Məhkəmə qərarları › İş №2(001)-2104/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2104/2024

04.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2104/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi ailəlidir və iki uşağı vardır. X2 anadangəlmə xəstədir. Diaqnozu çox ağır gerilik, dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları qurdağızlıq İQ-10. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). Belə ki, oğlu müddətsiz ümumi xəstəlik olmaqla əmək qabilliyyətsizdir. O, bir ana kimi öz vəsaiti hesabına onun 2 nömrəli X1 müalicə almasını təmin etmiş və həmin klinikada qeydiyyatdadır. Oğlu onunla birgə məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu, İqtisadiyyat Universitetinin 3 saylı yataqxanasında yaşayır. Oğlu H.Nəcəfov psixi xəstəliklə bağlı daim müalicə qəbul etmiş və hal-hazırda müalicəsi davam edir. Psixi xəstəlikdən əziyyət çəkdiyi üçün özünü sərbəst idarə edə bilmir, hərəkətlərini dərk etmir. Oğlu xəstə olduğundan fiziki cəhətdən özünü idarə edə bilmir, daim onun qulluğuna ehtiyacı vardır, onun müalicəsi üçün hər ay 500 manat pul xərclənir. Oğlu sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməkdə və müdafiə etməkdə çətinlik çəkir, öz hərəkətlərinin mənasını dərk etmədiyi və hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün bir sıra problemlər yaranır. O, hesab edir ki, X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və onun üzərində qəyyum təyin edilməlidir. Ərizəçi göstərilənləri nəzərə alaraq, X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ona qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 753267 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X7, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilmiş həkim psixiatr komissiyası rəyinin surətindən və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 “Çox ağır əqli gerilik, dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları qurdağızlıq İQ-10. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya)” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1054 saylı rəyi ilə təsdiq olunur ki, X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən Dərin kəmağıllıq ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X3 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar