Məhkəmə qərarları › İş №2(001)-2093/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2093/2021

22.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2093/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) X4, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, 96 saylı evin 37 saylı mənzilinə (kod 06/22-430) cərimə hesablanması ilə bağlı tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, R 027781 nömrəli akt əsasında hesablanmış 3.989,34 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzili xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə vermişdir. Qeyd olunan mənzildə (kod 06/22-430) cavabdeh tərəfindən quraşdırılmış sayğac vasitəsilə X1 olunur. Həmin sahə icarəyə götürüldükdən sonra təmir olunmuş və 2020-ci il mart ayının 1-dən gözəllik salonu kimi fəaliyyətə başlamışdır. Sonradan pandemiya səbəbindən salonun fəaliyyəti dayanmışdır. Salonun fəaliyyət göstərməyə başladığı günlərdən hazırki günə qədər cavabdehin əməkdaşları tərəfindən dəfələrlə yoxlama aparılmış, lakin heç bir nöqsan aşkar edilməmişdir. Lakin, sonuncu dəfə xx xxxxxxx 2020ci il tarixində “xxxx” ASC-nin 3 nəfər əməkdaşı tərəfindən yenidən yoxlama aparılmış və salonda sayğacdan kənar xətt vasitəsilə X1 olunduğu üçün xx xxxxxxx 2020-ci il tarixdə R 027781 nömrəli akt tərtib edilmişdir. Yoxlama aparılan zaman salonda “xxxx” ASC-nin əməkdaşlarından başqa kənar şəxslər olmamışdır. Həmçinin aktda guya elektrik xəttindən axan yükün ölçüldüyü və 46 amper olduğu göstərilmişdir. Həmin vaxt ümumiyyətlə “xxxx” ASC-nin əməkdaşları tərəfindən hər hansı bir ölçmə əməliyyatı aparılmamışdır. O, cərimə yazılması ilə bağlı məlumat əldə etdikdən sonra cavabdehin müvafiq idarəsinə müraciət etmiş və həmin idarə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə bildirilmişdir ki, sayğacdan kənar xətt aşkar edilməsi nəticəsində itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 44.326 kvt.s - 3.989,34 manat məbləğində cərimə yazılmışdır. Lakin, cərimənin hansı formada hesablanması ilə əlaqədar ona heç bir sənəd təqdim olunmamış, sadəcə olaraq bildirmişlər ki, salona bir il müddətinə cərimə hesablanmışdır. Qeyd etdiyi kimi salonun fəaliyyəti pandemiya dövrünə düşdüyü üçün heç 3 ay təşkil etmir və bu dövr ərzində o, işıq pulunu göndərilmiş qəbzlər əsasında ödəmişdir. Hətta sonuncu dəfə elektrik enerjsiindən istifadəyə görə xx xxxxxx 2020-ci il tarixdə 600 manat birdəfəlik pul ödəmişdir. Lakin, bir il müddətinə cərimə hesablayan zaman cavabdeh salonun fəaliyyət göstərməməyini, fəaliyyət göstərdiyi müddət üçün isə ödəniş etdiyini nəzərə almamışdır. Həmçinin həmin müddətin necə müəyyən edildiyi və hansı normativ akta istinad etdikləri məlum deyildir. Göstərilənlər bir daha sübut edir ki, cavabdeh tərəfindən ona qanunsuz və əsassız cərimə yazılmışdır. Göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, R 027781 nömrəli akt birtərəfli qaydada tərtib olunmuşdur. Digər tərəfdən, həmin akt “X1 Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə uyğun deyildir. Belə ki, həmin akt tərtib olunan zaman hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan əlavə, cərimə hesablayan zaman cavabdehin cərimə hesablanan müddəti necə müəyyən etdiyi və hansı normativ akta istinad etdiyi məlum deyildir. Həmçinin, cavabdehin əməkdaşları ona məxsus obyektdə yoxlama aparılması (elektrik sayğacına və sexin ərazisinə baxış keçirilməsi) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd təqdim etməli və sonra yoxlama aparmalı idilər. Ona verilən məlumata görə cavabdehdə belə bir sənəd mövcud deyildir və onlar qanunvericiliyin tələblərini pozaraq bu cür yoxlamalar aparırlar. Yoxlamanın keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd olmadığı üçün keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İddiaçı ilə X2 arasında olan icarə müqaviləsi xx xxxxxx 2020-ci il tarixdə bağlanmışdır. İcarəyə verilən sahə gözəllik salonu kimi fəaliyyət göstərmişdir. Respublikada koronovirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olaraq gözəllik salonu həmin vaxtlarda fəaliyyət göstərməmişdir. Qeyd olunan gözəllik salonunda istifadə edilən elektrik enerjisinə görə iddiaçı hər ay ödənişini vaxtında ödəmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktdan da görünür ki, akt tərtib edilərkən hal şahidləri olmamış, akt yalnız cavabdehin öz əməkdaşlarının iştirakı ilə tərtib olunmuşdur. Belə bir məqamda var ki, əgər iddiaçı tərəfindən hər hansı sayğaca qanunsuz qoşulma faktı olsaydı iddiaçıya ödənişlə bağlı bildirişlər gəlməzdi. Lakin, iddiaçıya hər ay mütəmadi olaraq ödənişlə bağlı bildirişlər gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı sayğacdan kənar xəttdən istifadə etmiş, bu da “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aşkar edilmiş, nəticə etibarı ilə sayğacdan qanunsuz qoşulma faktı ilə əlaqədar akt tərtib edilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixli akt qanunauyğun olaraq tərtib edilmiş, onun əsasında da iddiaçıya 3.989,34 manat məbləğində əlavə sərfiyyat borcu (cərimə) hesablanmışdır. Cərimənin hesablanma qaydası isə “X1 Qaydaları”nın 8.32-ci bəndi ilə tənzimlənir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (icarəyə verən) ilə X2 (icarəçi) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,14 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəni (tam hissə 52,14 kv.m) icarəçiyə icarəyə vermişdir. xx xxxxxxx 2020-ci il tarixli, R 027781 nömrəli aktdan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış və sayğacdan kənar xətt qoşulması aşkar edilmişdir. Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli xidməti məlumatın surətindən görünür ki, Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən növbəti reyd zamanı 333 saylı TM-dən qidalanan H.Əliyev 96 ünvanında yerləşən şitə baxış keçirilmiş və kənar xətt aşkar edilmişdir. xx xxxxxxx 2020-ci il tarixində 06/22-472 kod altında fəaliyyət göstərən Mirvari Səfərovaya məxsus obyektə ******* saytı akt tərtib edilmişdir. Lakin, təkrar baxış zamanı məlum olmuşdur ki, akta 06/22-430 kod altında fəaliyyət göstərən obyektin əvəzinə səhvən qonşu obyektin (06/22-472) parametrləri daxil edilib. Səbəb isə 06/22-430 kod altında fəaliyyət göstərən obyektin xətləri 06/22-472 kod altında fəaliyyət göstərən obyektin sayğacının giriş xəttinə kənar qoşulmasıdır. Qeyd olunanları nəzərə alınaraq, xx xxxxxxx 2020-ci il tarixində tərtib olunan 027781 saylı aktın hesabatını İddiaçı məxsus obyektin 06/22-430 koduna verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli icra vərəqinin surətindən görünür ki, İddiaçı məxsus ünvanda **********02263 abunə kodlu elektrik sayğacından kənar xətt qoşulması müəyyən edilmişdir. İstehlakçıya 10,12 kvt x 12 saat x 365 gün = 44.326 kvts, tarif (0,09 man) 44.326 kvts x 0,09 = 3.989,34 manat hesablanması qərara alınmışdır. Həmçinin qeyd edilmişdir ki, sayğac bərpa olunub. Abunə kodu **********02263 olan abunə haqqında sənədin surətindən görünür ki, xx xxxxxx 2020-ci il il tarixli, RQ027781 saylı akta əsasən İddiaçı 3.989,34 manat məbləğində cərimə hesablanmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, onun xx xxxxxx 2020-ci il tarixli, H-525 saylı müraciətinə Müştəri Xidmətləri İdarəsində baxılmış və bildirilmişdir ki, 06/22-430 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx xxxxxxx 2020-ci il tarixdə Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “X1 qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, obyektə sayğacdan kənar xətt aşkar edilmiş, RQ 027781 saylı akt tərtib edilmişdir. İtirilmiş elektrik enerjisinin bərpası məqsədilə 44.326 kvts – 3.989,34 manat dəyərində əlavə sərfiyyat hesablanılmışdır. Akt tərtib edilərkən və ödəniş sənədi hesablanarkən “X1 qaydalarının tələblərinə riayət edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X1 Qaydaları"nın təsdiq edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qərarın 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qərarın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********02263) X1 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda sayğacdan kənar xəttin qoşulması aşkar edilmiş, bununla əlaqədar xx xxxxxxx 2020-ci il tarixli R 027781 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 3.989,34 manat əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “X1 qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “X1 qaydaları”nın tələblərinə riayət edilmədən tərtib edilmiş akt etibarlı deyil və beləliklə də, onun əsasında hesablanmış 3.989,34 manat əlavə sərfiyyat borcu iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə, eyni zamanda cavabdehin nümayəndəsinin iddiaya etirazı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə tərəfindən mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 3.989,34 manat əlavə hesablanmış sərfiyyat borcunun iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 3.989,34 manat məbləğində əlavə sərfiyyat borcu İddiaçı məxsus **********02263 saylı abunə hesabından silinməli, habelə “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 3.989,34 (üç min doqquz yüz səksən doqquz manat, otuz dörd qəpik) manat məbləğində əlavə sərfiyyat borcu İddiaçı məxsus **********02263 saylı abunə hesabından silinsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar