Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-201/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 MMC ilə 10.03.2005-ci il tarixdə 09 saylı ikitərəfli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində, 0,553 ha torpaq sahəsində çoxmərtəbəli bina tikməyi icraçı kimi Cavabdeh1 MMC üzərinə götürmüş, tikintinin maliyyələşməsini isə alıcı olaraq iddiaçı öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh1 MMC həmin ərazidə tikiləcək binanın ikimərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 metr, sahəsi 102 m2 olan obyekti, xarici qapı və pəncərələri şüşələnmış vəziyyətdə, yüksək keyfiyyətli suvaq işlərini apardıqdan sonra iddiaçıya təhvil verməli idi. Müqavilənin 3-cü bəndinə əsasən tikilərək iddiaçıya təhvil verilməli olan obyektin hər m2 qiyməti 1000 ABŞ dolları müəyyən olunmuşdur. Adıçəkilən müqavilənin 4-cü bəndinə əsasən alıcı olaraq iddiaçıya təhvil veriləcək obyektin ümumi dəyəri olan 102000 ABŞ dolları məbləğində vəsaiti müqavilə bağlanandan 3 gün ərzində iddiaçı Cavabdeh1 MMC-yə ödəməli idi. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini vaxtında yerinə yetirərək iddiaçıya təhvil verilməli obyektin dəyəri olan 102000 ABŞ dollarının ekvivalenti olan 499 800 000 manatı 10.03.2005-ci ildə Cavabdeh1 MMC-yə ödəmişdir. Ödənişlə bağlı Cavabdeh1 MMC iddiaçıya 10.03.2005-ci il tarixli kassa mədaxil orderi qəbzi vermişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsinə baxmayaraq Cavabdeh1 MMC müqavilə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ərazidə Cavabdeh1 MMC çoxmərtəbəli binanın inşasını bitirsə də, həmin binanın A3 korpusunda, 1-ci mərtəbədə 102 m2 sahəni iddiaçıya təhvil verməmişdir. Ekspertiza tədqiqatı zamanı məlum olmuşdur ki, Cavabdeh1 MMC iddiaçı ilə bağladığı 09 saylı 10.03.2005-ci il tarixli müqavilənin şərtlərinə zidd olaraq Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində inşa olunan ikimərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində müqavilə ilə nəzərdə tutulmuş ölçülərə uyğun gələn qeyri-yaşayış sahəsini nəinki tikməmiş, hətta müqavilə ilə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin inşa olunmasını tikintinin lahiyə-smeta sənədlərinə belə daxil etməmişdir. Lahiyə-smeta sənədləri ilə nəzərdə tutulmayan qeyri-yaşayış sahəsinə görə Cavabdeh1 MMC-nin iddiaçı ilə müqavilə bağlaması həmin müqavilənin etibarsız hesab olunması üçün əsas şərtlərdən biridir. Həmin vaxt iddiaçının cavabdehin sözügedən ərazidə inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsinin tikilməyəcəyindən, hətta lahiyə-smeta sənədlərində qeyri-yaşayış sahəsini nəzərdə tutmamasından xəbəri olsaydı o zaman iddiaçı bu müqaviləni qətiyyən bağlamazdı. Cavabdeh1 MMC-nin aldatma yolu ilə iddiaçı ilə müqavilə bağlamasını başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə edib toplamaqla ondan faydalanmaq kimi qəbul edilməlidir. İddiaçı Cavabdeh1 MMC ilə bağladığı 09 saylı 10.03.2005-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinin tikintisi üçün 10.03.2005-ci il tarixdə Cavabdeh1 MMC-nin kassasına 102000 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüş, Cavabdeh1 MMC isə 102000 ABŞ dollarının ekvivalenti olan 499 800 000 manat pul məbləğinə dair eyni tarixli kassa mədaxil orderi qəbzini iddiaçıya vermişdir. Cavabdeh1 MMC aldatma yolu ilə iddiaçı ilə müqavilə bağlayıb uzun müddət ərzində 102000 ABŞ dolları məbləğində pul vəsaitini özündə saxlamaqla ondan faydalanmış və bu hərəkəti ilə iddiaçıya böyük məbləğdə zərər vurmuşdur. Mülki qanunvericiliyə görə özgəsinin pul vəsaitini əsassız əldə etməklə və qanunsuz saxlamaqla başqa şəxsin hesabına faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Qeyd olunan faizlər qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hesablamalara əsasən bank uçot faiz dərəcələri nəzərə alınmaqla 102000 ABŞ dollarına görə əldən çıxmış fayda 98480 ABŞ dolları təşkil edir. Hazırda iddiaçının Cavabdeh2 qarşı hər hansı tələbi yoxdur. Ona görə də iddiaçının Cavabdeh1 MMC ilə bağladığı 10.03.2005-ci il tarixli 09 saylı müqavilənin etibarsız hesab edilməsinə, müqavilə üzrə iddiaçının ödədiyi 102000 ABŞ dolları, habelə vurulmuş zərərə görə 98480 ABŞ dolları olmaqla cəmi 200480 ABŞ dollarının Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı 13.01.2020-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və MMC ilə iddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli, 09 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq həmin Bakı şəhəri Atatürk prospekti 3078 a məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çox mərtəbəli binanın A3 korpusunun 1-ci mərtəbəsində 102 m2 olan sahəsinin iddiçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddianın əsası kimi iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh1 MMC-nin üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim olunmuş, MMC ilə bağlanmış 10.03.2005-ci il tarixli, 09 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq həmin Bakı şəhəri Atatürk prospekti 3078 a məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çox mərtəbəli binanın A3 korpusunun 1-ci mərtəbəsində 102 m2 olan sahəsinin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 adıçəkilən ünvanda inşa olunmuş çox mərtəbəli binanın A3 korpusunun 1-ci mərtəbəsində 102 m2 qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı sonuncu dəfə iddianın predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, MMC ilə bağladığı 10.03.2005-ci il tarixli, 09 nömrəli müqavilənin etibarsız hesab edilməsinə, müqavilənin şərtlərinə uyğun ödədiyi 102000 ABŞ dolları, əldən çıxmış fayda kimi 98480 ABŞ dolları olmaqla cəmi 200480 ABŞ dolları məbləğində pulun MMC-dən tutularaq iddiçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia predmetinin obyekti olan qeyri-yaşayış sahəsi müqavilə şərtlərində göstərilən ölçülərə uyğun olmamış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar 2 mərtəbəli Ticarət mərkəzində yerləşən bütün qeyri-yaşayış sahələri 14.08.2014-cü il tarixdən mülkiyyət hüququ ilə Cavabdeh2 sahibliyinə və istifadəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbinə görə öhdəliyin icra olunmasını kreditor yalnız və yalnız borcludan, yəni hazırkı halda iddiaçı iş üzrə Cavabdeh1 MMC-dən tələb edə bilərdi, lakin iddia olunan əmlak Cavabdeh2 təhvil verildiyi an iddiaçının həmin əmlakın borclunun, yəni MMC-nin əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə iddiaçıya verilməsini tələb etməl hüququnu aradan qaldırmışdır. Həmçinin Azərbaycan Respublikası Mülk Məcəlləsinin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilməsi hazırkı halda iddiaçının müstəsna hüququdur. Digər tərəfdən iddiaçı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanaraq, MMC tərəfindən öhdəliyin verinə yetirilməməsini, yəni müqavilə ilə nəzərdə tutulmuş ölçülərə uyğun gələn qeyri-yaşayış sahəsinin nəyinki tikilmədiyini, hətta müqavilə ilə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin inşa olunmasının tikintinin smeta sənədlərinə belə daxil edilməməsini və MMCnin hərəkəti başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə edib toplamaqla ondan faydalanmaq kimi qəbul edilməsini qeyd edir. Ona görə də iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinin tələbində göstərilən hüquqdan istifadə edərək, qeyri-yaşayış sahəsinin əvəzinə, MMC tərəfindən zərərin ödənilməsini tələb etdiyi üçün Cavabdeh2 həmin iddia tələbinə münasibətdə qətnamə çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh1 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İcraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli № 09 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa ediləcək 2 mərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 m sahəsi 102 m2 olan obyekti ümumi TQİ, daxili elektrik xətləri ilə, xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri ilə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, obyektin hər m2-nin dəyəri 1000 ABŞ dolları həcmində qiymətləndirilir. Müqavilənin 4.1-ci bəndindən müəyyən olunur ki, alıcı ümumi məbləğ olan 102000 ABŞ dolları ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin 10.03.2005-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 10.03.2005-ci il tarixli 09 saylı müqaviləyə əsasən 499 800 000 AZM Cavabdeh1 MMC-yə ödəmişdir. İcraçı Cavabdeh1 MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 13.04.2006-cı il tarixli № 23 saylı müqavilənin surətindən müəyyən olunur ki, icraçı Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa ediləcək ticarət mərkəzinin C korpusunun 1-ci və 2-ci mərtəbələrində 1-10 rəqəm oxları ilə K-P hərif oxları arasında 602,4 m2, A2 korpusunun 1-ci və 2-ci mərtəbələrində 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında 518,4 m2, E korpusunun 1-ci və 2-ci mərtəbələrində 18- 27-L-İ oxları ilə K-P oxları arasında 738 m2, A3 korpusunun İ-Ğ oxları arasında 518,4 m2, B korpusunun Ğ-D-35-26 oxları arasında 654 m2, A4 korpusunun 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında 518,4 m2, A5 korpusunun 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında 518,4 m2, D korpusunun 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında 496 m2 beləliklə cəmi sahəsi 4564 m2 təşkil edən obyektləri ümumi TQİ, daxili elektrik xətləri ilə, xarici qapı və pəncərələr (plastik materialdan və ya ağac məmulatlarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvaq işləri ilə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, obyektin hər m2-nin dəyəri 131,46 ABŞ dolları həcmində qiymətləndirilməklə 600000 ABŞ dolları təşkil edir. Müqavilənin 4.1-ci bəndindən müəyyən olunur ki, alıcı ümumi məbləğ olan 600000 ABŞ dolları ödənişi müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 2(007)-2883/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli 2(103)- 470/19 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15.08.2018-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 12.01.2021-ci il tarixli 10/3190 saylı rəyindən müəyyən olunur ki, icraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli 9 saylı müqavilənin 2.1-ci bəndində qeyd olunan Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunan ikimərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 m sahəsi 102 m2 olan qeyri-yaşayış sahəsi Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən Cavabdeh2 təhvil verilən 4564 m2 qeyri-yaşayış sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, icraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli № 09 saylı müqaviləyə əsasən icraçı Bakı şəhəri Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa ediləcək 2 mərtəbəli ticarət mərkəzinin A3 korpusunun 1-ci mərtəbəsində H-G oxları arasında hündürlüyü 5 m sahəsi 102 m2 olan obyekt inşa edib alıcıya təhvil verməyi öhdəsinə götürsə də, alıcını aldadaraq müqavilədə nəzərdə tutulan 102000 ABŞ dollarının ekvivalenti olan 499 800 000 AZM alaraq həmin tikilini inşa etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1.-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2.-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3.-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5.-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6.-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının əqd bağlanarkən aldadılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun 10.03.2005-ci il tarixli 09 saylı müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından məhkəmə hesab edir ki, araşdırma zamanı 10.03.2005-ci il tarixli 09 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 499 800 000 AZM pul vəsaitinin ödənilməsi öz təsdiqini tapdığı üçün Cavabdeh1 MMC-dən, 01.01.2006-cı il tarixdə Azərbaycan manatının 5000:1 nisbətində denominasiyasının keçirilməsi nəzərə alınaraq, İddiaçı xeyrinə 99960 AZN (499 800 000 AZM : 5000 = 99960 AZN) tutulmalıdır. Məhkəmə iddiaçının cavabdehdən pul vəsaitinin qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Məhkəmə 16 il üçün əldən çıxan faydaya görə cavabdehdən 115953,6 manatın (99960:7,25%x16=115953,6) iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İcraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış 10.03.2005-ci il tarixli 09 saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 MMC-dən müqavilə üzrə ödənilmiş vəsaitə görə 99960 manat, vurulmuş zərərə görə 115953,6 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 215 943,6 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 MMC-dən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-201/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-201/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver