Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2061/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, təxminən 2017-ci ildə Bakı şəhəri, ünvan 1 ünvanında yərləşən ünvanda çıxarış əsasında ailəsi ilə birlikdə yaşamaq üçün ev almışdır. Evin çıxarışını almazdan əvvəl evinə kommunal xətlərin, qaz, su, işıq, o cümlədən internet çəkilməsinə başlanmış, 2018-ci ilin əvvəllərində digər kommunallar da olduğu kimi qaz abonentliyi üçün də sənədlərini təqdim edərək müraciət etmiş, ödənişini etmişdir. xx.xx.2018-ci il tarixli 74585 nömrəli alqı-satqı müqaviləsi əsasında Azəriqaz İB-nin Binəqədi rayon qaz istismar sahəsi xx.xx.2018-ci il tarixli, ******* nömrəli qaz sayğacının quraşdırılması və qəbulu haqqında akt ilə smart kartlı qaz sayğacını quraşdırmışlar. Təxminən 2021-ci ilin sonlarına qədər problemsiz smart karta pulunu vuraraq sayğaca yükləmə edərək təbii qazdan istifadə etmişdir. 2021-ci ilin dekabr ayının 15-ci günü Cavabdeh İB-nin əməkdaşları evinə gələrək, hal-hazırda işlətdiyi qaz sayğacının dəyişdiriləcəyini, köhnə smart kartlı qaz sayğacının sökülərək yenisi ilə əvəz ediləcəyini bildirmişlər. O, da etiraz etməmiş və qaz sayğacı xx.xx.2021-ci il tarixli ******* nömrəli akt ilə dəyişdirilmiş, köhnə qaz sayğacı da onlar tərəfindən götürülmüşdür. Lakin həmin aktın üzərinə yazılanlar texniki dil tələb etdiyindən o, nə yazdıqlarını anlamamış, həmçinin də istifadə edilmiş və ya təzə sayğac olmasını bilməmiş və həmin aktı imzalamamışdır. Təxminən 2022-ci ilin fevral ayında smart karta müəyyən məbləğdə pul vəsaiti vurmuş, lakin smart kartı qaz sayğacına yükləmək istəyəndə həmin vurduğu məbləğin deyil, həmin məbləğdən az məbləğ yüklənmişdir. O, fikirləşmişdir ki, ola bilsinki limitdən yaranan problemdir, çoxda nəzərə almamışdır. Növbəti yükləmələrində də, smart karta vurduğu pul məbləği ilə qaz sayğacına vurduğu smart kartdan yüklənən məbləğə fikir vermədiyindən ötrü bu hadisə 2024-cü ilin noyabr ayına qədər davam etmişdir. Noyabr və dekabr ayında smart karta vurduğu pul məbləği ilə sayğaca yüklənən məbləğə fikir verəndə görmüşdür ki, məbləğ əskik yüklənir, müəyyən miqdarda faiz tutulur. Atasına vəziyyəti demiş və atası dərhal Cavabdeh İB-nin qaynar xəttini yığmış və problemi izah edəndə, ona cavab olaraq 518.40 manat məbləğində cərimə olunduqları və bu cərimənin 2022-ci ilin fevral ayından bu günə kimi smart karta vurduğu puldan hissə-hissə tutulduğu bildirilmişdir. O, və atası nə cəriməsi olduğunu, heç xəbərlərinin belə olmadığını, onlara bildiriş belə gəlmədiyini desələr də, qaynar xətt cavab olaraq Cavabdeh İB-nin Binəqədi rayonu ərazisində yərləşən idarələrinə müraciət etməklərini və orada mövzunun aydınlaşdırılaraq lazımlı sənədlərin təqdim ediləcəyini bildirmişlər. Bu minvalla təxminən 2025-ci ilin yanvar ayının 15-i atası Cavabdeh İB-yə gedərək hazırki iddia ərizəsinin əlavələrində olan sənədləri ona vermişdir. Cavabdeh tərəfindən onun adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli cərimə aktı qeyri-qanunidir və o cümlədən ilkin olaraq Azərbaycan Respublikasının İstehlakçılar haqqında Qanununa, sonrada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə ziddir. Həmin qanunvericiliyin normalarına müvafiq olaraq, şübhə yaradan bir vəziyyət vardırsa, ilkin quraşdırılan sayğacı dəyişdirməyə gəldiklərində vətəndaşa (abonentə) məlumat verilməli idi, o, da iradını bildirməli idi. Həmçinin mütləq sayğaca laboratoriyada baxış keçirilən vaxt əvvəlcədən bildiriş verilməli, o, da dəvət olunmalı, baxışda iştirak etməli idi və bununla da laboratoriya aktına etiraz etmək huququ olardı. Lakin Cavabdeh İB-nin əməkdaşları qanuna müvafiq hərəkət etmədən, özləri sayğacı sökmüş, guya laboratoriyaya baxışa qoymuşlar, onun xəbəri və iştirakı olmadan, həmçinin laboratoriya aktına da onun adından saxta imza ataraq guya ona xəbərdarlıq edilmişdir kimi onlar tərəfindən qanunsuz əməllər edilmişdir. O, həm bir vətəndaş, həm də bir abonent kimi nəyinki sayğaca müdaxilə etmə, heç sayğacın hardan açıldığını, harasının plomblu olmasını bələ bilmir. Smart kartlı sayğaca müdaxilə etmək üçün çox yaxşı texnik və ya mühəndis olmaq lazımdır. Qohum əqrəbələrdən də eşitmişdir ki, təzə quraşdırılan qaz sayğacının abonent adı fərqli çıxır, üzərində 3000-4000 manat cərimə ilə işlədilmiş sayğaclar quraşdırılararaq vətəndaşlar incidilir, öz günahlarının üstünü vətəndaşa qanunsuz cərimələr yazaraq örtməyə çalışırlar. Bundan başqa, ilkin quraşdırılan sayğacın işlənmiş, təmir olmuş sayğac, yoxsa təzə sayğac olması da heç bilmir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh onun adına tərtib etdiyi təbii X3nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli qanunsuz aktın etibarsız hesab edilməsi və Cavabdeh tərəfindən qanunsuz olaraq ondan tutulmuş 518.40 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi Ə.Mənsurov məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsi və onlardan tutulmuş 518.40 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi ilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin əsassız olduğunu əsas gətirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci ilin yanvar ayı üçün 518.40 manat məbləğində borcu vardır və aktın tərtib edildiyi tarixdən, yəni 2022-ci ilin yanvar ayından başlamaqla 2025-ci ilin yanvar ayı da daxil olmaqla 518.40 manat məbləğində pul vəsaiti həmin ünvana aid borca görə cavabdeh təşkilat tərəfindən tutulmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” 13 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, M.Kazımovski küçəsində yerləşən evə baxış keçirilmiş, baxış zamanı hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin fərqli olması, hesablama mexanizminin qoruyucu ekranın deşilməsi aşkar edilmişdir. Dəymiş zərərin hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, cavabdeh tərəf hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı qıznın mənzilinə quraşdırılmış qaz sayğacı sərfiyyatı qeyd etmədiyindən yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində Azərbaycan Meterologiya İnstitutunun nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların fərqli olduğu, hesablayıcı mexanizminin qoruyucu ekranının deşildiyi, daxilinə baxış keçirilən zaman dişli çarxlardan birinin çıxarıldığı və nəticədə hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş və çıxarılmış çarx element yuvasında aşkar edilmişdir. Qaz sayğacının yoxlanılmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Meterologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, 2021-ci ildə il ərzində cəmi 35 manat ödəniş etmişdir və bu, iddiaçının illərlə qazdan sərfiyyat qeyd edilmədən istifadə etdiyini göstərir. Bundan əlavə iddiaçı tərəfindən hesablanan borcun 2022-ci ilin fevral ayından başlanaraq ödənilməsi, yəni tutulmalar aparılması və iddiaçının illər ərzində buna etiraz etməməsi və mübahisələndirməməsi iddiaçının təqsirini qəbul etdiyini göstərir. Yuxarıda qeyd edilənlər iddiaçının sayğacdan keçən qaz sərfiyyatının qeyd edilməməsindən ötrü sayğaca müdaxilə etdiyini göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X3nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı və ödədiyi qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X3»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətində “hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi fərqlidir, hesablama mexanizminin qoruyucu ekranı deşilmişdir” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 518.40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanına (abonent kodu: **********00670) dair hesablanmış 518.40 manat məbləğində borc silinməli, əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 518.40 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə də qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanına aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00670) hesablanmış 518.40 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 518.40 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2061/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2061/2025
07.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver