Məhkəmə qərarları › İş №2(001)-2073/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2073/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2073/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Əbioğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00060 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb etdiyi 2080,4 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 2-də yeləşən, 6 A saylı evdə yaşayır. Eyni zamanda evin mülkiyyətçisinin oğludur. xx.xx.2016-cı il tarixində iddiaçı ilə cavabdeh arasında qazın alğısatqısı barədə müqavilə bağlanmış və müqavilə əsasında evdə smart tipli, G-4 markalı Sayğac quraşdırılmışdır. xx.xx.2021-ci il tarixində evdə quraşdırılmış həmin qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılmış və yeni sayğac quraşdırılmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Aktda sayğacın çıxarılma səbəbi olaraq yivli birləşmələrin ləğvi və yeni sayğacın quraşdırılma səbəbi olaraq isə qaynaq üsuluna keçid olaraq əvəzetmə qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixində əhali sektorunda olan qaz sayğacları BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş və dövlət yoxlamasından keçirilmişdir. Sayğaca ümumi baxış keçirilən zaman sayğacın klapanın işlək olmadığı, göstəricilərinin arasında fərq olduğu qeyd edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Bu barədə AR DNŞ Cavabdeh İB-nin Metrologiya departamenti tərəfindən qaz sayğacının yoxlanması barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq olduğuna görə qaz itkisi olduğu qeyd olunmuş və ona məxsus abonent koduna 2080,4 manat borc hesablanmışdır. Qeyd edir ki, onun və ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir. Əgər hər hansı qaz itkisi faktı aşkarlanıbsa, onun təqsiri, hərəkət və hərəkətsizliyi ucbatından olmamışdır. Hər bir nasazlıq barədə AR DNŞ Cavabdeh İB-nin əməkdaşlarına da məlumat verilmişdir. Abonentin saldosuna nəzər yetirdikdə görünür ki, evdə qaz sərfiyyatına uyğun olaraq vaxtı-vaxtında borclar ödənilmişdir. Digər tərəfdən 2 nəfər şəxsin yaşadığı evdə bu qədər yüksək həcmdə qazın itkiyə getməsi ağlabatan deyil. Əslində qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi istehlakçının vəzifəsi deyildir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, həmin ünvana smart kart tipli qaz sayğacı xx.xx.2016-cı il tarixdə quraşdırılmışdır. xx.xx.2021-ci il tarixində qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən çıxarılmış və yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğac laboratoriya yoxlamasından keçdikdə klapanın işləmədiyi müəyyən olunmuş və sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq yarandığı müəyyən olunaraq qaz itkisi ilə bağlı 2080,40 manat borc hesablanmışdır. Sayğaca nəzarət etmək Cavabdeh İB-nin əməkdaşlarının vəzifəsidir. O, sayğaca hər hansı qanunsuz müdaxilə etməmiş, ödənişləri smart kart vasitəsilə aylıq 80-90 manat olaraq ödəmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Sayğacın mexaniki hissəsində göstərilən sərfiyyata müdaxilə halı mümkün deyildir. Orada sərfiyyat göstərilirsə, deməli həmin məbləğdə qazdan istifadə olunub. İllər arasında ödənişlərə baxıldıqda, sərfiyyatın həqiqi olduğu görünür. Çünki mexaniki hissədə sayğacdan keçən qaz sərfiyyatı dəqiq qeyd olunur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, sayğacda mənfiyə getmə olmuşdur. Bu batereyanın zəifləməsi və s. formada ola bilər. Sayğaca qanunsuz müdaxilə olmamışdır. Çıxarılan sayğac üzərində abonentin sərfiyyat borcu qalmışdır. Sərfiyyat borcu isə 2084,40 manat təşkil edir.

7. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixind elektron qaydada iddiaya etirazını təqdim edərək, iddia tələbinin qanunsuz və əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci il tarixdə quraşdırılmış 1602AZ**********16 saylı, Smart G-4 İTRON tipli sayğac xx.xx.2021-ci il tarixə qədər istifadədə olmuş, sayğac istifadədə olduğu müddət ərzində istifadə edilmiş ümumi sərfiyyatın cəmi 11385 m³ hissəsi əvvəlcədən ödəniş edilməklə alınmışdir. Sayğac çıxarılan zaman elektron hissənin göstəricisinin 11209.80 m³, mexaniki hissənin göstəricisinin 21867 m³ olması faktı aşkara çıxarılmışdır. "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2021-ci il tarixli, ******* saylı aktda qeyd olunan hallar öz əksini tapmış, akt Azəriqaz İB-nin əməkdaşları və istehlakçı tərəfindən imzalanmışdır. Mənfiyə getmə nəticəsində istehlakçı tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatı bu qaydada hesablanaraq abonentin saldosuna daxil edilmişdir: 21867 m³ (mexaniki hissənin gösraticisi) 11385 m³ (əvvəlcədən ödəniş etməklə alınmış qaz sərfiyyatı) = 10 482 m³ İstehlakçının əvvəlki illərdən istifadə edilməmiş limit həddi 160 m³ təşkil etmişdir. 10482 m³-160 m³= 10322 m³ (10322 m³ x 0.20 qəp) + (160 m³ x 0.10 qəp) = 2084.40 manat (bu məbləğ abonentin saldosuna daxil edilmişdir) xx.xx.2021-ci il tarixdə quraşdırılmış **********891 saylı, ZENNER G4T SMART tipli sayğac həmin tarixdən də istifadə edilməyə başlamışdır. Göründüyü kimi, şəxsin həm xx.xx.2021-ci il tarixə qədər, həm də sonrakı tarixdə istifadəsində yalnız Smart sayğac olmuşdur. İddiaçı iddia ərizəsində sayğacın mexaniki hissəsinin göstəricilərinin doğruluğunu şübhə altına alaraq qeyd edir ki, evində o qədər sərfiyyatın ola biləcəyi inandırıcı deyildir. Lakin, yeni quraşdırılmış smart sayğac üzrə sərfiyyat və ödəniş üzrə göstəricilər bunun əksini sübut edir. Belə ki, 12/2020-90 manat, 01/2021-60 manat, 02/2021-90 manat, 12/2021-150 manat 01/2022-130 manat, 02/2022-95 manat cəmi üç ayın göstəriciləri arasında fərq 135 manat təşkil etməkdədir. Bu isə bir daha təsdiq edir ki, istehlakçı əvvəlki sayğac üzrə ödəniş etmiş olduğu sərfiyyatdan həqiqətən də 10 482 m³ daha artıq qaz istehlak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın.5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İddiaçı ilə bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqi-satqısı Müqaviləsinin 2.2.2.-ci maddəsinə əsasən İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququ olaraq, 2.3.1.-ci maddəsinə əsasən isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Buna görə də İddiaçı (İHN:**********00060) "Azəriqaz" İB-yə qarşı iddia tələbi qanunsuz və əsassız olduğu üzün iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. İddiaçı ilə Cavabdeh İB arasında bağlanan xx.xx.2016-cı il tarixli, 33549 №-li müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

10. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2016-cı il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı ünvanına Smart tipli, G-4 markalı, 1602AZ**********16 nömrəli sayğac quraşdırılmışdır.

11. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı ünvanından Smart tipli, G-4 markalı, 1602AZ**********16 nömrəli sayğac çıxarılmış, yerinə Smart tipli, G4 markalı, 178**********891 nömrəli sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi, yivli birləşmələrin ləğvi göstərilmişdir. Həmçinin aktdan qeyd edilir ki, sayğacın elektron və mexaniki göstəriciləri fərqlənir.

12. Gasrep adlı çıxarışdan görünür ki, iddiaçı istehlakçı kimi sonuncu dəfə qazdan istifadəyə görə 2021-ci ilin fevral ayında 90 manat ödəniş etmişdir ki, həmin vaxt sayğacda sərfiyyat göstəricisi 10960 kub.m olmuşdur.

13. Abonentin saldosundan görünür ki, 2021-ci ilin aprel ayına X1 abonent hesabına 2080, 40 manat borc hesablanmışdır

14. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qaz sayğacının yoxlanması barədə MSK-29/1710-01197-1 saylı aktdan görünür ki, Smart tipli, G-4 markalı, 1602AZ**********16 nömrəli sayğacın klapanı işlək deyil, Göstəricilər arasına fərq mövcuddur. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda istismar müddətdə Alarm-1 rejimi aşkar olunmamışdır. Sayğacda qüsurlara görə qaz itkisi olmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. İddiaçının yaşadığı evə-ünvan 1 ünvanına verilən təbii qazın istehlak miqdarını ölçmək üçün Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2016-cı il tarixində Smart tipli, G-4 markalı, 1602AZ**********16 saylı sayğac quraşdırılmışdır. Həmin sayğac xx.xx.2021ci il tarixinədək iddiaçının istifadəsində olmuşdur.

16. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla Smart tipli, G-4 markalı, 1602AZ**********16 nömrəli sayğac çıxarılmış, yerinə Smart tipli, G4 markalı, 178**********891 nömrəli sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi kimi, yivli birləşmələrin ləğvi göstərilmişdir. Həmçinin aktdan qeyd edilir ki, sayğacın elektron və mexaniki göstəriciləri fərqlənir.

17. Aktda çıxarılan qaz sayğacının elektron göstəricisinin 11209,8 kub.m olduğu, mexaniki göstəricisinin 21867 kub.m olduğu qeyd edilmişdir. Çıxarılan sayğac yoxlanılmış və Cavabdeh İB tərəfindən tərtib olunan MSK-29/1710-0119-1 saylı akt ilə qaz sayğacının istifadəyə yararsız olduğu və işlək olduğu dövrdə qaz itkisi olduğu aşkar edilmişdir.

18. Gasrep adlı çıxarışdan göründüyü kimi, iddiaçı istehlakçı kimi sonuncu dəfə qazdan istifadəyə görə 2021-ci ilin fevral ayında 90 manat ödəniş etmişdir ki, həmin vaxt sayğacda sərfiyyat göstəricisi 10960 kub.m olmuşdur. Sayğacın quraşdırıldığı dövrdən növbəti bir il ərzində istehlakçı tərəfindən 1719 kub.metr həcmində qaz sərfiyyatı edilmişdir. Sayğacın çıxarıldığı dövrdən əvvəlki bir il ərzində isə istehlakçı tərəfindən təqribən 3600 kub.metr həcmində qaz sərfiyyatı edilmiş və orta hesabnan hər ay üçün 45 manat dəyərində qazdan istifadə edilmişdir.

19. Gasrep adlı çıxarışa əsasə istehlakçının sayğac quraşdırılan vaxtdan yəni 2016-cı ilin noyabr ayından, 2021-ci ilin fevral ayınadək cəmi 11385 kub.m qaz sərfiyyatı olduğu görünür.

20. Cavabdehin nümayəndəsi isə xx.xx.2021-ci il tarixli ******* saylı aktla çıxarılan Smart tipli, G-4 markalı, 1602AZ**********16 nömrəli sayğacın mexaniki göstəricisinin 21867 kub.m olmasına istinad edərək, iddiaya etirazında qeyd edir ki, cavabdeh tərəfindən istifadə edilmiş 11385 kub.m qazın dəyəri ödənilmişdir.

21. Lakin sayğacın mexaniki göstəricisinin yalnış hesablamasının mümkün olmamasına istinad etməklə, istehlakçı tərəfindən ödənilən sərfiyyatdan daha artıq (10482 kub.m) qaz istehlak edildiyini əsas gətirməklə abonentin saldosuna 2080,4 manat qalıq borc daxil etmişdir.

22. Hazırda iddiaçı həmin borcun əsassız olaraq hesablandığını, sayğacın kənar təsirlərdən mühafizəsinin onun tərəfindən mümkün olmamasını, istehlak iddia edərək, ona hesablanan 2080,40 manat borcun abonent hesabından silinməsini tələb edir.

23. Cavabdehin nümayəndəsi isə iddiaya etirazında istehlakçıya məxsus sayğacın çıxarılan zaman elektron hissənin göstəricisinin 11209.80 m³, mexaniki hissənin göstəricisinin 21867 m³ olduğunun aşkar edildiyini, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2021-ci il tarixli, ******* saylı aktda qeyd olunan halların öz əksini tapdığını bildirməklə, qeyd edilən aktla sayğacda mənfiyə getmə nəticəsində istehlakçı tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatı hesablanaraq abonentin saldosuna daxil edildiyini təsdiq edir. Əlavə olaraq sayğacın mexaniki hissəsinə hər hansı müdaxilənin edilməsi imkanının olmadığını və sayğac göstəricisinin tamamilə sərfiyyat borcu olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

26. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

27. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

28. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

29. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

30. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

31. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

32. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

33. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

34. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 2080,40 manat məbləğində borc hesablamışdır.

35. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

37. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

38. Dəyişdirilən sayğacın yoxlanması zamanı tərtib edilən MSK-29/1710-01197-1 saylı aktdan görünür ki, 11602AZ**********16 nömrəli sayğacın klapanın işlək olmadığı və qaz itikisinin olduğu aşkar edilmişdir. Nəticədə sayğacda olan qüsurlara görə abonentə qaz sayğacının normal işləmədiyi dövrdə istifadə edilən qaz sərfiyyatına görə 2080,40 manat məbləğində borc hesablanmışdır.

39. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərir ki, sayğacda mənfiyə getmə halı bir neçə səbəbdən ola bilər. Həmçinin sayğaca heç bir qanunsuz müdaxilə olmamışdır.

40. Məhkəmə araşdırması zamanı sübutetmə yükünün bölgüsü baxımından AKT-ın doğruluğunu, abonentin təqsirliliyini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Hətta məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi sayğacda mənfiyə getmə halının bir neçə səbəbdən ola biləcəyini bildirmiş və sayğaca heç bir qanunsuz müdaxilə olmadığını təsdiq etmişdir.

41. Buna görə də sayğacın zədələnməsində və bunun nəticəsində qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən hesablanmış borc əsassız hesab edilməli və İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir.

42. Eyni zamanda nəzərə alınmalıdır ki, əvvəlki aylara görə borcun olmaması barədə verilən sənəd həmin ana qədər öhdəliyin tam icra olunduğunu təsdiq edir. Buna baxmayaraq sayğacın çıxarıldığı zaman onun mexaniki hissəsinin göstəricisinə(21867 kub.m) uyğun olaraq əvvəlki dövrə görə borc hesablamaqda istehsalçı haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.

43. Bundan başqa məhkəmə iddianı ona görə əsaslı hesab edir ki, ehtimal olunsa ki, sayğacın sərfiyyat göstəricisi səhvdir, bu halda belə istehlakçının mexaniki göstəricidə qeyd olunduğu həcmdə qazdan istifadə etməsi inandırıcı deyil. Belə ki, sayğacda nasazlığın yaranmasının dərhal deyil, sayğacın quraşdırıldığı vaxtdan bir neçə il sonra onun istismarı nəticəsində baş verməsi daha məntiqlidir, çünki yeni quraşdırılan sayğacın normal işləməli olmasının təqzibinin konkret olaraq sübuta ehtiyacı vardır. Bu isə onu deməyə əsas verir ki, sayğacın quraşdırıldığı il üçün qaz sərfiyyatı real olmuşdur. Və sayğac quraşdırıldığı vaxtdan bir il ərzində(11.20xx-xx.2017) iddiaçı cəmi 1700 kub.metr həcmində qazdan istifadə etmişdir. Odur ki, istehlakçının 3 il yarım üçün ümumi olaraq 11385 kub.metr həcmində qazdan istifadə etməsi inandırıcı hesab edilməlidir.

44. Beləliklə məhkəmə o qənaətə gəlir ki, cavabdeh etirazının dəlillərini sübut edə bilmədiyindən iddiaçının tələbi əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

45. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

46. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

48. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

49. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

51. 112.1.7. ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—iddianın qiyməti qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir;

52. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

53. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

54. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

55. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir;

56. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Nəticə:

57. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 2080,40 manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********00060) silinməli və istehlakçının ödəməkdən azad olduğu 41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

1. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2080,40 (iki min səksən manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********00060) silinsin. Cavabdehndən 41 (qırx bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar