Məhkəmə qərarları › İş №2(001)-1961/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1961/2022

03.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1961/2022 03.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1.417,32 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehn nümayəndəsi X3 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrə ilə qeydiyyata alındığını bildirmiş və bu səbəbdən mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1961/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdehn nümayəndəsi X1 ərizəsi təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4296/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-624/2022 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mübahisə məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı cavabdehin ünvanında yerində müayinə keçirilmiş və bundan sonra işə mahiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onun tərəfindən qaz sayğacına müdaxilə edilməmiş, qaz sayğacından kənar təbii qazdan istifadə edilməmiş, sayğacın üzərində olan plomb üzərinə hər hansı müdaxilə izi aşkar edilməmiş və plomb ilkin görünüşü saxlamışdır. Həmin qaz sayğacı evdən kənarda yerləşir, bu səbəbdən o, həmin sayğaca nəzarət edə bilmir və sayğacda yaranmış nasazlıqlara görə məsuliyyət daşıya bilməz. Digər tərəfdən o, artıq bir neçə ildir ki, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Sadəcə olaraq həmin evə nəzarət qaydasında gəlibgedir və ən yaxşı halda o, habelə ailə üzvləri müəyyən vaxt ərzində evdə olur. Bu səbəbdən həmin ev üzrə təbii qazın sərfiyatı mütəmadi olaraq aşağı olur və istifadə edilmiş həcmə uyğun məbləğdə ödəniş edilir. Evdə olan kürə isə onlar evdə yaşayan vaxt şəxsi istifadələri üçün inşa edilmiş və onlar evdən köçəndən sonra, yəni artıq bir neçə ildir ki, istifadə edilmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında bildirilmişdir ki, iddiaçıya məxsus olan evə quraşdırılmış qaz sayğacı xx.xx.2021-ci il tarixdə çıxarılmış, bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda qaz sayğacının sərfiyyatı qeyd etmədiyi göstərilmiş və akt cavabdeh tərəfindən imzalanmışdır. Daha sonra sayğac sənaye və məişət qaz sayğaclarını kalibrləşmə laboratoriyasında yoxlamadan keçirilmişdir. xx.xx.2021-ci il tarixdə sayğaca baxış keçirilən zaman video çəkiliş aparılmış və sayğacın sərfiyyatı qeyd etməməsi faktı öz təsdiqini tapmışdır. Həmin sayğacın yoxlanması barədə xx.xx.2021-ci il tarixli, MSK 29/1710-04754-1 nömrəli akt əsasında “sayğacın klapanı işlək deyil, yivli birləşmələrdə korroziya işləri mövcuddur. Sayğacın çıxış plastmast borusu deşilmişdir. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda 100 % nisbi xəta ilə işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qaz həcmini qeyd etmir.” Məzmunlu rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə dəyişmiş zərərin məbləği 1.417,52 manat hesablanaraq 2021-ci ilin noyabr ayında abonentin saldosuna daxil edilmişdir. Saldoya əsasən 2020-ci ilin fevral ayından 2021-ci ilin oktyabr ayı arasında mövsümündən asılı olmayaraq hər ay standart şəkildə 10 manat pulun karta yükləndiyi görünür. Digər tərəfdən 2020-ci il ərzində cəmi 70 manat məbləğində ödəniş edən istehlakçı, xx.xx.2021ci il tarixdə quraşdırılmış **********505 saylı, Zenner smart tipli sayğac üzrə 2022-ci ilin tək yanvar ayında 170 manat məbləğində ödəniş həyata keçirmişdir. Bu da öz növbəsində əvvəlki sayğaca müdaxilə edilməsi nəticəsində istehlakçının dəfələrlə az ödəniş etməsini sübut edir. Göstərilənlərin nəzərə alınması və iddianın rədd edilməsi xahiş edilmişdir. Həmin tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini və iddiaya qarşı etirazı müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Lakin bundan sonra keçirilmiş məhkəmə iclaslarında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, cavabdehin iddiaya qarşı etirazının məzmununu nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 484 saylı fərdi yaşayış evi İddiaçı istifadə və sahibliyindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) və 1 ədəd qızdırıcı radiator istifadə edilir. xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən qaz sayğacı yeni “ZENNER G4T SMART” markalı sayğacla əvəz edilmiş və aktda sayğacın sərfiyyatı qeyd etmədiyi barədə qeyd aparılmışdır. Bundan sonra həmin sayğac müayinə olunması üçün qaz sayğaclarının yoxlanması laborotoriyasına təqdim edilmiş və müayinənin nəticələrinə dair tərtib edilmiş 22 dekabr 2021-ci il tarixli, MSK-29/1710-04754-1 saylı aktda sayğacın klapanının işlək olmaması, yivli birləşmələrində korroziya izinin mövcud olması, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın nominal və minimal sərfiyyatda – 100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Bununla bağlı cavabdehin əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 13716 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 1.417,32 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Eyni zamanda, cavabdehin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “İstehkaçıların qaz təsərrüfatının inventar aktı”nda həmin evdə PQ-3 avadanlığından, kombidən və evin həyətində manqaldan (kürədən) istifadə edildiyi göstərilmişdir. Qeyd edilən aktlar cavabdehin nümayəndələri, həmçinin iddiaçı tərəfindən imzalanmışdır. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, qeyd edilən məbləğin əsassız olaraq hesablandığını bildirmiş və həmin məbləğin silinməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bu məbləğin əsaslı olaraq hesablandığı bildirilmiş və iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçı da hazırda cavabdehə qarşı iddia qaldıraraq, qaz sayğacına müdaxilə etmədiyini, qaz sayğacından kənar qazdan istifadə etmədiyini, sayğacın üzərində olan plomb üzərinə hər hansı müdaxilə izinin aşkar edilmədiyini, qaz sayğacının ümumiyyətlə evdən kənarda yerləşdiyini, bu səbəbdən həmin sayğaca nəzarət edə bilmədiyini və sayğacda yaranmış nasazlıqlara görə məsuliyyət daşımadığını, artıq bir neçə ildir ki, ailəsi ilə birlikdə başqa ünvanda yaşadığını, həmin evə nəzarət qaydasında gəlib-getdiyini, onun və ailə üzvlərinin müəyyən vaxt ərzində evdə olduğunu, bu səbəbdən təbii qazın sərfiyatının mütəmadi olaraq aşağı olduğunu və istifadə edilmiş həcmə uyğun məbləğdə ödənişlər edildiyini, evdə olan kürənin şəxsi istifadələri üçün inşa edildiyini və evdən köçəndən sonra istifadə edilmədiyini bildirir və 1.417,32 manat məbləğində pulun əsassız olaraq hesablandığını bildirir və silinməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir, dəyişdirilmiş sayğacda nasazlıqların olduğunu, sayğacın laboratoriyada müayinəsi zamanı bu halın öz təsdiqini tapdığını, aşkar edilmiş qüsurların müdaxilə kimi qiymətləndirildiyini, bununla bağlı tərtib edilmiş akt və onun əsasında qəbul edilmiş qərar əsasında 1.417,32 manat məbləğində zərərin hesablandığını və həmin məbləğin abonentin saldosuna daxil edildiyini, 2020-ci ilin fevral ayından 2021-ci ilin oktyabr ayı arasında hər ay standart şəkildə 10 manat pulun, o cümlədən 2020-ci il ərzində cəmi 70 manat məbləğində pulun karta yükləndiyi bir halda, xx.xx.2021-ci il tarixdə **********505 saylı, Zenner smart tipli sayğacın quraşdırılmasından sonra 2022-ci ilin yalnız yanvar ayında 170 manat məbləğində ödəniş edildiyini, bununla da əvvəlki sayğaca müdaxilə edilməsi halının öz təsdiqini tapdığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, ilk növbədə qeyd edir ki, cavabdehin mövqeyinə əsasən məhz iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində sayğac sərfiyyatı qeyd etməmiş və nəticədə təbii qazdan sərfiyyatın qeydiyyatı aparılmadan istifadə edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə qaz sayğacı yenisi ilə əvəz edilmiş və əvəzləşdirilmiş sayğacın laboratoriya şəraitində müayinəsi nəticəsində sayğacın klapanının işlək olmaması, yivli birləşmələrində korroziya izinin mövcud olması, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın nominal və minimal sərfiyyatda – 100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Lakin sayğacın plombunun qırılması halı aşkar edilməmişdir. Burdan belə qənaətə gəlmək olur ki, yuxarıda qeyd edilən Qaydaların 4.6-cı bəndinə əsasən sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plomba hər hansı müdaxilə olmamışdır. Digər tərəfdən aşkar edilmiş nasazlıqların məhz iddiaçının müdaxiləsi nəticəsində yaranması da sübuta yetirilməmiş, cavabdeh sadəcə olaraq “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata istinadən bu qüsurları müdaxilə kimi qiymətləndirmişdir. Halbuki, yenə də həmin qaydalara (4.8-ci bəndi) əsasən (xüsusilə də evindən kənarda quraşdırılmış) qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı deyil, məhz cavabdeh məsuliyyət daşıyır. Ümumiyyətlə iddiaçı tərəfindən sayğaca onun klapanının qeyri-işlək vəziyyətə salınması, habelə yivli birləşmələrini korroziyaya uğratması səviyyəsində müdaxilə edilməsinin qeyri-mümkün olmasını müəyyən etmək üçün xüsusi biliyə malik olmağa da hər hansı ehtiyac yoxdur. Hamılıqla qəbul edilən bir haldır ki, korroziya ətraf mühitin təsiri nəticəsində və baxımsızlıq səbəbindən yaranır ki, bu halların qarşısının alınması məhz cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə o halı da nəzərə alır ki, cavabdeh iddiaçının sayğaca müdaxilə edilməsi, yəni sayğacın zədələnməsinin iddiaçının təqsiri üzündən baş verməsi mövqeyindən çıxış etsə də, sayğacın dəyişdirilməsi üçün iddiaçıdan hər hansı məbləğdə vəsait tələb etməmişdir. Halbuki, Qaydaların 4.9-cu maddəsinin tələblərinə əsasən belə olan halda əvəzləşdirmə məhz iddiaçının hesabına aparılmalı idi. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən nasazlıqlar (qüsurlar) iddiaçının müdaxiləsi, yəni hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmamışdır. Bu da öz növbəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın və onun əsasında qəbul edilmiş eyni tarixli qərarın əsassız və bundan irəli gələrək etibarsız olmasını şərtləndirir. Məhkəmə, öz qənaətinə uyğun olaraq xx.xx.2021-ci il tarixli akta və onun əsasında qəbul edilmiş qərara ayrıca olaraq hüquqi qiymət verərək, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən zərər məbləği xx.xx.2021-ci il tarixdən əvvəlki 3 ay, yəni 15 avqust – 15 noyabr ayları üzrə hesablanmışdır. Halbuki, cavabdeh etirazda özü də etiraf edir ki, 2020-ci ilin fevral – 2021-ci ilin oktyabr tarixləri arasında təbii qazdan istifadəyə görə hər ay standart olaraq 10 manat yüklənmişdir. Burdan belə nəticəyə gəlmək olur ki, 2021-ci ilin 15 avqust – 15 oktyabr aylarında qaz sayğacı sərfiyyatın qeydiyyatını aparmışdır. Belə olan halda, sayğacın sərfiyyatı qeyd etməməsi əsası ilə 2021-ci ilin 15 avqust – 15 oktyabr ayları üzrə hesabat aparıla bilməz. Digər tərəfdən hesabat iddiaçının evində aşkar edilmiş 3 cihazın hər birinin 24 saat üzrə işləməsini əsas götürülməklə aparılmışdır. Halbuki, qaz plitəsinin və ya manqalın (kürənin) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Belə ki, həmin cihazlar eyni təyinatlıdır və evdə kombinin olması qaz plitəsindən evi qızdırmaq üçün istifadə edilməsini istisna edir. Ümumiyyətlə bu cihazların təyinatı (yemək hazırlamaq, su qızdırmaq və sair) onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Həmin ünvanda keçirilmiş yerində müayinə zamanı (yerində müayinə barədə tərəflərə qısa müddət əvvəl məlumat verilmişdir. İddiaçı evdə olmamış, onun tapşırığı əsasında evin giriş qapısını açan şəxs özünü evə baxan şəxs kimi təqdim etmiş, iddiaçının və ailəsinin bu evdə yaşamadığını bildirmişdir) isə kürənin işlək vəziyyətdə olmadığı (istifadə izlərinin olmadığı), habelə qaz sayğacının evdən kənarda, giriş qapısının yanında olduğu aşkar edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd edilən akt və onun əsasında qəbul edilmiş qərar üzrə hesablama formal olaraq (3 ay və hər bir cihazın 24 saat işləklik vəziyyəti əsas götürülməklə) aparılmışdır. Bu səbəbdən sayğacın nasazlığına bağlı olmadan özü-özlüyündə də, yəni aparılmış hesablama baxımından da etibarsızdır. Məhkəmə, cavabdehin digər mövqeyi ilə bağlı (cavabdeh məhz iddiaya etirazda sərgilədiyi mövqeyi əsas götürərək, xx.xx.2021-ci il tarixli aktı və onun əsasında qərarı qəbul etdiyindən məhkəmə onun mövqeyinə istinad edir) qeyd edir ki, aktda sayğacın sərfiyatı qeyd etmədiyi göstərilsə də, bu halın hansı tarixdən, yəni 15 noyabr tarixindən 3, 5, 10, 20 gün əvvəl baş verməsi müəyyən edilmir. Bu da öz növbəsində 2021-ci ilin 15 oktyabr – 15 noyabr tarixləri (3 aylıq hesabat dövrünün son ayı) üçün də zərər məbləğinin hesablanmasını qeyri-mümkün edir. Belə olan halda, iddiaçının aktı imzalaması və ya onun hər ay 10 manat, sayğac dəyişdirildikdən sonra isə təbii qazdan istifadəyə görə 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə müvafiq olaraq 170 manat, 71 manat və 78,40 manat məbləğində ödəniş etməsi də qeyd edilən müddət üçün hər hansı zərər məbləğinin tutulmasını istisna edir. Belə ki, aktı imzalamaqla iddiaçı sayğacda sərfiyyatın qeyd etməməsi faktı ilə razılaşmışdır. Bu vəziyyətdə ondan zərər yalnız konkret olaraq sərfiyyatın qeyd edilmədiyi tarix üçün tutula bilər. Lakin artıq qeyd edildiyi kimi, konkret müddət cavabdeh tərəfindən müəyyən edilməmiş, aktda da bu barədə hər hansı qeyd aparılmamışdır. Bu mövqeyi ilə bağlı məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndələri (əməkdaşları) mütəmadi olaraq sayğaca baxış keçirməlidir və xx.xx.2021ci il tarixdə sayğaca vizual baxış keçirməklə laboratoriya müayinəsinin rəyinə uyğun olaraq onun nasazlığını dəqiqliklə müəyyən edən əməkdaşlar (hazırki iş üzrə nasazlıq məhz bu qaydada müəyyən edilmişdir) əvvəlki aylar üzrə keçirilmiş baxış zamanı da asanlıqla nasazlıqları müəyyən edə bilərdi. Belə bir halın aşkar edilməməsi isə ya cavabdehin əməkdaşlarının baxış keçirməməsi ya da sayğacda nasazlığın olmaması ilə bağlıdır ki, hər iki hala görə də artıq qeyd edildiyi kimi iddiaçı məsuliyyət daşımır. Digər tərəfdən abonent məlumatlarına əsasən 2013-cü ildən başlayaraq 2021-ci ilin sonunadək təbii qazdan istifadəyə görə müxtəlif illərin müxtəlif ayları üzrə dəfələrlə 10 və 20 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin mövqeyi əsas götürüldüyü halda, belə qənaətə gəlmək olur ki, iddiaçının evinə quraşdırılmış qaz sayğacı 2013-cü ildən etibarən sərfiyyatı qeyd etmir və düzgün qeyd etmir. Lakin bu mümkün deyil. Belə ki, bu halda, cavabdehin nümayəndələri tərəfindən sayğacda olan nasazlıqlar 2021-ci ilin noyabr ayında deyil xeyli əvvəl aşkar edilərdi. Cavabdeh sayğac dəyişdirildikdən sonra təbii qazdan istifadəyə görə ödənişin artığını vurğulayır. Halbuki, abonent məlumatına əsasən 2022-ci ilin aprel ayında da cavabdehin vurğuladığı 10 manata yaxın, yəni 14,40 manat məbləğində ödəniş edilmişdir. Lakin iddiaçı bu məbləğdə ödənişi sayğaca müdaxilə kimi qiymətləndirmir. Bu səbəbdən məhkəmə müxtəlif aylar üzrə 10 manat məbləğində ödənişi məqbul hesab edir və sayğaca müdaxilə halı kimi qiymətləndirmir. Ümumiyyətlə cavabdehin bu məsələ ilə bağlı zidiyyətlidir. Belə ki, cavabdehin istinad etdiyi, yəni 10 manat məbləğində ödənişlər 2020-ci ilin əvvəlindən aparılır. Lakin bunu bilən və görən cavabdeh zərər məbləğini yalnız 2021-ci ilin 15 avqust – 15 noyabr tarixləri üçün tələb edir. Bununla belə, məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.417,32 manat məbləğində pul vəsaiti əsassız olaraq hesablanmış kimi qiymətləndirilməli, bu səbəbdən həmin məbləğin ziyan kimi hesablanması üçün əsas olmuş Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktı etibarsız hesab edilməli və 1.417,32 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 484 saylı fərdi yaşayış evi (abonent kodu **********00000) üzrə Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktına əsasən hesablanmış 1.417,32 manat məbləğində borc silinməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 34,17 manat məbləğində müəyyən edilməli və İddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 484 saylı fərdi yaşayış evi (abonent kodu **********00000) üzrə Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktına əsasən hesablanmış 1.417,32 (bir min dörd yüz on yeddi manat, otuz iki qəpik) manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 34,17 (otuz dörd manat, on yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar