Məhkəmə qərarları › İş №2(001)-2133/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2133/2020

10.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2133/2020 10.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma” tələbinə dair dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5599,23 manat məbləğində kompensasiya ödənilməklə özünəməxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 105, 70 saylı mənzildən hüququna xitam verilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova (Qocayeva) Həmidə Yalçın qızına 5599,23 manat məbləğində pul verilməklə özünəməxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 105, 70 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə nikahları xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 398 nömrə ilə qeyd aparılmış və Az-İİ 031258 seriyalı nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdeh qeyd olunan mənzilə nikahdan sonra ailə üzvü kimi, gəlin olaraq 2015-ci ildə köçmüşdür. Sonuncu mənzilə köçəndə mənzil tam təmirli idi və cehizləri təmirli mənzilə gətirilmişdir. Hazırda isə mənzilin təmiri pis vəziyyətdədir. Birgə nikahdan iki övladları vardır və cavabdehlə birgə həmin mənzildə yaşayırlar. Cavabdehlə mövcud nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4225/2019 saylı, xx.xx.2019-cuu il tarixli qətnamə ilə pozulmuşdur. Bu baxımdan cavabdeh artıq onun ailə üzvü deyildir və onunla bir mənzildə yaşamaq qeyri-mümkündür. Lakin cavabdeh onun iradəsinə zidd mənzildən istifadəyə davam edir və onun mülkiyyətindən istəyinə uyğun istifadəyə imkan vermir. Razılıqla da mənzildən çıxmır. Ona görə də bu məsələni məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, evi 2013-cü ildə almışdır. xx xxxxxx 2015-ci il tarixində cavabdehlə rəsmi nikaha daxil olmuş və 2015-ci ilin fevralında cavab o evə gəlin köçmüşdür. 2019-cu ildə cavabdehlə boşanmışlar. Ev nikahdan qabaq alınmışdır və ipotekadadır. Ümumi olaraq nikaha girdikləri vaxtdan boşanma müddətinə qədər 11198 manat ödəniş həyata keçirilmişdir. Ayda 228 manatdan ödəniş həyata keçirilmişdir. Cavabdehə neçə dəfə bildirmişdir ki, kompensasiya versin evdən çıxsın. Lakin cavabdeh mənzildən çıxmır. Hələ də ipoteka qalır. Əlavə olaraq ipoteka da ödəyir. hazırda evə pul ödənilməsi qalmışdır. Hərbçi olduğundan mənzil ona illik 4% ilə ipotekaya verilmişdir. əgər cavabdeh anadırsa, əvvəlcədən hər şeyi fikirləşərdi. Cavabdeh onu o həddə çatdırmışdır ki, o, məhkəmədə iddia qaldırmışdır. Hər ay 657 manat aliment ödəyir. uşaqların paltar, oyuncq, müalicə pulunu öz üzərinə götürmüşdür. Hər ay 230 manat ipoteka ödəyir. uşaqları ona versin, o, adam tutub uşaqlarına baxacaqdır. Cavabdeh isə başqa yerə getsin. Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, bu mənzil mübahisəsi ilə bağlı 2019-cu il tarixində məhkəmənin qətnaməsi vardır. Həmin qətnamə ilə o vaxt iddia rədd edilmişdir. Hazırki iddianın da mahiyyəti eynidir. Sadəcə adı dəyişdirilərək kompensasiya verilməklə xitam olmuşdur. Hakim Emin Əliyevdə də bu mahiyyətdə iş olmuşdur. Lakin həmin iş baxılmamış saxlanılmışdır. Həmin qərardaddan şikayət verilsə də, apellyasiya məhkəməsi şikayəti təmin etməmişdir. Onun özünə qalsa, o evə ehtiyacı yoxdur. Lakin uşaqlarına görə bele qalmışdır. Bir dediyi odur ki, gəlinə pol əskisi hörməti qoyulur. 2 körpə uşağın günahı nədədir. İddiaçı necə atadır ki, uşaqlarının taleyinə biganə qalır. İddiaçı prinsip aparır. Bu səbəbdən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Aze ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 105, 70 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 105, 70 saylı mənzilə dair İddiaçı adına xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 105, 70 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir. “xxxxxx” ASC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ipoteka krediti üzrə 11198.46 manat ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6141/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, İddiaçının Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixədək nikahda olmuşlar. Tərəflərin birgə nikahlarından yetkinlik yaşına çatmayan uşaqları vardır. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 105, 70 saylı mənzil xx.xx.2013-cü ildən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməklə iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil ipoteka krediti ilə alınmışdır. Kredit ödənişləri iddiaçı tərəfindən ödənilir. Birgə nikah dövründə kredit müqaviləsi üzrə 11198.46 manat ödəniş olunmuşdur. Cavabdeh uşaqları ilə birlikdə hal-hazırda həmin evdə yaşayır. İddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Məhkəmə iddia tələbinə qiymət verilməzdən əvvəl cavabdehin həmin mənzilə dair hansı hüququn olduğunu və mübahisə predmeti ilə hansı hüquqi bağlılığının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan da göründüyü kimi bu tələbin qanuni əsasının 3 dispozisiya şərti var. Birincisi iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, ikincisi cavabdeh əşyanın sahibi olmalıdır və üçüncüsü cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Bundan başqa Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh hazırda əşyaya sahiblik edir. Cavabdehin əşyaya sahiblik hüququnun olub-olmaması mülki işin mübahisələndirilən halıdır. Bu aspektdən yanaşıldıqda müəyyən edilir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2015-ci ildə gəlin köçmüşdür. Odur ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2015-ci ildən yaranmışdır. Məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olub-olmadığını, sahibliyinin qanunsuz olub-olmadığını müəyyən edilməsini zəruri hesab edir. İşin mübahisələndirilməyən halı olan mübahisəli mənzilin nikahdan əvvəl əldə edilməsi həmin əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti olmadığı qənaətinə gəlməyə əsas verir. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, cavabdehin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından istifadə hüququ yaranmışdır. Lakin nikah münasibətlərinə xitam verildiyi, yəni 2019-cu ilin may ayından cavabdehin istifadə hüququ itirilmiş, buna baxmayaraq cavabdeh 1 ildən də artıq müddət həmin mənzildə yaşamışdır və hal-hazırda da yaşayır. Odur ki, cavabdehin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas yoxdur. Belə ki, iddiaçı cavabdehin mənzildən çıxarılması tələbi ilə yanaşı ona müəyyən məbləğdə pul (kompensasiya) verilməsini də xahiş edir. Bununla bağlı iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6141/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçının Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə cavabdehin birgə nikah dövründə ödənilmiş məbləğdən pay tələb etmək hüququnun olması müəyyən edilmişdir. Cavabdeh həmin hüququndan istifadə edərək mənzildən çıxması məsələsini ləngitmişdir. Lakin cavabdehin, artıq mənzildə yaşamasına dair hər-hansı hüquqi əsası qalmamışdır. Belə ki, iddiaçı hazırki tələbdə birgə nikah müddətində edilmiş ödənişlərin yarısını cavabdehə verməklə mənzildən çıxarılmasını xahiş edir. Yəni iddiaçı faktiki olaraq cavabdehin pul tələbi ilə bağlı ləngitmə hüququnun əsasını aradan qaldırır. Mülki Məcəllənin 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin hər hansı qanuni əsası olmadan iddiaçıya məxsus mənzildə yaşaması, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarını pozduğundan, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdehin qanunsuz sahibliyində olan əmlakından çıxarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddiaçının birgə nikah dövründə edilmiş ödənişlərin yarısının, yəni 5599.23 manat pulun cavabdehə verilməsi tələbini də əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiası əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5599,23 (beş min beş yüz doxsan doqquz manat iyirmi üç qəpik) manat məbləğində pul (kompensasiya) ödənilməklə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, ev 105, 70 saylı mənzildən çıxarılsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar