Məhkəmə qərarları › İş №2(001)-1778/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1778/2022

06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1778/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, Maraqlı şəxs3 və Maraqlı şəxs2 cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-187 nömrəli, kod 30800027 olan torpağa mülkiyyət hüququna dair 24 dekabr 1998-ci il tarixli dövlət aktının ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu ərazisində yerləşən 0,54 ha torpaq sahəsinə dair JN-187 nömrəli, Kod 30800027 olan torpağa mülkiyyət hüququna dair 24 dekabr 1998-ci il tarixli dövlət aktı Mehdiabad qəsəbə sakini Maraqlı şəxs3, X8, X14 və X7 verilmişdir. O, müvafiq sənədləri toplayaraq torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə mürəciət etmişdir. 25 avqust 2021-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair bildiriş verilmişdir. Bildirişdə təqdim edilən dövlət aktında göstərilən hüquq sahibinin soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ata adı arasında fərq olduğunun aşkar edilməsi, dövlət aktında hüquq sahibinin “X13” göstərildiyi halda şəxsiyyət vəsiqəsində “Quliyeva (Şirəlizadə) Əzizə Fikrət qızı” kimi qeyd edildiyi və bu səbəbdən də hüquqların qeydiyyatından imtina edilmişdir. Belə ki, torpaq sahəsinə dair JN-187 nömrəli, Kod 30800027 olan torpağa mülkiyyət hüququna dair 24 dekabr 1998-ci il tarixli dövlət aktında onun soyadı Şirəliyeva, ata adı isə Həbib kimi yazılmışdır, bu səbəblərdən də sənədlərdə uyğunsuzluq yaranmışdır. Bu səbəbdən də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasında məhdudiyyətlər yaranmışdır və torpaq sahəsi ilə bağlı hüquqların həyata keçirilməsi mümkün olmamışdır. Təqdim edilən sənədlərin surətlərindən görünür ki, ona verilmiş doğum haqqında Şəhadətnamədə onun soyadı Şirəlizadə, ata adı isə Fikrət olaraq qeyd edilmişdir. 01 dekabr 2009-cu il tarixdə X15 iiə nikaha girərək evlənib ailə qurmuş və soyadı "Quliyeva"ya dəyişdirilmişdir. Bu uyğunsuzluq səbəbindən onun hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranmışdır, ona görə də torpaq sahəsinə mülkiyyət hüququna dair 24 dekabr 1998-ci il tarixli dövlət aktında qeyd edilən X5 Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Digər hüquq sahibi X9 22 may 2018-ci il tarixdə vəfat etmişdir. Dövlət aktındakı hüquq sahibi Şirəiİyeva Əzizə Həfaib qızı adına verilmiş dövlət aktının ona məxsus olması faktını təsdiq edəcək sənədi başqa qaydada ala bilmək imkanları yoxdur, ona görə də bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir və bu faktın müəyyən ediiməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, xalası X8 tərəfindən övladlığa götürülsə də, onun ata adı doğum akt qeydində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 ərizəçinin dediklərini təsdiq edərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və maraqlı şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 24 avqust 1993-cü il çıxarışlı, 515 nömrəli sərəncamından görünür ki, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 12 nömrəli evin 9 nömrəli mənzilində yaşayan 26 avqust 1992-ci il tarixdə anadan olmuş Əzizə Fikrət qızı xalası X2 övladlığına verilmişdir. Həmçinin, Abşeron rayon VVAQ şöbəsinə övladlığın qeydə alınması və azyaşlı Əzizə Fikrət qızına veriləcək övladlıq şəhadətnaməsində onun adını və ata adını saxlamaqla, familyasının Şirəliyeva, anasının X1 qeyd olunması və övladlıq şəhadətnaməsinə əsasən yeni doğum haqqında şəhadətnamə verilməsinin təmin edilməsi tapşırılmışdır. AZ-İİ 143145 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 avqust 1992-ci il təvəllüdlü X3 atası X10, anası isə X6r. 24 dekabr 1998-ci il tarixli, JN-187 saylı, 30800027 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.54 ha torpaq sahəsi Maraqlı şəxs3, X8, X14, X7 verilmişdir. AZ-İ 535094 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X11 01 dekabr 2009-cu il tarixdə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 26 avqust 1992-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi, ev 119, mənzil 72-dir. AZ-İ 930476 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 may 2018-ci il tarixdə ölmüşdür. Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli arayışdan görünür ki, JN-187 saylı dövlət aktında X13 əvəzinə X11 oxunmalıdır. Hər ikisi eyni şəxsdir (əsas AZ-İİ 143145 nömrəli doğum haqqında şəhadətnamə). Abşeron rayon qeydiyyat şöbəsinin 14 iyul 2021-ci il tarixli arayışından görünür ki, 29 avqust 1979-cu il təvəllüdlü Maraqlı şəxs2 ondan ötrü ki, onun doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Şirəliyev’’dən “Həbibli’’yə dəyişdirilmiş və ona AZ-İV 125157 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Abşeron rayon qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli arayışından görünür ki, 29 avqust 1979-cu il təvəllüdlü Maraqlı şəxs2 ondan ötrü ki, 24 iyun 2004-cü il tarixdə onun anası X4 nikah haqqında akt qeydinin qadın bəndində evlənəndən sonra soyad sonluğu “Şirəliyeva"dan “Şirəlizadə”yə dəyişdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 avqust və 30 dekabr 2021-ci il və 01 yanvar 2022-ci il tarixli eyni məzmunlu bildirişlərdən görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-187 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahibinin soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-187 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi “X13” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Quliyeva (Şirəlizadə) Əzizə Fikrət qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Bildirilmişdir ki, hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricindədir. "Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunun 2.4cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. 24 noyabr 2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki ərizənin qaldırılması üçün ərizəçi tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi iş üzrə maraqlı şəxslər qismində cəlb olunmuş Maraqlı şəxs3 və Maraqlı şəxs2 bir ailənin üzvləridir. Vəfat etmiş Şirəlizadə (əvvəlki soyadı Şirəliyeva) Şövkət Əjdər qızı Maraqlı şəxs3 arvadı olmuşdur. Ərizəçi X9 tərəfindən övladlığa götürülmüşdür. Ərizəçiyə övladlığa götürüldükdən sonra Şirəliyeva soyadı verilmiş və ana qrafasında X8 qeyd olunmuş, qalan məlumatlar isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara baxmayaraq, JN-187 saylı, 30800027 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında ərizəçi Şirəliyeva (hazırda Quliyeva) Əzizə Fikrət qızının atasının adı yanlış olaraq “Həbib” kimi göstərilmişdir. Ərizəçi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin idarə ərizəçinin ata adı ilə şəhadətnamədə göstərilən ata adı arasında zidiyyət olması səbəbindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Həmçinin müəyyən edildi ki, 01 dekabr 2009-cu il tarixdə ərizəçi nikaha daxil olduqdan sonra ona “Quliyeva” soyadı verilmişdir. Göründüyü kimi, ərizəçinin JN-187 saylı, 30800027 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən ata adı ilə onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində olan ata adı düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 24 dekabr 1998-cı il tarixli, JN-187 saylı, 30800027 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktınının digər şəxslər – Maraqlı şəxs3, Şirəliyeva (Şirəlizadə) Şövkət Əjdər qızı, Şirəliyev (Həbibli) Yaşar Həbib oğlu ilə yanaşı Quliyeva (Şirəlizadə) Əzizə Fikrət qızına (FİN: xxxxxxx) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 dekabr 1998-ci il tarixli, JN-187 saylı, 30800027 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının digər şəxslər – Maraqlı şəxs3, Şirəliyeva (Şirəlizadə) Şövkət Əjdər qızı, Şirəliyev (Həbibli) Yaşar Həbib oğlu ilə yanaşı Quliyeva (Şirəlizadə) Əzizə Fikrət qızına (FİN xxxxxxx ) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar