Məhkəmə qərarları › İş №2(001)-1796/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1796/2024

29.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1796/2024 29.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tələb olunan 500 manat borcun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 2015-ci ildən o və həyat yoldaşı qeydiyyatda olmuşlar. Lakin buna baxmayaraq ailənin sayını artıq göstərərək, 500 (beş yüz) manat qeyri-qanuni vəsait hesablanmışdır. Hesablanmış 500 manat 2014-2019cu illəri əhatə edir və həmin borc iddia ərizəsinə əlavə etdiyi Abonent kartında Cavabdeh ASC tərəfindən qeyd edilmişdir. Cavabdeh ASC iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş “borcun silinməsi” tələbi ilə bağlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında radd edilməlidir. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixində, 12219128 nömrəli su techizatı ve kanalizasiya xidmətinə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC iddiaçıya su va kanalizasiya xidməti göstərir. Bundan sonra 2013-cü ildə 50037806 nömrəli su sayğacı sökülərək abonentə yeni sayğac quraşdırılmışdır. İddiaçı aid yaşayış yerinə xx.xx.2019-cu il tarixdə CSS-20 markalı 19039647 nömrəli su sayğacı quraşdırılmışdır. İddiaçının ünvanına sayğac quraşdırılmamış (2013-xx.xx.2019-cu illər üzrə) və hesabat normativ qaydada 4 (dörd) nəfər ailə üzvünə görə aparılmışdır. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri –AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” tənzimləyir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim edilməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən məhkəməyə qeydiyyatda olan şəxslərin sayı barədə sənəd təqdim edilməmişdir. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilmişdir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ona hesablanmış borcdan artıq 200 manat silinmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yuxarıda qeyd olunan etirazın məzmununda izahat verdi. Həmçinin yenidən məhkəməyə yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçıya güzəşt olunaraq xx.xx.2024-cü il tarixə borcundan 75 manat silinmişdir. Qeyd olunan məbləğ məcburi köçkün limiti kimi nəzərə alınmışdır. (limit 2017ci ildə ləğv edilib). 126,59 manat isə vətəndaşa hesablanmış əlavə sərfiyyata görə silinmişdir. (sayğac quraşdırılmamışdan əvvəlki illərə aid). Ümumilikdə 201.59 manat məbləğində vəsait silinmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, istehlakçı İddiaçı su sərfiyyatına görə 2017-ci il üzrə 70 manat. 2018-ci il üzrə 155.5 manat, 2019-cu il üzrə 221,59 mnat, 2020-ci il üzrə 45,5 manat, 2021-ci il üzrə 49,03 manat, 2022-ci il üzrə 2 manat, 2023-cü il üzrə 18 manat, 2024-cü il üzrə 1 manat olmaqla, yekun borc kimi 572,42 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu üzrə bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 2017-ci il tarixdən İddiaçı və X2 qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, abonent 2015-2019-cu illər üzrə su və kanalizasiya xətlərindən istifadə etmiş və ümumi sərfiyyat məbləği 577,09 manat (2015ci il üzrə 0.00 manat+2017-ci il üzrə 120,00 manat+2018-ci il üzrə 215,5 manat+2019-cu il üzrə 241,59 manat) müəyyən edilmişdir. Qeyd olunur ki, məhkəmə mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Cavabdehə hesablanmış sərfiyyatın doğruluğunun müəyyən edilməsi ekspert mühasibin xüsusi biliyi xaricindədir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 67787 və 00115 nömrəli vəsiqələrin surətindən görünür ki, İddiaçı məcburi köçkün olmaqla, müharibə veteranıdır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə ziddolmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Göründüyü kimi, tərəflər, yəni iddiaçı məişət-içməli su ehtiyaclarının ödənilməsi üçün fərdi yaşayış evini lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. Əsas mübahisə ondan ibarətdir ki, iddiaçı hesab edir ki, mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan 2 şəxsin sayına uyğun olaraq müvafiq dövr üzrə hesab aparılmalı olsa da, cavabdeh qeydiyyatda olan şəxslərin sayını 4 ədəd nəzərə almış və hesabatı səhv aparmışdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, qeydiyyatda olan şəxslərin sayı barədə sənədin təqdim edilməsi istehlakçının vəzifəsidir. İddiaçı bu barədə sənədi cavabdehə təqdim etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən istehlakçıya borc düzgün hesablanmışdır. Hətta məhkəmə icraatı gedişində iddiaçıya hesablanmış borcdan 201,59 manatı da cavabdeh tərəfindən silinmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5 və 9.1.20ci maddələrinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar, məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar