Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1782/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Hacıbala qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hacıbala qızının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hacıbala qızı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 117 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(001)- 1782/2022 saylı qərardadına əsasən İddiaçı Hacıbala qızının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı Hacıbala qızının nümayəndəsi və vəkili Vəkil qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2(001)- 1782/2022 saylı qəradadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(001)-1782/2022 saylı qəradadı ləğv edilmiş, iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı Hacıbala qızı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Hacıbala qızının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçının nəvəsi olan Cavabdeh2 anası, yəni iddiaçının qızı ilə birlikdə iddiaçını döyüb, ölümlə təhdid edərək, xx.xx.2019-cu il tarixdə ona məxsus olan Bakı şəhəri, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 10 saylı evin, 117 saylı mənzildən onun xeyrinə imtina etməyə və bu barədə Bakı şəhəri 14 saylı Notariat ofisində ərizə yazmağa məcbur etmişdir. Lakin o, xx.xx.2019-cu il tarixdə həmin ərizəni ləğv etdirmişdir. Ərizə yazmağa məcbur edildikdən sonra mənzillə bağlı cavabdehlər arasında bağlanmış müqavilə barədə də ona hər hansı məlumat verilməmiş, müqavilənin bağlanması zamanı onun iştirakı təmin edilməmişdir. Digər tərəfdən müqavilədən və pay hüququndan imtina etsə də, mənzilə ödənilən pul vəsaitindən imtina etməmişdir. Nəticədə o, qanunsuz olaraq öz əmlakından məhrum edilmiş və hazırda kirayə yaşamaq məcburiyyətindədir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2, habelə üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 MTK isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs ünvan 1 ünvanlayaraq, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin lazımi qaydada xəbərdar edilməsini, habelə üçüncü şəxsin qeyd edilən ərizəsini nəzərə alıb, işə bu tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Hacıbala qızı ilə Cavabdeh1 MTK ilə arasında xx.xx.2004-cü il tarixdə bağlanmış "xxxx" müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı (117 saylı) mənzili İddiaçı Hacıbala qızına təhvil verməyi, İddiaçı Hacıbala qızı isə həmin mənzilin dəyərini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Hacıbala qızı həmin mənzilin dəyərini tam ödəmiş və ona bu halı təsdiq edən maliyyə arayışı təqdim edilmiş, həmçinin mənzil ona təhvil verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MTK-ya 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə müraciət edərək, həmin mənzildən və pay haqqından imtina etdiyini, həmin mənzilin müqaviləsinin Cavabdeh2 adına sənədləşdirilməsinə və rəsmiləşdirilməsinə etiraz etmədiyini, habelə gələcəkdə bu mənzilə və MTK-ya qarşı heç bir iddiasının olmayacağını bildirmişdir. Bundan sonra cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" müqaviləyə əsasən qeyd edilən mənzil Cavabdeh2 təhvil verilmişdir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisinə yenidən ərizə ilə müraciət edərək, bu dəfə də xx.xx.2019-cu il tarixdə yazdığı mənzildən və pay haqqından imtina barədə ərizənin ləğv edilməsini xahiş etmişdir. Hazırda iddiaçı mənzildən və pay haqqından imtina barədə xx.xx.2019-cu il tarixli ərizəni nəvəsi, yəni Cavabdeh2 hədəsi və zorakılığı altında tərtib etdiyini, nəticə etibarı ilə bu şəxs tərəfindən döyülərək, ərizəni imzalamağa məcbur edildiyini, bu səbəbdən 15 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə həmin ərizənin ləğv edilməsi barədə Bakı şəhəri 14 saylı Notariat Ofisinə yeni ərizə təqdim etdiyini, onunla bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin hələ də qüvvədə olduğunu, xx.xx.2019-cu il tarixdə cavabdehlər arasında bağlanmış müqavilə barədə ona hər hansı məlumat verilmədiyini, müqavilənin bağlanması zamanı onun iştirakının təmin edilmədiyini, mənzilin pay haqqının da ona qaytarılmadığını iddia edir və cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 356-cı maddəsinə əsasən əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli "xxxx" müqavilənin bağlanması məhz iddiaçının həmin müqavilənin predmeti olan mənzildən və pay haqqından imtina barədə ərizəsinə əsasən mümkün olmuşdur. Bu səbəbdən ilk öncə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MTK-ya ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin qanuniliyinə hüquqi qiymət verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bu baxımdan xx.xx.2019-cu il tarixli ərizənin Cavabdeh2 zorakılığı (döyməsi, işgəncə verməsi və sair) və hədəsi altında tərtib etdiyini, nəticə etibarı ilə bu şəxs tərəfindən ərizəni imzalamağa məcbur edildiyini iddia edən iddiaçı bu halların mövcudluğunu sübut etməli idi. Lakin buna baxmayaraq, iddiaçı qeyd edilən ərizəni tərtib etməyə və imzalamağa cavabdeh tərəfindən məcbur edildiyini, o cümlədən bu məqsədlə döyüldüyünü təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Hər bir halda, iddiaçı bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Bununla belə, iddiaçının həmin ərizəni tərtib edilməyə və imzalamağa məcbur edildiyi öz təsdiqini tapmır. Məhkəmə o halı da qeyd edir ki, xx.xx.2019-cu il tarixli əqdin bağlanmasına icazə (ərizə) vermiş iddiaçı yalnız bu əqd bağlandıqdan sonra həmin icazənin (ərizənin) ləğv edilməsi barədə ərizə ilə həmin, yəni xx.xx.2019-cu il tarixli ərizəni təsdiq edən Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin icazənin ləğv edilməsi barədə cavabdehlərə hər hansı məlumat verməmişdir. Nəticə etibarı ilə xx.xx.2004-cü il tarixli müqavilənin bağlanması və qüvvədə olması səbəbindən onun predmeti olan mənzilə dair sərəncam vermək səlahiyyətinə malik olmayan Cavabdeh1 MTK iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən bu səlahiyyəti əldə etmiş və xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə qeyd edilən mənzilə dair müqavilə bağlamışdır. Başqa sözlə, xx.xx.2019-cu il tarixli müqavilə iddiaçının icazəsi (qabaqcadan verilmiş razılığı) ilə bağlanmışdır. Bununla belə, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Bu da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Hacıbala qızının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı Hacıbala qızına aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hacıbala qızının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı Hacıbala qızına aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1782/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1782/2022
06.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver