Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2087/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X3 Sahəsi, İ mədən küçəsi, bina 0220, mənzil 0030, abonent kodu: **********00030 olan adına hesablanmış 460 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o məcburi köçkün kimi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 42-ci korpusda yerləşən 3 saylı mənzildə məskunlaşmışdır. Özü fəhlə işləyərək, ailəni dolandırmağa çalışmışdır. Himayəsində azyaşlı övladları vardır. Belə ki, qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 28 oktyabr 2019-cu il tarixli, akta əsasən qeyd edilən fərdi yaşayış evinə yeni sayğac quraşdırılmış və əvvəlki sayğaca guya tərəfindən müdaxilə olunduğu üçün 460 manat cərimə olunmuşdur. Həmin pulun bir hissəsi kartından çıxılaraq 446 manat borcu qalmışdır. Bildirir ki, o səhər tezdən evdən çıxaraq axşam evə qayıdır. Evinə quraşdırılmış sayğac vətəndaşlarında mütəmadi istifadə etdikləri yolun kənarındadır. Bir sözlə nəzarətsizdir. Əvvəlki qaz sayğacı çıxarılan zaman ona heç bir məlumat verilməmişdir. Smart tipli qaz sayğacına pul yükləyən zaman məbləğin kartından çıxıldığını görmüşdür. Bundan sonra “Azəriqaz” İB-nin Binəqədi rayonunda yerləşən idarəsinə müraciət etdikdən sonra ona 28 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş aktı və abonentin saldosunu təqdim edərək borcunun olduğunu və bu səbəbdən də smart tipli qaz kartına yüklədiyi pulların bir hissəsini borca çıxıldığını bildirmişlər. Guya əvvəlki qaz sayğacına müdaxilə etdiyi üçün yenisi ilə əvəz olunmuş və hazırki borc məbləği ilə onu cərimə etmişlər. Aktda göstərilən fikirlər yalandır və həqiqəti əks etdirmir. İlk əvvəl cərimə olunması barədə ona xəbərdarlıq edilməli idi. Bundan əlavə müdaxilə olunmuş sayğac onun iştirakı ilə dəyişdirilməli və yenisi ilə əvəz edilməlidir. “Azəriqaz” İB-nin əməkdaşları qanunsuzluqlar edərək, onun kimi bir çox vətəndaşların başına sözün əsl mənasında öz səhvlərinin nəticələrini yükləyərək, xeyli miqdarda cərimələmişlər. Qaz sayğacını yoxlamaq üçün qapıya hər dəfə başqa şəxslər gəlir. Yeni gələnlər əvvəlki əməkdaşların qanunsuzluqları ucbatından işdən kənarlaşdırıldıqlarını bildirmişlər. Onun maddi vəziyyəti olduqca pisdir. 2 aya 300 manat pul qazana bilir. Bir ədəd qızdırıcı ilə evin istiyili təmin edilir. “Azəriqaz” İB tərəfindən onun evinə verilən qazın kəsilməsi ilə hədələnir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, sayğaca hər hansı kənar təsir olmamışdır. Sayğac dəyişdirildikdən sonra ona cərimə yazılmışdır. “Azəriqaz” İB-nin işçilər ondan 180 manat pul alaraq sayğacı düzəltdiklərini bildirmişlər. 1 həftə sonra yeni əməkdaş gəlmiş sayğaca baxış keçirdikdən sonra qanunsuz müdaxilənin olduğunu bildirmişdir. Sayğacadan cəmi 1 dəfə qaz sızıntısı olmuş və yenisi ilə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, tərtib olunan akt qanunsuz deyil. Belə ki, 2018-2019-cu illərdəki ödənişlər tədqiq olunarsa qanunsuz istifadə faktının mövcudluğu öz əksini tapar. 2018-ci ildə 50 manat, 2019-cu ildə isə cəmi 5 manat ödəniş edilmişdir. Ödənişlərdən də göründüyü kimi sayğac düzgün işləməmişdir. 2019-cu ildə isə sayğac dəyişdirilmiş və qanunsuz istifadə halı müəyyən edildiyindən akt tərtib olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azəriqaz” İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, İddiaçı ünvanında İtron tipli, G-4 markalı, **********00030 nömrəli sayğac yeni sayğazla əvəz edilmişdir. BRQSD-nin Binəqədi rayon üzrə qrup rəhbəri E.İmamverdiyev, mühəndis A.Baxşıyev və çilingər M.Ələkbərov tərəfindən tərtib edilən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı qərarın surətindən görünür ki, İddiaçı məxsus ünvanda yerləşən **********00030 nömrəli sayğacın klapanı işlək deyil. Hesablama mexanizmasının qoruyucu örtüyü üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Akt üzrə dəymiş zərərin hesablanması istənilmişdir. Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilən 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbmamədən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən və abonent kodu **********00030 olan sayğacda Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 21.11.2019-cu il tarixli 29/1710-03221-1 №-li aktına əsasən G-4 markalı **********00030 №-li sayğacın klapanı işlək vəziyyətdə deyil. Alarm-1 rejimi aşkar olunmuşdur. Dəymiş ziyanın həcmi 4644 kub.m müəyyən edilmişdir. Gasrep adlı sənəddən görünür ki, İddiaçı məxsus abonent kodu **********00030 olan sayğaca 448,4 manat borc məbləği hesablanmışdır Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Əvəzləşdirilmə zamanı dəyişdirilən qaz sayğacının klapanının işlək olmadığı müəyyən edilmişdir. Həmçinin buna görə cavabdeh tərəfindən iddiaçıya qazdan istifadəyə görə 460 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız olaraq hesablandığını, sayğacın kənar təsirlərdən mühafizəsinin onun tərəfindən mümkün olmamasını iddia edərək, ona hesablanan 460 manat borcun abonent hesabından silinməsini tələb edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 460 manat məbləğində borc hesablamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilən zaman sayğacın klapanının işlək olmaması aşkar edilsə də, zədənin abonentin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmiş olmasına dair hər hansı xəbərdarlıq edilməmiş, sadəcə müşahidə edilmiş faktı təsdiq etmişlər. Lakin sonradan həmin zədənin nəticəsi olaraq, sanki abonentin təqsirinin sübuta yetirildiyinə görə ona cərimə borcu hesablamışlar. Məhkəmə araşdırması zamanı sübutetmə yükünün bölgüsü baxımından AKT-ın doğruluğunu, abonentin təqsirliliyini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Buna görə də sayğacın zədələnməsində və bunun nəticəsində qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən hesablanmış borc əsassız hesab edilməli və İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 29.11.2019-cu il tarixli, ******* nömrəli AKT-a əsasən hesablanmış 460 manat məbləğində cərimə borcu İddiaçı abonent hesabından (abonent kodu **********0030) silinməli və istehlakçının ödəməkdən azad olduğu 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 29.11.2019-cu il tarixli, ******* nömrəli AKT-a əsasən hesablanmış 460 (dörd yüz altmış) manat məbləğində cərimə borcu İddiaçı abonent hesabından (abonent kodu **********0030)silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2087/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2087/2021
29.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver