Məhkəmə qərarları › İş №2(001)-2204/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2204/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2204/2022 24.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, borcun və vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 may 2021-ci il tarixli, MAS-3778 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 22 may 2021-ci il tarixli, MAS-3778 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 noyabr 2021-ci il tarixə 433,99 manat məbləğində əsas borcun, 332,59 manat məbləğində mükafat borcunun və həmin günə hesablanmış 274,60 manat məbləğində dəbbə borcunun, vurulmuş maddi zərərin əvəzi olaraq 230 manat məbləğində pulun, ümumilikdə 1.271,18 manat məbləğində borcun və ödənilmiş 33,12 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC isə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə ərizəsini də nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X2 adlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinq müqaviləsinə əsasən iddiaçı lizinq obyekti olan "Khazar SD" minik markalı (buraxılış ili – 2019, rəngi ağ, Ban – NVAW01HHFKE167769) avtomobili həmin şəxsə 45 ay müddətinə lizinqə (icarəyə) vermiş, o isə lizinq müqaviləsi ilə müəyyən edilmiş ödənişləri ödəniş cədvəlində göstərilən müddətlərdə və məbləğlərdə ödənilməsi, habelə ödənişlərdə gecikməyə yol verdiyi halda hesablanacaq dəbbə pulunun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı MMC, X2 və X5 adlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS- 3778 saylı öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən X2 xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinqi müqaviləsi üzrə İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri X5 adlı şəxsə ötürmüş, X5 isə bu öhdəlikləri tam həcmdə qəbul etmiş və lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada icra edilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra İddiaçı MMC, X5 və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3778 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X5 xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinqi müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri cavabdehə ötürmüş, cavabdeh isə bu öhdəlikləri tam həcmdə qəbul etmiş və həmin vaxta qalıq qalmış əsas borc məbləğini, illik 17% dərəcəsi ilə hesablanmış lizinq mükafatı ilə birlikdə xx.xx.2025-ci il tarixə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Avtomobil xx.xx.2021-ci il tarixdə ona təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə avtomobili xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil vermişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının servisi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobil üzrə 40 manat məbləğində dəmirçi işi, 30 manat məbləğində armaturçu işi, 160 manat məbləğində rəngsaz işi görülməlidir. Qüsur aktı üzrə ümumi məbləğ 230 manat təşkil edir. xx.xx.2021ci il tarixdə iddiaçı cavabdehə xəbərdarlıq (pretenziya) məktubu göndərərək, qeyd edilən müqavilə üzrə onun borcunun yarandığını, habelə avtomobilə maddi zərər vurulduğunu bildirmiş və borcun, habelə zərər məbləğinin ödənilməsini ondan tələb etmiş, əks halda müqavilənin ləğv ediləcəyi və yaranmış borc məbləğinin ondan məhkəmə qaydasında tutulacağı barədə ona xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən bu məktuba hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə qarşı iddia qaldırmış və cavabdehin qeyd edilən müqavilə üzrə 25 noyabr 2021-ci il tarixə 433,99 manat məbləğində əsas, 332,59 manat məbləğində gecikdirilmiş mükafat və həmin günə hesablanmış 274,60 manat məbləğində dəbbə pulu, ümumilikdə 1.041,18 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləğin, avtomobilə vurulmuş 230 manat məbləğində zərərin, habelə ödənilmiş 32,72 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə bildiriş (pretenziya məktubu) göndərilərək, xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qeyd edilən müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona məlumat verilmişdir. Lakin cavabdeh bu məsələyə münasibət bildirməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini, o cümlədən daxili lizinq müqaviləsinin ləğv edilməsini təklif etdiyini nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinq müqaviləsi ləğv edilməlidir. Bu da öz növbəsində bu müqavilə üzrə öhdəliklərin ötürülməsi barədə xx.xx.2021-ci il tarixli, MAS-3778 nömrəli müqavilənin ləğv edilməsini də şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır; 748.3-cü maddəsinə əsasən lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz (mükafat) borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qəbul edib hesab edir ki, iddia tələbi əsas və faiz (mükafat) borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 433,99 manat məbləğində əsas, 332,59 manat məbləğində faiz (mükafat) borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən daxili lizinq müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı daxili lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 274,60 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən aparılmış ödənişlərin və yaranmış lizinq borcunun məbləğini nəzərə alıb, iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan iddiaçı lizinq obyektinə 230 manat məbləğində zərərin vurulduğunu, bu məbləğdə zərərin məhz cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulduğunu, habelə zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin olduğunu, cavabdehin təqsirli olduğunu sübut etməli idi. Belə ki, bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə Mülki Məcəllənin 748-7-ci maddəsinə istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi barədə müqavilə bağlandığı və lizinq obyekti olan avtomobil faktiki olaraq cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2021-ci il tarixdən iddiaçıya qaytarıldığı xx.xx.2021-ci il tarixədək bu əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti cavabdeh daşımışdır. Avtomobilin təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli aktda bu avtomobilin arxa sağ qapısında (şofer tərəfdən) batığın olduğu, xırda rəngsaz işlərinin aparılmasına ehtiyac olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən rəngsaz işləri də daxil olmaqla digər işlərin görülməsi üçün ümumilikdə 230 manat tələb edilir. İddiaçı da məhz bu məbləğdə maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, qeyd edilən qüsurların məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığını sübuta yetirə bilmir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə (433,99 + 332,59 + 50 = 816,58) 816,58 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 30 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (33,12 – 30 = 3,12), yəni 3,12 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinq müqaviləsi üzrə 433,99 manat məbləğində əsas, 332,59 manat məbləğində faiz, 50 manat məbləğində cərimə, cəmi 816,58 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-3778 saylı Daxili lizinq müqaviləsi üzrə 433,99 (dörd yüz otuz üç manat, doxsan doqquz qəpik) manat məbləğində əsas, 332,59 (üç yüz otuz iki manat, əlli doqquz qəpik) manat məbləğində faiz, 50 (əlli) manat məbləğində cərimə, cəmi 816,58 (səkkiz yüz on altı manat, əlli səkkiz qəpik) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar