Məhkəmə qərarları › İş №2(103)-625/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-625/2025

21.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-625/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Vəkilova Zemfira Dursun qızının cavabdehlər Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və AR Dövlət Sərhəd Xidmətinə qarşı (X10, X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə )qarşı işi üzrə Açar sözlər: («birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və sair ») hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh2 nümayəndəsi Vəkil3 və Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı Vəkilova Zemfira Dursun qızının cavabdehlər Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və AR Dövlət Sərhəd Xidmətinə qarşı (X10, X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və sair” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Cavabdeh1 cavabdeh Vəkilova Zemfira Dursun qızına qarşı nikahın pozulması tələbinə dair iddia ilə (xx.xx.2018) məhkəməyə müraciət etmiş, cavabdeh isə ilkin iddiaçı və digər şəxslərə qarşı aliment, təhsillə bağlı xərclərin ödənilməsi, müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə qarşılıqlı iddia (xx.xx.2018) vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Vəkilova Zemfira Dursun qızının cavabdehlər Cavabdeh1, X5 və X8 qarşı müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia tələbləri ayrıca icraata ayrılmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və onun hüquqi varisləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdeh qismində icraata cəlb edilmişdir. İddiaçı Vəkilova Zemfira Dursun qızı yekunda tələbini dəyişərək, məhkəmədən "Toyota Camry” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, "İnfinity FX 35” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə X10 arasında bağlanmış alqı-satqı müqavilələrinə görə Cavabdeh1 hüquqi varislərindən 26000 manat vəsaitin onların miras əmlakda paylarına uyğun olaraq 2/4 hissəsi Cavabdeh3,1/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 onun xeyrinə tutulması; Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/2 hissəsində onun mülkiyyət hüququnun tanınması; ünvan 4 istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsi (reyestr nömrəsi:**********52) üzərində iddiaçı Vakilova Zemfiranın ½ (ikidə bir) hissədə payının müəyyən edilməsi, 26000 manatın 2/4 hissəsi Cavabdeh3, ¼ (dörddə bir) hissəsi Cavabdeh2, ¼ (dörddə bir) hissəsinin Cavabdeh4 tutularaq iddiaçı Vakilova Zemfiraya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləinin 31.1, 31.2, 32.1, 32.2.1, 36.3, 37.1; Mülki Məcəllənin 225.1, 1151.1, 1306.1, 1301; Mənzil Məcəlləsinin 92, 98.1, 102.2, 103.3; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3-ci maddələrinə; Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli № 1/2024 saylı qərarına istinadən qeyd edilmişdir ki, göründüyü kimi əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə mərhum Cavabdeh1 nikahda olduqları dövrdə "İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı, "Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri və Balakən rayonu, Katex kəndində 0.12 ha torpaq sahəsi əldə etmişlər. Balakən rayonu, Katex kəndində yerləşən torpaq sahəsi hal- hazırədək mərhum Cavabdeh1 adında saxlanılmışdır. Yəni miras açıldıqdan sonra belə, həmin torpaq sahəsinə dair vərəsələr hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışlar. Odur ki, birgə nikah dövründə əldə edildiyindən və bunun əksinə dair hər hansı hal sübut edilmədiyindən Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsi ər arvadın ümumi birgə mülkiyyəti hesab edilir və tərəflər arasında başqa qayda müəyyən edilmədiyindən ümumi mülkiyyət üzərində payları bərabər sayılır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslıdır və iddiaçının Balakən rayonu, Katex kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində ½ hissədə payı müəyyən edilməlidir. Nəqliyyat vasitələrinə münasibətdə irəli sürülən tələb barəsində isə məhkəmə aşağıdakıları qeyd edir.“Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı və "İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin birgə nikah dövründə əldə edilməsi mübahisə doğurmur. Belə ki, həmin nəqliyyat vasitələri tərəflərin nikahda olduqları və birgə təsərrüfat apardıqları dövrdə əldə edilmişdir. Bu halda da həmin əmlakların ər-arvadın ümumi birgə mülkiyyəti kimi qəbul olunması prezumsiyası qüvvədədir. Bununla belə işin halları ilə müəyyən edilir ki, həmin nəqliyyat vasitələri tərəflərin ayrı-təsərrüfat apardıqları dövrdə mərhum Cavabdeh1 tərəfindən başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. İddiaçı avtomobilin özgəninkiləşdirildiyi şəxslərin mərhumun əmisi oğlu və yeznəsi olduğunu bildirməklə, alqı-satqı müqaviləsinin uydurmalığına işarə etsə də, lakin məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitələri hazırda digər şəxslərə satılmış və uydurma olduğu iddia edilən müqavilənin tərəflərinin adında deyildir. Bu səbəbdən də məhkəmə alqısatqı müqavilələrinin etibarlılığı ilə bağlı hər hansı hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Bununla belə məhkəmə hüququ pozulmuş arvadın (iddiaçının) düşdüyü zərərin əvəzini tələb etmək hüququnu əsaslı hesab edir. (bax Plenum 7.20-ci bənd)İşin halları ilə müəyyən edilir ki, Vakilova Zemfira əmlak bölgüsü barədə qarşılıqlı iddia verdikdən sonra əmlakların üzərinə həbs qoyulması barədə iddianı təmin etmə tədbirinin tətbiq edilməsini də xahiş etmişdir. Hansı ki, Binəqədi Rayon Məhkəməsinin 05.09.20l8-ci il tarixli, 2(001)-6325/2018 saylı qərardadı ilə qeyd edilən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsa da, nəqliyyat vasitələri artıq özgəninkiləşdirildiyindən qərardadın icrası mümkün olmamışdır. Halbuki, mərhum Cavabdeh1 nikahın pozulması barədə iddia qaldırmış və ər-arvad arasında əmlak mübahisəsinin olacağından məlumatlı olmuşdur. Göründüyü kimi mərhum Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitələrinin bölünməsindən yayınmaq üçün həmin dövrdə nəqliyyat vasitələrini özgəninkiləşdirmişdir. Bundan sonra isə həmin nəqliyyat vasitələrinə dair müqavilələrin etibarsızlığı tələbindən məlumatlı olsa da, iştirak etdiyi məhkəmə iclaslarında bununla bağlı hər hansı açıqlama verməmiş, əksinə iddianı qəbul etməyərək birgə mülkiyyətçinin zərərini və ya haqqı olan payını verməkdən imtina etmişdir. Uzun müddət məhkəmə icraatı dayandırılmış, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 vəfat etmiş və qeyd edilən nəqliyyat vasitələri isə başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. Odur ki, iddiaçı üçünçü şəxsin adına özgəninkiləşdirilmiş ümumi əmlakın bazar dəyərindən payına düşən hissəsini tələb etməkdə haqlı hesab edilməlidir. Nəqliyyat vasitələrinin bazar qiyməti ilə bağlı isə qeyd edilməlidir ki, onların özgəninkiləşdirildiyi 2018-ci ildəki dəyərinin hazırki bazar qiymətindən yüksək olması hamıya bəllidir. Belə ki, həmin vaxtdan 6 il müddət keçmiş və bazar dəyəri düşmüşdür. Məhkəmə bu səbəbdən də iddiaçının hazırki bazar qiyməti ilə tələbini məhz iddiaçının ziyanına olan hal kimi qiymətləndirir və tələblə bağlı olduğunu nəzərə alaraq, tələb edilən məbləği əsaslı hesab edir. Hansı ki, turbo.az internet səhifəsində eyni parametrli "İnfinity FX 35” minik markalı nəqliyyat vasitəsinin orta qiyməti 37000 manatdan, "Toyota Camry” minik markalı nəqliyyat vasitəsinin orta qiyməti isə 15000 manatdan az deyildir. Odur ki, həmin məbləğin yarısına, yəni 26000 manat məbləğə iddiaçının hüququ tanınmalı və həmin məbləğ Cavabdeh1 mirası qəbul etmiş vərəsələrindən miras paylarına uyğun tutulmalıdır. Çünki vərəsələrin qəbul etdikləri miras aktivi tələb edilən məbləğdən yetərincə çoxdur. Hansı ki, Cavabdeh1 qalmış miras əmlak yalnız Binəqədi rayonunda yerləşən mənzildən ibarət deyildir, daha bir neçə mənzillə bağlı məhkəmə mübahisələri davam etdiyindən həmin miras əmlaklarla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. ünvan 4 istifadə hüquqlarının tanınması hissəsində isə məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, qeyd edilən mənzil Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin balansında olduğundan, tələb də məhz ona qarşı yönəlmişdir. Hansı ki, iddiaçı xidməti orderlə mərhum ərinin istifadəsinə verilmiş mənzili birgə nikah dövründə təmir elətdirdiyinə görə istifadə hüququnun tanınmasını tələb edir. İşin halları ilə müəyyən edilir ki, əvvəla iddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisinin ailə üzvü deyildir və onun ailə üzvü kimi xidməti mənzildən istifadəsinin hər hansı hüquqi əsası yoxdur. Bundan əlavə, eyni tərəflər arasında olmasa belə, iddiaçı Cavabdeh1 cavabdeh Vəkilova Zemfiraya qarşı mənzildən çıxarılma ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamədə isə Vəkilova Zemfiranın qeyd edilən mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsas Mənzil Məcəlləsinin 98-ci maddəsinin tələbindən irəli gəlir və belə mənzilin təmir elətdirilməsi istifadə hüququnun yaranması üçün əsas hesab edilmir. Bununla belə iddiaçının özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanma qaydasında öz yaxşılaşdırmalarını tələb etmə hüququ istisna edilmir.

3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Vəkilova Zemfira Dursun qızı ilə Cavabdeh1 xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ən azından həmin vaxtdan tərəflər ayrı təsərrüfat aparmışlar. Tərəflər arasında nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə "İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı (2013-cü ildə əldə edilmişdir), "Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı (2014-cü ildə əldə edilmişdir) nəqliyyat vasitələri, Balakən rayonu, Katex kəndində 0.12 ha torpaq sahəsi (15.0l.2011 -ci il tarixdə adına qeydə alınmışdır) əldə etmişlər. Bundan əlavə DSX rəisinin xx.xx.2011-ci il tarixli 072 nömrəli xidməti orderinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında ev verilmişdir. Həmin mənzil hal-hazıradək DSX-nin balansındadır; - Cavabdeh1 tərəflərin ayrı təsərrüfat apardığı dövrdə (hansı ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə nikahın pozulması barədə iddia vermiş və xx.xx.2018-ci il tarixli məhkəmə iclasında Vakilova Zemfira iddianı qəbul etmiş və daha sonra aliment və əmlak bölgüsü barədə qarşılıqlı iddia vermək qərarına gəlmişdir); - xx.xx.2018-ci il tarixdə "İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobili X8, "Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobili isə xx.xx.2018-ci il tarixdə X1. DYP-də rəsmiləşələn alqı-satqı müqaviləsində "İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti 6000 manat, "Toyota Camry” minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti isə 8000 manat göstərilmişdir. Həmin nəqliyyat vasitələri artıq digər şəxslərə özgəninkiləşdirilmişdir və X10 və X4 adında elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlara əsasən qeyd edilən nəqliyyat vasitələri aşkar edilməmişdir; - Balakən rayonu, Katex kəndində yerləşən torpaq sahəsi isə Cavabdeh1 adındadır; - Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun arvadı Cavabdeh2 (1/4 payla), qızı Cavabdeh3 (2/4 payla), oğlu Cavabdeh4 (1/4 payla) miras əmlakdan pay almış və bu barədə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; - Cavabdeh2 mərhum Cavabdeh1 arvadı, Cavabdeh3 isə (xx.xx.2019-cu il təvəllüdlü) onların qızıdır, Cavabdeh4 isə Cavabdeh1 Vəkilova Zemfira Dursun qızı ilə nikahından olan oğludur; - Məhkəmə icraatı dövründə Cavabdeh1 vəfat etdiyindən onun qanun üzrə vərəsələri cavabdeh kimi icraata cəlb edilmişdir. Cavabdeh2 da digər cavabdeh yetkinlik yaşına çatmayan Cavabdeh3 qanun üzrə nümayəndəsidir. Vərəsələrin pay aldıqları miras əmlak ünvan 2 ünvanında yerləşən ümumu sahəsi 75.3 kv.m olan mənzildən ibarətdir. Bundan əlavə vərəsələrlə Vəkilova Zemfira Dursun qızı arasında başqa əmlaklarla bağlı məhkəmə mübahisələri də vardır; - ünvan 1 ünvanında yerləşən mənzillə bağlı isə Cavabdeh1 ilə Vəkilova Zemfira arasında məhkəmə mübahisəsi olmuş və Cavabdeh1 mənzildən çıxarılma ilə bağlı iddiası təmin edilmiş və qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11709/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsində apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçıya xidməti orderlə müvəqqəti istifadəyə verilmişdir, cavabdeh hazırda iddiaçının ailə üzvü deyildir, onun mübahisəli mənzildə yaşayışını davam etdirmək üçün hər hansı qanuni əsas mövcud deyildir; - Oxşar parametrli "İnfinity FX 35” minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin 2024-cü il üçün bazar qiyməti turbo.az internet səhifəsində 22500 və 22800 abş dollarıdır. Oxşar parametrli "Toyota Camry” minik markalı, **- UD-*** qeydiyyat nişanlı avtomobilin isə 2024-cü il üçün bazar qiyməti turbo.az internet səhifəsində 17500 manatdır; - Cavabdeh2 həm də Cavabdeh3 qanuni nümayəndəsi olduğu iş üzrə 2 nümayəndə, vəkil vasitəsilə təmsil olunmuş və iddianı yalnız Balakən rayonu, Katex kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi hissəsində qəbul etmişdir. Avtomobilin dəyəri hissəsində onun DYP-də qeyd edilən qiymətləri ilə razılaşsa da, həmin məbləğin mərhumun müalicəsinə xərcləndiyini bildirməklə iddiaya etiraz etmişdir. Xidməti order əsasında verilmiş mənzilə münasibətdə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad edərək iddianı qəbul etməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı Vəkilova Zemfira Dursun qızı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-2/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsininin iddianın təmin olunmaması hissəsində ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mənzil Məcəlləsinin 68.1, 68.2, 99.1, 99.5; Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, ünvan 4 istifadə hüquqlarının tanınması hissəsində isə məhkəmə iddianı əsaslı hesab etməmişdir. Belə ki, qeyd edilən mənzil Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin balansında olduğundan, tələb də məhz ona qarşı yönəlmişdir. Hansı ki, iddiaçı xidməti orderlə mərhum ərinin istifadəsinə verilmiş mənzili birgə nikah dövründə təmir elətdirdiyinə görə istifadə hüququnun tanınmasını tələb edir. Bununla bağlı məhkəmə aşağıdakı normalara nəzərə yetirilməsini zəruri hesab edir. 65-ci abzası işin halları ilə müəyyən edilir ki, əvvəla iddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisinin ailə üzvü deyildir və onun ailə üzvü kimi xidməti mənzildən istifadəsinin hər hansı hüquqi əsası yoxdur. Bundan əlavə, eyni tərəflər arasında olmasa belə, iddiaçı Cavabdeh1 cavabdeh Vəkilova Zemfiraya qarşı mənzildən çıxarılma ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamədə isə Vəkilova Zemfiranın qeyd edilən mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmişdir. 66-ci abzasında eyni zamanda qeyd edilməlidir ki, xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsas Mənzil Məcəlləsinin 98-ci maddəsinin tələbindən irəli gəlir və belə mənzilin təmir elətdirilməsi istifadə hüququnun yaranması üçün əsas hesab edilmir. Bununla belə, iddiaçının özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanma qaydasında öz yaxşılaşdırmalarını tələb etmə hüququ istisna edilmir. İddianın təmin olunmaması hissəsində bildirmək istəyir ki, istifadə hüququnun tanınması tələb olunan mənzil AR DSX – nin balansında olan və Cavabdeh1 xidməti mənzil kimi verilsə də, iddiaçı ilə birgə nikah dövründə, ailə vəziyyətini nəzərə alaraq verilmişdir. Ailə vəziyyəti nəzərə alınmasaydı Cavabdeh1 3 otaqlı deyil, 1 və ya 2 otaqlı mənzil verilərdi. Bəli, AR Mənzil Məcəlləsinin 98-ci maddəsinə istinad edən məhkəmə hesab etmişdir ki, mənzilin iddiaçı tərəfindən təmir olunması, istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Lakin həmin maddəyə nəzər saldıqda görürük ki, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Tərəflər arasında bağlanacaq kirayə müqaviləsi əsasında da istifadə hüququ əmələ gəlir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə yalnış olaraq xüsusi təyinatlı mənzilin təmir olunmasına dair irəli sürülmüş dəlilləri iddianın bu hissədə təmin olunması üçün yeterli hesab etməmişdir. Lakin bununla belə hesab edir ki, mənzilə dair müqavilə bağlanarkən,onun ailə üzvü olmağı, uzun müddət həmin mənzildə yaşamağına, həmçinin Mənzil Məclləsinin tələblərinə əsasən istifadə hüququnun yaranmasına qiymət verilməmişdir.

5. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və Binəqədi rayon Məhkəməsinin 2(001)- 2/202424 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qismən 26000 manat vəsaitin onların miras əmlakda paylarına uyğun olaraq 2/4 hissəsi Cavabdeh3, 1/4 hissəsi Cavabdeh2 iddiaçının xeyirinə tutulması hissəsində ləğv edərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125; Ailə Məcəlləsinin 34.1, Mülki Prosessual məcəlləsinin 2.1, 76.1, 76.2, 97.1, 101.7, 217.1, 217.3-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, tərəflər “İnfinity F X 35" minik markalı **-SK-*** qeydiyyat nişanlı avtomobili 2013-cü ildə, “Toyota Camry" minik markalı, **-UD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2014-cü ildə əldə etmişlər. xx.xx.2018-ci il tarixdə “İnfinity F X 35" minik markalı, 90-S K- 302 qeydiyyat nişanlı avtomobili X8, “Toyota Camry" minik markalı, **- UD-*** qeydiyyat nişanlı avtomobili isə xx.xx.2018-ci il tarixdə X1. DYP-də rəsmiləşdirilən alqısatqı müqaviləsindən göründüyü kimi “İnfinity FX 35" minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti 6000 manat, “Toyota Camry" minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti isə 8000 manat olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 oğlunun cavabdeh olduğu dövrdə iddiaya yazılı etirazından və məhkəmə iclaslarında verdiyi ifadələrdən görünür ki, o nə Cavabdeh1, nə də iddiaçını əvvəllər tanımamış, qohumluğu olmamışdır. Özü üçün avtomobil almaq istədiyi vaxt işlək vəziyyətdə olmayan ucuz qiymətə avtomobil satıldığı barədə məlumat almışdır. Bu səbəbdən real bazar qiymətindən 1000-1500 manat ucuz qiymətə mübahisəli avtomobili almışdır. Belə ki, “Toyota Camry" minik markalı, **- UD-*** qeydiyyat nişanlı avtomobil yararsız, aşmış vəziyyətdə idi və mühərriki işləmirdi. Avtomobili aldıqdan sonra 7000 manatdan çox xərc çəkmiş və 1-2 il istifadə edəndən sonra 13000 manat satmışdır. Avtomobili neçəyə aldığı yadında deyil və Cavabdeh1 tanımır. Məhkəmə vərəsələrin pay aldıqları yeganə miras əmlak ünvan 2 ünvanında yerləşən ümumu sahəsi 75.3 kv.m olan mənzildən ibarət olmasını qeyd etsə də, nəzərə almamışdır ki, həmin əmlak da iddiaçının istifadəsindədir. Eyni zamanda məhkəmə Bundan əlavə vərəsələrlə Vəkilova Zemfira Dursun qızı arasında başqa əmlaklarla bağlı məhkəmə mübahisələri də olduğun qeyd etsə də, nəzərə almamışdır ki, mübahisələndirilə digər mənzillər də iddiaçı tərəfindən cavadehin razılığı olmadan satılmışdır. Birtərərəfli yanaşılıb, qanunla müəyyən edilmiş hüquqi prosedura uyğun, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəmə işləri üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olmayan formada baxılmışdır. İddiaçının öz iddiasını necə əsaslandırmasından, onun hansı məqsəd daşımasından asılı olmayaraq, məhkəmə qaldırılmış iddia tələbi həcmində işə baxmalı, iddiaçının belə bir subyektiv hüququnun olub-olmamasını araşdırmalı, cavabdehi və digər şəxsləri cəlb etməklə onları dindirməli, qanunun tələbləri rəhbər tutulmaqla əmlak bölgüsünü ədalətli şəkildə müəyyən etməli və bu mövzuda həqiqəti üzə çıxarmalıdır. O ki qaldı formalaşan məhkəmə təcrübəsinə: Məhkəmə də məhz ona görə var ki, müstəqil arbitr olaraq qeyd olunanları tam, hərtərəfli, obyektiv araşdırsın, bilavasitə müəyyən edə bilmədiyi əhəmiyyətli halları müvafiq bilik sahəsi üzrə rəy verə biləcək şəxslər vasitəsilə müəyyənləşdirsin və toplanmış bütün sübutları yekunda qiymətləndirərək qəbul edəcək qərarı ilə məsələyə öz hüquqi qiymətini versin. İş materiallarından göründüyü kimi, tərəflər “İnfinity F X 35" minik markalı 90-S K-302 qeydiyyat nişanlı avtomobili 2013-cü ildə, “Toyota Camry" minik markalı, **-UD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2014- cü ildə əldə edərək 5-6 ildən artıq müddətdə istifadə etmişlər. Beləliklə də, həmin aftomobillərin dəyərinin xeyli məbləğdə aşağı düşməsi mübahisə doğurmur. Təqdim edilmiş sübutlardan görünür ki, xx.xx.2018-ci il tarixdə “infinity FX 35" minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobili X8, “Toyota Camry" minik markalı,**-UD-*** qeydiyyat nişanlı avtomobili isə xx.xx.2018-ci il tarixdə X1. DYP-də rəsmiləşdirilən alqı-satqı müqaviləsindən göründüyü kimi “infinity F X 35" minik markalı, 90-S K-302 qeydiyyat nişanlı avtomobilin satış qiyməti 6000 manat, “Toyota Camry" minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti isə 8000 manat olmuşdur. Eyni zamanda üçüncü şəxs X4 cavabdeh olduğu dövrdə iddiaya yazılı etirazından və məhkəmə iclaslarında verdiyi ifadələrdən görünür ki, o nə Cavabdeh1 əvvəllər tanımamış, qohumluğu olmamışdır. Avtomobil almaq istədiyi vaxt işlək vəziyyətdə olmayan, real bazar qiymətindən 1000-1500 manat ucuz qiymətə mübahisəli avtomobili almışdır. Belə ki, “Toyota Camry" minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobil yararsız, aşmış vəziyyətdə idi və mühərriki işləmirdi. Avtomobili aldıqdan sonra 7000 manatdan çox xərc çəkmiş və 1-2 il istifadə edəndən sonra 13000 manat satmışdır. Sahil Hüseynov cavabdeh olduğu dövrdə - xx.xx.2019-cu il tarixdə məhkəmə iclasında iştirak etmiş və həmin zaman avtomobil onun istifadəsində olmuşdur. Bununla belə məhkəmə avtomobilin qiymətləndirilməsi üçün heç bir addım atmamışdır. Lakin məhkəmə iş üzrə əhəmiyyət kəsb edən sübutları nəzərə almayaraq, iddiaçının mülahizələrinə və sosial şəbəkədən hansısa internet səhifəsində paylaşılan yaxşı vəziyyətdə olan avtomobillərin görüntüsünü mötəbər sübut hesab edərək yanlış nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, oxşar parametrli (haradan oxşadıb) “infinity F X 35" minik markalı, 90-S K-302 qeydiyyat nişanlı avtomobilin 2024-cü il üçün bazar qiyməti turbo.az internet səhifəsində 22500 və 22800 abş dollarıdır. Oxşar parametrli “Toyota Camry" minik markalı, **-UD-*** qeydiyyat nişanlıavtomobilin isə 2024-cü il üçün bazar qiyməti turbo.az internet səhifəsində 17500 manatdır. Birinci instansiya məhkəməsi mübahisəli nəqliyyat vasitələrinin real dəyərini müəyyən etmədən, iddiaçının mülahizəsinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. Cavabdehlə nikaha girməzdən öncə yəni, 19 noyabr 2008-ci il tarixdə "SAHİL-M" Mənzil Tikintim Kooperativi ilə alğı-satqı müqaviləsi bağlayaraq, "SAHİL-M" MənziTikinti Kooperativinə məxsus, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin, 52 saylı mənzili almış və həmin gün-19 noyabr 2008-ci il tarixdə, həmin mənzilə görə MTK-ya 30.975 manat ödəmişdir. Mənzil təmirsiz olduğundan, mənzildə təmir işlərini şəxsi vəsaiti hesabına etmişdir. Mənzildə təmir işləri qurtardıqdan təxminən bir il sonra cavabdehlə evlənmiş və cavabdeh həmin mənzilə gəlin köçüb. Hal-hazırda mübahisə edilən mənzil məhz bu mənzilin satışından əldə gəlir hesabına əldə edilmişdir. Bu səbəbdən də qeyd edilən mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət verilməmiş və sübutların qiymətləndirilməsi birtərəfli qaydada iddiaçının mənafeyinə uyğun aparılmışdır. Məhkəmə bu məsələdə iddiaçının mülahizələrini mötəbər sübut hesab etmişdir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri və şahid ifadəsini məhkəmə sadalayaraq üzərindən keçmişdir. Halbuki, müvafiq ekspertiza keçirilərək ekspert rəyi alınmalı,digər sübutlarla yanaşı qiymətləndirilməliydi. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

6. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sual üzrə (2008-ci il tarixli, "Toyota Camry" minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı və 2012-ci il tarixli, “İnfinity FX 35” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin satıldığı dövrə (müvafiq olaraq xx.xx.2018 və xx.xx.2018) bazar və likvid qiyməti nə qədər təşkil edir?) tədqiqat obyetlərinin müvafiq olaraq xx.xx.2018 və xx.xx.2018-ci il tarixə bazar dəyərinə dair məlumat olmadığından tədqiqat aparılmamışdır. Bu səbəbdən icrasız geri qaytarılır.

7. Daha sonra məhkəmə kollegiyası tərəfindən qərardadın icrası “X2“ MMC-yə və "xxxx" MMCyə göndərilsə də, avtomobillərin satıldığı dövrə bazar və likvid dəyərinin müəyyən edilməsi üzrə satış məlumat bazası olmadığından mümkün sayılmamışdır.

8. AR Dövlət Sərhəd Xidməti etiraz təqdim etmiş və qeyd etmişdir ki, şikayətin Dövlət Sərhəd Xidmətinə qarşı olan hissəsində (ünvan 3 ünvanındakı evdən istifadə hüquqlarının tanınması) bildirilir ki, Dövlət Sərhəd Xidməti rəisinin 14 iyun 2011-ci il tarixli, 072 nömrəli xidməti orderinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında ev verilmişdir. Həmin mənzil ona sosial təminatının təmin edilməsi məqsədilə xidmət etdiyi dövr üçün verilmişdir və Dövlət Sərhəd Xidmətinin balansındadır. Mübahisəli mənzil həmin iş üzrə iddiaçı - mərhum Cavabdeh1 xidməti orderlə müvəqqəti istifadəyə verilmişdir, iddiaçı - X6 onun ailə üzvü deyildir, onun mübahisəli mənzildə yaşayışını davam etdirmək üçün hər hansı qanuni əsas mövcud deyildir. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, "Sərhəd mühafizə orqanları" haqqında Azərbaycan Respublikası Qanununun 38 və 39-cu maddələrinin tələblərinə əsasən dövlət sərhədinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab edilir, özəlləşdirilə və dəyişdirilə bilməz. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının (Dövlət Sərhəd Xidməti) tələbi əsasında köçürülür. Qeyd edilən mənzil Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin balansında olduğundan, tələb də məhz ona qarşı yönəldiyindən iddiaçı xidməti orderlə mərhum ərinin istifadəsinə verilmiş mənzili birgə nikah dövründə təmir etdirdiyinə görə istifadə hüququnun tanınmasını tələb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri və.s. Məcəllənin 103.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Bununla da müəyyən edilir ki, Vəkilova Zemfira Dursun qızı xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisinin ailə üzvü deyildir və onun ailə üzvü kimi xidməti mənzildən istifadəsinin hər hansı hüquqi əsası yoxdur. Bundan əlavə eyni tərəflər arasında olmasa belə, Cavabdeh1 Vəkilova Zemfiraya qarşı mənzildən çıxarılma ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92. 98, 102 və 103-cü maddələrinin, eləcə də "Sərhəd mühafizə orqanları" haqqında Azərbaycan Respublikası Qanununun 38 və 39-cu maddələrinin tələblərinin nəzərə alaraq iddiaçı Vəkilova Zemfira Dursun qızı tərəfindən verilmiş apellyasiya şikayətinin (iddiaçının Dövlət Sərhəd Xidmətinin balansında olan ünvan 4 ünvanındakı xidməti evdən istifadə hüquqlarının tanınmasına münasibətdə) təmin edilməməsi və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 6 sentyabr 2024-cü il tarixli, 2(001 )- 2/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsim Məhkəmə Kollegiyasından xahiş edirlər.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirdiklərini hissəyə dair bildirmişdir ki, mübahisəli əmlak xidməti mənzil olsa da, Cavabdeh1 həmin dövrdə iddiaçı ilə evli olmuşdur və bir oğulları var idi, Ali Məhkəmənin 12 mart 2024-cü il tarixli Plenumun qərarına əsasən hesab edirlər ki, apellyasiya şikayətləri əsaslıdır və təmin edilməldir, belə ki, Plenumun Qərarına əsasən payların müəyyən olunmasını özündə ehtiva edir və burda iddiaçı mülkiyyətçi kimi payını tələb edə bilər. İstifadə hüququna xitam verilməsi onu mülkiyyət hüququndan məhrum edə bilməz. Həmçinin bu gün həmin əmlak Sərhəd Xidmətinin balasında olduğundan bir başa mülkiyyət hüququnun tanınmasını qanunvericilik tənzimləmir.Lakin iddia tələbi olaraq istifadə hüququnun tanınması tələbi əmlakın reyestrdə qeydiyyatından sonra payın müəyyən olunması üçün əsas olacaqdır, qeyd olunan əmlak xidməti mənzil Cavabdeh1 onun ailə vəziyyətini nəzərə alınmaqla verilmişdir, belə olmasaydı xidməti 3 otaqlı mənzil verilməzdi. Qarşı tərəfin apellyasiya şikayətinə dair isə iş üzrə ekspert rəyinin verilmədiyi halda, birinci instansiya icraatı zamanı təqdim etdikləri sübutlar əsasında dəyərləndirilmə aparılmasını xahiş etmiş, qarşı tərəfin birinci instansiya məhkəməsinin avtomobillərlə bağlı hissədə mövqeyi ilə razılaşmadığı halda bunu təqzib edəcək sübutlar təqdim etməli olduğunu, avtomobillərin hazırkı dövrdə belə, dəyərinin yüksək olduğunu qeyd etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat verməklə bildirimişdir ki, DYP-də rəsmiləşdirilən alqı-satqı müqaviləsində göründüyü kimi “İnfinity FX 35" minik markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti 6000 manat, “Toyota Camry" minik markalı, **-UD-*** qeydiyyat nişanlı avtomobilin satış qiyməti isə 8000 manat olmuşdur, eyni zamanda iş materiallarında olan Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclaslarında verdiyi ifadələrdən görünür ki, o avtomobili aldığı zaman avtomobil yararsız, aşmış vəziyyətdə idi və mühərriki işləmirdi, avtomobili aldıqdan sonra 7000 manatdan çox xərc çəkmiş və 1-2 il istifadə edəndən sonra 13000 manat satmışdır. Qarşı tərəfin apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, iddiaçının mənzilə köçürülməsi mümkün deyil,belə ki, bununla bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən AR Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə təqdim edilmiş etirazlarını müdafiə etdiklərini bildirmiş və qeyd etmişdir ki, xidməti mənzillər xidmət dövrü üçün istifadəyə verilir, xidmət başa çatdıqdan sonra geri qaytarılmalıdır, özgəninkiləşdirilə, özəlləşdirilə bilməz və hazırda mübahisəli mənzil Dövlət Sərhəd Xidmətinin balansındadır.

12. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X4 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

13. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: . 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən əsasən: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 31.3. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

17. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarına əsasən: 3.3. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.6. əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. 5.7. Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. 5.11. Birgə nikah dövründə ərin (arvadın) ümumi və ya ayrıca əmlakı arvadın (ərin) sahibliyinə verməsi və ya adına rəsmiləşdirməsi faktı özü-özlüyündə həmin əmlakın (və ya özünə məxsus olan payın) bağışlanması kimi qəbul edilməməlidir. Birgə ailə həyatı çərçivəsində bir çox hallarda bunun səbəbi qarşılıqlı etimad, sədaqət, vaxt çatışmazlığı, məsafə fərqi, fiziki imkansızlıq və sair ola bilər. Yalnız bağışlama niyyəti güdən davranış və iradə ifadəsi mötəbər sübutlarla təsdiq olunduğu hallarda (məsələn, bağışlama müqaviləsi, doğum günü hədiyyəsi barədə iradə bəyanını təsdiq edən foto və videolar, şahid ifadələri və sair) bu cür zənginləşdirmələr işə baxılarkən bağışlama müqaviləsinin əhəmiyyətsiz olduğunun təsbit olunduğu və ya mübahisələndirmə nəticəsində etibarsızlığının müəyyən edildiyi hallar istisna olmaqla, hədiyyə kimi qiymətləndirilə bilər. 5.12. Birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq, mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır. Daşınar əşyalara münasibətdə bu cür mübahisələr üzrə iddia tələblərinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (Mülki Məcəllənin 157.2-ci maddəsi), rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara və danışmaz əşyalara münasibətdə dövlət reyestrindəki qeydə düzəlişin aparılması (“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 4.2-ci bəndi, Mülki Məcəllənin 141-ci maddəsi) təşkil edəcəkdir. 6.25. Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi). 6.26. İstinad olunan maddənin mənası baxımından sadəcə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyribərabər bölünməsi üçün əsas ola bilməz. Ümumi əmlakın bölünməsi zamanı birbaşa və ya dolayısı ilə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət edən xüsusi hallar nəzərə alınmalı və bu əsasla ümumi əmlakdakı payların qeyri-bərabər bölünməsi zamanı hər bir halda yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin bunu tələb etdiyi məhkəmə tərəfindən əsaslandırılmalıdır. 6.27. Məhkəmələr nəzərə almalıdırlar ki, ər-arvadın əmlakının qeyri-bərabər bölünməsinə imkan verən uşaqların mənafeləri sırasına əsasən uşaqların sağlamlıq vəziyyətindən doğan, xüsusi qabiliyyətlərinin həyata keçirilməsinə təsir edən və ya qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün verilən sosial təminatlardan istifadə edən ailələrdə uşaqların həyat şəraitinin, məişət rejiminin, sosial-iqtisadi mühitin qorunub saxlanması zərurəti kimi müstəsna hallar aid edilir. 6.28. Bu baxımdan misal üçün, tərəflərin ümumi əmlakı iki mənzildən ibarətdirsə, ümumi əmlakın bölünməsi zamanı məhkəmə valideynlərdən birinin əmlakdakı payını himayəsində saxlanılan uşaqların mənafeyini nəzərə alaraq, daha artıq müəyyən edə və həmin paya mütənasib olaraq sahəsi nisbətən daha geniş olan və ya otaqlarının sayı çox olan mənzili həmin tərəfə, sahəsi və ya otaqlarının sayı daha az olan mənzili qarşı tərəfə verə bilər. Yaxud ümumi əmlak iki avtomobildən ibarətdirsə, məhkəmə çoxuşaqlı ailədə ərarvadın paylarını qeyri-bərabər bölə və həmin paya uyğun olaraq, daha çox oturacaq yeri olan avtomobili uşaqlar yanında saxlanılan tərəfə verə bilər. 6.29.Bölgü zamanı hər bir halda mütənasiblik nəzərə alınmalı, bu cür bölgünün məqsədinin ərin (arvadın) daha çox əmlak əldə etməsi deyil, uşaqların üstün mənafelərinin təmin edilməsi olduğu daim diqqətdə saxlanılmalıdır. Tərəflərin ümumi mülkiyyətində daha artıq sayda əmlak varsa, yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalmasına istinadla ümumi əmlak üzərində tərəflərin paylarının qeyri-bərabər müəyyən edilməsi Ailə Məcəlləsinin 37.2-ci maddəsinin yuxarıda ifadə edilmiş məqsədlərinə xidmət etmir. 6.30.Qanunverici ümumi əmlakın qeyri-bərabər bölünməsinə əsas ola biləcək ərin (arvadın) diqqətəlayiq mənafelərinin dairəsini konkret müəyyən etməmiş, hansı xüsusatların bu kateqoriyaya aid edilməsinin mümkünlüyünü hər bir konkret işin hallarından asılı olaraq məhkəmənin mülahizəsinə buraxmışdır. Bununla belə həmin əsaslar sırasında ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları xüsusi vurğulamışdır.

18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-159, 164, 165, 225; Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətləri üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi və faktiki əsası müəyyən olunmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Bu mənada məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarının səhv tətbiq edilməsi və apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin hallarla bağlı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində hər hansı pozuntuya yol verilməmişdir.

19. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçün məhkəmə məsrəfləri onu ödəyən şəxsə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Vəkilova Zemfira Dursun qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar