Məhkəmə qərarları › İş №2(001)-2029/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2029/2023

12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2029/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi və s.” tələbi barədə mülki işə 12 may 2023-cü il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin tərəfindən onun yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********10000) hesablanmış 486 manat cərimə borcunun silinməsi, tutulmuş 320,6 manat ödənişin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda cavabdehin əməkdaşları tərəfindən mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Sayğac vasitəsilə iddiaçı uzun müddət təbii qazdan istifadə etmiş, vaxtında ödəniş etmişdir. Sayğac 05 mart 2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən yeni smart tipli sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən sayğacın bütövlüyü pozulmamışdır. Belə ki, sayğac çıxarılarkən üzərindəki bütün möhürlər yerində olmuşdur. Bir müddət yeni sayğac vasitəsilə təbii qazdan istifadə etdikdən sonra smart karta etdiyi ödənişlərdən iddiaçı tutmaların aparıldığını müəyyən etmişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, əvvəllər istifadəsində olmuş mexaniki qaz sayğacının üzərindəki plastmas boruda deşik aşkar edildiyi üçün ona 486 manat cərimə hesablanmış və hər dəfə kart hesabının artırılması zamanı həmin vəsaitdən hissə-hissə tutulur. Halbuki, sayğac evdən kənarda quraşdırılmışdır. Sayğacın tamlığını qorumağa iddiaçı cavabdeh deyildir. Hər ay sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər iddiaçı tərəfindən müdaxilə olunsaydı, bu dərhal aşkar olunardı. Abonentin saldosundan görünür ki, iddiaçı hər ay istehlak etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək, izahatında göstərdi ki, iddia ərizəsinin verildiyi vaxtadək ondan həmin cəriməyə görə 320,6 manat pul silinmişdir. İddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan sonra da ödənişlərdən tutmalar aparıldığından, bu məbləğ 400 manatı keçib. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən dəyişdirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsir nəticəsində sayğacın çıxış plastmas borusunu deşməklə istifadə olunan qaz sərfiyyatının qeydə alınmadığı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək 486 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Həmin məbləğin bir hissəsi də istehlakçının etdiyi ödənişlərdən tutulmuş və hazırda istehlakçının qeyd olunan məbləğdən 53,40 manat borcu qalmışdır. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 mart 2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçı imza etməməklə, aktda onun imza etməkdən imtinası barədə qeyd mövcud deyildir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 4860 kub-metrdir. - Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus evə 05 mart 2019-cu il tarixdə “Smart G-4 İtron Diafraqma” tipli sayğac quraşdırılmış, 2019-cu ilə akt üzrə 486 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-met/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub-metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən sayğaca müdaxilə faktı aşkar edilsəydi belə, itirilmiş qazın miqdarının hansı əsasla 90 günlük hesabat dövrünə uyğun hesablandığı məlum deyildir. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməli, iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin tutulmuş pul vəsaitinin qaytarılması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, 486 manat borca görə iddiaçının ödənişlərindən cavabdeh tərəfindən tutmaların aparıldığı aşkardır. İddiaçı tələbində 320,6 manat pulun tutulduğunu göstərsə də, məhkəmə iclasında artıq bu məbləğin 400 manatı keçdiyini bildirmiş, habelə, cavabdeh məhkəməyə ünvanlandığı etirazda 486 manat borcdan tutmalar nəticəsində 53,4 manat borc qaldığını göstərmişdir. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə gündəlik tələbat olduğundan, məhkəmə qətnaməsi icra ediləcəyi tarixədək iddiaçıdan tutmaların aparılacağı aşkar olduğundan, iddia bu hissədə qismən təmin edilməli, qətnamə icra edilən tarixədək cavabdeh tərəfindən iddiaçının ödənişlərindən aparılmış tutmalar hesablanmaqla ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı (abonent kodu: **********10000) üzrə tərtib edilmiş 29 mart 2019-cu il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 486 manat borc silinsin. Qətnamə icra edilən tarixə Cavabdeh tərəfindən 486 manat borca görə İddiaçı ödənişlərindən aparılmış tutmalar hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar