Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1900/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əvvəlki illərə görə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş abonet saldosuna əsasən əvvəlki illərə görə yaranmış 455.94 (dörd yüz əlli beş manat doxsan dörd qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9MKR, H.Babaşov küçəsi, ev 6, 28 saylı mənzili alqı-satqı müqaviləsi ilə X2 dəyərini ödəməklə almışdır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətdə olan mənzilin işıq sayğacı da mülkiyyətçi X3 mərhum ərinin adına olmuş, kommunal xərclərini əvvəlki mülkiyyətçi özü tək, eləcə də işığa olan ödəmələri də vaxtıvaxtında ödəmişdir. Bu aylar ərzində işıq idarəsinə heç bir borcu olmamışdır. Bu illər ərzində işıq sərfiyyatında görə borcu olmamış, hər hansı borcun olması barədə işıq idarəsi tərəfindən məlumatlandırılmamışdır. Ona gələn işıq sərfiyyatına dair bildirişdə işıq sərfiyyatına borcu olmaması barədə daim qeydlər olmuşdur. Lakin o, həmin mənzili aldıqdan sonra işıq sayğacını adına rəsmiləşdirdiyi zaman 2004-cü illərdən yığılmış borcun olması bildirilmişdir. Binəqədi rayon işıq idarəsinə müraciət edərkən ona 455.94 manat olması bildirilmişdir. Həmin borcun hansı illərdən yaranması və belə böyük məbləğdə yığılması, nədən bu illər ərzində bu qədər borcu olduğu halda niyə elektrik enerjisinin kəsilməməsini idarədən soruşduqda işıq idarəsi ona bunu izah edə bilməmişdir. Ona verilmiş saldosuna nəzər salsaq 455.94 manat borcun xx.xx.2004-cü il tarixə qədər yığılmış borc olması, ondan sonra hesablanmış borcun yenə xx.xx.2004-cü il tarixdən başlayaraq hesablanması qeyd edilən məbləğin olması açıq-aydın görünür. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında saldosu qərəzli olub, yalnız çox əvvəlki illərin əsasında 455.94 manat borcun hesablanaraq ondan tələb etməsi əsassızdır, bu da onu bir istehlakçı kimi hüquqlarını pozmuş olur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, alğı-satqı olanda notariat ondan borc barədə hər hansı sənəd tələb etməmişdir. Sayğacı öz adına keçirmək istəyir, lakin borc ona mane olur.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, borcun olması barədə "xxxx" ASC tərəfindən mənə hər hansı məlumat göndərilməmişdir. Azərişıq ASC-nin borc barədə bildirişində də borcun olmaması barədə qeydlər olmuşdur. Lakin sayğacı öz adıma rəsmiləşdirmək istəyən zaman 455.94 manat borcun olması bildirilmişdir. Bundan başqa hazırki tələblə birinci dəfə mənzilin əvvəlki sahibi Elza xanım Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi iddianın geri götürülməsini və iddianı öz adından verməyini bildirmişdir. Bundan sonra Elza xanım iddiasını geri götürmüş və özü hazırki tələblə məhkəməyə müraciət etmişdir. Borcun hansı tarixdə yaranması ona məlum deyildir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, barmekin vaxtından qalan, istifadə olan enerjiyə görə qalan dondurulmuş borcdu. Aylıq sərfiyyatı tələb ediləndə qəbzdə göstərilmiş həmin borc. Sayğac bir şəxsin adından digərinə keçiriləndə həmin borc görünür. Həmin borcu onlar silə bilmirlər. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzilin elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı əvvəlki mülkiyyətçi mərhum Məmmədov Məmməd ilə enerji təchizatçısı arasında müqavilə münasibətləri olmuşdur(abonent kodu: **********60028). İddiaçı həmin mənzili mərhum Məmməd Məmmədovun vərəsəsindən almışdır. Cavabdehin tərtib etdiyi abunə haqqında məlumatlarda abonentin əvvəlki illərə görə 455.94 manat borcu olduğu görsənir. Həmin borcun yaranma əsası və hansı dövrü əhatə etməsi müəyyən edilmir, cavabdeh isə bununla bağlı hər hansı məlumat verə bilmir. Mövqeyini isə cavabdeh belə əsaslandırır ki, həmin borc əvvəlki təchizatçı Barmek elektrikşəbəkə paylayıcısının dövründən qalmışdır və həmin dövrlə bağlı onlarda hər hansı sənəd yoxdur. İddiaçı isə tələbini onunla əsaslandırır ki, mövcudluğu şübhə doğuran həmin borcun elektron sistemdə əks olunması iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Borcun silinməsi ilə bağlı iddianı ilk öncə mərhum M.Məmmədovun arvadı Elza Məmmədova qaldırsa da, məhkəmənin əsl iddiaçı ilə bağlı tövsiyyəsindən sonra hazırki iddiaçı irəli sürmüşdür. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
8. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
11. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
12. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
13. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.
14. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
15. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.
16. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli sərəncamı ilə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə "xxxx" X6 Cəmiyyəti yaradılmış, xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilə qədər Türkiyənin "Barmek Holdinq A.Ş” şirkətinə idarəetməyə verilmiş, Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin xx.xx.2006-cı il tаriхli sərəncаmı ilə “Bаkıеlеktrikşəbəkə” АSC-nin fəаliyyəti bərpa edilmişdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının:
18. 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.
19. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
20. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
21. İşin halları ilə müəyyən edilir ki, "xxxx" ASC elektrik enerjisindən istifadə ilə bağlı iddiaçıya əvvəlki illərə görə hesablanmış borc barədə sənəd vermişdir. Lakin cavabdeh həmin sənəddə borcun yaranması dövrü və əsasları barədə hər hansı məlumat qeyd etməmişdir. Məhkəmə icraatı zamanı da cavabdeh həmin borcun yaranma əsasları barədə hər hansı sübut təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Cavabdehin bununla bağlı əsaslandırılması belə olmuşdur ki, həmin borc "Barmek Holdinq A.Ş” şirkətinin hesabladığı dondurulmuş borclar kateqoriyasına aiddir.
22. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, mövcudluğu sübut olunmayan borca görə tətbiq edilən məhrumiyyət özlüyündə qanunsuz olduğuna görə iddiaçının tələbi əsaslı hesab edilməli və borcun olmadığına dair sənədin verilməsi hüquqi nəticəsi baxımından əvvəlki illərə görə abonentə hesablanmış 455.94 manat borc abonent hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
27. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əvvəlki illərə görə abonentə hesablanmış (abonent kodu **********60028) 455,94 (dörd yüz əlli beş manat, doxsan dörd qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia təmin edilsin. Əvvəlki illərə görə abonentə hesablanmış (abonent kodu **********60028) 455,94 (dörd yüz əlli beş manat, doxsan dörd qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev.