Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2066/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı1 və digər İddiaçı2 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə və 3-cü şəxs Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticələrinin ləğv olunması» tələbi barədəiddia tələbləri üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə və 3-cü şəxs Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticələrinin ləğv olunması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən əmlakların qiymətləndirilməsinin nəticələri haqqında ES 48 nömrəli xx xxxxxx 2019-cu il tarixli və ES 49 nömrəli xx xxxxxx 2019-cu il tarixli əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların etibarsız hesab edilməsi və əmlakların real bazar qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2947/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı1 və İddiaçı2 18 ədəd çemodanda olan xalçalar, 13 ədəd açıq olan xalçalar, 7 ədəd əl işi suvenir xalçalar, 1 ədəd “X6 xanımı ilə” portreti olan xalça, 1 ədəd “X5” portreti olan xalça, 1 ədəd “X6” portreti olan xalça, 1 ədəd Ziya Məmmədovun portreti olan xalça, 1 ədəd “Telman İsmayılov”un portreti olan xalça, 1 ədəd Araz Ağalarovun portreti olan xalça, cəmi 160000 ABŞ dolları məbləğində olan xalçalar tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. Həmin xalçaların naturada verilməsi mümkün olmadıqda onların dəyəri olaraq 160000 ABŞ dolları ( ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borclular İddiaçı1 və İddiaçı2 tutularaq müştərək qaydada alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra işi əsasında Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı2 məxsus 2 ədəd portret xalçalara – “Ümumilli lider Heydər Əliyev” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və həyat yoldaşı xanım Mehriban Əliyeva” əmlaklar qiymətləndirilməsi üçün Cavabdeh MMC-yə göndərilmişdir. Cavabdeh MMC “Ümumilli lider Heydər Əliyev” xalçanı 12000 manat, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və həyat yoldaşı xanım Mehriban Əliyeva” xalçanı isə 16000 manat dəyərində qiymətləndirmişdir. Qeyd olunan qiymətləndirmə rəylərin heç biri ilə razılaşmayaraq hazırki iddia ilə məhkəmə müraciət etmişik. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Xalça Muzeyinin xx xxxxxx 2019cu il tarixli 1/02-229 nömrəli məktubu əsasında “Ümumilli lider Heydər Əliyev” xalçası 8500 manat, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və həyat yoldaşı xanım Mehriban Əliyeva” xalçası isə 10200 manat təşkil edir. Sırf xalçaçılıq fəaliyyəti üzrə ixtisaslaşmış və Azərbaycan Respublikasının rəsmi muzeyi olan bu orqanın verdiyi qiymət ilə xalçaçılıqla əlaqəsi olmayan digər bir MMC qiymətləri şişirtməklə əsl həqiqətə uyğun, obyektiv rəy verməmişdir. Bu rəy əsas götürərək Yasamal Rayon İcra və Probasiya Şöbəsi xalçaları qəbul etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və digər İddiaçı2 vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qiymətləndirmələri dünyaca məşhur rəssam Natiq Səfərov aparmışdır. Bu baxımdan qiymətləndirmənin düzgün aparıldığını hesab edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2947/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclular İddiaçı1 və İddiaçı2 18 ədəd çemodanda olan xalçalar, 13 ədəd açıqda olan xalçalar, 7 ədəd əl işi suviner xalçalar, 1 ədəd “X6 xanım ilə” portreti olan xalça, 1 ədəd “X7”in portreti olan xalça, 1 ədəd “Ziya Bünyadov”un portreti olan xalça, 1 ədəd “Telman lsmayılov”un portreti olan xalça, 1 ədəd “Araz Ağalarov”un portreti olan xalça, cəmi 160000 ABŞ dolları məbləğində olan xalçalar alınaraq tələbkar X2 verilməli, həmin xalçaların naturada verilməsi mümkün olmadıqda onların dəyəri olaraq 160000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının teyin etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borclular İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İşin materiallarından görünür ki, həmin icra vərəqəsi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində icra icraatına başlanmış, icraat dövründə ümumi borcun 255000 manat olan hissəsi ödənilərək 17000 manat borc qalmış, İddiaçı1 həmin borcun əvəzində icra sənədində qeyd olunan 1 ədəd “X6 xanım ilə” portreti olan xalçanı və 1 ədəd “X7”in portreti olan xalçanı tələbkara qaytarmağa hazır olduğunu bildirmiş, lakin tələbkar X4 həmin portretlərin ona məxsus olmadığını əsas gətirərək onları qəbul etməkdən imtina etmişdir. İşin materiallarından həmçinin görünür ki, icra məmuru borclu tərəfindən təqdim olunmuş portret xalçaların icra sənədinə uyğun olub-olmadığını müəyyən etmək üçün Cavabdeh MMC-dən mütəxəssisin dəvət edilərək xalçaların qiymətləndirilməli olduğunu qərara almış, Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli ES 48 və ES 49 nömrəli portret-xalça dəyərləndirilməsi barədə hesabatları ilə “Ümumilli lider Heydər Əliyev” portret-xalçası 12000 manat, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və həyat yoldaşı xanım Mehriban Əliyeva” portret-xalçası isə 16000 manat dəyərində qiymətləndirmişdir. Qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 53-cü maddəsinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə isə təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür – pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırki iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda belə qiymətləndirməni mübahisələndirmək hüququna malik olmaq kimi qəbul edilə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə məhkəmə mübahisələndirməsinin predmeti ola bilər. İcra icraatı zamanı isə borclunun hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, icra sənədi üzrə 17000 manat borc qalmış, borclu İddiaçı1 qalıq borcun əvəzində icra sənədində qeyd olunan 1 ədəd “X6 xanım ilə” portret-xalçanı və 1 ədəd “X7”in portret-xalçanı tələbkara qaytarmağa hazır olduğunu bildirsə də, tələbkar X4 həmin portretlərin ona məxsus olmadığını əsas gətirərək onları qəbul etməkdən imtina etmiş, icra məmuru isə icra sənədinə əsas olmuş qətnamə ilə “X6 xanım ilə” portret-xalçanın dəyərinin 6000 ABŞ dolları, “X7”in portret-xalçanın dəyərinin isə 5000 ABŞ dolları olmasının müəyyən edildiyini vurğulamaqla tələbkara təklif edilən portret-xalçaların icra sənədinə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün onların qiymətləndirilməsini keçirtdirmişdir. Başqa sözlə, mütəxəssis dəvət edilərək qeyd edilən portret-xalçaların qiymətləndirilməsində məqsəd qiymətləndirmə əsasında əmlakın (xalçaların) tələbkara təklif olunması və ya həmin qiymətləndirmə əsasında hərracın keçirilməsi deyil, tələbkara təklif olunan xalçalarla icra sənədinə əsas olmuş qətnamənin aid olduğu mülki işdə mübahisə edilən xalçaların eyni olub-olmadığını müəyyən etmək olmuşdur. Məhz bu səbəblədir ki, iddiaçılar qiymətləndirilmə barədə hesabatları mübahisələndirərkən əmlakların qiymətinin əslində daha yüksək olduğunu deyil, daha aşağı olduğunu iddia etmişlər. Halbuki iddiaçıların qiymətləndirilmə barədə hesabatları əmlakların qiymətinin həqiqətdə daha yüksək olduğunu irəli sürməklə mübahisələndirmələri daha məntiqli olardı. Çünki iddiaçılara aid portret-xalçalara daha çox dəyərin qoyulması onların mənafeyinə daha uyğundur. Bütün bunlar həmçinin onu göstərir ki, iddia qaldırarkən iddiaçının güdmüş olduğu məqsəd yenidən müəyyənləşdiriləcək qiymət əsasında əmlaklarının tələbkara təklif edilməsini və ya hərraca çıxarılmasını təmin etmək olmamışdır; hazırkı iddia ilə iddiaçıların istəyi tələbkara təklif olunan xalçalar ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2947/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamənin aid olduğu mülki işdə mübahisə edilən xalçaların eyni olduğunu sübut etmək olmuşdur. Bütün bunlar o deməkdir ki, iddiaçıların narazılığı xalçalara qoyulan qiymətlə bağlı deyil; icra məmurunun hərəkətləri ilə bağlıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2947/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, icra ilk növbədə naturada həyata keçirilməli, orada göstərilən xalçaların naturada verilməsi mümkün olmadıqda isə onların dəyəri tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2947/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin aid olduğu icra işində isə borcuların (iddiaçıların) naturada təqdim etdikləri xalçalar 1 ədəd “X6 xanım ilə” portret-xalça və 1 ədəd “X7”in portret-xalçalar icra sənədinə uyğun olmadıqları əsas götürülərək icra hərəkəti kimi qəbul etməmişdir. Bu mənada məhkəmə izah edir ki, əgər iddiaçılar təqdim etdikləri xalçaların icra sənədinə uyğun olduğu halda qəbul edilmədiyini iddia edirlərsə, bununla əlaqədar icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət edə bilərlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən qiymətləndirmə hesabatlarının etibarsız hesab edilməsi üçün əsaslar olmadığına görə həmin tələb rədd olunmalıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə uyğun işdə iştirak edən şəxslərə aid edildiyindən, iddianın təmin edilməməsi nəzərə alınıb məhkəmə xərcləri iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavadeh Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticələrinin ləğv olunması” tələbi barədə iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2066/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2066/2020
14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver