Məhkəmə qərarları › İş №2(001)-2116/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2116/2023

05.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2116/2023 05.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli, **********7 nömrəli çıxarışın ləğvi edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh bacısı X2 və bacısı qızı X5 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin mülki iş hakim Səadət Səlimovanın icraatındadır. İddiaçı Cavabdeh arasında bağlanmış 03 noyabr 2016-cı il tarixli etibarsız əqdə istinad edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili öz adına keçirmiş və həmin mənzilin üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli, **********7 nömrəli çıxarış almışdır. Bildirir ki, Cavabdeh ilə onun arasında bağlanılmış 03 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi həqiqəti əks etdirmir və onun iradə ifadəsini ehtiva etmir. Həmin müqavilə görünüş üçün bağlanılmış və etibarsız əqd olmuşdur. İşin halları ondan ibarətdir ki, Cavabdeh bacısının həyat yoldaşı Ələkbərov Sənana faizlə borc pul vermişdir. Daha sonra Nizami Sənana deyib ki, guya verdiyi pul özünün deyil və ona görə onu narahat edirlər. Təklif edib ki, Sənan ev tapsın və evi banka girov qoyub pul götürsünlər. Bankdan götürülən pul məbləği ilə Nizami öz borcunu bağlayacaq və Sənanda bankın borcunu bağlayacaq. Sənanın öz adında evi olmadığı üçün ona müraciət etdi və o da bacısının yoldaşı olduğu üçün və yaranmış vəziyyətə görə Sənana etiraz etmədi. Əslində o, Nizamini tanımırdı amma sonradan Nizami ilə görüşdü və Nizami ona dedi ki, guya ev onun adında olduğu üçün bank pul vermir və biznes plan tələb edir. Təklif etdi ki, evi keçirdi Nizaminin adına ki, bank ona pul ayıra bilsin. Səbəb kimidə bildirdi ki, o, sahibkar deyil ona görə onun adından biznes plan verilə bilməz. Min tərəddüd etsə də onu inandırdı ki, narahat olma bu alqı-satqı formal xarakter daşıyır, məqsədi bankdan pul çıxartmaqdır. Bankın borcu bağlanan kimi evi onun adına keçirəcək. O, özü həmin evdə yaşamadığı üçün Sənanla Nizaminin işlərinə qarışmadığı üçün sonradan baş verənlərə qarışmadı. Amma ona bu yaxınlarda məlum oldu ki, Nizami evi geri qaytarmaq istəmir və bunun müqabilində daha böyük məbləğ tələb edir. Hazırda onun bacısı və ailəsi orda yaşayırlar və iddiaçının öz iddia ərizəsində yazılanlarda yalandır. Bu baxımdan hesab edir ki, Cavabdeh ilə onun arasında bağlanılmış 03 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu müqavilənin hüquqi nəticəsi kimi cavabdehin mülkiyyətinə keçirilmiş və xx.xx.2016-cı il tarixli, **********7 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Cavabdeh iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddia tam əsasız və qanunvericiliyin tələb etdiyi qaydada heç bir sübuta bağlı olmamağı ilə bərabər, qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin keçməsi ilə məhkəməyə təqdim edilmişdir. Yalnız fərziyyələr və gümanlar üzərində qurulmuş iddia onunla əsaslandırır ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə həqiqəti əks etdirmir və guya ki, onun iradə ifadəsini ehtiva etmir. Guya ki, həmin müqavilə görünüş üçün bağlanmış və etibarsız əqd olmuşdur. Guya alqı-satqı əməliyyatının səbəbi N.Cəfərovla S.Ələkbərov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə borc məbləğinin bank kreditinə keçirilməsi olmuşdur. İddia əsassız olması ilə bərabər, aşağıda göstərilən halları nəzərə alınmaqla mövcud iddia üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, mübahisəli əmlak üzrə müqavilə xx.xx.2016-ci il tarixində imzalanmışdır. İddiaçının iddiasının sübutu kimi məhkəməyə təqdim etdiyi, işlə birbaşa və ya dolayı yolla heç bir bağlılığı olmayan xx.xx.2016-ci il tarixli Cavabdeh və S.Ələkbərov arasında bağlanmış Kredit Müqaviləsi üzrə son icra müddəti xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. Bundan başqa, iddiaçı özünün də etiraf etdiyi kimi, cavabdehi əvvəlcədən tanımamışdır. Tanımadığı şəxslə hansı əsaslarla saxta görüntü üçün əqd bağlanması isə heç bir məntiqə uyğun gəlmir. İddiaçının qeyd etdiyi kimi, əgər məsələ əmlakın dəyərindən gedirsə, bu artıq “vacib əhəmiyyətli yanılma” anlayışının təsiri altına düşür. Yox əgər qeyd etdiyi kimi, məqsədli şəkildə hansısa abstrakt müqavilənin bağlanmasından gedirsə və həmin abstrakt kredit müqaviləsinin təyinatı xx.xx.2016-cı il tarixli müqavilənin ödənilməsinə yönəldiləcəkdirsə, bu zaman özünün də qeyd etdiyi kimi ilkin borc müqaviləsinin son ödəniş tarixi xx.xx.2017ci il olduğundan həmin tarix də nəzərə alınmalıdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür”. Bu halda, Alqı-satqı müqaviləsi bağlandığı andan və ya tərəfin özünün qeyd etdiyi kredit müqaviləsi üzrə öhdəliyin bitmə tarixi olan xx.xx.2017-ci il tarixində bitdiyindən, müqavilənin etibarsızlığı barədə iddia qaldırmaq hüququ da həmin anda yaranmaqla, müvafiq olaraq 1 il və 1 ay müddətdən sonra kəsilmişdir. Yuxarıda adı çəkilən Konstitusiya məhkəməsinin qərarında göstərildiyi kimi: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə (354.1) və Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və qanunvericilik normalarının tələblərini rəhbər tutaraq İddiaçı ilə onun arasında bagİanmış xx.xx.2016-ci ii tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-ci il tarixli, **********7 nömrəli çıxarışın ləğv edilməsi və Bakı şəhər, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, ev 28 mənzil 7 üvanında yerlşən mənzilin uzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə iddiasına iş üzrə iddiaya verilmiş etirazda göstərilənlərlə barabər iddia müddətini tətbiq etməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək etiraza uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda əlavə olaraq bildirdi ki, alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı hal olsaydı iddiaçı bu barədə daha əvvəl iddia qaldıra bilərdi, lakin iddiaçı məhz Cavabdeh iddia qaldırmasından sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçının qohumları mübahisəli mənzildən könüllü çıxmadıqlarına görə Cavabdeh onların mənzildən məcburi qaydada çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Hazırda mülki iş Binəqədi Rayon Məhkəməsində baxılmaqdadır. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısının baldızıdır. X9 o tanış etmişdir. Belə ki, Nizami onun iş yoldaşıdır. O, Nizamini yaxşı tanıdığından qardaşı ilə tanış etmiş və onlar birlikdə biznes qurmuşlar. Daha sonra Rauf ondan Nizamini maraqlanmış, o da Nizaminin etibarlı adam olduğunu bildirmişdir. Raufla Nizami arasında bağlanmış alqı-satqıda o, iştirak etməmişdir və pulun hansı qaydada verilib və ya verilməməsini də görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, iddiaçının əmisi oğludur. O, 2020-ci ildə mübahisəli evin təmir işlərində ustaların yanında olmuşdur. Təmir xərclərini Raufun özü ödəmişdir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, o, təmir xərclərinin nə qədər olduğunu bilmir. Raufla Nizami arasında bağlanmış alqısatqıda o, iştirak etməmişdir və pulun hansı qaydada verilib və ya verilməməsini də görməmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2016-cı il tarixdə Cavabdeh (borc verən) ilə Alekperov Sanan (borc alan) arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc verən borcalana 200.000 ABŞ dolları məbləğində borc verir, boralan isə həmin borcu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. xx.xx.2016-cı il tarixdə, Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı (alıcı) və Cavabdeh (satıcı) arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili 40.000 (qırx min) manata alıcıya satmışdır. Satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X4 və X1 xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin satılmasına etiraz etmirlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. “AB Consulting” tərəfindən verilmiş hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin dəyəri 2016-cı il tarixə 155.000 (yüz əlli beş min) manat təşkil etmişdir. Alakperov Sənan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Süçəddin oğlunun Cavabdeh qarşı iddia tələbi üzrə bildirirəm ki, həqiqətəndə Cavabdeh ilə İddiaçı Süçəddin oğlunun arasında rəsmiləşdirilmiş alqı satqı müqaviləsi görünüş üçün bağlanmış əqqdir. Çünki, müqavilənin bağlanmasını zəruri edən əsas şərt onunla Cavabdeh arasında olan işgüzar münasibətlər olub. Həmin dövrdə ona pul lazım olduğu uçün Raufun evini girov qoymaq və pul götürmək zərurəti yaranmışdı. Amma onun nəğd pulu olmadığı üçün qaynı Raufun evini bir növ girov kimi təqdim etmişdir. Bununla bağlı Nizamiyə demişdir ki, Raufla görüşsün və evi girov qoyub bankdan pul götürsün. Daha sonra sonra Nizami ona zəng edib dedi ki, Raufun adına alınmır, çünki onun biznesi yoxdur və bank biznes plan istədiyi üçün Raufun adı ilə alınmır. Ona görə Nizami ona təklif etdi ki, onun biznesi var, Rauf evi keçirtsin onun adına ki, həm onun ona olan borcuna görə narahat olmasın, həm də gələcəkdə həmin evi girov qoyub bankdan pul götürə bilsin. O isə Nizamiyə inanaraq qaynı Raufu bu işə razı salaraq əmin etmişdir ki, ev müvəqqəti olaraq Nizaminin adına keçirilir və gələcəkdə bankın borcunu bağlayaraq bu evi yenidən Raufun adına qaytaracaqdır. Bunu Nizamidə bilirdi və o da bu məsələ ilə bağlı Raufa demişdi ki, narahat olmasın. Yəni o vaxtı həm o, həmdə Nizami Raufu inandırdı ki, bu işdə onun mənzili ilə bağlı problem olmayacaq və bu evin addan ada keçməsi formal xarakter daşıyır. Əslində isə bütün işlər onunla Nizaminin arasında olub. Hətta bir çox ödənişləri belə o, etmişdir. Həmçinin axırıncı ödənişləri də o, etmiş və Nizami smslə ona yazıb ki, vəssəlam o, evi bankdan çıxartdı. Nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən "xxxx" MMC-yə 10 manat məbləğində ödəniş etmişdir. "xxxx" ASC-nin bildiriş xəbərdarlığının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili üçün elektrik sərfiyyatı üçün ödəniləcək məbləğ 62.79 manatdır. xx.xx.2018-ci il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilindən istifadə haqqı üçün 14.76 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2020,xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qaimə fakturalarından görünür ki, müxtəlif çeşiddə tikinti materialları alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4163/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh X3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. xx.xx.2021-ci il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilindən istifadə haqqı üçün 19.2 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin su sərfiyyatı üçün 30 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən "xxxx" ASC-yə 50 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Həsənov Rauf tərəfindən "xxxx" ASC-yə 20 manat məbləğində ödəniş etmişdir. **********5463 və **********0683 nömrəli Tədiyyə bildirişlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili üçün Həsənov Rauf tərəfindən 2022 və 2023-cü illər üçün torpaq və əmlak vergiləri ödənilməlidir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində alqı-satqı münasibətlərində iştirak etmədiklərini bildirmiş, ifadələrini ümumi məzmunda vermişlər. Təqdim edilmiş kommunal xidmətlərlə bağlı qəbzlərdə isə mübahisəli mənzildə istehlakçının hazırda iddiaçının olduğu isə işin mübahisəsiz halıdır. Belə ki, təsadüf deyildir ki, Cavabdeh iddiaçının bacısı X2 və bacısı qızı X5 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda mülki iş məhkəmənin icraatında olmaqla baxılmaqdadır. Göründüyü kimi, iddiaçı tərəfin təqdim etdikləri sübutlar iddianın təmin edilməsi üçün əsas deyil. Təqdim edilmiş kredit müqaviləsinin isə tərəfləri, Cavabdeh və Sənan Alakperovdur, borc münasibətləri də məhz həmin şəxslər arasında yaranmışdır. İddiaçının hazırda həmin şəxslər arasında yaranmış borc münasibətlərinə görə alqı-satqı müqaviləsini bağlamasına məcbur olduğu dəlili isə inandırıcı və ağlabatan deyil və bu dəlil heç bir mötəbər sübutla dəstəklənmir. Ona görə də məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi təmin edilmədiyindən digər törəmə tələbləri, yəni “çıxarışın ləğv edilməsi və mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması” tələbləri də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödəilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar