Məhkəmə qərarları › İş №2(001)-2069/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2069/2021

24.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2069/2021 24.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh “Cavabdeh” İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanında onun adına hesablanmış 216 manat borcun “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən 76 saylı evdə yaşayır. 10 ildən artıq müddətdə istifadə etdiyi qaz sayğacı xx.xx.2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində mexaniki sayğac quraşdırılmışdır. Həmin ərəfədə atası vəfat etdiyi üçün o ailə üzvlərilə birlikdə rayonda olmuşdur. O akta imza etməmiş, onun imzasını saxtalaşdırmışlar. O, ailə üzvlərilə birlikdə rayona gedərkən sayğacın plombu yerində olmuş, sayğacda heç bir zədə olmamışdır. Bu yaxınlarda istifadə etdiyi təbii qaz üçün pul ödəmək istəyərkən məlum olmuşdur ki, 216 manat cərimə yazılmışdır. O qaz idarəsinə müraciət edərkən ona bildirilmişdir ki, o, qaz sayğacını zədələməsi səbəbindən 216 manat əlavə sərfiyyat haqqı kimi yazılmış borcu ödəməlidir. Göstərilənləri nəzərə alaraq, ünvan 1 saylı ünvanında onun adına hesablanmış 216 manat borcun “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Cavabdeh” İB məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx xxxx 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xocəsən qəsəbəsində yerləşən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilmiş, yuvasının ətrafının zədəli olduğu, yivli birləşmələri korroziyaya uğradığı aşkar edilmiş, digər bir sayğacla əvəz edilmişdir. Mülki işin materiallarında olan “Cavabdeh” İB Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli, 29/1710-02981-1 saylı aktdan görünür ki, Dövlət yoxlaması nəticəsində 1202AQ**********9 nömrəli qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Yivli birləşmələri korroziyaya uğramışdır. Sayğacın yaddaş aktivi oxunmuşdur. xx.xx.2018-ci il tarixində ALARM-1 rejimi aşkar olunmuşdur. İş materiallarında olan abonent İddiaçı məxsus №**********01660 saylı Abonent saldosundan görünür ki, 2020-ci il üçün qazdan istifadə etməklə yaranmış sərfin məbləği 93 manat, qalıq və akta görə hesablanmış borc 216 manat təşkil edir. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən istehlakçı İddiaçı aid qaz sayğacı növbəti texniki baxışdan keçirilən zaman saygaca müdaxilə edildiyi aşkar edilmiş, yoxlanılması üçün sayğac çıxarılaraq ekspertizaya göndərilmişdir. Müvafiq qurumun verdiyi rəyə əsasən sayğacın klapanının işlək olmadığı müəyyən edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilərək, istehlakçı İddiaçı itirilmiş qaza görə 216 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən ünvan 2 ünvanda istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı evin daxilində deyil, hasarın çöl tərəfində, yəni ümumi istifadə olunan yolda quraşdırılmışdır. İddiaçı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Çünki, qaz sayğacı kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Cavabdeh isə qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini bildirir, bununla belə məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın .... 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktlar ilə bağlı məhkəmə qeyd edir ki, həmin sübut özlüyündə mütəxəssisin apardığı tədqiqat nəticəsində aşkar etdiyi halları əks etdirməklə mübahisə predmetinə aid olmayan sübutdur. Belə ki, iddiaçı sözügedən sayğacda yoxlama zamanı aşkar edilmiş hallar barədə mübahisə etmir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış sayğaca kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Bundan başqa, həmin saygac çıxarılan zaman iddiaçının iştirakı təmin edilməmiş, sayğacın hansı şəkildə çıxarılması, çıxarılan zaman zədələnməyə məruz qalıbqalmaması, bundan sonra bir aydan çox müddətdə hansı şəraitdə saxlanılması da bəlli deyil. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alan məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh” İB tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında istehlakçı İddiaçı itirilmiş qaza görə hesablanmış 216 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı (abonent №**********01660, ünvan 2) itirilmiş qaza görə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar