Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-195/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh Tösüb oğluna qarşı “cavabdehin 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143040,143242, 143038 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh Tösüb oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tösüb oğlunun 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143040,143242, 143038 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edilmişdir ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, Cavabdeh Tösüb oğlunun 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143040,143242, 143038 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanda inşa edilmiş inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-700/2003 saylı, 14 aprel 2003-cü il tarixli qətnaməsini, Quruda neft və qazçıxarma istehsalat birliyi “Binəqədineft” Neft və Qazçıxarma idarəsi tərəfindən verilən № 56/4 saylı, 2.05.2001-ci il tarixli sərəncamını, Quruda neft və qazçıxarma istehsalat birliyi “Binəqədineft” Neft və Qazçıxarma idarəsi tərəfindən verilən 22 may 2003-cü il tarixli, xx.xx.2003-cü il tarixli sərəncamını təqdim edərək iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X11 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X11 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. Quruda neft və qazçıxarma istehsalat birliyi “Binəqədineft” Neft və Qazçıxarma idarəsi tərəfindən verilən 22 may 2003-cü il tarixli, xx.xx.2003-cü il tarixli sərəncamdan görünür ki, vətəndaş Cavabdeh ərizə ilə müraciət edərək, onu Binəqədi qəsəbəsi, İİ mədən, 75 saylı korpusun 5 saylı mənzilə icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. İdarənin rəhbərliyi bu məsələyə baxmışdır. Həqiqətən Azərbaycan Respublikası adından Binəqədi Rayon Məhkəməsinin 2-700 saylı, 2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayış hüququ tanınmışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq, qərara alınmışdır ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh il icarə müqaviləsi bağlansın və vətəndaş Cavabdeh həmin ünvanda X5 və X6 ilə birlikdə sayılsın. Quruda neft və qazçıxarma istehsalat birliyi “Binəqədineft” Neft və Qazçıxarma idarəsi tərəfindən verilən № 56/4 saylı, 2.05.2001-ci il tarixli sərəncamdan görünür ki, “Binəqədineft” NQÇİ-nin Mənzil Kommunal X1 ərizə ilə müraciət edərək, yaşadığı ünvana sənədi olmadığını bildirir və onun bu mənzildə öz hesabına müəyyən işlər görərək şərait yaratmasını nəzərə alaraq, həmin mənzilə sənəd verilməsini xahiş edir. Bütün bunları nəzərə alaraq və həmin mənzilin balansdan silinməsinə baxmayaraq,texniki cəhətdən silinməsi mümkün olmadığı üçün X2 uzun müddət MKT-də işləməsinini nəzərə alaraq, L.İ.Cavadovaya ünvan 3 ünvanında olan bir otaq, 10 kv.m yaşayış sahəsi olan otaqda yaşamasına icazə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-700/2003 saylı, 14 aprel 2003-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh, X5 və X3 Bakı şəhəri, Binəqədi qəsəbəsi, İİ mədən, 75 saylı korpusun, 5 saylı mənzilinə yaşayış hüquqlarının tanınması, Binəqədi RPİ-nin Q və ŞVŞ-nə onların həmin ünvanda qeydiyyata götürülmələrinin tapşırılması qət edilmişdir. İddiaçı şirkəti tərəfindən xx.xx.2021-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-700/2003 saylı, 14 aprel 2003-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilməsi barədə ərizə verilmiş, məhkəmənin xx.xx.02021-ci il tarixli sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə müraciət olunmuş və işin məhv edildiyi öyrənilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı kontrakt sahəsinin ərazisində yerləşən və cavabdehə məxsus tikilinin sökülməsini və cavabdehin həmin tikilidən çıxarılmasını tələb edir, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehin həmin ünvanda yerləşən tikiliyə yaşayış hüququ tanınmışdır. Həmin tikili daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmasa da, yaşamaq hüququnun təmin edilməsi üçün mövcud olan əşyadır. Tikilinin sökülməsi, boşaldılması və bundan irəli gələn çıxarılma yaşayış hüququnun həyata keçirilməsini aradan qaldıran tələbdir. Odur ki, iddia tələbinin hüquqi əsasını təşkil edən şərtlər olmadığından iddia təmin edilə bilməz. Belə ki, iddia tələbinin hüquqi əsası sahibliyin müdafiəsi ilə bağlı olduğundan və cavabdehin sahibliyi qanunsuz olmadığından iddia əsaslı deyildir. Məhkəmənin mövqeyi aşağıda sadalanan normalardan irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinə əsasən, dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı şirkətinin Cavabdeh Tösüb oğluna qarşı “cavabdehin 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143040,143242, 143038 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” barədə iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı şirkətinin Cavabdeh Tösüb oğluna qarşı “cavabdehin 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143040,143242, 143038 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı Şirkətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-195/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-195/2022
06.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver