Məhkəmə qərarları › İş №2(001)-2010/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2010/2021

22.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2010/2021 22.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sayğacın quraşdırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən və faktiki olaraq onun istifadəsində olan fərdi yaşayış evinin elektrik şəbəkəsinə qoşularaq uçot sayğacı ilə cavabdeh “xxxx” ASC tərəfindən təchiz edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sulutəpə qəsəbəsində fərdi yaşayış evi inşa edilmişdir və onun istifadəsində olan fərdi yaşayış evi və qaynının yaşadığı fərdi yaşayış evinə bir qaz sayğacı və biir elektrik sayğacı quraşdırılmışdır. O, Xocəsən Bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. O işıq xəttinin ayrılaraq onun istifadəsində olan fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılması və sərbəst istifadə edilməsi üçün “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Nümayəndələr gəlib həyətə baxış keçirmiş, bu barədə “xxxx” ASC-yə müraciət etməli olduğunu bildirmişlər. Xocəsən bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin yerləşdiyi ərazinin yerquruluşu xəritəsindən çıxarış verilmişdir. O, “xxxx” ASC-yə müraciət edərək, onun yaşadığı sahəyə əlavə sayğacın quraşdırılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş cavabda daşınmaz əmlakın hissələrlə özəlləşdirildikdən sonra sənədlərin təqdim edilməsi göstərilmişdir. Bu tamamilə əsassızdır. Belə ki, özbaşına tikililərelektrik sayğacları ilə təmin edilmişdir. Bu tip tikililərə sayğac quraşdırılmasına dair heç bir məhdudiyyət qoyulmamışdır. Fərdi yaşayış evinə sayğacın quraşdırılması zəruridir. Onun bir istehlakçı kimi hüquqları pozulmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarında qeyd edilir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə öhdəliyi yoxdur. Belə ki, iddia tələbinin mahiyyəti cavabdehin üzərinə müqavilə bağlanılması öhdəliyi qoyulmaqla elektrik sayğacının quraşdırılmasından ibarətdir. Göründüyü kimi iddianın mahiyyəti təbii inhisar subyekti olan cavabdeh “xxxx” ASCin hərəkətsizliyi ilə bağlı olduğundan, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sayğacın quraşdırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar