Məhkəmə qərarları › İş №2(001)-2182/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2182/2022

06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2182/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində əvvəl quraşdırılmış smart kart sayğacı ilə bağlı cavabdeh tərəfindən əsassız hesablanmış 251 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində quraşdırılmış smart kart qaz sayğacı çıxarılmış və yeni mexaniki qaz sayğacı quraşdırılmış, bu barədə akt tərtib edilmişdir. Sayğac dəyişdirilərkən heç bir problem olmamış, hər hansı bir nasazlıq aşkar edilməmişdir. Cavabdeh Qaz sayğacının yoxlanılması barədə 10 sentyabr 2021-ci il tarixdə akt tərtib edərək aktda çıxarılmış sayğacın dövlət yoxlaması zamanı “sayğacın çıxış plastmas borusu deşilib, yivli birləşmələr korroziyaya uğraması” göstərmişdir. Onda olan məlumata görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Dəymiş ziyanın həcmi isə 251 manat borc hesablanmışdır. Belə ki, sayğac küçədə yerləşir, tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Lakin onun qaz sayğacının dövlət yoxlamasına verilməsi, rəy verilməsi barədə akt tərtib edilməsindən məlumatı olmamışdır, aktın surəti ona göndərilməmişdir. Bu tamamilə əsassızdır, belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmişdir, onun iştirakı təmin edilməmişdir və qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. O hesab edir ki, formal olaraq belə bir akt tərtib edilməsi və ona cərimə tətbiq edilməsi tamamilə əsassızdır. Sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və qaz qurğusuna texniki baxış keçirməli idi. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, sayğac küçədə, hasarın divarında yerləşirdi və qazpaylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Sayğacın qeyd edilən hissələri qəsdən korlanılır, tərəfindən sayğaca toxunulmamışdır və bunun üçün cavabdehdə hər hansı bir sübut da yoxdur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan qaz itkisi hesablanmışdır, tərəfindən qeyriqanuni qazdan istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, 1202AQ**********1 nömrəli sayğacın yoxlanması barədə 29/1710-03471-1 nömrəli akt əsasında sayğacın plastmas borusunun deşik olması, yivli birləşmənin korroziyaya uğramasını təsdiq edən rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən 18 oktyabr 2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” 14 sentyabr 2021-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 216.00 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. 30 mart 2022-ci il tarixə İddiaçı Cavabdeh İB-yə ümumi borcu 379.68 manat təşkil edir. Bundan: 216.00 manat akta görə borc, 206,40 + 105,48 = 311.88 manat (26 avqust 2021 -ci il tarixdə quraşdırılmış **********4 saylı mexaniki sayğacın göstəriciləri üzrə borc 110+ 38.20 = 148.20 manat, Cəmi borc: (216,00 + 311,88) – 148,20 = 379,68. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi, yivli birləşmələrin korriziyaya uğraması aşkar edilmişdir. Aktda tələb kimi dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2021-ci il tarixli tələblərindən görünür ki, istehlakçı İddiaçı aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2.160 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00000 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2021-ci ili üçün akt üzrə olan borcu 216 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 216 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış 251 manat məbləğində borcun silinməsini xahiş etsə də, işdə olan sənədlərdən görünür ki, iddiaçıya bununla bağlı 216 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı (Abonent kodu: **********00000) təbii qazdan istifadəyə görə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia digər hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar