Məhkəmə qərarları › İş №2(001)-2139/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2139/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2139/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı 345,60 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı 345,60 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Arif Hüseynov küçəsi ev 26 B (abonent kodu:**********20000) ünvanında yaşayır. Həmin ünvanda Cavabdeh İB tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni smartkart tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin işçiləri özləri plombu qırıb qaz sayğacını dəyişmişlər. Sonradan sayğacın flyans birləşməsində qırıq plomb aşkar olunması barədə akt tərtib olunmuşdur. O, bayırda quraşdırılmış qaz sayğacını yad müdaxilələrdən qoruya bilməz. Bundan başqa Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Arif Hüseynov küçəsi ev 26 B qəzalı vəziyyətdə olduğundan o, daimi olaraq bu ünvanda yaşamır. Ona görə də Cavabdeh İB tərəfindən qanunsuz olaraq Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Arif Hüseynov küçəsi ev 26 B (abonent kodu: **********20000) ünvanına hesablanmış 345,60 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İB-yə ziyan vurmuşdur. Bunula əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmış, həmçinin müdaxilə faktını təsdiq edən rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə ümumilikdə 345,60 manat məbləğində dəymiş ziyan hesablanaraq iddiaçının **********20000 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək ümumilikdə 345,60 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar – faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Ona görə də İddiaçı Cavabdeh İB-yə qarşı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 30.03.2018-ci il tarixli 001826 saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsinə baxış keçirilən zaman sayğacın flyans birləşməsində plomb qırıq aşkar olunmuş, sayğaca baxış keçirilərək plomblanması qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh İB-nin tərtib etdiyi 22.01.2021-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, abonent İddiaçı 345,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 30.08.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması və öz vəsaiti hesabına həmin evi yenidən söküb tikməyə icazə verilməsinə köməklik edilməsi haqqında Agentliyə ünvanladığı 31.07.2019-cu il tarixli müraciətinə baxılaraq Agentliyin mütəxəssisləri tərəfindən keçirilmiş baxış zamanı fərdi yaşayış evinin bünövrə hissəsində su olması və evin yararsız vəziyyətdə olması təsdiqini tapmış, göstərilən ünvanla bağlı müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin 14.10.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı yaşadığı evin sökülərək yenidən tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyindən 30.08.2019-cu il tarixli 37/34-05684 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı 13.09.2019-cu il tarixli M-249-151 saylı müraciətinə baxılaraq fərdi yaşayış evinin tikintisinin aparılması məqsədilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən nəzərdə tutulan tikinti işlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin, torpaq sahəsinin istifadədə, icarədə və ya mülkiyyətdə olmasını təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətinin Rayon İcra Hakimiyyətinə təqdim edilməsi tələb olunmuş, tələb olunan sənədlər İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətə sözügedən Məcəllənin tələblərinə uyğun olaraq baxıla biləcəyi İddiaçı bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 345,60 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 345,60 manat borc hesablamışdır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 345,60 manat borc silinsin. Cavabdehndən dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar