Məhkəmə qərarları › İş №2(001)-2055/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2055/2025

20.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2055/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat ofisində, 3M-354 reyestr nömrəli bağlanmış borc müqqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri 9 saylı Notariat ofisində, 45000 manat pul məbləğinin xx.xx.2024-cü il tarixdə qaytarmaq şərti ilə 3M-354 reyestr nömrəli borc müqaviləsi bağlanmışdır. Halhazırda həmin müqavilənin mübahisələndirilməsinə səbəb aralarında bağlanmış həmin borc müqaviləsinin həqiqətə uyğun olmayan, görüntü xarakterli, əslində mövcud olmayan əqdin bağlanması ilə əlaqədardır. Belə ki, bununla bağlı bildirmək istəyir ki, bundan qabaq ilk olaraq Cavabdeh oğlu X4 ilə aralarında xx.xx.2023-cü il tarixə 150000 manat məbləğində xx.xx.2024-cü il tarixədək qaytarılması şərti ilə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı olaraq, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 2 ünvanda yerləşən rəsmi reyestr nömrəsi **********52-06301, qeydiyyat nömrəsi ********** olan qeyri-yaşayış sahəsi oğlunun xeyrinə yüklü edilmişdir. Bundan sonra oğluna qeyd olunan tarixdə ödəniş edilə bilinmədiyindən, pulu geri qaytara bilmirsən deyə təzyiqlər təsirlər etməyə başlayaraq, pulu onda qaldığına görə pul itirir kimi bəhanələr edərək, cavabdehlə \lavə müqavilə bağlamağı, görüntü olaraq özləri ilə pul gətirmələrini, həmin pulu notariusun Bankda olan depozit hesabına qoyaraq, sonra geri götürəcəyini deyərək, müqavilə bağlamağı tələb etmişdir. O, bundan dərhal imtina edərək, belə halın düzgün olmadığını, almadığı pula niyə imza çəkməsini deyərək irad bildirərək rədd etmişdir. Bundan sonra həmin şəxsi onlarla tanış edən qardaşı oğıuna qarşı təzyiq, təsir göstərərək, ədəbdən kənar, qeyri-əxlaqi sözlər işlədərək, qardaşı oğluna problemlər yaratmağa başlamışdır. Bu təsir təzyiqlərə əsəbləşərək, əlində də cavabdehin oğlundan aldığı pul məbləği nağd şəkildə mövcud olmadığından qeyri-xitiyari, uydurma, həqiqətə uyğun olmayan, pul ona verir görüntüsü ilə xx.xx.2024-cü il tarixdə cavabdehlə aralarında borc müqaviləsi bağlanmışdır. Eyni zamanda, göründüyü kimi, xx.xx.2024-cü il tarixdə etibarsız olaraq bağlanmış əqd, cavabdehin oğlu ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixdə olan müqavilədən sonra ortaya çıxmışdır. Hal-hazırda həmin həqiqətə uyğun olmayan, yalançı əqdin etibarsızlığı ilə əlaqədar məhkəməyə müraciət edir. Qeyd edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi təsir, təzyiq, məcburiyyət hərəkətləri əsasında bağlanmış, real olaraq heç bir məbləğ cavabdeh tərəfindən ona verilməmiş, cavabdeh notariusun bank hesabından həmin pulları onun yanında duraraq, ondan alaraq özünə götürüb, həmin pul məbləğini oğlu ilə aralarında əvvəlki bağlanmış müqavilənin faizi kimi ona bildirmişdir. Cavabdeh məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir, iddia əsassızdır və rədd edilməlidir. İşə iştirakı olmadan mahiyyəti üzrə baxılmasında israr edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış borc müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 45000 manat məbləğində pul borc verir, borcalan isə borcu xx.xx.2024-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh 9 saylı Notariat Ofisinin hesabına 45000 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə ipoteka saxlayan X4 və ipoteka qoyan – borc alan İddiaçı arasında notarial qaydada bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2 ünvanında yerləşən, ümumi sahəsi 984.5 kv/m olan qeyri-yaşayış binasını xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti ******* manat dəyərində qiymətləndirilir. X4 ilə X6 və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 150000 manat məbləğində pul borc verir, borcalan isə borcu xx.xx.2024-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, X4 53 saylı Notariat Ofisinin hesabına 150000 manat məbləğində ödəniş etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, - , 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə X6 və İddiaçı tam ortaqlı “İki Ulduz” firmasının adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı xx.xx.2024-cü il tarixədək vaxtında ödənilməmiş 45000 manat tutulmuşdur. Bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 45025 manat pul tutulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(003)-241/2024 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli 8İ-5905 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı məxsus olan “Alfa Romeo” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(026)-355/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-496/2024 saylı qərarının surətindən görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(026)-355/2024 saylı qərarından tələbkar Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı barəsində Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(026)-355/2024 saylı qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. X2 tərəfindən məhkəməyə ünvanlanmış izahatdan görünür ki, əmisi İddiaçı Binəqədi Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldırmışdır. Göstərilən tərəflər (İddiaçı və Cavabdeh) arasında xx.xx.2024-cü ildə 45000 manat borc müqaviləsi bağlanması üçün güya ona təzyiq olunub, məcburiyyət hərəkətləri əsasında bağlanıb. Bildirir ki, borc müqaviləsini könüllü olaraq notariatda bağlayıblar. Bununla bağlı hər hansı təzyiqə məruz qalmamış, bu ifadələr həqiqəti əkd etdirmir. X4 ilə X6 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğvinə dair müqavilənin surətindən görünür ki, Borc verən -X7 və borc alan – X6 və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə qeydə alınmış Kredit müqaviləsində göstərilən öhdəlik 150000 manat notariusun bankda açılan depozit hesabı vasitəsi ilə tam ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-ci maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli müqavilələrin tərəflərin iradə ifadələrinə zidd olaraq bağlanması müəyyən edilmədiyindən, əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin məzmununa dair şərtlərə və əqdin formasına dair şərtlərə əməl edildiyindən həmin əqdlər etibarsız hesab edilə bilməzlər. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rəod edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçıya dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş, öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödəilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar