Məhkəmə qərarları › İş №2(001)-2144/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2144/2024

17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2144/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1. korpus 15 ünvanında yerləşən fərdi yaşayış evinə sərf etdiyi suya görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 671,8 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1. korpus 15 ünvanında yerləşən fərdi yaşayış evinə məcburi köçkün kimi məskunlaşmışdır. Suyun sərfinə görə adına 671,8 manat borc yazılmışdır. Borc məbləği ilə razı deyildir. Bu məsələ ilə bağlı Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, ona bildirilmişdir ki, istehlakçılara verilən suyun xx.xx.1999-cu il tarixli 723-İQ nömrəli “Su təchizatı və tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Sözügedən ünvanda yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2012-ci il tarixdə 12193725 nömrəli müqavilə bağlanaraq **********006 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, xx.xx.2021-ci il tarixdə CSS-20 markalı, 21039862 nömrəli su sayğacı quraşdırılmışdır. Sayğac göstəricisi 132 kub metr olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 671,8 manat borcun olduğu göstərilmişdir. Guya həmin borc ailə sayı və normalara uyğun yazılmışdır. Bu günə kimi ailə sayı eynidir və sərf etdiyi suya görə hər ay ödəniş etmişdir. Ailə sayı cəmi 2 nəfərdir və bir otaqlı ev ə bir aya 671,80 manat pul yazılması cəfəngiyyatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, onlar üç il qabağa qədər suyu maşınla gətizdirmişlər. Su çəkildikdən sonra hər ay ödənişlər Cavabdeh ASC-nin əməkdaşları tərəfindən gəlib ondan almışlar. Ona borcla bağlı bildiriş gələndən sonra o, bilib ki, onun borcu var. Göstərdikləirini nəzərə alaraq iddiasının təmin edilərək ona hesablanmış borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştiakını təmin etməmişdir. İş materiallarında olan: - Binəqədi qəsəbə inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Zəmiş qızı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 qeydiyyatsız yaşayır. - Hesab fakturadan görünür ki, abonent kodu **********006 olan İddiaçı məxsus ünvana xx.xx.2024-cü il tarixə 663.80 manat məbləğində borc hesablanmışdır. - Binəqədi qəsəbə inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanında Ağdam rayonundan məcburi köçkün olan İddiaçı Zəmiş qızı və X2 yaşayırlar. - Abonent kartı məlumatlarından görünür ki, abonent kodu **********006 olan İddiaçı tərəfindən 2021-ci il üzrə təmiz və çirkli su xidmətindən 123,9 manat, 2022-ci il üzrə 58,8 manat, 2023-cü il üzrə 9,8 manat dəyərində istifadə edilmiş, 2024-cü il üzrə isə borc 672,8 göstərilmişdir. - Cavabdeh ASC tərəfindən İddiaçı müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, istehlakçılara verilən suyun hesabatı 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarına” uyğun aparılır. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilmiş sənədlərə istinadən xx.xx.2012-ci il tarixdə 12193725 nömrəli müqavilə başlanaraq **********006 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, xx.xx.2021-ci il tarixində isə mənzilin su xətti üzərində CSS-20 markalı, 21039862 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 132 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 671.80 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 30-cu maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir; “Sudan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarının: 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1 və 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə abonent İddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanına sudan istifadəyə dair xx.xx.2012-ci il tarixli 12193725 nömrəli müqavilə bağlanaraq **********006 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, xx.xx.2021-ci il tarixində isə mənzilin su xətti üzərində CSS-20 markalı, 21039862 nömrəli mexaniki su sayğac quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 132 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 671.80 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsi kimi yarandığı bildirilmişdir. İş materiallarında olan abonent kartından müəyyən edilir ki, abonent İddiaçı tərəfindən 2020-ci il ərzində 127.75 manat, 2021-ci il ərzində 90.9 manat, 2022-ci il ərzində 23,8 manat, 2023-cü il üçün isə 10,2 manat ödəniş edilmiş, 2024-cü il hələ başa çatmamış isə iddiaçıya 672.80 manat borcun hesablanması qeyd edilmişdir. Həmçinin iş materiallararı ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanında Ağdam rayonundan məcburi köçkün olan İddiaçı Zəmiş qızı və X2 yaşayırlar. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən əvvəlki illərə görə edilmiş ödənişlər habelə ailə tərkibinin sayı baxımından, hazırda hələ 2024-cü il başa çatmamış 672.80 manat borcun hesablanması ağlabatan deyil və buna dair cavabdeh tərəfindən heç bir əsaslı sübut təqdim etməmişdir. Belə ki, borclu onunla Cavabdeh ASC arasında müqavilə bağlanarkən ailə tərkibinə və sayğacının göstəricisinə görə bağlanmışdır. İddiaçının ailə tərkibində heç bir dəyişiklik olmamışdır. Yəni, faktiki olaraq iddiaçının su təchizatından və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi əvvəlki sərfiyyatda qalmışdır. Məhkəmə vurğulayır ki, qanunvericiliyin tələbinə görə, istehlakçının suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanına hesablanmış 671.80 manat məbləğində borc silinməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.5-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 15 ünvanı üzrə İddiaçı (abonent kodu **********006) hesablanmış 671,8 (altı yüz yetmiş bir manat səksən qəpik) manat məbləğində borc əsassız hesab edilərək, silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar