Məhkəmə qərarları › İş №2(001)-202/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-202/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-202/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2011-ci il tarixinə qədər Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 38 ( Abonent kodu: **********8038B) ünvanına hesablanmış 1231.56 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Cavabdehin nümayəndələri yerində baxış keçirərək işıq xəttini sayğacdan ayırmışlar. Onu da, əsas gətirirlər ki, xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2011-ci il tarixə qədər onun 1231,56 manat borcu vardır. Halbuki, köhnədən qalan və onun ünvanında aid olmayan borca görə işıq xəttini sayğacdan ayırmaq qanunsuzdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəm iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, həmin həyətdə yaşayan ailə üzvlərinin hər birinin ayrı girişi olan evləri vardır. Bütün evlər bir sənədlə rəsmiləşdirilmişdir. Hər evə ayrı sayğac quraşdırılmışdır.O, isə 2011-ci ildə sayğac quraşdırılması barədə xxxxyə müraciət etmişdir. Lakin cavabdehin məktubunda onun yaşadığı evə 2009-cu il tarixində abonenet kodu açılması barədə cavabı ondan şübhə doğurmuşdur. O, bildirmişdir ki, cavabdeh tərəfindən onun ünvanına yazılan borc düzgün hesablanmamışdır. Bir həyətdə yerləşən lakin ayrı olan evlərin hər birinə işıqdan, qazdan, sudan ayrı-ayrı abonent kodları verilmişdir. Onun yaşadığı evə isə ya 38 Z, yada 38 B abonent kodu verilmişdir. O, hal-hazıradək işıq sayğacından istifadə etməmiş, qonşunun sayğacından onun razılığı ilə əlavə xətt çəkmişdir. 2001-2011-ci illər ərzində qonşunun işığından istifadə etmişdir. Evin sənədi anasının adınadır. 2011-ci ildə sayğac quraşdırılması ilə bağlı ərizə vermişdir. Lakin 2009-cu ildən ona borcla kod açılmışdır. Yəni ona quraşdırılan sayğac borc məbləği ilə birlikdə quraşdırılmışdır. Anasının adına borc olmuşdur. Lakin həmin borc anası tərəfindən ödənilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının borcu vardır. Sayğacla bağlı problem olandə tərtib olunan akt borc aktı sayılır. Şəxsin 2009-cu ildən 2012-ci ilə qədər sayğacsız borcu olmuşdur. 2014cü ildə isə abonentə sayğac quraşdırılmışdır. İddia ərizəsi əsassızdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” ASC tərəfindən İddiaçı ərizəsinə cavab olaraq yazılan xx xxxxx 2013-cü il tarixli məktubdan görünür ki, İddiaçı Rəsulzadə qəsəbəsi, C.cabbarlı küçəsi, 38 A ünvanlı mənzilin xx xxxxxx 2009-cu il tarixdə №132317 saylı aktla qeydə alınaraq **********038B abunə kodu verilmiş, hal-hazıradək istehlak edilmiş elektrik enerjisinə görə 1231,56 AZN borcu olması ilə bağlı məlumat verilmişdir. 1983 saylı komplekt transformator məntəqəsindən qidalanan elektrik şəbəkəsinin özünüdaşıyan izolyasiyalı naqillərlə yenidən qurulması və sayğaclaşması zamanı yaranmış borca görə ünvana elektrik enerjisinin verilməsi dayandırılmışdır. O, isə qohumu Mehman Quliyev adlı **********8038C kodlu abonentin şəbəkəsinə qoşulmuşdur. Abunə kodu üzrə elektrik sayğacının quraşdırılması üçün elektrik qida xəttinin qohumunun şəbəkəsindən açmaqla şərait yaratması tələb olunmuşdur. xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2011-ci il tarixinədək ona hesablanmış 1231,56 manat debitor borca yeni qyraşdırılacaq elektrik sayğacının göstəriciləri əsasında müştəri xidmətləri bölməsində baxılması üçün müraciət etməsinin məqsədəuyğun olması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı yaşadığı ünvana sayğac quraşdırılmaqla, elektrik enerjisi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməsi, İddiaçı yaşadığı ünvan 3 Z ünvanına sayğac quraşdırılmaqla, elektrik enerjisi ilə təmin edilməsi “xxxx” ASC-yə həvalə edilməsi qərara alınmışdır. Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfində verilən FM seriyalı, №040082 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 A unvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə payları müəyyən olunmaqla Quliyeva Gülzar Lütfəli qızının, Göyüşov İlyas Əhməd oğlunun və X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu barədə 23 saylı reyestr kitabında 3516 səhifədə xx.xx.1994-cü il tarixində qeydiyyatdan keçmişdir. **********8038A abonent kodu olan Gülzar Quliyevaya məxsus abonent haqqında olan məlumatdan görünür ki, xx.xx.1999-cu il tarixinə sayğac oxunması 1414,05 manat + aktlar üzrə 864,77 manat borc hesbalanmış, hesablanan borcdan 2239,87 manat ödəniş edilmiş, qalıq 38,94 manat borc qalmışdır.Həmin ünvanda xx.xx.1994-cü il tarixində, xx.xx.2010-cu il tarixində və xx.xx.2013-cü il tarixində sayğac dəyişikliyi edilmişdir. **********8038A abonent kodu olan İddiaçı məxsus abonent haqqında olan məlumatdan görünür ki, xx.xx.2009-cu il tarixinə abonent hesabına akt hesabına 1231,56 manat borc hesablanmışdır.Həmin ünvanda xx.xx.2014-cü il tarixində sayğac dəyişikliyi edilmişdir. Elektrik enerjisinin verilişinin dayandırılması haqqında xx xxx 2015-ci il tarixli aktdan görünür ki, **********8038B abonen kodlu sayğacın elektrik enerjisinə 1232 manat borcu olduğu üçün elektrik enerjisinin verilməsi dayandırılmış və ******* № ilə möhürlənmişdir. “xxxx” ASC tərəfindən tərtib edilən Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında xx xxxxxx 2014-cü il tarixli, ******* saylı protokoldan görünür ki, istehlakçı İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 Z ünvanına M55 tipli, 17193145 nömrəli sayğac quraşdırılmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli, 10/2694 saylı ekspert rəyindən görünür ki, Abonent kodu **********8038B olan elektrik sayğacı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 38 ünvanında İddiaçı yaşadığı fərdi yaşayış evinə məxsusdur, lakin hazırda həmin elektrik sayğacı ümumi elektrik şəbəkəsindən ayrılmış vəziyyətdədir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 38 ünvanında yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evində elektrik sayğacından əvvəl qeyriqanuni qoşulmanın olması aşkar edilməmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 38 ünvanında İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisinin verilişi hal-hazırda qonşu evə məxsus **********50001 kodu altında olan elektrik sayğacından istifadə edilir. Hazırki evə elektrik xətti, həyətə girişdən təxminən 25 metr irəlidə sağ tərəfdə yerləşən qonşu evin divarı ilə çəkilmiş elektrik xəttindən budaqlanma verilməklə çəkilmişdir. Ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 A unvanında yerləşən mənzildə abonent kodu **********038A olan və Gülzar Quliyevanın adına rəsmiləşdirilən abonent hesabına işıqdan istifadə edilməsinə görə həm sayğac oxunmasına, həmdə tərtib olunmuş aktlar üzrə borc hesablanmışdır. Həmin sayğac xx.xx.1994-cü il tarixində, xx.xx.2010-cu il tarixində və xx.xx.2013-cü il tarixində dəyişdirilmişdir. İddiaçı iddia edir ki, yaşadığı həmin mənzilə sayğac quraşdırılması barədə 2011-ci ildə “xxxx” ASC-yə müraciət etmiş, 2014-cü il tarixində ünvana yeni sayğac quraşdırılmışdır. Həmin ünvana quraşdırılan sayğaca onun tərəfindən qanunsuz müdaxilə olunmamışdır. Ekspertiza rəyi ilə müəyyən olunur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 38 ünvanında yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evində elektrik sayğacından əvvəl qeyri-qanuni qoşulmanın olması aşkar edilməmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisinin verilişi hal-hazırda qonşu evə məxsus **********50001 kodu altında olan elektrik sayğacından istifadə edilir. Göründüyü kimi iddiaçı xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2011-ci il tarixinədək hesablanan və onun ünvanına yeni quraşdırılan sayğaca əlavə borc kimi qeyd edilən 1231,56 manat borcun silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Əvvəla məhkəmə qeyd edir ki, abonentin saldosundan xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci ilədək yaranmış 1231.56 manat borcun səbəbi sayğacsız istifadəyə görə orta sərfiyyata əsasən hesablanmış məbləğ olduğu müəyyən edilir. Lakin ekspertiza tədqiqatının nəticəsinə əsasən iddiaçının yaşadığı fərdi yaşayış evindən sayğacdan kənar qanunsuz qoşulmanın olmadığı təsdiq olunmuşdur. İddiaçı da məhkəmə iclaslarında qonşunun sayğacından razılaşmaqla istifadə etdiyini və sərfiyyata uyğun ödənişlər həyata keçirdiyini etiraf etmişdir. Cavabdeh isə bunun əksinə təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Yəni tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı yuxarıda göstərilən tarix müddəti üçün sərf etdiyi elektrik enerjisinə görə onsuz da ödənişləri həyata keçirmişdir. Bir sözlə iddiaçıdan sərf edilmiş elektrik enerjisinə görə iki dəfə pul tələb edilir. Bundan başqa elektrik enerjisindən istifadəyə görə edilən ödənişlər vaxtaşırı ödəniş hesab ediliyindən Mülki Məcəllənin 551-ci maddəsinin tələbi baxımından 5 il müddət keçdikdən sonra yaranmış öhdəliyə xitam verilir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 A unvanında yerləşən mənzilə işıq enerjisindən istifadəyə görə xx xxxxxx 2009-cu il tarixdən xx xxxxxx 2011-ci il tarixədək hesablanmış 1231,56 manat borcun silinməsi barədə tələbi təmin edilməli, elektrik enerjisindən istifadəyə görə hesablanmış borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir; 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 A unvanında yerləşən (abonent kodu: **********8038B) mənzilə xx xxxxxx 2009-cu il tarixindən xx xxxxxx 2011-ci il tarixinədək elektrik sərfiyyətinə görə “xxxx” ASC tərəfindən hesablanmış 1231,56 manat məbləğində borc silinməlidir. İddianın qiyməti nəzərə alınmaqla (qalan ödəmənin 1 illik məcmusu 500 manatdan az olduğuna görə) hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 20 manat məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 38 A unvanında yerləşən (abonent kodu: **********8038B) mənzilə xx xxxxxx 2009-cu il tarixindən xx xxxxxx 2011-ci il tarixinədək elektrik sərfiyyətinə görə “xxxx” ASC tərəfindən hesablanmış 1231,56 (bir min iki yüz otuz bir manat, əlli altı qəik) manat məbləğində borc silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar