Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2030/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən fasiləsiz olaraq iddiaçının yaşadığı ev işıq təchizatı ilə təmin edilmişdir. Bunun əvəzində isə iddiaçı aylıq ödənişləri vaxtı-vaxtında tam şəkildə ödəmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə 2011-ci ilədək həmin ünvanda yaşasalar da, sonradan qonşuluqda yerləşən başqa bir evdə yaşamışlar. Bu evdə isə yaşayış olmamışdır. 2016-cı ildə sayğaclar mexanikidən smart sayğaca dəyişdirilmişdir. Həmin evdə yaşamadıqları üçün sayğaca dair hər hansı borcun yazılıb-yazılmaması barədə məlumatsız olmuşlar. Hazırda isə həmin evdə yaşamaqları zəruri olduğundan evi işlək vəziyyətə gətirdikdə müəyyən etmişlər ki, sayğaca əsassız olaraq borc məbləği yazılmışdır. Cavabdeh orqana müraciət edərək məsələyə dair müvafiq araşdırılma aparılmasını tələb və xahiş etdikdə onlar tərəfindən bildirilmişdir ki, “gedin məhkəməyə verin, biz özümüz də bilmirik nəyin borcudur bu”. Rəsmi müraciətə əsasən isə 30 dekabr 2022-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, xx.xx.2003-cü il tarixindən qeyd edilən ünvanda sərf olunmuş elektrik enerjisinin hesabatı aparılmamışdır. İtirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə fərdi yaşayış evində olan elektrik işlədicilərinin gücünə uyğun olaraq, sərf olunmuş elektrik enerjisi metodik hesabatla aparılmışdır. xx.xx.2009-cu il tarixdə yeni sayğac quraşdırılmış və metodik hesabatın aparılması dayandırılmışdır. Sərf edilən elektrik enerjisinin dəyəri ödənilmədiyindən xx.xx.2019-cu il tarixinə 1010,17 manat borc yaranmışdır. Abonentin saldosundan da göründüyü kimi həmin evdə illər boyu yaşayış olmamışdır. İddiaçı tərəfindən sayğaca heç bir əlavə xətt qoşulmamış, heç bir formada müdaxilə edilməmişdir. Bundan başqa cavabdehin əməkdaşları tərəfindən hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli olunmayan 1010 manat 17 qəpik borc əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətində iddia ərizəsində silinməsi tələb edilmiş borcun yaranma əsaslarına dair hər hansı sənəd mövcud deyil. Nə vaxtsa həmin sənədlər olub, məbləğ hesablanıb və sistemə işlənib. İndi həmin sənədlər yoxdur. Ümumiyyətlə iddiaçı iddia müddətini ötürüb, illərdir bu borcun mövcudluğunu bilsə də, məhkəməyə yalnız indi müraciət edib. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etsə də, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********50000 abunə kodu olan abunə haqqında məlumatdan görünür ki, abunənin 1.010,17 manat borcu mövcuddur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Sizin elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə "xxxx" ASC-yə daxil olmuş müraciətinizə (xx.xx.2022-ci il tarixli, Ə-1167 nömrəli) Müştəri Xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, **********0000 saylı abunə kodu üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş və məlum olmuşdur ki, xx.xx.2003cü il tarixdən qeyd edilən ünvanda sərf olunmuş elektrik enerjisinin hesabatı aparılmamışdır. İtirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə fərdi yaşayış evində olan elektrik işlədicilərinin gücünə uyğun olaraq, sərf olunmuş elektrik enerjisi metodik hesabatla aparılmışdır. xx.xx.2009-cu ildə yeni sayğac quraşdırılmış və metodik hesabatın aparılması dayandırılmışdır. Sərf edilən elektrik enerjisinin dəyəri ödənilmədiyindən xx.xx.2019-cu il tarixinə 1010,17 manat borc yaranmışdır”. Məhkəməyə təqdim edilmiş sənədlərdən silinməsi tələb edilən borcun yaranma əsasları aydın olmadığına görə, məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində aşağıdakı məzmunda sorğu ünvanlanmışdır: “ ... Yaranmış zərurətlə əlaqədar **********50000 abunə kodu üzrə hesablanmış 1010,17 manat məbləğində borcun yaranması əsaslarına dair sənədlərin (cədvəllərə müvafiq izah verilməklə), eyni zamanda **********50000 abunə kodu üzrə hal-hazırda mövcud olan borca dair məlumatların Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərməyiniz xahiş edilir ... ”. Həmin sorğuya cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda cavab məktubu göndərmişdir: “ ... Sizin **********0000 saylı abunə kodu üzrə borcun nə qədər təşkil etməsi ilə bağlı məlumatın təqdim edilməsi barədə 2(001)-2030/2023 nömrəli məhkəmə işi üzrə 14 mart 2023-cü il tarixli müraciətinizə "xxxx" ASC-də baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, 13 aprel 2023-cü il tarixinə **********0000 nömrəli abunə kodu üzrə borc məbləği 1.010,17 manat təşkil edir”. Göründüyü kimi, məhkəmə tərəfindən borcun yaranması əsaslarına dair sənədlər tələb edildiyi halda, cavabdeh tərəfindən formal olaraq sorğudan da bəlli olduğu kimi məhkəməyə məlum olan borcun məbləğinə dair tələb edilməyən məlumat verilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmin Qaydaların 7.13-cü bəndinə müvafiq olaraq, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndin görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.16-cı bəndinə görə, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Beləliklə, məhkəmə hal-hazırda **********50000 abunə kodu üzrə hesablanmış 1.010,17 manat borcun yaranma əsaslarına dair müvafiq sənədlərin olmamasını və cavabdeh tərəfindən ağlabatan izahın verilməməsini, abunənin təqsirli hərəkətlərinə dair sübutların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, **********50000 abunə kodu üzrə hesablanmış 1.010,17 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. **********50000 abunə kodu üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1.010,17 (min on manat on yeddi qəpik) manat məbləğində borc silinsin. 30,10 (otuz manat on qəpik) dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2030/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2030/2023
08.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver