyə getməsi müəyyən edildiyindən mexaniki hissədə sərfiyyat göstəricisinə əsasən 606.6 manat, 25.01.2013-cü il tarxli, 051853 saylı akta əsasən qanunsuz qoşulmaya görə 600.4 manat borcun abonentin saldosuna daxil edildiyini göstərmişdir.Halbuki iddiaçı və cavabdeh tərəfindən təqdim edilən Smart Sayğaclı abonentin saldosunda 606.6 manat borc 2013-cü ilin iyun ayında, 600.4 manat borc isə 2018-ci ilin yanvar ayında abonentin saldosuna daxil edilmişdir. Cavabdeh yekun olaraq borc məbləğinin yaranma əsaslarını belə göstərmişdir: 12/2011 tarixə sərfiyyat borcu 25.7 manat, qaz xəttinə qeyri-qanuni qoşulmaya görə yazılmış akt üzrə borc 324 manat, qaz xəttinə qeyri-qanuni qoşulmaya görə yazılmış akt üzrə borc 600.4 manat, 26.04.2012-ci ildə çıxarılmış sayğac üzrə sərfiyyata görə 606.6 manat borc, 26.04.2012-ci ildə quraşdırılmış sayğac üzrə sərfiyyat borcu 1.1 manat olmaqla, 50 manat ödəniş nəzərə alındıqda 1507.8 manat. Lakin cavabdeh etirazında göstərdiyi dəlillərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, cavabdeh qanunsuz qoşulma faktına görə 2011 və 2013-cü ildə 2 akt tərtib edildiyini bildirsə də, həmin aktları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh klapanı işləməyən sayğacın mexaniki göstəricisinə əsasən sərfiyyat borcu hesablaması barədə də rəsmi sənədlər məhkəməyə təqdim etməmişdir.
19. İddiaçı isə cavabdehin etirazının bu dəlillərinə münasibətdə isə bildirmişdir ki, o, 2012-ci ilin aprel ayından 2021-ci ildə yeni sayğac quraşdırılanadək qaz sayğacından istifadə etməmişdir, bu faktı cavabdeh də etirazında qəbul etmişdir. Eyni zamanda sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı talamamışdır, belə ki bu barədə hər hansı aktın olduğu qeyri-müəyyəndir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
20. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında işin müəyyən edilən hallarını iddia ərizəsinin və ona edilmiş etirazın dəlilləri baxımından qiymətləndirərək, aşağıda sadalanan normalar əsasında dəyərləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
23. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
25. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
26. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
28. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
30. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
31. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh qaz xəttindən qanunsuz qoşulmaya görə abonentin barəsində 2 akt tərtib edildiyini bildirsə də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.Yəni cavabdeh iddiaçıdan tələb edilən borcun yaranma əsasını göstərsə də, bunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir.Bundan başqa sayğac dəyişdirilərkən sayğacın qüsurlarına görə iddiaçıya sərfiyyat borcu hesablamış, lakin bununla da bağlı hər hansı sübut təqdim etməmişdir. Hərçənd ki, sayğaca iddiaçı tərəfindən müdaxilə, kənar təsir göstərilməsi sübut edilmirsə, istehlakçının vurduğu zərər hesab edilə bilməz, həmin hal təchizatçının risk dairəsinə daxildir. Belə ki, mülki qanunvericilikdə həm müqavilə öhdəlikləri, həm delikt öhdəliklərində vurulmuş zərər görə məsuliyyətin həddi şəxsin təqsirliliyindən(qəsd, ehtiyatsızlıq) asılı edilmişdir.Halbuki işin halları ilə iddiaçının nə sərfiyyata görə, nə də digər əsasa görə cavabdehə borcunun olduğu müəyyən edilməmiş, cavabdeh isə bunun əksini iddia etsə də, etirazının dəlillərini sübut edə bilməmişdir.
32. Bundan başqa cavabdehin iddiaçıdan 2011-ci il və 2013-cü illər üçün hesablamış olduğu borc məbləğini tələb etməsi də ümumiyyətlə əsassızdır.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
35. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
36. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir.
37. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
38. Beləliklə məhkəmə o qənaətə gəlir ki, cavabdeh etirazının dəlillərini sübut edə bilmədiyindən, eyni zamanda cavabdehin tələb etmə hüququ itirildiyindən iddiaçının tələbi əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
39. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
40. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
42. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
43. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
45. 112.1.7. ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—iddianın qiyməti qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir;
46. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
47. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
49. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir;
50. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Nəticə:
51. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1507,8 manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1507,8 (bir min beş yüz yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinsin. Cavabdehndən 35 (otuz beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev