Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-191/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı X14 X12 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X14 X12 Cavabdeh Xanikişi oğluna qarşı köhnədən tikilmiş tamamlanmamış bir mərtəbəli fərdi yaşayış evinin qarşısında, evə bitişik 2x3x12 metr ölçüdə mişar daşından inşa edilmiş eyvanın özbaşına (qanunsuz) tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 Neft Emalı Zavodu Cavabdeh Xanikişi oğluna qarşı köhnədən tikilmiş tamamlanmamış bir mərtəbəli fərdi yaşayış evinin qarşısında, evə bitişik 2x3x12 metr ölçüdə mişar daşından inşa edilmiş eyvanın özbaşına (qanunsuz) tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən X14 X13 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin "Mühafizə Zonası"nın 48 metrlik məsafəsində torpaq zəbt edilməklə Binəqədi rayonu, Binəqədi kəndində köhnədən tikilmiş tamamlanmamış bir mərtəbəli fərdi yaşayış evinin qarşısında, evə bitişik özbaşına mişar daşından 2x3x12 metr ölçüdə əlavə olaraq eyvan inşa edilmişdir. Həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm, Dş-300 mm və Dş-250 mm neft boru kəmərləri keçir. Neft boru kəmərlərinin mühafizə zonasında hər hansı bir tikintiquraşdırma işlərinin aparılmasının qanunla yol verilməməsi həmin vətəndaşın nəzərinə çatdırılmış, ondan tikinti-quraşdırma işlərinin dayandırılması və sökülməsi tələb edilmişdir. X14 X13 məxsus magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 №-li Qərarı) azı 50 metr olmalıdır. Qeyd olunanlara əsasən iddiaçı köhnədən tikilmiş tamamlanmamış bir mərtəbəli fərdi yaşayış evinin qarşısında, evə bitişik 2x3x12 metr ölçüdə mişar daşından inşa edilmiş eyvanın özbaşına (qanunsuz) tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X14 X12 nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh Xanikişi oğlu xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, o, heç kimin torpağını zəbt etməmişdir. Onun tikinti apardığı torpağa dair müvafiq sənədləri var. O, tikintiyə başlamazdan əvvəl bütün lazımi orqanlara müraciət etmiş, razılıqlarnı almış, yalnız sonra tikintiyə başlamışdır. Ən son Socar-a müraciət etdi və onlar da onu X14 X13 yönləndirdi. Orada da aidiyyatı şəxsə müraciət etdi, səlahiyyətli əməkdaşlar gəlib lazerlə ərazini ölçdürlər və ona konkret ərazini göstərib istədiyi tikintini apara biləcəyini dedilər. Həmin vaxtda da, o, dövlətdən “qan pulu” almışdı və artıq böyümüş oğlanlarını evlə təmin etmək üçün tikinti aparmaq istəyirdi. İdarənin hüquqşünası ona dedi ki, evi artırmaq istəsə, hündürlükdən artırsın, amma eninə artırma etməsin. O, belə də etdi. Ev torpaq üzərində təyin edilmiş yerində qaldı, hündürlükdən artırdı. Lakin sonradan gördü ki, dirəklər olmasa ev aşır. Məcbur oldu eyvanı dirəklərlə bərkitsin. O, razılaşdırılan yerdən cəmi 16 sm keçmiş, dirəkləri söksə ev də söküləcək. Hal-hazırda ev iş materiallarında olan şəkillərdəki kimi deyil, demək olar ki, tam hazır vəziyyətdədir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda aşağıdakılar göstərilmişdir: “ ... Binəqədi rayonu Binəqədi kəndi Novxanı yolunun yaxınlığında özünün bildirdiyinə görə qazi X3 (***-*******) tərəfindən köhnədən olan lakin mühafizə ərazisinə düşməyən yarım tikilinin qarşısında həmin tikiliyə bitişik xətdən təqribən 49.40 metr aralı məsafədə xx.xx.2023-cü il tarixində əlavə olaraq mişar daşlarından 3 ədəd tumba tikilməsi tərəfimizdən aşkarlanmışdı. xx.xx.2023-ci il tarixində sözügedən əraziyə təkrar baxış keçirilən zaman tikintinin sahibi Cavabdeh tərəfindən 2-ci mərtəbə üzrə tikinti işləri aparıldığı və bu tikintinin isə mühafizə ərazisinə yaxınlaşmaqla (düşməklə) boru kəmərindən 48 metr aralı məsafədə olduğu (yəni 2-ci mərtəbənin mühafizə ərazisinə düşdüyü) məlum oldu”. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X1 10 noyabr 2005-ci il tarixli, 1448/1 nömrəli “Vətəndaş Cavabdeh torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” Sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 kv.m. boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alqı-satqı qaydasında mülkiyyətinə ayrılması sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8843 saylı ekspert rəyində göstərilmişdir ki, ... rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Binəqədi rayonu, Binəqədi kəndində yerləşən yarımçıq fərdi yaşayış evinin ikinci mərtəbəsinin çıxıntısı və metal dirəklər ilə Dş-300 mm-lik neft boru kəməri arasındakı məsafənin 49,5-49.7 metr olduğunu nəzərə alaraq, həmin metal dirəklərin və eni 2 metr, uzunluğu 12 metr olan ikinci mərtəbənin çıxıntısının 0,5-0,3 metr hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” - 1-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında (V.T.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli qərarı), İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında (“X6rşı”, “Akimova Azərbaycana qarşı” qərarları) və Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində ifadə olunan yanaşmalar belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehin özünə məxsus torpaq sahəsində və öz vəsaiti hesabına inşa etdiyi və uzun illər ərzində maneəsiz istifadə etdiyi tikili onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Nəhayət "Əhmədova Azərbaycana qarşı" xx.xx.2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “ ... 8-ci maddənin mənasında “ev” anlayışı ... qanuni əsaslarla tikilmiş evlərlə məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq. ... ərizəçi sözügedən evdə 2007-ci ilin iyulunda onu aldıqdan sonra qızı ilə birlikdə yaşayıb. Buna görə də, bu ev Konvensiyanın 8-ci maddəsinin mənasında ərizəçinin evi olub. ... Qeyri-qanuni tikintiyə gəldikdə, bu baxımdan vacib ola biləcək amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilərək evləri tikibtikməməsi, sözügedən qanunsuzluğun mahiyyəti və miqyası, söküntü ilə qorunacaq maraqlar və söküntüdən təsirlənənlər üçün uyğun alternativ yaşayış yerinin olubolmaması. ... Beləliklə, maraqlı şəxs müdaxilənin mütənasibliyini bu cür dəlillər əsasında mübahisələndirirsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlar üçün adekvat əsaslar gətirməlidirlər. ... Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin evinin sökülməsi və ərizəçinin evdən çıxarılması barədə qərar qəbul edərkən daxili məhkəmələr onun yalnız dövlət torpaqlarında tikilmiş icazəsiz tikili olmasına diqqət yetiriblər. Ərizəçinin apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq imkanları olmadığına görə evdən çıxarılsa, qızı ilə birlikdə evsiz qalacağını iddia etməsinə baxmayaraq, daxili məhkəmələr buna tamamilə məhəl qoymamışd və rəqabət edən maraqları bir-birinə münasibətdə qiymətləndirməmişlər. ... Bundan əlavə, bu tip işlərdə mütənasiblik birbaşa dövlətin torpağı qaytarmaq istəyinin məqsədi ilə əlaqədardır. Hazırkı işdə nə Azneft yerli məhkəmələr qarşısında iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün təcili olaraq lazım olduğunu iddia etməyiblər. ... ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat yenidən baxılmasına imkan verən prosedur təmin edilməmişdir. ... çıxarılma haqqında qərar belə bir yoxlama olmadan icra olunarsa, Konvensiyanın 8-ci maddəsi pozulacaq”. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 1-ci qrup əlillik təyin edilmiş Cavabdeh Xanikişi oğlu mübahisəli tikilini inşa etdiyi torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsi onun mülkiyyətinə alqı-satqı yolu ilə Bakı şəhəri Binəqədi rayonu X1 10 noyabr 2005-ci il tarixli, 1448/1 nömrəli sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Həmin torpaq sahəsində tikili iddiaçının özünün də etiraf etdiyi kimi, köhnədən inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də, cavabdehə məxsus olan torpaq sahəsində yerləşir, cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir. Hal-hazırda iddiaçının etirazı tam olaraq köhnədən inşa edilmiş tikiliyə münasibətdə deyil, metal dirəklər üzərində olan “köhnədən tikilmiş tamamlanmamış bir mərtəbəli fərdi yaşayış evinin qarşısında, evə bitişik 2x3x12 metr ölçüdə mişar daşından inşa edilmiş eyvan”a münasibətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8843 saylı ekspert rəyi ilə isə müəyyən edilir ki, “metal dirəklərin və eni 2 metr, uzunluğu 12 metr olan ikinci mərtəbənin çıxıntısının 0,5-0,3 metr hissəsi” 50 metrlik mühafizə zolağının daxilinə düşür. Yəni hal-hazırda araşdırılan mübahisə sırf 50 sm çıxıntı üzərindədir. Məhkəmə eyvanın həmin şərti 50 sm-lik hissəsinin sökülməsinin ümumi olaraq tikilinin dayanıqlığına xələl gətirə biləcəyini və tikilinin nəticədə insanların yaşaması üçün təhlükəli ola biləcəyinini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, yaşayış evlərinin tam və ya qismən sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. Ona görə də, adətən bu tip iddialar həyata olan mövcud təhlükə arqumenti ilə təmin edilir. Lakin hazırkı işin mahiyyətini nəzərə alaraq məhkəmə dəmir dirəklər üzərində olan eyvanın “0,5-0,3 metr hissəsi”nin sökülməsini insan həyatı baxımından əhəmiyyətli və zəruri hesab etmir. Əksinə, məhkəmə belə qənaətə gəlir ki, bu mütənasiblik prinsipinə zidd olmaqla konstitusion hüquq olan mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı X14 X12 Cavabdeh Xanikişi oğluna qarşı köhnədən tikilmiş tamamlanmamış bir mərtəbəli fərdi yaşayış evinin qarşısında, evə bitişik 2x3x12 metr ölçüdə mişar daşından inşa edilmiş eyvanın özbaşına (qanunsuz) tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X14 X12 Cavabdeh Xanikişi oğluna qarşı köhnədən tikilmiş tamamlanmamış bir mərtəbəli fərdi yaşayış evinin qarşısında, evə bitişik 2x3x12 metr ölçüdə mişar daşından inşa edilmiş eyvanın özbaşına (qanunsuz) tikili hesab edilməsi və sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı X14 X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-191/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-191/2024
11.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver