Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2007/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanına (zavod nömrəsi 1305AZ**********14 (abonent kodu **********01510) 06 avqust 2018-ci il tarixli akta əsasən əsassız hesablanmış 1945(min doqquz yüz qırx beş) manat borc məbləğinin silinməsinə və 700 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, faktiki olaraq ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********01510) quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci il tarixdə çıxarılmışdır və yeni qaz sayğacı quraşdırılmışdır. Bu barədə xx.xx.2018-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. ARDNŞ Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir, dəymiş ziyanın hesablanması göstərilmişdir. Aktda sayğacın çıxış plasmas borusunun deşilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən 10 iyul 2018-ci il tarixdə tərtib edilmiş aktda sayğacın yararsız olması göstərilmişdir. 06 avqust 2018-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir. 9720 metr kub qaz itkisi hesablanmışdır. Belə ki, sayğac küçədə yerləşir, tərəflərindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmişdir, onun iştirakı təmin edilməmişdir və qaz sayğacına tərəfindən müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. O,hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir, sayğaca müdaxilə olmadığı halda ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. 700 manat məbləğində onlardan borcla bağlı tutulmuşdur. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac küçədə, hasarın divarında yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Sayğaca müdaxilə edilməsi barədə cavabdehdə hər hansı bir sübut da yoxdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır,tərəfindən qeyri-qanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Sayğacda və boru xəttində texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, qaz sayğacına müdaxilə əlavə qazdan istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəflərindən istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətinə ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Onun sayğacdan qeyri-qanuni istifadə etməsi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. Cavabdeh İB etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacı əməkdaşları tərəfindən dəyişdirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçı tərəfindən sayğacın çıxış pastmas borusu deşici alətlə deşilməklə istifadə olunan qaz sərfiyyatının qeydə alınmadığı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Bunun nəticəsində Birlik tərəfindən İtirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etiraz ilə əlaqədar isə bildirmişdir ki, onun ailə üzvünün imza çəkdiyi akt 24 may 2018-ci il tarixdə sayğacın yeni sayğacla əvəz edilməsi ilə bağlı olmuşdur. 27 iyul 2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan isə məlumatları olmamış və həmin aktın tərtib edilməsində onların iştirakı təmin edilməmişdir. Sayğaca onlar tərəfindən hər hansı müdaxilə olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 24 may 2018-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanına məxsus itron tipli qaz sayğacı yeni itron tipli qaz sayğacı ilə əvəz edilmişdir. Aktın tərtib edilməsində Cəfərov Rəfailin iştirakı təmin edilmişdir; Cavabdeh tərəfindən tərtib edilmiş 27 iyul 2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşayış ünvanında(abonent kodu **********01510) quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 06 avqust 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı Bakı şəhəri,Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evində (abonent kodu **********01510) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 9720 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Gasrep adlı sənəddən görünür ki, abonentə 2018-ci ildə akt üzrə 1944 manat məbləğində borc hesablanmış və karta yükləmələrdən borca görə tutulmalar həyata keçirildikdən, 2022-ci ilin dekabr ayına qalıq borcu 1245,05 manat təşkil edir; “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 27 iyul 2018-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində istehlakçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 27 iyul 2018-ci il tarixli, ******* nömrəli nömrəli akt etibarlı olmadığından məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********01510) hesablanmış 1944 manat məbləğində borcun 1245,05 manatı Cavabdeh tərəfindən silinməli və akta görə iddiaçıdan əsassız tutulmuş 698,95 (1944-1245,05=698,95) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1944 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 39,44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı (Abonent kodu: **********01510) hesablanmış borcun 1245,05 (min iki yüz qırx beş manat 05 qəpik) manat məbləğində Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 698,95 (altı yüz doxsan səkkiz manat 95 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən 39,44 (otuz doqquz manat 44 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2007/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2007/2023
03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver