Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1844/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Abşeron rayon Xalq Deputatlarının Rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş bağ-bostan yoldaşlığının üzvlərinə torpaq sahələrinin verilməsi haqqında qərara əsasən ona xx.xx.1988-ci il tarixdə Novxanı sovxozunun ərazisində 500 kv.m sahəsi olan torpaq sahəsi verilmişdir. Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İK-nın 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında mövcud olan 120 saylı bağ sahəsinə onun, yəni vətəndaş Ərizəçi adı Mirzəyev Saşa kimi qeyd edilmişdir. O, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət etmişdir. Sözügedən idarənin xx.xx.2024-cü il tarixli cavab məktubunda ərizəsinə müsbət cavab verilməmiş, bidirilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş Dövlət Arxivinin xx.xx.2024-cü tarixli sənədində başqa şəxsin adının qeyd olunmasının müəyyən edilməsi, bundan başqa sözügedən bağ sahəsinə dair məlumatların arxiv əsaslarında saxlanılan natamam bağların siyahısında aşkar edilməməsi barədə imtina məktubu verilmişdir. O, xx.xx.2024-cü il tarixdə adın dəyişiklik və düzəliş aparılması ilə bağlı sözügedən idarəyə müraciət etmişdir. Həmin idarənin xx.xx.2024-cü il tarixli cavabında hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılmasının idarənin səlahiyyətləri xaricində olması cavabı verilmişdir. Sözügedən bağ sahəsi faktiki olaraq onun istifadəsindədir. Vaxtı ilə sənədi hazırlayan şəxsin səhlənkarlığı ucbatından bu günki günədək o, süründürməçiliyə məruz qalmış və torpaq sahəsinin sənədləşdirilməsi işi ilə bağlı əziyyət çəkir. Bu səbəbdən də, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında mövcud olan 120 saylı bağ sahəsinə dair verilmiş sənədin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında mövcud olan 120 saylı bağ sahəsinə dair adına verilmiş sənədin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizəçi 36 ildir həmin bağ sahəsinin onun istifadəsində olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs2 Abşeron Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Dövlət Arxivi tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında mövcud olan 120 saylı bağ sahəsində vətəndaş Ərizəçi adı deyil Mirzəyev Saşa qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, İdarə tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş Dövlət Arxivinin 01 avqust 2024cü il tarixli sənədində başqa şəxsin adının qeyd olunduğu müəyyən edilmişdir. Bundan başqa sözügedən bağ sahəsinə dair məlumatlar arxiv əsaslarında saxlanılan natamam bağların siyahısında aşkar edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, İdarə tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan İİ-СЛ seriyalı 069295 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan SSR Abşeron RİK iclas protokolu ilə bağlı qərarın 150/6 saylı xx.xx.1988-ci il tarixli çıxarışından görünür ki, Abşeron rayon xalq deputatlarının Rayon icraiyyə komitəsi bağ-bostan yoldaşlığının üzvlərinə torpaq sahələrinin verilməsi haqqında qərar qəbul etmişdir. Abşeron rayon “Maarif” yoldaşlığının üzvü - Ərizəçi Novxanı sovxozunun ərazisində 500 kv.m sahəsi olan torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Maraqlı şəxs2 Abşeron Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş F-316 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150 saylı qərarı ilə «Abşeronda bağ təsərrüfatını qaydaya salmaq və daha da inkişaf etdirmək haqqında» Azərbaycan KP MK-nın 25 may 1988-ci il tarixli qərarı ilə əlaqədar olaraq rayonun bir sıra idarə, müəssisə və təşkilatında kollektiv bağçılıq-yoldaşlıq şirkətləri yaradılmışdır. Əmək kollektivlərinin arzusunu və razılığını nəzərə alaraq işçilərinin sayı 30 nəfərdən az olan bir neçə idarə və müəssisə kollektivlərinin bir şirkətdə birləşməsinə icazə verilmişdir. Abşeron rayonunun idarə, müəssisə və təşkilatlarında 900 nəfər fəhlə və qulluqçunu birləşdirən 6 bağçılıq-yoldaşlıq, o cümlədən «Veteran», «Badam», «Maarif», «Təbib», Qələbə» və «Abşeron» şirkətləri təşkil olunmuşdur... “Veteran” şirkətinə 30 nəfərə, “Badam” şirkətinə 345 nəfərə, “Maarif” şirkətinə 220 nəfərə, “Təbib” şirkətinə 112 nəfərə, “Qələbə” şirkətinə 97 nəfərə və “Abşeron şirkətinə 122 nəfərə cəmi 900 nəfərin hər birinə 500 kv.m bağ sahəsi ayrılmışdır. Lakin həmin qərara 900 nəfərin siyahısı daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, ünvan 405 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 05 avqust 2024-cü il tarixli müraciəti olmuş, həmin müraciətin icrasından Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988-ci il tarixli, 150/6 nömrəli qərarının xx.xx.2024-cü il tarixli arxiv arayışında hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu (belə ki, arxiv arayışında hüquq sahibi “Mirzəyev Saşa” kimi göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd edilmişdir) və sözügedən bağ sahəsinə dair məlumatların arxiv əsaslarında saxlanılan natamam bağların siyahısında aşkar edilmədiyi əsasları ilə imtina edilmişdir. Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988-ci il tarixli, 150/6 nömrəli qərarına düzəliş edilməsi həmin sənədi vermiş dövlət orqanın hüquqi varisi qismində çıxış edən Maraqlı şəxs2 səlahiyyətləri daxilindədir. Sözügedən hüquqi fakta düzəliş edilməsi məqsədilə ərizəçi tərəfindən Maraqlı şəxs2nə müraciət edilməlidir. Həmçinin bildirilmişdir ki, mülki iş üzrə maraqlı şəxs qismində 4 saylı Abşeron Ərazi İdarəsi deyil, Maraqlı şəxs2 cəlb olunmalı idi. Göstərilənləri nəzərə alaraq, ərizənin mümkünsüz sayılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivi tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında mövcud olan 120 saylı bağ sahəsində vətəndaş Ərizəçi adı Sənhan olaraq deyil Mirzəyev Saşa olaraq qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 01 may 2025-ci il tarixli elektron məktubun surətindən görünür ki, Maraqlı şəxs2 nümayəndəsi R.Qubadov məktubda hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır 308-ci maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsi nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bununla yanaşı, həmin Qərarda qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında müquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçi məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında mövcud olan 120 saylı bağ sahəsinə dair adına verilmiş sənədin ona məxsus olması faktının müəyyən olunmasını xahiş etsə də, hansı sənədi konkret göstərməmiş, onun adına hər hansı sənədin verilməsi müəyyən olunmamışdır. Ərizənin məzmunundan müəyyən edilir ki, iddiaçı Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında onun adında səhvə yol verildiyini bildirir, lakin faktiki müəyyən edilir ki, həmin siyahıda tamamilə başqa şəxs - Mirzəyev Saşa qeyd edilmişdir. Məhkəmə işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Ərizəçi Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında mövcud olan 120 saylı bağ sahəsinə dair adına verilmiş sənədin ona məxsus olması faktının müəyyən olunmasını xahiş etsə də, hər hansı hüquqmüəyyənedici sənədi göstərməmiş, Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında onun adında səhvə yol verildiyini bildirsə də, orada qeyd edilmiş şəxslə eyni şəxs olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, hansı səbəbdən siyahıda onun adının Mirzəyev Saşa kimi qeyd ediləməsinə açıqlıq gətirə bilməmişdir. Məhkəmə qeyd edilənlərə əsaslanaraq, belə hesab edir ki, ərizə təmin edilməməli, ərizəçiyə Abşeron rayon XDS İK-nin 150/6 saylı xx.xx.1988-ci il tarixli qərarının adlı siyahısında onun adında yol verilmiş səhvə düzəliş edilməsi məqsədilə həmin siyahını tərtib etmiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, əks halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı “sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1844/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1844/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver