Məhkəmə qərarları › İş №2(001)-1772/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1772/2022

04.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1772/2022 04.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlunun, Cavabdeh iştirakı ilə, SOCAR-ın İddiaçı Cavabdeh Namiq qızına qarşı özbaşına fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: SOCAR-ın İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istismarında olan Şirvan-Böyükşor Dş-500 mm.-lik yerüstü neft kəmərinin 116,7 km.-də, 39 T 0397893; ******* saylı koordinatlar üzrə, kəmərdən 35 metr aralı məsafədə, 2-ci sırada, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh Namiq qızı tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Məmmədhüseyn oğlu məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm.-lik magistral neft kəmərinin 116,7 km.-də, 39 T 0397893; ******* saylı koordinatlar üzrə, kəmərdən 35 metr aralı məsafədə, 2-ci sırada, kəmərin mühafizə zonasında, cavabdeh tərəfindən qanunsuz tikili aparılması faktı aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03 yanvar 2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Namiq qızı iddianı qəbul etmədiyini bildirib, izahatında göstərdi ki, o, uzun müddətdir ki, ailəsi ilə birlikdə sözügedən ünvanda yerləşən evdə yaşayır. İndiyədək heç kim evin neft kəmərlərinin mühafizə sonasında yerləşməsinə dair onları xəbərdar etməmişdir. İddia tamamilə əsassızdır. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, fərdi yaşayış evinin və hasarın yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm.-lik magistral neft kəmərinin 116,7 km.-də, 39 T 0397893; ******* saylı koordinatlar üzrə, kəmərdən 35 metr aralı məsafədə, 2-ci sırada, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh Namiq qızı tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülsün və o, həmin ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul Cavabdeh Namiq qızından SOCAR-ın İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar