Məhkəmə qərarları › İş №2(001)-2181/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2181/2021

16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2181/2021 16.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız təyin edilmiş borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız təyin edilmiş cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 486 manat məbləğində borcun silinməsi və hüquqi xidmət haqqı olaraq ödədiyi 300 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixində Cavabdeh İB-nin nümayəndələri “BRQSD”-nin mühəndisləri Eldəniz Əbilov və Ariz Baxşıyev tərəfindən Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 44 ünvanında yerləşən ona məxsus fərdi evin qaz sayğacına (İtron tipli sayğac, markası G4, sayğac kodu: 15.02.AZ1.301.15341749, qırılan plombun nömrəsi 03053306) texniki baxış keçirilmiş və sayğacın “ilişə-ilişə” işlədiyi aşkar edilmişdir. Həmin mühəndislər bununla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt tərtib etmiş və aktda qeyd edilənə əsasən sayğac “ilişə-ilişə” işlədiyinə görə həmin mühəndislər tərəfindən sayğacın plombu qırılmış və yenisi ilə əvəz edilmişdir. Sayğaca texniki baxış keçirilən zaman o, evdə olmadığı üçün nə ona, nə də digər ailə üzvlərinə bu məsələ ilə bağlı məlumat verilmədən əvvəlki sayğac onun iştirakı olmadan həmin 2 mühəndis tərəfindən özbaşına sökülərək yuxarıdakı akt tərtib edilmiş və köhnə sayğac yenisi ilə əvəz edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə qaz pulu ödəyərkən pulun müəyyən hissəsinin sayğaca oturmadığını gördükdə qaz idarəsi ilə əlaqə saxlamış və üzərindən təxminən 2 il keçdikdən sonra xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akta əsasən haqqında cərimə tətbiq edildiyi bildirilmişdir. Hazırda, bu qanunsuz akt və onun əsasında tətbiq edilən cərimə ucbatından onun qaz istismarına görə ödədiyi məbləğin, demək olar ki, 30%-i qanunsuz olaraq tutulduğuna görə yalnız geriyə qalan hissəni istifadə etmək mümkündür. Həmin akt onun iştirakı olmadan qanunsuz olaraq tərtib edildiyinə görə, həmin aktın tərtib edilməsindən təxminən 2 il keçdikdən sonra cərimə tətbiq edilməsi qanunsuzdur. Aktdan göründüyü kimi, mühəndislər qaz sayğacını dəyişərkən sayğac plombuna heç bir kənar müdaxilə edilmədiyini özləri də etiraf ediblər. Bununla yanaşı, həmin aktın tərtib edildiyi vaxt o aktı imzalamaqdan imtina etdi. Onlar isə qazı kəsəcəkləri ilə bağlı onu hədələdilər. O həmin aktın və bu hərəkətlərinin qanunsuz olduğunu onlara bildirdi. Onlar isə bunu gözardı edib fikir vermədilər. Həmin vaxt onun maliyyə imkanı çox aşağı olduğu üçün gündəlik ailə xərclərini çətinliklə ödəyə bilirdi. Evdəki 2 azyaşlı (biri 8 yaş, digəri 6 yaş) övladı və hamilə vəziyyətdə olan həyat yoldaşını düşünürdü. O, təki qazları kəsilməsin və evdəkilərə soyuq olmasın. Ona görə də məcbur olub aktın aşağısına öz qeydlərini əlavə etdi və bu qeydlərin ona aid olduğunu sübüt etmək üçün imzasını atdı. Həmin qeydlərdən açıq-aşkar görsənir ki, o həmin aktla razı deyil. Əgər həmin aktla razılaşsaydı, aktın üzərinə heç bu qədər “dastan” yazmazdı. Həmin qeyddə bunlar yazılıb: “Mənə heç bir məlumat və xəbərdarlıq olunmadan və iştirakım olmadan sayğac yenisi ilə əvəzlənib.” Bundan başqa, qaz sayğacı evin küçəyə çıxışında yox, tam arxa tərəfdə və elə yerdə yerləşir ki, o sırf qaz sayğacı üçün həmin istiqamətə getməsə, onu görə və ona nəzarət edə bilməz. Eyni zamanda, qaz sayğacının quraşdırıldığı yer küçəyə və dolayısı ilə ictimaiyyətə açıq məkandır. Yəni, kim istəsə, qaz sayğacına maneəsiz olaraq zərər vura bilər və bundan da heç kimin xəbəri olmaz. Halbuki, qaz sayğacı elə yerdə quraşdırılmalı idi ki, o qaz sayğacına asanlıqla çata və nəzarət edə bilsin. Artıq 1 ildən çoxdur ki, qaz sayğacının qutusunun qapağı onun xəbəri olmadan qırılmasına və qaz idarəsinə dəfələrlə bu barədə məlumat verməyinə baxmayaraq onlar bunu gözardı ediblər və bu məsələnin həlli istiqamətində heç bir addım atmayıblar. Həmin Akt əsasında ona cərimə tətbiq edilib, lakin cərimə ilə bağlı ona heç bir rəsmi bildiriş verilməyib. xx xxxxxx 2020-ci il tarixindən etibarən faktiki olaraq ona cərimə tətbiq edilməkdədir. Bunun nəticəsində, o xx xxxxxx 2020-ci il tarixində qaz pulu olaraq “Cavabdeh” NFC Smart Kart Xidmətinin nağd ödənişi üçün 12 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 3.60 manat az, xx xxxxxx 2020-ci il tarixində 20 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2020-ci il tarixində 20 AZN məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2020-ci il tarixində 20 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2020-ci il tarixində 20 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2020-ci il tarixində 20 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2020-ci il tarixində 20 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2020-ci il tarixində 10 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 2 manat az, xx xxxxxx 2020-ci il tarixində 20 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2020-ci il tarixində 15 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 3 manat az, xx xxxxxx 2020-ci il tarixində 2 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 0,40 manat az, xx xxxxxx 2021-ci il tarixində 20 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 4 manat az, xx xxxxxx 2021-ci il tarixində 10 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 2 manat az, xx xxxxxx 2021-ci il tarixində 10 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 2 manat az, xx xxxxxx 2021-ci il tarixində 10 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 2 manat az, xx xxxxxx 2021-ci il tarixində 10 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 2 manat az, xx xxxxxx 2021-ci il tarixində 10 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 2 manat az, xx xxxxxx 2021-ci il tarixində 10 manat məbləğində pul ödədiyi halda qaz sayğacına 2 manat az pul oturub. Nəticədə, xx xxxxxx 2021-ci il tarixi etibarilə ona bu qanunsuz akt və cərimə ucbatından cəmisi 53 manat məbləğində zərər dəyib. Bu isə o deməkdir ki, bu hal davam edərsə, hər keçən gün qaz istehlakı üçün ödədiyi məbləğdən cərimə üçün tutmalar artacaq. Hazırda, mövcud olan və sərtləşdirilmiş xüsusi koronavirus pandemiyasının yayğın olduğu şəraitdə ailəsinin dolanışını təmin etmək çox çətindir. Buna əlavə olaraq bu cür qanunsuz və əlavə işlərlə məşğul olmaq insana daha da stres verir və əlavə yük olur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəməyə iddiaya dair yazılı etiraz göndərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə “Cavabdeh” İstehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə ümumilikdə 486 manat məbləğində dəymiş ziyan hesablanaraq iddiaçının **********00310 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əmakdaşlar tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt, dəymiş ziyan hesabatı tərtib edilmişdir. Bundan əlavə sayğacı Dövlət yoxlanılmasına göndərilmiş və MSK-29/1710-60589-4 saylı rəylə müdaxilə faktı təsdiq edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək ümumilikdə 486 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddiasına etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən fərdi sahibkar X1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli məsləhət xidmətləri haqqında müqavilədən və qiymət razılaşma protokolundan görünür ki, hüquqşünas sifarişçiyə bu müqavilənin ayrılmaz hissəsi olan ayrı-ayrı əlavələrdə (qiymət razılaşma protokolları və.s) göstərilən hüquqi yardımı göstərməyi sifarişçi isə bunun müqabilində hüquqşünasa həmin sənədlərdə qeyd edilən 300 manat məbləğində hüquqi xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür; xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. “Cavabdeh” İstehsalat Birliyi ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-00635xx/xx-2019 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, **********00310 kodlu abonentin qaz sayğacı dövlət yoxlanılmasına göndərilmiş və sayğac ilişə-ilişə işləyir; **********00310 nömrəli abonent İddiaçı abonentin saldosundan görünür ki, akt üzrə onun borcu 486 manat təşkil edir; “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* nömrəli, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, MSK-29/1710-00589-4 nömrəli rəyinə əsasən 1502AZ**********49 nömrəli sayğacın hes.mex.qazın məsmini qeyd etmir və klapanı işlək deyil. Yivli birləşmələri korroziyaya uğrayıb; “Cavabdeh” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı aid ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 4860m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; MSK-29/1710-0589-4 saylı Qaz sayğacının yoxlanılması barədə aktdan görünür ki, 1502AZ**********49 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələri korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evində quraşdırılmış sayğacda qüsurların olduğunu müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 486 manat borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 486 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin borcun tutulması hissəsində təmin edilməli və İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi xidmət haqqı olaraq ödənilmiş 300 manat məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı iddiaçıya göstərilmiş hüquqi yardıma görə xərcin məbləğini və işin mürəkkəbliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və ağlabatan məbləğ olaraq 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və qismən təmin edildiyindən, həmçinin iddianın qiyməti 500 manatdan çox, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 22 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı (Abonent kodu: **********00310) qazdan istifadəyə görə hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinsin. Hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində xərcin 100 (bir yüz) manatı cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 22 (iyirmi iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar