Məhkəmə qərarları › İş №2(001)-1876/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1876/2022

07.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1876/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu - Qasımlı Səxavət Bayram oğlu 27 yanvar 2004-cü il tarixdə anadan olmuşdur. Oğlu anadangəlmə psixi qüsurlu xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Uşaqlıqda ona yüngül ifadəli kəmağıllıq, davranış pozuntuları diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən oğlu 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Beləliklə, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən oğlu öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Belə ki, ailədə oğluna maddi və mənəvi köməklik göstərən şəxs odur, oğlunun bütün ehtiyaclarını o qarşılayır və baxır. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlu sağlamlıq imkanları məhdud uşaqdır, qulluğa ehtiyacı var. Diaqnoz: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağırlaşma F80.0 nitq artkulyasiyasının spesifik pozğunluğu. Nitqi tam inkişaf etməmişdir, aydın deyil, qırıq səslərdən ibarətdir, səs tələffüzü kobud pozulmuşdur. Loqoped, ümumi nitq inkişafının geriliyi. 5 saylı Tibbi-sosial Ekspert Komissiyasının 08 fevral 2021-ci il tarixli Binəqədi rayon üzrə əlillər barədə müayinə aktı çıxarışından görünür ki, 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz nitq pozuntusu ilə debillik dərəcəsində ağıl zəifliyi. 254918 nömrəli vəsiqənin surətindən görünür ki, 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlunun əlillik qrupu 2.1.6-dır. Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 16 noyabr 2017-ci il tarixli çıxarışdan görünür ki, 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz yüngül dərəcəli əqli gerilik, yaddaş və intellektin aşağı olması, davranış pozuntusu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 11 aprel 2022-ci il tarixli, 896 saylı rəyindən görünür ki, 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlunda ağır əqli gerilik davranış pozuntuları müşahidə olunur. Qasımlı Səxavət Bayram oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil. Qasımlı Səxavət Bayram oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Qasımlı Səxavət Bayram oğlunun öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 yanvar 2004-cü il tarixdə anadan olmuş Qasımlı Səxavət Bayram oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar