Məhkəmə qərarları › İş №2(125)-4701/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4701/2025

06.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4701/2025 06.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması tələblərinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmədə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında olan Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-1135 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş **********18-05308-093041 reyestr nömrəli, 01 noyabr 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə İddiaçı ½ hissədə payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında olan nikaha 1 saylı X6 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeydə alınmış bununla bağlı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Tərəflərin birgə nikahdan övladları olmamışdır. Məlumat üçün bildirilir ki, tərəflər birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən 11 nömrəli mənzili almışlar. Həmin mənzil alındıqdan xeyli müddət sonra cavabdeh iddiaçını aldadaraq xx.xx.2024-cü il tarixdə baş etibarnamə almışdır. Tərəflər birgə yaşadığı dövrdə cavabdeh həmin etibarnamə ilə öz adına olan mübahisəli mənzili Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-1135 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən anası Cavabdeh3 bağışlamışdır. Sonuncunun adına **********18-05308- 093041 reyestr nömrəli, 01 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı cavabdehin onu aldatdığını və evi anasına bağışladığını anlayan kimi dərhal notariusa müraciət edərək xx.xx.2024-cü il tarixdə cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. İddiaçının cavabdehi aldatdığını aşağıdakılarla əsaslandırırlar. Belə ki, iddiaçı özü Gəncə şəhərində yerləşən Bitki Mühafizə və X4 Tədqiqat İnstitutunda işləməklə hər gün Göygöl şəhərindən Gəncə şəhərinə işə gedir. Əgər cavabdeh iddiaçını aldatmamışdırsa o zaman belə bir sual yaranır ki, cavabdeh hansı səbəbdən öz adına Göygöl Rayon Notariat ofisində etibarnamə alır və Gəncə şəhərində yerləşən notariat ofisində öz anasının adına bağışlama edir? Göründüyü kimi cavabdehin məqsədi iddiaçını aldadıb birgə nikah dövründə olan əmlakı özgəninkiləşdirmək, bundan sonra isə nikahı pozmaq olmuş və faktiki sənəd üzərində də buna nail olmuşdur. "Notariat haqqında" Qanunun 45ci maddəsinin ikinci hissəsinə görə, notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Sərəncam əqdi nümayəndə vasitəsilə bağlandığı halda "həqiqi niyyət" deyiləndə həm də təmsilçilik niyyətinin həqiqi olub-olmadığının yoxlanılması nəzərdə tutulur. Təmsilçilik niyyəti o zaman həqiqi olur ki, təmsil olunmağa zərurətin olması müəyyən edilir. Beləliklə, hesab edirlər ki, etibarnamə üzrə nümayəndənin daşınmaz əşya barəsində sərəncam əqdi bağlamaq hüququnun yaranması üçün iki fakt birlikdə mövcud olmalıdır: 1) etibarnamə; 2) təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməsini qeyrimümkün edən və ya çətinləşdirən hallar. Əgər həmin iki fakt birlikdə mövcud deyilsə, nümayəndənin (təmsilçinin) sərəncam əqdi bağlaması qadağandır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi cavabdeh notariat orqanı "Notariat haqqında" Qanunun 45-ci maddəsinin tələblərini pozmuşdur. Qanunvericiliyin tələbinə əsasən də qeyd edilən əmlak birgə nikah dövründə əldə olunduğundan və cavabdeh iddiaçını aldatdığından bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməli və mübahisəli əmlaka iddiaçının 1/2 mülkiyyət hüququ tanınmalıdır. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi həm də ona görə etibarsız sayılmalıdır ki, Cavabdeh2 mənzili anasına bağışlamasına baxmayaraq bu əqd son nəticədə yenə də onun öz marağına xidmət edir. Belə ki, Cavabdeh2 anasının İ növbə vərəsələrindən biridir. İş üzrə Cavabdeh3 nümayəndəsi, Vəkil2 iddia ərizəsinə qarşı etiraz verərək, etirazda göstərmişdir ki, iddiaya görə, guya iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh2 onu aldatmış, etibarnamə almış və etibarnamə əsasında birgə nikah dövründə qazanılmış mülkü anasının adına bağışlamışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Mübahisəli ev Cavabdeh2 adına rəsmiləşdirilsə də, İddiaçı özü də yaxşı bilir ki, həmin ev Cavabdeh2 və İddiaçı vəsaiti hesabına əldə edilməmişdir. Cavabdeh2 dövlət qurumunda işlədiyi üçün onun adına güzəştli ipoteka kreditinin rəsmiləşdirilməsi asandır. Həmin ipoteka əmlakın ilkin ödənişi də məhz hüquqlarını müdafiə etdiyi Cavabdeh3 və həyat yoldaşı Malik Qurbanovun vəsaiti hesabına ödənilmişdir. Aylıq kreditləri də özləri ödəmişdirlər. İddiaçı qeyd edir ki, cavabdeh onunla nikahda olduğu müddətdə onu aldadaraq baş etibarnamə almış və Abşeron rayon Xırdalan şəhəri, Bakı Sumqayıt Şossesi 7-ci km, ev 7, mənzil 11-i anasının adına rəsmiləşdirmişdir. Bununla bağlı bildirir ki, bu arqument tamamilə əsassızdır. Formal olaraq Cavabdeh2 adına olan əmlakın əslində iddiaçının keçmiş qaynı Bəhruz Qurbanova məxsus olduğu İddiaçı bəlli idi. Artıq etibarnamə alan zaman iddiaçıya məlum idi ki, tərəflər boşanmalıdır və həmin evin də mülkiyyətçisinə qaytarılması razılaşdırılıb. Ona görə də iddiaçı etibarnamənin müddətini uzun müddətə deyil məhz cəmi bir illik müddətə vermişdir. Sual olunur ki, əgər bir illik müddətə verilən etibarnaməni nə deyə aldadıb alıb? Hansı işi görmək üçün etibarnamə alıb? İddiaçı özü ali və magistr təhsilli insan, yazıb oxumağı bacaran, dərketmə qabliyyəti və tam fəaliyyət qabliyyətli şəxsdir. Etibarnamənin məzmununun ilk cümləsi məhz bu cür başlayır, "Həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün daşınan və daşınmaz əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək". Cavabdeh aldadıldığını iddia edərkən həmin etibarnamədə bəs nəyi etibar etmişdir? Həmin etibarnamənin konkret verilmə səbəbi nə olmuşdur? İddiaçı bildirir ki, etibarnamə nəyə görə Göygöldə alınıb, bağışlanma isə Gəncədə həyata keçirilib. Bu da o deməkdir ki, aldanmışdır. Bununla bağlı bildirirlər ki, etibarnaməni almırlar, etibarnaməni verən şəxs özü bilər harada verir. Alqı satqı isə Gəncədə olması səbəbi həmin əmlak ilk dəfə ipoteka ilə alınan zaman rəsmiləşdirmə məhz həmin notariusda olmuşdur deyə sənədləşmə sürətli aparılacaqdır. Çünki həmin əmlak ilə bağlı həmin notariusda artıq şablonlar mövcud idi. O sualı iddiaçının özünə vermək lazımdır ki, etibarnaməni Göygöl rayonunda niyə veribdir. İddiaçı məhz etibarnaməni Abşeron rayon Xırdalan şəhəri, Bakı Sumqayıt Şossesi 7-ci km, ev 7 mənzil 11-i bağışlamaq üçün verdiyini bilirdi. Bunun bir sübutu da ondan ibarətdir ki, iddiaçı etibarnaməni verdikdən bir həftə sonra, yəni xx.xx.2024-cü il tarixdə ləğv etdi. Ləğv etmə səbəbi də artıq boşandıqlarına əmin idilər və mübahisəli əmlakın artıq bağışlanması prosesi başa çatmışdır. Boşanma barədə qərarlar ağır bir qərar olduğu üçün ani bir məqamda qəbul edilmir. Etibarnamə verilən zaman artıq tərəflər arasında mübahisə yaranmışdı. Tərəflər arasında ilkin mediasiya sessiyasının başlanması üçün 2024-cü ilin noyabr ayında müraciət edilmiş, mediasiya arayışı alındıqdan sonra Cavabdeh2 Göygöl rayon Məhkəməsinə müraciət etmiş Məhkəmə icraatı zamanı məlum olmuşdur ki, tərəflərin birgə nikahdan övladları yoxdur və əmlak ilə bağlı mübahisə yoxdur. Tərəflər məhkəmədən kənar nikahlarına xitam verdirmişlər. Həmin əmlakın iddiaçı ilə cavabdehin mülkiyyətində olmamasını təstiq edən bir fakt da ondan ibarətdir ki, həmin əmlakın ipoteka borcunun Cavabdeh3 və ailə üzvləri tərəfindən ödənilməsi olmuşdur. Belə ki, tərəflər artıq bilirdilər ki, boşanırlar, həmin əmlakın taleyini də həll etməlidirlər. Mülkiyyətin sahibi isə həmin vaxt borc xərc alaraq 31020 manat ipoteka borcunu ödəmişdir. Ailədə olan nağd pul yetməmiş, qohumlardan borc alınmış və əlavə də bankdan kredit götürülmüşdür. İpoteka kreditinin illik faiz dərəcəsi 9% olduğu halda hüquqlarını müdafiə etdiyi Cavabdeh3 oğlu Pənah Qurbanovun adına 11900 manat illik faiz dərəcəsi 23.9% olan ipoteka götürüb ödəməzdi. 31020 manat pulu iddiaçı və Cavabdeh2 hardan alıb ödədilər ki, həmin əmlak ilə bağlı iddiaçının hər hansı bir hüququ yaransın. İddianın digər əsassız olma səbəbi də məhkəmədənkənar boşanma olmasıdır. Tərəflər razılaşıblar ki, xx.xx.2025-ci il tarixdə nikaha xitam verilməsi üçün Asan xidmətə müraciət etsinlər. Həmin gün müraciət etdikdən bir ay sonra nikaha rəsmi xitam verilmişdir. Boşanma prosesi göründüyü kimi 2024-cü ilin oktyabr ayında başlanmış, tərəfin etibarnaməni ləğv etdiyi tarixdən sonra təxminən 6 ay, rəsmi nikaha xitam verildikdən isə təxminən 4 ay sonra əmlakı mübahisələndirilməsi hesab edirlər ki, iddiaçının qərəzliliyindən və yersiz mübahisə açmasından xəbər verir. İddiaçıya da məlumdur ki, nə onun nə də keçmiş həyat yoldaşı Cavabdeh2 maddi imkanı olmamışdır ki, mənzil ala bilsinlər. İddiaçının özünü iddiaçının keçmiş qaynı, qaynatası və qaynanası dəfələrlə müalicəsinə pullar xərcləmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sual cavab zamanı iddiaçının nümayəndəsi Vəkil1 təmsil etdiyi İddiaçı mübahisəli əmlakın əldə edilməsi üçün hansı məbləğdə vəsait qoyduğundan məlumatsız olduğunu bildirmişdir. Məhkəmədə Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, mübahisə predmeti olan əmlak onun və ya iddiaçının vəsaiti hesabına alınmamışdır. Çünki, onların əmək haqları ancaq öz dolanacaqlarına kifayət edirdi. Həmçinin, onların birgə nikahlarından uşaqları olmadığından iddiaçının müalicələrinə pul xərcləyirdi. Mübahisə predmeti olan əmlak onun valideynlərinin və qardaşının vəsaiti hesabına əldə edilmişdir. İddiaçı da bunu bildiyindən və həmin əmlak barəsində iddiası olmadığından həmin əmlakın özgəninkiləşdirilməsi üçün ona xx.xx.2024-cü il tarixli baş etibarnaməni vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə digər Cavabdeh3 məhkəməyə verilmiş etirazın dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, ona və həyat yoldaşına ipoteka ilə ev verilmədiyindən, Cavidin adına isə bu mümkün olduğundan, bu səbəbə görə həmin mənzil oğlu Cavidin adına əldə edilmişdir. Sonda Cavabdeh3 irəli sürülən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 nümayəndəsi Vəkil2 məhkəməyə verilmiş etirazın dəlillərinə uyğun izahat vermiş və sonda irəli sürülən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Notarius E.Məhərrəmov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Gəncə şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmənin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmədə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli tədqiq edərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixdə reyestrdə 7E-4738 nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, Bağırova X2 Cavid Malik oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınan və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, və ipotekanı ( girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 4Ə-1135 reyestr nömrəli bağışlama müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, hədiyyə verən Cavabdeh2 ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 3 ünvanında yerləşən 11 nömrəli mənzili hədiyyə alan Cavabdeh3 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 4Ə-1135 reyestr nömrəli bağışlama müqaviləsi bağlanarkən İddiaçı adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 həmin əqdin başlanmasına razılıq ərizəsi vermişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 3 ünvanında yerləşən 11 nömrəli mənzil üzərində Cavabdeh2 tam mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə **********18-05307-093041 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 07 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 11 nömrəli mənzil ünvan 4 il tarixli, 4Ə-1135 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmışdır. Sonuncunun adına **********18-05307-093041 reyestr nömrəli, 01 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, iş materiallarında olan sübutlarla işin halları kimi müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 rəsmi nikahda olduqları zaman ərzində Cavabdeh2 adına ünvan 2 ünvanında yerləşən 11 nömrəli mənzil əldə edilmişdir. Cavabdeh2 həmin mənzili xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi ilə anası Cavabdeh3 mülkiyyətinə vermişdir. xx.xx.2024-cü il tarixli, 4Ə-1135 reyestr nömrəli həmin bağışlama müqaviləsi bağlanarkən İddiaçı adından etibarnəmə əsasında çıxış edən Cavabdeh2 həmin əqdin bağlanmasına razılıq ərizəsi vermişdir. Həmin əqd əsasında Cavabdeh3 adına **********18-05307- 093041 reyestr nömrəli, 01 noyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli həmin bağışlama müqaviləsinin etibarsız əqd olduğunu iddia etmiş və hazırki tələbləri irəli sürmüşdür. Məhkəmə, ilk növbədə iddianın hüquqi əsasları ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; -337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə əsasən,etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. -666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. -668.1.2.-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; -359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.2-ci maddəsinə əsasən, özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. 359.3-ci maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 366.2-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə reyestrdə 7E-4738 nömrəsi ilə qeydə alınmış etibarnaməni verərəkən İddiaçı iradə ifadəsinin sağlam/zədələnməmiş olması işin mübahisəsiz faktiki halıdır. Başqa sözlə deyilsə, xx.xx.2024-cü il tarixdə reyestrdə 7E-4738 nömrəsi ilə qeydə alınmış etibarnamə etibarlı sənəddir. Bağırova X2 Cavid Malik oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınan və daşınmaz əmlakını bağışlamaq səlahiyyəti də vermişdir. İddiaçı Cavabdeh2 onu aldatdığını iddia etsə də, bu hallar məhkəmədə təsdiqini tapmamışdır. Cavabdeh2 əmlakı anasına bağışlayarkən özü barədə əqd bağlaması barədə iddiaçının dəlillərinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cavabdeh3 həyatda olan şəxsdir və hazırki vəziyyətdə onun mülkiyyətində olan əmlakla bağlı qanunvericiliyin miras əmlakla bağlı normalarına istinad edilməklə mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi nöqteyi nəzərindən yolverilməzdir. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin notariusu sözegedən bağışlama müqaviləsini təsdiq edərkən "Notariat haqqında" Qanunun 45-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, "Notariat haqqında" Qanunun 45-ci maddəsinin ikinci hissəsinə görə, notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Sərəncam əqdi nümayəndə vasitəsilə bağlandığı halda "həqiqi niyyət" deyiləndə həm də təmsilçilik niyyətinin həqiqi olub-olmadığının yoxlanılması nəzərdə tutulur. Təmsilçilik niyyəti o zaman həqiqi olur ki, təmsil olunmağa zərurətin olması müəyyən edilir. Beləliklə, hesab edirlər ki, etibarnamə üzrə nümayəndənin daşınmaz əşya barəsində sərəncam əqdi bağlamaq hüququnun yaranması üçün iki fakt birlikdə mövcud olmalıdır: 1) etibarnamə; 2) təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməsini qeyri-mümkün edən və ya çətinləşdirən hallar. Əgər həmin iki fakt birlikdə mövcud deyilsə, nümayəndənin (təmsilçinin) sərəncam əqdi bağlaması qadağandır. Məhkəmə qeyd edir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinin ikinci hissəsinin mətni aşağıdakı kimidir; “Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar”. Mətndə başqa qeydlər yoxdur. Yəni, həmin qanun normasında sərəncam əqdinin nümayəndə vasitəsilə bağlandığı halda təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməsini qeyri-mümkün edən və ya çətinləşdirən halların olub olmamasını yoxlamaq vəzifəsi notariusun üzərinə qoyulmamışdır. Həmçinin, təmsil olunanın öz hüquq və vəzifələrini şəxsən həyata keçirməsini qeyri-mümkün edən və ya çətinləşdirən halların mövcud olmadığı hallarda nümayəndənin (təmsilçinin) sərəncam əqdi bağlamasını qadağan edən hər hansı bir norma da mövcud deyildir. Göründüyü kimi, əqdi təsdiq edən Gəncə şəhəri 1 saylı Notariat Ofisinin notariusunun sözegedən bağışlama müqaviləsini təsdiq edərkən "Notariat haqqında" Qanunun 45-ci maddəsinin tələblərini pozduğu barədə iddiaçının dəlilləri də formal mülahizələr olmaqla əsassızdır. Beləliklə də aparılmış araşdırmalar nəticəsində müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 4Ə-1135 reyestr nömrəli bağışlama müqaviləsi etibarlı sənəddən (etibarnamədən) istifadə edilməklə, qanunun tələb etdiyi yazılı formada tərtib edilmiş və notarius tərəfindən təsdiq edilmişdir. Həmin müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, irəli sürülən iddia xx.xx.2024-cü il tarixli, 4Ə- 1135 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması tələbi hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakda payın müəyyən edilməsi tələbləri hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bağışlanma müqaviləsinin etibarsız sayılması hissəsində təmin edilmədiyindən və sonrakı tələblərin də təmin edilməsinin mümkünlüyü həmin tələbin təmin edilməsi halında təmin oluna bilən iddialar olduğundan, iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakda payın müəyyən edilməsi tələbləri hissəsində də, əsassız sayılmalı və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması tələblərinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar