Məhkəmə qərarları › İş №2(001)-2141/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2141/2024

03.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2141/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi) “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bağ evi 107 A/207 A ünvanında yerləşən mənzilə (kod:**********00070) əsassız olaraq borc kimi yazılmış olan 171.38 manatın cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bağ evi 107 A/207 A ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Abunəçi olaraq xx.xx.2023-cü il tarixdə ona yazılan həddindən artıq yüksək sərfiyyatla 171.38 manatla razı olmadığı üçün Azərişığın Binəqədi rayon idarəsinə gələrək yazılı şəkildə şikayət etmişdir. O, 2002-ci ildən abunəçidir və heç bir zaman bu qədər sərfiyyatda enerji işlətməmişdir. Xahiş etdi ki, bu barədə araşdırma aparılsın və ona yazılan artıq sərfiyyat silinsin. Ona məlumat verildi ki, sayğac yenilənəcək və köhnə sayğac laboratoriya yoxlamasından keçiriləcək. Laboratoriya yoxlaması zaman ona məlumat veriləcək və onun iştirakı ilə yoxlama aparılacaqdır. xx.xx.2023-cü il tarixdə sayğac yeniləndi. Lakin bu günə kimi ona laboratoriya yoxlanışı barədə heç bir məlumat verilmədi. xx.xx.2023-cü tarixində isə ona 226.56 borc gəlib. xx.xx.2023-cü il tarixdə sayğac əvəzlənmişdir və əlavə sərfiyyat yazılmışdır. Ona xx.xx.2024-cü il tarixdə isə elektron cavab yazaraq bildirmişlər ki, AKT-a əsasən sayğacda qüusr olmamış, sayğacın normal buraxıla bilən xəta ilə işləməsi müəyyən olunmuşdur. Göründüyü kimi onun nəzarətində olmayan sayğacın heç bir qüsuru olmadığı halda əsassız olaraq borc yazılmış, borc ödəilməzsə işıq verilişinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavab məktubunda qeyd edilən qüsur isə abonent olaraq ona heç bir aidiyyəti yoxdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun evi 3 otaqlıdır, evində 2 kondisioner var, lakin az işlədilir, qonşularında da bu cür hallar baş vermişdir, yay aylarında abonentlərə artıq sərfiyyat yazılır, heç vaxt bu qədər elektrik enerjisi sərf etməmişdir, sayğac çıxarılan zaman elə həmin gün yeni sayğac quraşdırıldı, qəbzi alan zaman sayğacın göstəricisinə baxmamışdır, ev fərdi yaşayış evidir, evində hər hansı təmir işləri aparmamışdır, onun xəttinə başqa heç kəs qoşulmamışdır, qonşusu şikayətin mənası olmadığı üçün şikayət etməmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və etirazını belə əsaslandırmışdır ki, hesablanan məbləğ sayğac göstəricisinə əsasən yazılmışdır, abonentin müraciətindən sonra sayğac demontaj edilmiş və laboratoriya yoxlanışına göndərilmiş, yoxlama zamanı sayğacın standarta uyğun xəta ilə işlədiyi müəyyən edilmişdir.Bundan əlavə saldodan görünür ki, abonent sayğacın əvəzlənməsindən sonra 49 gün üçün cəmi 62 k.vt enerji sərf etmişdir, hansı ki, agentliyin nümayəndəsinin də bildirdiyi kimi sayğac göstəricisinin gec oxunması mümkündür, çünki burada insan faktoru var. Göstərici vaxtında oxunmadığı halda sonrakı aylarda əvəzləşdirilir.

5. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 bildirmişdir ki, sayğac göstəricisindən xəta bir neçə səbəbdən ola bilər. Sayğacın özündə problem olarsa, fazalar toqquşarsa, göstərici vaxtında oxunmayanda, oğurluq olarsa və.s hallarda mümkündür. Günün müxtəlif vaxtlarında naqildən keçən cərəyan fərqli olur. 1.9 amper gərginlik o qədər də yüksək sayılmır. Nəzərə alsaq ki, yoxlama gündüz vaxtlarında aparılmışdır, axşam vaxtlarında bu gərginliyin artması və dolayısı ilə istifadə olunan elektrik enerjisi sərfiyyatının artması təbiidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən evdə yaşayan abonent İddiaçı ilə (abonent kodu: **********00070) "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə münasibətləri vardır. Abonentin sərfiyyat borcundan narazılığı ilə bağlı müraciəti əsasında xx.xx.2023-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və bu barədə 302618 nömrəli AKT tərtib edilmişdir. Həmin AKT-da qeyd edilmişdir ki, illik sərfiyyata baxdıqda ciddi fərq görüldü, lakin sayğacda başqa problem yoxdur. Sayğacdan axan yük ölçülmüş və 1.9 amper hesablanmışdır. Nəticədə sayğacın yenisi ilə əvəzlənməsi və köhnə sayğacın laboratoriya şəraitində yoxlanılmağa göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə ASC-nin laboratoriya mərkəzində sayğac yoxlanılmış və bu barədə 018827 nömrəli AKT-protokol tərtib edilmişdir. Yoxlamanın nəticəsi kimi qeyd edilmişdir ki, sayğacın möhürü normaldır, sayğac normal buraxılan xəta ilə işləyir. Abonentin laboratoriya yoxlamasında iştirakı təmin edilməmişdir. Hazırda abonent onun bu miqdarda elektrik enerjisi sərf etmədiyini iddia edir və iddiasını onunla əsaslandırır ki, qonşularında da belə hallar olmuşdur. Lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Tədqiq edilən abonentin saldosundan müəyyən edilmişdir ki, abonentə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün 1426 k.vt elektrik enerjisi sərfiyyatı yazılmış və buna görə limitdən artıq istifadə ilə birlikdə ona 170.08 manat borc hesablanmışdır. Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək(49 gün) abonentin cəmi 62 k.vt elektrik sərf etdiyi müəyyən edilir, hansı ki, onun dəyəri cəmi 5 manat təşkil edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının:

8. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

9. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

10. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

11. 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır.

12. Sadalanan qaydalardan müəyyən edildiyi kimi elektrik enerjisi təchizatçısı ilə abonent arasında elektrik enerjisindən istifadəyə görə hesablaşma sayğac göstəricisinə əsasən aparılır. Sayğac göstəricisində anlaşılmazlıq olarsa abonent bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməli, sonuncu isə öz növbəsində sayğacı yoxlamalı və nəticəsi barədə abonentə məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası normadan artıq olmazsa yenidən hesablaşma aparılması tələb olunmur.

13. Hazırki mübahisədə də olduğu kimi abonent sərfiyyatdan narazılığını enerjitəchizatı müəssisəsinə yazılı qaydada bildirmiş və sayğac çıxarılaraq yoxlanılmış və sayğacın normal xəta ilə işləməsi müəyyən edilmişdir. Bu səbəbdən də yenidən hesablaşma aparılmasına hər hansı zərurət olmamışdır. İddiaçı isə tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmiş və bu işin halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, əvvəlki dövrlə müqayisədə fərqli sərfiyyatın olması onun əsassızlığına dəlalət etmir. Hansı ki, bunun bir neçə obyektiv və ya subyektiv səbəbinin olması mümkündür.

14. Odur ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

16. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

18. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

19. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

20. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar