Məhkəmə qərarları › İş №2(3-7)-884/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-884/2026

16.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-884/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Sultanova İradə Tofiq qızının nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızının iştirakı ilə, Ərizəçilər ərizəçi2 və ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən Sultanova İradə Tofiq qızı və onun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər ərizəçi2 və ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–344, KOD ******** saylı Dövlət aktının və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrində qeydə alınmış ************ reyestr nömrəli çıxarışın onlara, yəni ərizəçi2 və ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim T.Musayev) ərizənin təmin edilməsi, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN–344, KOD ******** saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ərizəçi2 və ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən Sultanova İradə Tofiq qızı və onun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun şikayətçi Sultanova İradə Tofiq qızının, ərizəçilər ərizəçi2 və ərizəçi1 adına Şəmkir rayonu, Xuluf kəndi ərazisindəyerləşən, ümumi sahəsi, 2.4424 ha olan və paylı mülkiyyətdə olan torpaq sahəsi DƏDRX ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ saylı reyestrlə qeydiyyata alınmışdır. Bu çıxarışda 1.0 ha torpaq sahəsi onun adına, 0.4 ha torpaq sahəsi cavabdeh ərizəçi2, 0.4 ha torpaq sahəsi isə cavabdeh ərizəçi1 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. DƏDRX ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş ************ reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda iddiaçıların ata adı “İsa” kimi yazılmışdır. Bu səbəbdən də Şamxal Bəhruz oğlu və Gülər Bəhruz qızı məhkəməyə müraciət etmişlər. Lakin onu ərizədə üçüncü şəxs kimi qeyd etməmişlər. Məhkəmə isə onu üçüncü şəxs qismində məcburi qaydada məhkəmə icraatına cəlb etməmişdir. Halbuki, müvafiq Çıxarışda mülkiyyətçi kimi onun da adı qeyd olunmuş və o, müstəqil tələb irəli sürə bilən üçüncü şəxs hesab olunur. Buna baxmayaraq, məhkəmə onun iştirakını təmin etmədən Şamxal Bəhruz oğlunun və Gülər Bəhruz qızının ərizəsinə xüsusi icraat qaydasında baxmış və onların ərizəsini təmin etmişdir. Bununla da, məhkəmə onun hüquqlarını pozmuşdur. Belə ki, ərizəçilər bu qətnamədən sonra ona qarşı müxtəlif iddialarla məhkəməyə müraciət etmiş və onu əsassız iddialara cəlb etmişlər. Halbuki, məhkəmə onu tərəf kimi işə cəlb edib, onun münasibətini aydınlaşdırsa idi, o, məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edib, sübut edərdi ki, ərizəçilərlə mülkiyyət sənədində adları göstərilən şəxslər eyni adamlar deyildir. Ərizəçilər məhkəməyə vermiş olduqları ərizədə onlara məxsus olan torpaq sahəsinin onların razılığı olmadan Seymur Alıyev tərəfindən ona satılmasını göstərmişlər. Lakin onu maraqlı şəxs kimi işə cəlb etməmişlər. Məhkəmə isə onu məcburi qaydada məhkəmə icraatına cəlb etməli olduğu halda bunu etməmiş və onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Qətnamə onun mülkiyyət hüquqlarına toxunur. Belə ki, o, ərizə ilə bağlı öz mövqeyini bildirmək, sübut təqdim etmək və müdafiə hüququndan istifadə etmək imkanından məhrum oldu. Bu səbəbdən də qətnamənin ləğv olunmasını istəyir. Eyni zamanda qeyd etmişdir ki, ərizə xüsusi icraat qaydasında verilmişdir. Hal-hazırda hüquq haqqında mübahisə olduğundan ərizə baxılmamış saxlanmalıdır. Hesab etmişdir ki, məhkəmənin sözü gedən qətnaməsi qanunsuz və əsassızdır. Həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsinin ləğv edilməsini, şikayətinin təmin edilməsini və ərizənin baxılmamış saxlanmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və iş apellyasiya baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Sultanova İradə Tofiq qızının nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İradə Sultanova həmin torpağın mülkiyyətçisi idi. İradə məhkəmə prosessində iştirak etməmişdir, etsə idi, sübutlar təqdim edəcəkdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işdə iştirak etməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçilər ərizəçi2 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişdir ki, apellyasiya şikayətinin müddət ötürülməsi məsələsi və Sultanova İradə Tofiq qızının həmin qətnamədən şikayət vermək hüququnun olub-olmaması məsələsi araşdırılıb hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçilər ərizəçi2 və ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN–344, KOD ******** saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ərizəçi2 və ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan qətnamənin Sultanova İradə Tofiq qızının hansı hüquq və maraqlarına toxunmasının müəyyən edilməsi mümkün olmamışdır. Şikayətində o, məcburi qaydada məhkəmə icraatına cəlb edilməli olduğu halda məhkəmənin bunu etməməsini və onun iştirakı olmadan qətnamə qəbul etməsini göstərmişdir. Halbuki, ərizədə ərizəçilər maraqlı şəxs qismində müvafiq sənədi vermiş DƏDKR publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsini qoymaqda haqlı olmuşlar. Hazırki iş üzrə onun mülkiyyət hüquqları mübahisələndirilməmiş, qəbul edilmiş qətnamə ilə onun heç bir mülkiyyət hüququna toxunulmamışdır. İşin mahiyyətinə baxdıqda, onun ərizəçilər ilə hər hansı qohumluq münasibətində olması iş materialları və təqdim edilmiş sənədlər ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Hazırki iş üzrə qəbul edilmiş qətnamənin Sultanova İradə Tofiq qızının hüquq və vəzifələrinə toxunması məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmalı və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən Sultanova İradə Tofiq qızı və onun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-***/**** saylı mülki iş apellyasiya baxışından çıxarılsın və Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar