Məhkəmə qərarları › İş №2(001)-2/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2/2024

06.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil3 Cavabdeh2 nümayəndəsi və vəkilləri Vəkil2 və Vəkil4 Sagibət oğlunun iştirakı ilə İddiaçı Vakilova Zemfiranın(Vəkilova Zemfira Dursun qızı) cavabdehlər Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və AR Dövlət Sərhəd Xidmətinə qarşı (X8, X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh1 cavabdeh Vəkilova Zemfira Dursun qızına qarşı nikahın pozulması tələbinə dair iddia ilə(xx.xx.2018) məhkəməyə müraciət etmiş, cavabdeh isə ilkin iddiaçı və digər şəxslərə qarşı aliment, təhsillə bağlı xərclərin ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə qarşılıqlı iddia(xx.xx.2018) vermişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Vəkilova Zemfira Dursun qızının cavabdehlər Cavabdeh1, X4 və X7 qarşı müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia tələbləri ayrıca icraata ayrılmışdır.

3. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun hüquqi varisləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 cavabdeh qismində icraata cəlb edilmişdir.

4. İddiaçı Vəkilova Zemfira Dursun qızı yekunda tələbini dəyişərək, məhkəmədən “Toyota Camry” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, “İnfinity FX 35” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələrinə görə Cavabdeh1 hüquqi varislərindən 26000 manat vəsaitin onların miras əmlakda paylarına uyğun olaraq 2/4 hissəsi Cavabdeh4, ¼ hissəsi Cavabdeh2, ¼ hissəsi Cavabdeh5 onun xeyrinə tutulması; Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ½ hissəsində onun mülkiyyət hüququnun tanınması; Bakı şəhəri, Nərimnaov rayonu, Ə.Əliyev küçəsi 52 a, mənzil 72 istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi dəyişdikdən sonra onunla əsaslandırılmışdır ki, Tərəflərin izahatları və iddiaya münasibəti:

6. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, mübahisə 2019-cu il tarixdən gedir və mübahisənin bu qədər uzanmasına səbəb tərəflərin məhkəmədən kənar razılıq əldə etmələri ilə bağlı olmuşdur, hansı ki, başqa əmlaklarla bağlı da məhkəmə mübahisəsi vardır. İddia ilə məhkəməyə müraciət edilərkən əmlakın üzərinə həbs qoyulsa da, onlara məlum olmayan səbəbdən tərəflər arasında məhkəmə mübahisəsinin davam etdiyi dövrdə avtomobillər satılmışdır. Bu səbəbdən müqavilələrin etibarsızlığı tələbi irəli sürülmüşdür. Daha sonra alıcılar özləri üçüncü şəxs qismində cəlb edilməkdə maraqlı olmuşlar və onlar üçüncü şəxs qismində icraata cəlb edilmişlər. Mübahisənin uzun müddət davam etdiyini nəzərə alaraq qeyd edilməlidir ki, hazırki halda avtomobillərin vəziyyətləri onlara məlum deyildir. Belə ki, 2019-cu ildən avtomobillər istismar olunmuş və dəyərdən düşmüşlər. Bu səbəbdən də onların 5 il əvvəlki müqaviləni etibarsızlığını tələb edərək əvvəlki vəziyyətə qaytarılmasında hüquqi marağı ola bilməz. Avtomobillərin bu günki bazar qiymətinin tələb edilməsi isə əksinə cavabdeh tərəfin xeyrinə olan amildir. Çünki həmin avtomobillərin 2018-ci ildəki bazar qiyməti ilə 5-6 il sonrakı bazar qiyməti eyni ola bilməz. Nərimanovdakı mənzillə bağlı isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdardırlar, lakin onların tələbinin əsasını iddiaçının mənzili təmir elətdirməsindən irəli gəlir. Bununla bağlı kifayət qədər sübutları olmasa da, hesab edirlər ki, xidməti orderlə verilmiş olsa da, iddiaçı tərəfindən mənzilə xərc çəkilmişdir. Balakən rayonunda yerləşən torpaq sahəsinin bölünməsi hissəsində isə cavabdeh tərəf iddianı qəbul edir.

7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobillərin satışından 5 il vaxt keçib və onların hansı vəziyyətdə olmaları ona məlum deyildir. Bu səbəbdən də hesab edir ki, onların satıldığı vaxt bazar qiymətinə uyğun qiyməti Cavabdeh1 vərəsələrindən onun xeyrinə tutulmalıdır. Eyni zamanda həmin avtomobillər dəfələrlə özgəninkiləşdirildiyindən artıq həmin avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığı barədə hüquqi əsas aradan qalxmışdır. Balakən rayonu, Katex kəndində yerləşən torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən ½ hissədə mülkiyyət hüququ tanınmalıdır. Cavabdeh1lə nikahda olduqları vaxt ailə vəziyyəti nəzərə alınaraq sonuncuya xidməti mənzil verilmişdir. Həmin mənzil təmirsiz vəziyyətdə olmuşdur və onun şəxsi vəsaiti hesabına təmir edilmişdir. Odur ki, qeyd edilən mənzil xidməti mənzil olsa da və DSX-nin balansında olsa da həmin mənzil üzərində hüququ tanınmalıdır. Üstəlik həmin mənzil miras əmlak kütləsinə daxil ola bilməz. X2 yeznəsidir və qonşuları olmuşdur. Hərbçi olduğu üçün Toyota Camry markalı avtomobili qaynının adına rəsmiləşdirmişdir. Avtomobil satılan zaman yararlı vəziyyətdə idi. İnfinity FX 35 markalı avtomobili isə o özü idarə edirdi və açarı da onda idi. Rövşən avtomobili evakuatorla götürmüş və əmisi oğlu Namiq Səfərovun adına rəsmiləşdirmişdir. Evin təmirini isə əri ilə nikahda olduqları dövrdə ümumi gəlirləri hesabına təmir etmişlər. Belə ki, onun da həmin vaxt şirkətləri var idi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndələri(vəkillər) isə bildirdilər ki, hal-hazırda Cavabdeh2 tərəfindən hər hansı miras əmlaka faktiki sahiblik həyata keçirilməmişdir. Belə ki, miras əmlak olan Binəqədi rayonu ərazisində yerləşən mənzildə iddiaçı və oğlu yaşayır və Cavabdeh2 həmin əmlakın paylara uyğun bölünməsi və hərracda satılması ilə bağlı iddia irəli sürmüşdür. Bu səbəbdən də hər hansı miras əmlaka yiyələnməyən vərəsədən miras qoyanın öhdəlikləri tələb edilə bilməz. Avtomobillərlə bağlı isə qeyd edirlər ki, hal-hazırda həmin avtomobillər başqa şəxslərin mülkiyyətindədirlər və onlarla bağlanmış müqavilələr etibarsız hesab edilmədən pul tələb edilə bilməz. Üstəlik həmin avtomobillər qanuni şəkildə başqa şəxslərə satılmışdır. Bundan başqa Ali Məhkəmənin Plenum qərarında göstərilən mövqeyə görə əldə edilmiş vəsaitin ailə ehtiyaclarına sərf edilməsi müəyyən edilmədən borclunun öhdəlikləri onun arvadından tutula bilməz. Cavabdeh1 avtomobillərin satışından əldə etdikləri vəsaiti ailə ehtiyaclarına sərf etməsi halı yoxdur. Balakən rayonunda yerləşən torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur və həmin hissədə iddiaya etiraz etmirlər.

9. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi, Vəkil2 bildirmişdir ki, iddiaçının Nərimanovda yerləşən mənzilə istifadə hüquqlarının tanınmasına etiraz edirlər, Balakən rayonunda yerləşən torpaq sahəsi üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınmasına razıdırlar, avtomobillərin DYP-də göstərilən satış qiymətləri ilə razıdırlar. Bundan əlavə bildirmişdir ki, mərhum Cavabdeh1 avtomobilin satışından əldə olunan vəsaiti öz əməliyyatlarına xərcləmişdir.

10. xx.xx.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh1 xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, iddianı qəbul etmir, belə ki, avtomobillər başqa şəxslərə satılıb və onların mülkiyyətindədirlər, onun mülkiyyətində olan mənzildə iddiaçı yaşayır.

11. Cavabdeh AR Dövlət Sərhəd Xidməti lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməsə də, cavabdeh olduğu dövrdə iddiaya yazılı etiraz vermiş və məhkəmə iclasında izahatı alınmışdır. İddiaya etirazında bildirmişdir ki, o nə Cavabdeh1, nə də iddiaçını əvvəllər tanımamış, qohumluğu olmamışdır. Avtomobili Cavabdeh1 almış və iddiaçının buna razılığının olubolmamasında məlumatsız olmuşdur. O vicdanlı alıcıdır və bu səbəbdən müqavilənin etibarsızlığı tələbi əsassızdır. xx.xx.2019-cu il tarixdə iştirak etdiyi məhkəmə iclasında isə bildirmişdir ki, özü üçün avtomobil almaq istədiyi vaxt işlək vəziyyətdə olmayan ucuz qiymətə avtomobil satıldığı barədə məlumat almışdır. Bu səbəbdən real bazar qiymətindən 1000-1500 manat ucuz qiymətə Toyota Camry model həmin avtomobili almışdır. Avtomobili neçəyə almasını xatırlamır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə bildirmişdir ki, “Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə idi, belə ki, aşmış vəziyyətdə idi və mühərriki işləmirdi. Avtomobili aldıqdan sonra 7000 manatdan çox xərc çəkmiş və 1-2 il istifadə edəndən sonra 13000 manat satmışdır. Avtomobili neçəyə aldığı yadında deyil və Cavabdeh1 tanımır.

13. Üçüncü şəxs X8 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. Vəkilova Zemfira Dursun qızı ilə Cavabdeh1 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ən azından həmin vaxtdan tərəflər ayrı təsərrüfat aparmışlar. Tərəflər arasında nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə “İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı (2013-cü ildə əldə edilmişdir), “Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı (2014-cü ildə əldə edilmişdir) nəqliyyat vasitələri, Balakən rayonu, Katex kəndində 0.12 ha torpaq sahəsi (xx.xx.2011-ci il tarixdə adına qeydə alınmışdır) əldə etmişlər. Bundan əlavə DSX rəisinin xx.xx.2011-ci il tarixli 072 nömrəli xidməti orderinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında ev verilmişdir. Həmin mənzil hal-hazıradək DSX-nin balansındadır.

15. Cavabdeh1 tərəflərin ayrı təsərrüfat apardığı dövrdə(hansı ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə nikahın pozulması barədə iddia vermiş və xx.xx.2018-ci il tarixli məhkəmə iclasında Vakilova Zemfira iddianı qəbul etmiş və daha sonra aliment və əmlak bölgüsü barədə qarşılıqlı iddia vermək qərarına gəlmişdir) xx.xx.2018-ci il tarixdə “İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobili X7, “Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobili isə xx.xx.2018-ci il tarixdə X1. DYP-də rəsmiləşələn alqı-satqı müqaviləsində “İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti 6000 manat, “Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti isə 8000 manat göstərilmişdir. Həmin nəqliyyat vasitələri artıq digər şəxslərə özgəninkiləşdirilmişdir və X8 və X3 adında elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlara əsasən qeyd edilən nəqliyyat vasitələri aşkar edilməmişdir.

16. Balakən rayonu, Katex kəndində yerləşən torpaq sahəsi isə Cavabdeh1 adındadır.

17. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun arvadı Cavabdeh2 (1/4 payla), qızı Cavabdeh4 (2/4 payla), oğlu Cavabdeh5 (1/4 payla) miras əmlakdan pay almış və bu barədə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

18. Cavabdeh2 mərhum Cavabdeh1 arvadı, Cavabdeh4 isə(xx.xx.2019-cu il təvəllüdlü) onların qızıdır, Cavabdeh5 isə Cavabdeh1 Vəkilova Zemfira Dursun qızı ilə nikahından olan oğludur.

19. Məhkəmə icraatı dövründə Cavabdeh1 vəfat etdiyindən onun qanun üzrə vərəsələri cavabdeh kimi icraata cəlb edilmişdir. Cavabdeh2 da digər cavabdeh yetkinlik yaşına çatmayan Cavabdeh4 qanun üzrə nümayəndəsidir. Vərəsələrin pay aldıqları miras əmlak ünvan 2 ünvanında yerləşən ümumu sahəsi 75.3 kv.m olan mənzildən ibarətdir. Bundan əlavə vərəsələrlə Vəkilova Zemfira Dursun qızı arasında başqa əmlaklarla bağlı məhkəmə mübahisələri də vardır.

20. ünvan 1 ünvanında yerləşən mənzillə bağlı isə Cavabdeh1 ilə Vəkilova Zemfira arasında məhkəmə mübahisəsi olmuş və Cavabdeh1 mənzildən çıxarılma ilə bağlı iddiası təmin edilmiş və qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11709/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsində apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçıya xidməti orderlə müvəqqəti istifadəyə verilmişdir, cavabdeh hazırda iddiaçının ailə üzvü deyildir, onun mübahisəli mənzildə yaşayışını davam etdirmək üçün hər hansı qanuni əsas mövcud deyildir.

21. Oxşar parametrli “İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin 2024-cü il üçün bazar qiyməti turbo.az internet səhifəsində 22500 və 22800 abş dollarıdır. Oxşar parametrli “Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin isə 2024-cü il üçün bazar qiyməti turbo.az internet səhifəsində 17500 manatdır.

22. Cavabdeh2 həm də Cavabdeh4 qanuni nümayəndəsi olduğu iş üzrə 2 nümayəndə, vəkil vasitəsilə təmsil olunmuş və iddianı yalnız Balakən rayonu, Katex kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının ½ hissədə payının müəyyən edilməsi hissəsində qəbul etmişdir. Avtomobilin dəyəri hissəsində onun DYP-də qeyd edilən qiymətləri ilə razılaşsa da, həmin məbləğin mərhumun müalicəsinə xərcləndiyini bildirməklə iddiaya etiraz etmişdir. Xidməti order əsasında verilmiş mənzilə münasibətdə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad edərək iddianı qəbul etməmişdir.

23. Digər Cavabdeh5 isə məhkəmə iclaslarından məlumatlı olsa da, iştirak etməmiş və ya nümayəndəsinin iştirakı təmin etməmişdir.

24. Cavabdeh Dövlət Sərhəd Xidməti isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

26. 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur;

27. 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;

28. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

29. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

30. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;

31. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

34. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

36. 1301. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

37. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli № 1/2024 saylı qərarında göstərilir:

38. 3.1.Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.

39. 3.2.Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

40. 3.3.Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.

41. 3.4.Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

42. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

43. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.

44. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

45. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

46. 7.16.Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar.

47. 7.17.Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür.

48. 7.18.Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.

49. 7.19.İddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır.

50. 7.20.Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır.

51. 7.21. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir

52. Göründüyü kimi əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə mərhum Cavabdeh1 nikahda olduqları dövrdə “İnfinity FX 35” minik markalı, **- SK-*** qeydiyyat nişanlı, “Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri və Balakən rayonu, Katex kəndində 0.12 ha torpaq sahəsi əldə etmişlər. Balakən rayonu, Katex kəndində yerləşən torpaq sahəsi hal-hazırədək mərhum Cavabdeh1 adında saxlanılmışdır. Yəni miras açıldıqdan sonra belə, həmin torpaq sahəsinə dair vərəsələr hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışlar.

53. Odur ki, birgə nikah dövründə əldə edildiyindən və bunun əksinə dair hər hansı hal sübut edilmədiyindən Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsi ər arvadın ümumi birgə mülkiyyəti hesab edilir və tərəflər arasında başqa qayda müəyyən edilmədiyindən ümumi mülkiyyət üzərində payları bərabər sayılır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır və iddiaçının Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində ½ hissədə payı müəyyən edilməlidir.

54. Nəqliyyat vasitələrinə münasibətdə irəli sürülən tələb barəsində isə məhkəmə aşağıdakıları qeyd edir.

55. “Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı və “İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin birgə nikah dövründə əldə edilməsi mübahisə doğurmur. Belə ki, həmin nəqliyyat vasitələri tərəflərin nikahda olduqları və birgə təsərrüfat apardıqları dövrdə əldə edilmişdir. Bu halda da həmin əmlakların ər-arvadın ümumi birgə mülkiyyəti kimi qəbul olunması prezumsiyası qüvvədədir. Bununla belə işin halları ilə müəyyən edilir ki, həmin nəqliyyat vasitələri tərəflərin ayrı-təsərrüfat apardıqları dövrdə mərhum Cavabdeh1 tərəfindən başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. İddiaçı avtomobilin özgəninkiləşdirildiyi şəxslərin mərhumun əmisi oğlu və yeznəsi olduğunu bildirməklə, alqı-satqı müqaviləsinin uydurmalığına işarə etsə də, lakin məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitələri hazırda digər şəxslərə satılmış və uydurma olduğu iddia edilən müqavilənin tərəflərinin adında deyildir. Bu səbəbdən də məhkəmə alqı-satqı müqavilələrinin etibarlılığı ilə bağlı hər hansı hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Bununla belə məhkəmə hüququ pozulmuş arvadın(iddiaçının) düşdüyü zərərin əvəzini tələb etmək hüququnu əsaslı hesab edir. (bax Plenum 7.20-ci bənd)

56. İşin halları ilə müəyyən edilir ki, Vakilova Zemfira əmlak bölgüsü barədə qarşılıqlı iddia verdikdən sonra əmlakların üzərinə həbs qoyulması barədə iddianı təmin etmə tədbirinin tətbiq edilməsini də xahiş etmişdir. Hansı ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6325/2018 saylı qərardadı ilə qeyd edilən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsa da, nəqliyyat vasitələri artıq özgəninkiləşdirildiyindən qərardadın icrası mümkün olmamışdır. Halbuki mərhum Cavabdeh1 nikahın pozulması barədə iddia qaldırmış və ər-arvad arasında əmlak mübahisəsinin olacağından məlumatlı olmuşdur. Göründüyü kimi mərhum Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitələrinin bölünməsindən yayınmaq üçün həmin dövrdə nəqliyyat vasitələrini özgəninkiləşdirmişdir. Bundan sonra isə həmin nəqliyyat vasitələrinə dair müqavilələrin etibarsızlığı tələbindən məlumatlı olsa da, iştirak etdiyi məhkəmə iclaslarında bununla bağlı hər hansı açıqlama verməmiş, əksinə iddianı qəbul etməyərək birgə mülkiyyətçinin zərərini və ya haqqı olan payını verməkdən imtina etmişdir. Uzun müddət məhkəmə icraatı dayandırılmış, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 vəfat etmiş və qeyd edilən nəqliyyat vasitələri isə başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. Odur ki, iddiaçı üçünçü şəxsin adına özgəninkiləşdirilmiş ümumi əmlakın bazar dəyərindən payına düşən hissəsini tələb etməkdə haqlı hesab edilməlidir.

57. Nəqliyyat vasitələrinin bazar qiyməti ilə bağlı isə qeyd edilməlidir ki, onların özgəninkiləşdirildiyi 2018-ci ildəki dəyərinin hazırki bazar qiymətindən yüksək olması hamıya bəllidir. Belə ki, həmin vaxtdan 6 il müddət keçmiş və bazar dəyəri düşmüşdür. Məhkəmə bu səbəbdən də iddiaçının hazırki bazar qiyməti ilə tələbini məhz iddiaçının ziyanına olan hal kimi qiymətləndirir və tələblə bağlı olduğunu nəzərə alaraq, tələb edilən məbləği əsaslı hesab edir. Hansı ki, turbo.az internet səhifəsində eyni parametrli “İnfinity FX 35” minik markalı nəqliyyat vasitəsinin orta qiyməti 37000 manatdan, “Toyota Camry” minik markalı nəqliyyat vasitəsinin orta qiyməti isə 15000 manatdan az deyildir. Odur ki, həmin məbləğin yarısına, yəni 26000 manat məbləğə iddiaçının hüququ tanınmalı və həmin məbləğ Cavabdeh1 mirası qəbul etmiş vərəsələrindən miras paylarına uyğun tutulmalıdır. Çünki vərəsələrin qəbul etdikləri miras aktivi tələb edilən məbləğdən yetərincə çoxdur. Hansı ki, Cavabdeh1 qalmış miras əmlak yalnız Binəqədi rayonunda yerləşən mənzildən ibarət deyildir, daha bir neçə mənzillə bağlı məhkəmə mübahisələri davam etdiyindən həmin miras əmlaklarla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir.

58. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 52 a, mənzil 72 istifadə hüquqlarının tanınması hissəsində isə məhkəmə iddianı əsaslı hesab etmir.

59. Belə ki, qeyd edilən mənzil Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin balansında olduğundan, tələb də məhz ona qarşı yönəlmişdir. Hansı ki, iddiaçı xidməti orderlə mərhum ərinin istifadəsinə verilmiş mənzili birgə nikah dövründə təmir elətdirdiyinə görə istifadə hüququnun tanınmasını tələb edir. Bununla bağlı məhkəmə aşağıdakı normalara nəzərə yetirilməsini zəruri hesab edir.

60. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

61. 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

62. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

63. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri və.s

64. 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

65. İşin halları ilə müəyyən edilir ki, əvvəla iddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisinin ailə üzvü deyildir və onun ailə üzvü kimi xidməti mənzildən istifadəsinin hər hansı hüquqi əsası yoxdur. Bundan əlavə eyni tərəflər arasında olmasa belə, iddiaçı Cavabdeh1 cavabdeh Vəkilova Zemfiraya qarşı mənzildən çıxarılma ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamədə isə Vəkilova Zemfiranın qeyd edilən mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmişdir.

66. Eyni zamanda qeyd edilməlidir ki, xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsas Mənzil Məcəlləsinin 98-ci maddəsinin tələbindən irəli gəlir və belə mənzilin təmir elətdirilməsi istifadə hüququnun yaranması üçün əsas hesab edilmir. Bununla belə iddiaçının özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanma qaydasında öz yaxşılaşdırmalarını tələb etmə hüququ istisna edilmir. Tətbiq edilən prosessual normalar:

67. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

68. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

69. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

70. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:

73. Beləliklə məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını mülki iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi:**********52) üzərində iddiaçı Vakilova Zemfiranın ½ hissədə payı müəyyən edilməli, ümumi birgə mülkiyyətdə olan nəqliyyat vasitələrinin bazar dəyərinin yarısı olan 26000 manatın 2/4 hissəsi Cavabdeh4, ¼ hissəsi Cavabdeh2, ¼ hissəsi Cavabdeh5 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

74. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi:**********52) üzərində iddiaçı Vakilova Zemfiranın ½(ikidə bir) hissədə payı müəyyən edilsin. 26000(iyirmi altı min) manatın 2/4 hissəsi Cavabdeh4, ¼(dörddə bir) hissəsi Cavabdeh2, ¼(dörddə bir) hissəsi Cavabdeh5 tutularaq iddiaçı Vakilova Zemfiraya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar