Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2142/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun qızı X5 31 may 2004-cü il tarixdə anadan olmuşdur. O, anadangəlmə pisixi qüsurlu xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən qızına ağır kəmağıllılıq, kəskin imbesillik dərəcəsində kobud nitq pozuntusu və davranış pozuntuları diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininTibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən qızı 1-ci dərəcə əlil olmaqla əmək qabiliyyətsizdir. Belə ki, qızı Bakı şəhəri, Binəqədi rayonu, 9 saylı Poliklinikada 2022-ci il tarixindən qeydiyyatdadır. Bundan başqa, onlar ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar. Beləliklə, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən qızı X5 öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Ailədə qızına maddi və mənəvi köməklik göstərən şəxs odur, yoldaşı 14 may 2007-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Bu səbəbdən hazırda qızının bütün ehtiyaclarını o, qarşılayır və ona baxır. Qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.2004-cü il tarixdə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 484005 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X6, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 “Ağır kəmağıllıq, kəskin imbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1124 saylı rəyi ilə təsdiq olunur ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə (F72.1)” aşkar olunur. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.2004-cü il təvəllüdlü X1 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2142/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2142/2024
04.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver