Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-201/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, 05 iyun 1981-ci il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 05 iyun 1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 05 iyun 1981-cı il təvəllüdlü oğlu X5 uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicələrdə olmuş, lakin nəticəsi olmamışdır və ona “Epilepsiya nəticəsində yaranan nəzərə çarpan ağıl zəifliyi’' diaqnozu qoyulmuşdur. Uzun müddətli müalicələrdə olsa da yaxşılaşma halı baş verməmişdir. X4 Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik üzrə İ qrup əlillik dərəcəsi verilmişdir, əmək qabiliyyətsizidr və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bakı Baş Səhiyyə İdarəsi 10 saylı şəhər Poliklinikasında dispanser qeydiyyatındadır. Bildirir ki, X5 müddətsiz İ qrup əlildir, əmək qabiliyyətsizdir və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarım sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Qeyd olunmalıdır ki, o, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, öz hərəkətlərini idarə edə bilmir. Ona baxır və qulluq edir. X4 qəyyum təyin edilməsi barədə o, İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi bildirmişlər. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. O, əmək qabiliyyətsizdir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Ona baxır, qulluq edir, onunla birlikdə yaşayır. Onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə ona qəyyum təyin edilməyi və onun hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza mərkəzinin rəyi ilə razı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İşə əlavə edilmiş Bakı baş Səhiyyə Mərkəzinin 10 nömrəli şəhər polinklinikasının xx.xx.2023-cü il tarixli, 235 saylı Arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan, ərizə əsasında müraciət etmiş Ərizəçi, Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasının psixiatr kabinetindən vətəndaş (oğlu) xx.xx.1981-ci il təvəllüdlü X6 haqqında arayış tələb edir. Lakin tələb etdiyi məlumatı əmin vətəndaşa vermək mümkün deyil. Çünki ”Azərbaycan Psixiatriyası yardımı haqqında “Qanuna əsaslanaraq şəxsin psixi sağlamlığının vəziyyəti yaxud ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatları qanuni nümayəndəsindən başqa digər şəxsə vermək qadağandır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X8 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan ambulator məhkəmə - psixatrik ekspertizasının 31 iyul 2024-cü il tarixli, 2238 saylı rəyində qeyd olunmuşdur ki, X2 Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) orta dərəcəli əqli gerilik formasında psixi xəstəlik müəyyən edilir. X2 hazırki müayinə zamanı müəyyən edilən Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) orta dərəcəli əqli gerilik ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) orta dərəcəli əqli gerilik diaqnozlu xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə 05 iyun 1981-ci il təvəllüdlü X7 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və X1 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 iyun 1981-ci il tarixdə doğulmuş X7 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-201/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-201/2024
26.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver