Məhkəmə qərarları › İş №2(001)-2011/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2011/2021

02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2011/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı 324 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı 324 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış diafraqma tipli qaz sayğacı ona məlumat verilmədən Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılmış və sayğac İtron tipli G-6 markalı sayğacla əvəzlənmişdir. Onun iştirakı ilə heç bir akt tərtib edilməmiş, borc barədə ona bildiriş gələrkən məlum olmuşdur ki, cavabdeh ona 324 manat cərimə hesablanmışdır. Belə ki, 30.11.2020-ci il tarixdə Cavabdeh İB əməkdaşları qaz sayğaclarının yoxlanılmasına dair akt tərtib etmiş və aktda qoruyucu qapağın üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, plombun yuvasının çatlaması və qaz itkisi, müdaxilə göstərilmişdir. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsindən, akt tərtib edilməsindən məlumatı olmamış, aktın surəti ona göndərilməmişdir. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsi olduğundan istehlakıçı olaraq o, yarasız sayğaca görə məsuliyyət daşımır. Ona görə də cavabdeh tərəfindən əsassız hesablanmış 324 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30.11.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilərkən, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunaraq, sayğacdan qazın keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh İB-nin tərtib etdiyi 03.02.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı qalıq və aktlar üzrə borcu 324 manat təşkil edir. İddiaçı vurduğu ziyana görə 324 manatı Cavabdeh İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30.11.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilərkən, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunaraq, sayğacdan qazın keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, akt İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə 30.11.2020-ci il tarixli MSK 29/1710-03986-1 saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh İB-nin Socar**********30991710X03986 saylı 02.11.2020-ci il tarixli məktubuna əsasən 11.11.2020-ci il tarixdə BRQS Departamentindən dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 30.11.2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, ******* saylı sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın hesablama mexanizminin qapağına vurulan plombun yuvasının çatladığı müəyyən edilmişdir. Cavabdeh İB-nin tərtib etdiyi 03.02.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı qalıq və aktlar üzrə borcu 324 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 324 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 324 manat borc hesablamışdır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 324 manat borc silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar